Nanotexnologiya neft sənayesində

 

Son zamanlar elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında dünənə qədər real olmayan problemlərin həll edilməsi üçün geniş imkanlar açır. Hazırda dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya yüksək sürətlə inkişaf edir. Nanotexnologiyanın öhdəsindən gəldiyi problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün burada elmi və mühəndis biliklərin sintezi mühüm şərtdir. Bu gün nanotexnologiya bəşər sivilizasiyasının inkişafına təkan verən bir sıra sahələrdə-metallurgiyada, təbabətdə, kibernetikada informasiya texnologiyalarında və bir çox başqa sahələrdə uzun illər açılmamış problemlərin həllinə cavab tapmağa başlamışdır.

 

Fiziki və kimyəvi xassələrin nanoölçülü sistemlərdə kəskin dəyişməsi bu cür materialların sənayenin müxtəlif sahələrində tətbiqinə imkan yaradır.Təsadüfi deyil ki, müasir dövrdə nanotexnologiyanın inkişafını buxar maşını və informasiya texnologiyasından sonra üçüncü elmi texniki inqilab hesab edirlər və onun üçün inkişaf etmiş ölkələrdə böyük maliyyə vəsaitləri ayrılır.

Hazırda nanotexnologiya inkişafı üzrə Milli Proqram dünyanın 62 ölkəsində fəaliyyət göstərir. Bu istiqamətdə ilk rəsmi dövlət proqramı Amerika Birləşmiş Ştatlarında qəbul olunmuş və 2001-2004-cü illər üçün həmin sahənin inkişafına 3,5 milyard dollar vəsait ayrılmışdır. Ekspertlərin rəylərinə görə dünya bazarında nanotexnologiyanın sənayedə tətbiqi üçün çəkilən xərclər 2015-ci ildə artıq trilyon dollarla olacaqdır.

Abşeron yarımadasında uzun müddət istismar nəticəsində çoxlu sayda sulaşmış, qeyri-rentabelli neft quyuları mövcuddur və bu quyuların yeni elmi tutumlu texnologiyaları tətbiq etməklə quyulardakı qalıq neftin çıxarılması aktual məsələyə çevrilmişdir. Azərbaycanda neftçıxarmanın, qazma prosesinin effektivliyinin artırılmasını təmin edən, ekotarazlığı bərpa edən elmi tutumlu yeni texnologiyaların işlənməsi neft sənayesinin mühüm problemlərindəndir və nanotexnologiyanın neft sənayesinə tətbiqinin böyük elmi, praktiki əhəmiyyəti var və bunun çox böyük iqtisadi səmərə verəcəyi gözlənilir. Azərbaycan neft ölkəsidir və ona görə nanotexnologiyanın elm və texnikanın bir çox sahələrinə tətbiqi ilə bərabər onun neft sənayesində tətbiqinin elmi-texnoloji əsaslarının inkişaf etdirilməsi respublikamızda ön plana çəkilmişdir.

A.X.Mirzəcanzadənin, A.M.Məhərrəmovun, R.İ.Abdullayevun, X.B.Yusifzadənin, E.Q.Şahbazovun, R.Ə.Qurbanovun, S.F.Əhmədovun, M.Ə.Ramazanovun, Ş.Ş.Şəfiyevin, E.A.Kazımovun həmmüəllif olduqları "Neft sənayesində nanotexnologiya" adlı fundamental elmi araşdırma, ixtira və tətbiq işi ilə yaxından tanış oldum. Bu işləmə elmin son nailiyyətlərindən hesab edilən nanotexnologiya üzrə mükəmməl tədqiqatdır. Azərbaycan alimləri tərəfindən nanotexnologiyanın neft və kimya sənayesində tətbiqi ilə yüksək effektivliyə malik katalitik nanohissəciklərin alınması mümkün olmuş və onların müxtəlif mühitlərdə katalizator kimi müvəffəqiyyətlə istifadə edilməsinə başlanılmışdır. Nanotexnologiyanın 2004-cü ildən başlayaraq neftçıxarmaya tətbiqinin nəzəri, eksperimental, praktiki əsasları Bakı Dövlət Universitetinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin alim və mütəxəssisləri tərəfindən qoyulmuş və inkişaf etdirilmişdir. Bu məqsədlə neft sənayesində nanotexnologiyanın işlənməsi üçün nanoölçülü metal hissəciklərin alınması texnologiyası işlənib hazırlanmış, əvvəlcə laboratoriya şəraitində sınaq işləri aparılmış və sonra mədən sınaqları keçirilmişdır. Müəyyən edilmişdir ki, lay sularının metal nanohissəcikləri ilə işlənməsi zamanı yaranmış effekt hesabına sistemdə təzyiqin artmasına səbəb olan karbon qazının ayrılması müşahidə olunmaqla mühitin turşuluğu artır.

Metal nanohissəciklərinin neft quyularına daşıyıcılar vasitəsi ilə suspenziya halında daxil edilməsi nəticəsində aşkar edilmişdir ki, nanohissəciklər sulaşmış laylarda mövcud olan karbonatlarla reaksiyaya girərək karbon qazı yaradır və laylarda təzyiqi artırır. Bu prosesdə eyni zamanda daşıyıcı və stabilləşdirici rolunu oynayan səthi aktiv maddələr də mühitdə əlavə karbon qazı yaradır. Nəticədə turşuluğun və təzyiqin artması hesabına təbəqələşmə baş verir və neft sistemin səthinə toplaşır. Bu təbəqələşmə zamanı proses güclü axına səbəb olur, lay suxurlarının yuyulması baş verir və neft axını lay quyu sisteminin keçiricilik qabiliyyətini yaxşılaşdırır və nəticədə kollektora əlavə maye axınına şərait yaradır.

Bütün bu proseslərin nəticəsində mühitdə sinergetik effektlər yaranır. Nəticədə neftvermə əmsalı yüksəlir, belə ki hasil olan neftin miqdarı artır, suyun miqdarı azalır və təbii ki neftçıxarma üçün enerji sərfi xeyli aşağı düşür. Uzun müddət istismar olunmuş neft quyularının katalitik metal nanohissəcikləri vasitəsi ilə aktivləşdirilməsi praktikası böyük iqtisadi səmərə verməklə yanaşı neftçıxarmanın yeni texnoloji əsaslarının işlənməsinin stimullaşdırmasına səbəb olur və karbohidrogenlərin qalıq payını azaldır. Nanotexnologiyanın tətbiqi nəticəsində neft hasilatının 2,0-2,5 dəfə artmasına, neftin çıxarılmasna sərf olunan enerjinin 15 faizə qədər qənaət edilməsinə, quyulardan çıxarılan mayedə suyun miqdarının 18-24 faizə qədər azalmasına nail olunmuşdur.

Azərbaycan alim və mütəxəssisləri tərəfindən müəyyən edilmiş bu nəticələr dünya neft sənayesi praktikasında uğurla tətbiq edilə bilər, onun böyük elmi və tətbiqi əhəmiyyəti var. Hesab edirəm ki, 2010-cu ildə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatı komissiyasına təqdim olunmuş A.X.Mirzəcanzadənin, A.M.Məhərrəmovun, R.İ.Abdullayevun, X.B.Yusifzadənin, E.Q.Şahbazovun, R.Ə.Qurbanovun, S.F.Əhmədovun, M.Ə.Ramazanovun, Ş.Ş.Şəfiyevin, E.A.Kazımovun həmmüəllif olduqları "Neft sənayesində nanotexnologiya" işləməsi fundamental elmi araşdırma və ixtiradır, onun böyük elmi-praktik əhəmiyyəti var və o bu mükafata layiqdir.

 

 

Kamil SADIXOV,

akademik,

Dövlət mükafatı laureatı

 

Azərbaycan.- 2010.- 5 may.- S.  11.