Nazirlər Kabinetində görüş

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 5-də Baş nazir Artur Rasizadə ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikası Baş nazirinin müavini, Azərbaycan-Belarus hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq üzrə komissiyanın həmsədri Andrey Kobyokov ilə görüşmüşdür.

Azərbaycan ilə Belarus arasında səmərəli iqtisadi əməkdaşlıq münasibətlərinin mövcud olduğunu qeyd edən Baş nazir Artur Rasizadə bildirmişdir ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı əldə edilmiş razılaşmalar imzalanmış sənədlər bu əməkdaşlığın daha da inkişafı üçün münbit şərait yaratmışdır. Azərbaycanın bundan sonra da Belarus ilə müxtəlif sahələrdə sıx əməkdaşlıq etmək niyyətində olduğunu nəzərə çarpdıran Baş nazir iqtisadi əlaqələrimizin artıq real nəticələr verdiyini vurğulamışdır.

Ölkəmizə səfəri barədə ətraflı məlumat verən A.Kobyokov Heydər Əliyev adına İdman-Konsert Kompleksində Belarus milli sərgisinin uğurlu açılışından danışmış, yaradılan şəraitə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir.

Sonra qonaq ikitərəfli əməkdaşlığın konkret sahələrinə toxunmuş, əlaqələrimizin daha da genişləndirilməsinə Belarus tərəfinin böyük maraq göstərdiyini nəzərə çarpdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 may.- S.  1.