Sənətin nəhəng fədaisi

 

 Adı çəkilən kimi yaratdığı obrazlar yada düşür. Bizim nəsil bu bənzərsiz sənətkarı səhnədə görməyib. Quruluş verdiyi tamaşalara da elə çox baxmamışıq. Amma bədii filmlərdə yaratdığı müxtəlif xarakterli, Adil İsgəndərov möhürlü obrazları yaddaşımıza əbədi həkk olunub. Onun iştirak etdiyi filmlər Azərbaycan kino sənətinin inciləri sayılır. Adil İsgəndərov elə böyük sənətkar idi ki, onun üçün rolun baş, yaxud da epizodik olması fərq etməzdi. O, üç-beş kəlməlik mətni olan rolu da baş qəhrəman səviyyəsinə qaldıra bilən qeyri-adi istedad sahibi idi.

Bəlkə də elə buna görə müxtəlif obrazlara məxsus sözlər var ki, Adil İsgəndərovun nəfəsində, ahəngində atalar sözü qədər müdrikləşərək dillər əzbərinə çevrilib: "Mənim havamı çal, "Heyvagülü" ("Qanun naminə" filmi), "Mən çörəyi ayaqlaya bilmərəm, Qəmlo" ("Axırıncı aşırım"), "Aha, xatırladım, gül satan qız" ("Uzaq sahillərdə") və sairə.

İlk baxışda sadə təsir bağışlayan bioqrafiyasından çəkilən ləçəklərdə böyük bir aktyorun, bənzərsiz rejissorun, görkəmli mədəniyyət xadiminin - xalq artisti Adil İsgəndərovun mənalı ömrünün anları naxışlanıb. 1910-cu il mayın 5-də Gəncədə dünyaya göz açıb. Onun haqqında qələmə alınmış xatirələrdən bəlli olur ki, ruhunda həmişə bahar ovqatı yaşadan Adil İsgəndərov həm olduqca ağır təbiətli, həm də son dərəcə özünəməxsus zarafatları, atmacaları ilə ətrafdakılara xoş təsir bağışlayan bir şəxsiyyət olub. Həmkarları həmişə ona "Ədil müəllim" deyə müraciət edərdilər. Bu zabitəli insanla təmas qurmaq, dostluq etmək o qədər də asan deyildi. Yaxın dostları deyirdilər ki, Adil müəllimə yaxınlaşmağı bacarsan, ondan aralanmaq müşkülə dönürdü. Köhnə kişilərdən idi Adil İsgəndərov. Onun bu təbiəti yaratdığı filmlərdə də öz əksini tapıb. O qədər yumorlu, o qədər təbii, səmimi və təsiredici aktyor idi ki, hətta yaratdığı mənfi obrazlardan belə tamaşaçıya müsbət emosiyalar gəlirdi. Bu səbəbdən də onun can verdiyi bütün surətlər sevilirdi, yadda qalırdı. Bu, hər sənətkara xas olan xoşbəxtlik, bəlkə də sənət uğuru deyil ki, adı çəkilən kimi göz önündə onun yaratdığı obrazlar sıraya düzülsün.

Orta məktəbi Gəncədə bitirdikdən sonra Bakı Teatr Texnikumunda oxuyan Adil İsgəndərov sonralar A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb. O dövrün məşhur rejissorlarından, teatr xadimlərindən çox bilgilər əxz edən Adil İsgəndərov Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. Moskva mədəni mühitindən aldığı dərin bilik, topladığı təcrübə, Allahın bəxş etdiyi istedad, üstəgəl özünün milli ənənəyə, kökə bağlılığı bir sənətkar kimi Adil İsgəndərovun yaradıcı ruhuna əbədi hopdu. Bu səbəbdən də istər aktyor, istərsə rejissor kimi çalışdığı illərdə onun Azərbaycan mədəniyyətinə bəxş etdiyi töhfələrdə həmişə milli klassik teatr ənənələri dərin kök salıb.

O, uzun illər Akademik Dövlət Teatrında çalışıb. Bu sənət məbədinə ilk qədəmlərini atanda Adil İsgəndərovun 26 yaşı var idi. Baş rejissor, sonra da direktor kimi çalışaraq uzun müddət bu teatrda öz məktəbini yaradıb. Əslində Adil İsgəndərov çox çətin bir zamanda yaradıcılığa başlamışdı. Repressiyanın Azərbaycanı bürüdüyü illərdə və bu qara tufanın caynaqlarına sənət adamları, teatr xadimləri, yazıçı və şairlər keçəndə təpədən-dırnağa milli ruhda olan Adil İsgəndərov tamaşalara quruluş verirdi. Onun debütü olan "Polad qartal" 1936-cı ildə tamaşaçıları heyrətə gətirdi. Tamaşanın bütün detallarında hiss olunurdu ki, Azərbaycan teatrına çox istedadlı, özünəməxsus duyum və rejissorluq qabiliyyəti olan bir sənətkar gəlib. Sənətşünaslıq doktoru İlham Rəhimli bu barədə yazır: "Qüdrətli rejissor Adil İsgəçndərov səhnədə aktyorun suflyora möhtac olmasına son qoydu. O, Azərbaycan səhnəsinə əzəmətli və əlvan monumentallıq gətirdi. Qərbi Avropa teatrı köklərindən şirələnmiş sənət ocağına güclü, milli ruh aşıladı. Onların üzvi vəhdətinin estetik əsasını qoydu. Teatrın repertuarı ətrafında güclü çağdaş müəlliflər toplaya bildi. Ən əsası isə "Ədil İsgəndərov teatrı" ifadəsinin elmi-nəzəri əsasında duran canlı teatrın fəaliyyətinə nail oldu".

Adil İsgəndərovun quruluş verdiyi "Aydın", "Vaqif", "Otello", "Türkiyədə", "Bahar suları", "Nişanlı qız" və digər tamaşalar öz səhnə quruluşlarına görə teatr tariximizdə layiqli yer tutur. Sənətşünasların böyük ürəklə söylədiyi kimi, Adil İsgəndərov Azərbaycan səhnəsinə yeni ruh gətirdi. Bunun da nəticəsində onun quruluş verdiyi tamaşalar teatr tarixində əlamətdar hadisəyə çevrildi. O dövrü xatırlayanlar söyləyirlər ki, Adil İsgəndərovun tamaşaları aylarla göstərilirdi, repertuardan düşmürdü. Buna baxmayaraq anşlaq davam edirdi. Fəaliyyət göstərdiyi illər ərzində bu sənət ocağı öz tarixində ən çox qələbəliyi məhz Adil İsgəndərovun sayəsində görüb. Onun tamaşalarına baxmaq hər kəsə nəsib olmurdu. Adil İsgəndərov 25 ildən çox bu teatrda çalışaraq həm öz məktəbini yaratdı, həm də ümumilikdə Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmətlər göstərdi. Adil İsgəndərovun təmasda olduğu aktyorlar da çox qüdrətli və qeyri-adi sənətkarlar idi. Əgər "Vaqif" tamaşasının bir uğuru onun Adil İsgəndərov tərəfindən hazırlanmasıdırsa, digər bir səbəb də Vaqifə can verən Ələsgər Ələkbərov kimi bir aktyorun özünəməxssuluğu idi. Bu cür müştərək yaradıcılıq isə teatra həmişə yeni uğurlar gətirirdi. Bəlkə də bizim teatrın əsl intibah dövrü elə o illər idi. Bir tərəfdən repressiyanın vahiməsi, bir tərəfdə də bu qara caynaqların altında əsl sənət əsərlərinin yaranması qəhrəmanlığa bərabər idi. Həqiqətən də o dövrdə Azərbaycan teatrının inkişafı naminə can yanğısı ilə çalışanlar ölümü və sürgünləri eyninə almadan milli düşüncə və ruhla mədəniyyətə xidmət edirdilər. Xatirələrdən bəlli olur ki, qorxulu illərdə Akademik Dövlət Dram Teatrı, eləcə də bir çox sənət məbədləri saat mexanizmi kimi işləyirdi.

Adil İsgəndərov 1966-cı ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor təyin edilib. Bu illərə qədər bir çox filmlərə aktyor kimi çəkilmişdi. İlk dəfə Hüseyn Seyidzadənin "O olmasın, bu olsun" filmində Qoçu rolunu yaratmışdı. Doğrudur, bu çox kiçik, epizodik bir roldur. Tamaşaçı onu bir dəfə görür. Bazar səhnəsində onun görünməsi ilə filmə xüsusi bir gözəllik gəlir. Onun aktyor ifaçılığında qəribə bir şirinlik var idi. Özü daxilən emosional, zəngin təbiətli insan olduğundan yaratdığı rollar da koloritli alınırdı. Bu səbəbdən də onun obrazlarından doyumsuzluq süzülürdü. Rejissor Tofiq Tağızadənin quruluş verdiyi "Uzaq sahillərdə" filmində Adil İsgəndərovun yaratdığı sahibkar Rosselinin rolu necə baxımlı alınıb. O qədər də böyük obraz deyil, amma Adil İsgəndərovun istedadı sayəsində yadda qalıb. Yaxud da "Qara daşlar", "Məhəbbət dastanı" filmlərində yaratdığı digər rollar da tamaşaçı diqqətindən yayınmadı. Kinostudiyaya rəhbər təyin edildiyi ilk ildə Əjdər İbrahimovun bir filminə çəkildi. Amma bir aktyor kimi ən uğurlu işi "Axırıncı aşırım" filmində yaratdığı Kərbəlayi İsmayıl idi. Sovet hakimiyyətinin qələbəsindən sonra Azərbaycanın ucqar əyalətlərində baş verən dəhşətli hadisələrin mərkəzində dayanan Kərbəlayi var-dövlətini, həyatını, olan-qalanını itirmək təhlükəsi ilə üzləşir. Bütün itkilərə dözən Kərbəlayı ləyaqətinə, şəxsiyyətinə olan müdaxilələri qəbul edə bilmirdi. Bu inadlı müqavimətin əbəs olduğunu duyan Abbasqulu bəy Şadlinski ona söyləyir ki, sən nə ilə müharibə edəcəksən, topun yox, topxanan yox. Kərbəlayı İsmayıl çox sərt, eləcə də dövrün ab-havasının mənzərəsini ortaya qoyan bir cavab verir: "Namusumuza nə gəlib". Əlbəttə də, elə bir dövrdə bu cür əyilməz obraz yaratmaq böyük qəhrəmanlıq idi. Bu, hər şeydən əvvəl sovet hakimiyyətinə nifrətin rəmzinə çevrilirdi.

Ümumiyyətlə, Adil İsgəndərovun rolları mənfi də olanda sevilirdi. Məsələn, "Qanun naminə" filmində yaratdığı Kamilov obrazı o qədər təbii, dolğun, mənalı və təsirli alınıb ki, tamaşaçı rolun müsbət qəhrəman olmadığına əhəmiyyət vermir. Çünki Adil İsgəndərovun Kamilovu bütöv və canlı alınıb. Böyük aktyorun təmasda olduğu sənət dostları da dövrünün sayılıb-seçilmiş korifeyləri idi. Mustafa Mərdanov, Nəcibə Məlikova, Lütfəli Abdullayev, Məmmədrza Şeyxzamanov, Bəşir Səfəroğlu, Nəsibə Zeynalova kimi sənətkarlarla bir filmlərə çəkilmək ona ruh verirdi.

68 il ömür sürmüş Adil İsgəndərov həyatının 42 ilini sənətə bağladı. Onun iştirak etdiyi filmlərin adlarını yazsaq böyük bir siyahı yaranar. Nə yaxşı ki bu filmlər var. Milli mədəniyyətimizin, kino tariximizin incilərinə çevrilmiş bu lentlərdə biz unudulmaz Adil İsgəndərovun işıqlı obrazını yenidən görür, onun yumşaq, bir qədər də ulu keçmişimizdən gələn doğma səsini eşidir, sənəti qarşısında öz heyrətimizi, rəğbətimizi, ehtiramımızı bildiririk. O, həqiqətən çox bənzərsiz və sənətin nəhəng fədaisi idi. Bir yaz günündə dünyaya gəlmiş Adil İsgəndərovun bu baharda 100 yaşı tamam olur. Ondan yadigar qalan filmlərdə isə ömrünün müxtəlif vaxtlarında yaratdığı obrazları bizə Adil İsgəndərovun sənətinin əbədi cavan olduğundan xəbər verir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.-  5 may.- S.  11.