Fırça, səs, qələm

 

Bu, Toğrul Nərimanbəyov yaradıcılığının mənzərəsini əks etdirən ən vacib amillərdir. Toğrul Nərimanbəyov təsviri sənətdə, poeziyada vokal ifaçılığında öz istedadını bacarıqla nümayiş etdirməkdədir.

Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində tanınır. Bu il ömrünün 80-ci baharına qədəm qoyan məşhur fırça ustası 1930-cu ildə Bakıda anadan olub. Paytaxtımızda parlayan bu istedad günəşinin işığı indi dünyanın neçə ölkəsinin möhtəşəm salonlarında sərgilənən rəsm əsərlərində bərq vurur.

Toğrul Nərimanbəyov Bakıda Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Litvanın Vilnüs şəhərində Rəssamlıq İnstitutunda təhsil alıb. 1955-ci ildən keçmiş SSRİ Rəssamlar Birliyinin üzvü olan Toğrul Nərimanbəyov təsviri sənətin inkişafında göstərdiyi xidmətlərə görə 30 yaşında əməkdar rəssam, 33 yaşında isə xalq rəssamı adına layiq görülüb. O, dünyanın bir çox ölkələrinin orden medalları ilə təltif olunub.

1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun "Nəsimi haqqında poema" baletinə verdiyi tərtibata görə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. Fikrət Əmirovla başlanan ikinci uğuru isə "Min bir gecə" baleti ilə bağlıdır. 1980-ci ildə bu möhtəşəm musiqi əsərinə verdiyi bədii tərtibata görə Toğrul Nərimanbəyov yenidən dövlət mükafatı ilə təltif olunub. Hazırda dünyanın bir çox incəsənət muzeylərində, fondlarda Azərbaycan rəssamının əsərləri qorunub saxlanılır. Çexoslovakiyada, Rusiyada, Hindistanda, Fransada, Litvada digər ölkələrdə Toğrul Nərimanbəyovun sərgiləri dəfələrlə seyrçiləri riqqətə gətirib.

Bu görkəmli rəssam təkcə fırça ilə işləmir. Onun gözəl, bariton səsi var. Klassik operalardan ariyaları peşəkarlıqla ifa edir. Hərdən fırçasını qələmlə dəyişən Toğrul Nərimanbəyov poeziya aləmində öz imzasını atmaqdadır. Bu günlərdə xalq şairi Fikrət Qoca Toğrul Nərimanbəyovun yaradıcılığından nümunələr tərcümə edib. Onlardan birini oxuculara təqdim edirik.

 

 

Azərbaycan.- 2010.-  5 may.- S.  11.