Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokovu qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokovu qəbul etmişdir.

Dövlət başçısı Bakıda açılan ikinci Belarus milli sərgisinin ölkəmizdə böyük maraqla qarşılandığını vurğulayaraq bu sərginin keçirilməsinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirmişdir. Belarus Respublikasına səfərlərini xatırlayan Prezident İlham Əliyev həmin səfərlər zamanı bu ölkənin iqtisadi imkanları ilə yaxından maraqlandığını vurğulayaraq iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı potensialın olduğunu demişdir. Dövlət başçısı iki ölkə arasında həyata keçirilən birgə layihələrin əhəmiyyətini qeyd etmişdir.

Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov Azərbaycan ilə Belarus arasında iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı hər iki dövlətin başçısının qarşıya qoyduğu vəzifələrin həlli üçün hökumətin səylə çalışdığını demişdir. Ölkələrimiz arasında ticarət-mal dövriyyəsinin həcminin 4 dəfə yüksəldiyini qeyd edən qonaq bunun yaxın gələcəkdə daha da artacağına ümidvar olduğunu söyləmişdir.

İkinci Belarus milli sərgisinin əhəmiyyətinə toxunan Andrey Kobyokov burada ölkəsinin 150 müəssisəsinin iştirak etdiyini bildirərək sərginin keçirilməsinin iqtisadi sahədə əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi baxımından səmərəli olacağına əminliyini ifadə etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  6 may.- S.  1.