QIZ QALASI
Qız qalası!
İşığın kölgəsini geyib qaralmısan,
Kürəyini küləyə söykəyib qalmısan.
Günəş ətri gəlir səndən,
Sən bütün əsrlərin,
bəlaların, sirlərin
şahidisən, sönməz ocaqsan.
Səni yaradan xalq kimi
Möhkəm dayanmısan, dayanacaqsan.
Sən bu xalqın
daşa dönmüş qəhrəmanlıq anlarısan.
Sən xalqın külü daşa dönmüş qəhrəmanısan.
Xəzər sənə aşiqdi,
Baxışın dalğaların yolunda işıqdı.
Sinənə çırpılıb
bütün düşmənlərin parçalanıb,
Sənin atəşin yerin nüvəsində qalıb.
Üfuqdə xoşbəxtliyin nurunu görüb
Ruhunda gənclik oyanar.
Sən gəncləşirsən,
Məşəllərində xoşbəxtlik
işığı yanır.
Fikrət Qoca
Azərbaycan.- 2010.- 5
may.- S. 11.