"Qazmada nanotexnologiya" bukleti çapdan çıxmışdır

 

XX əsrin sonlarında elmi cəhətdən perspektivli bir sahə kimi təsdiqini tapan nanotexnalogiyalar hazırda dünyada müxtəlif istehsal sahələrinə uğurla tətbiq olunur.

ARDNŞ də artıq neft-qazçıxarma sənayesində nanotexnologiyaların yaradılması və tətbiqinə başlamışdır. Bu günlərdə isə həyata keçirilən "Qazmada nanotexnologiya" layihəsi əsasında əldə olunmuş nailiyyətlər şirkətin mərkəzləşdirilmiş mətbəəsində Azərbaycan, ingilis və rus dillərində çap olunmuş eyniadlı bukletdə öz əksini tapmışdır. Layihə ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, birinci vitse-prezidentin müşaviri, professor Eldar Şahbazov və şirkətin Neft və Qaz İdarəsinin rəisi, texnika elmləri namizədi Rəhman Qurbanovun rəhbərliyi altında Bakı Dövlət Universitetinin alimləri ilə birlikdə işlənmişdir.

Bukletdəki informasiyalardan məlum olur ki, Dövlət Neft Şirkətində işlənmiş bu texnologiya qazma prosesində məhsuldar kəsilişlərin qəza və mürəkkəbləşmələrsiz qazılması üçün istifadə olunan qazma məhlullarının struktur-mexaniki və kolloid-kimyəvi xassələrini yaxşılaşdırır. Dünya qazma praktikasında ilk dəfə olaraq metal nanohissəciklər əsasında "nanoneft" və "nanobitum" sistemləri işlənmiş, onların qazma məhlullarına təsiri tədqiq olunmuşdur. Bu sistemlər "Qum adası" yatağında 472, "Balaxanı" yatağında 4002 və 4010, "Bibiheybət" yatağında 3743, "Bəyimdağ-Təkçay" yatağında isə 31 nömrəli quyularda tətbiq edilmişdir. Quyuların qazılması qəza və mürəkkəbləşmələr olmadan layihə dərinliyinə çatdırılmışdır.

Qeyd edək ki, layihənin əsas texniki və texnoloji yenilikləri müvafiq müəllif şəhadətnamələri ilə müdafiə olunur.

 

 

Azərbaycan.- 2010.- 5 may.- S.  11.