Demokratik Konstitusiyanın müəllifi

 

Nüquqi xüsusiyyətlərindən biri sabitlik olmaqla konstitusiya uzun müddət üçün nəzərdə tutulmuş hüquqi aktdır. Sabitlik dedikdə, hüquqi qaydanın bu və ya digər müddətdə olan vəziyyəti başa düşülür. Sabit sistem nisbətən uzun müddət ərzində oxşar münasibətləri saxlamaq bacarığına malikdir. Bu sistemin daxili quruluşunda mövcud qarşılıqlı əlaqələr və komponentlər müəyyən zaman kəsiyində davamlı olmaqla başqa bir zaman kəsiyində cəmiyyətdə baş verən əhəmiyyətli inkişafın təsirinə məruz qala bilər. Məhz belə bir inkişaf konstitusiyaya müvafiq dəyişikliklərin və əlavələrin edilməsini şərtləndirir.

 

Dövlət orqanlarının fəaliyyətini müəyyən çərçivəyə salan konstitusiya normalarının sabitliyində hər bir dövlətin böyük marağı var. Konstitusiyanın sabitliyi hüquq subyektləri arasında qarşılıqlı əlaqələrin davamlığında, daima və məqsədyönlü şəkildə ictimai münasibətlərə və vətəndaşların hüquq düşüncəsinə etdiyi təsirdə özünü göstərir. Sabitlik hüquq sisteminin özəyi olan konstitusiyanın mahiyyəti, konstitusiya quruluşunun demokratik təbiəti, hüquq institutlarının, vətəndaş cəmiyyətinin norma və qaydalarının, habelə konstitusiya ilə nizama salınan əsas ictimai münasibətlərin davamlığı ilə şərtlənir.

Sabitlik qanunçuluq rejiminin, dövlət hakimiyyətinin təşkil olunması və həyata keçirilməsinin, şəxslə dövlət arasındakı münasibətlərin davamlığını ifadə edən əsas şərtdir. Konstitusiyanın sabitliyi heç də onun ayrı-ayrı müddəalarının dəyişməzliyi demək deyil. Konstitusiyanın mətninə əlavələrin və dəyişikliklərin edilməsini nəzərdə tutan hər hansı bir qayda olmadan konstitusiya quruluşunun və hüquq sisteminin sabitliyini təsəvvür etmək qeyri-mümkündür. Obyektiv sosial şərait, konkret tarixi inkişaf bunu tələb etdikdə konstitusiyaya dəyişikliklər və əlavələr edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının XI (Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər) və XII (Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr) fəsillərində Konstitusiyaya dəyişikliklər və əlavələrin edilməsi müstəqil qaydalar kimi təsbit olunmuşdur.

Müasir siyasi-hüquqi ədəbiyyatda konstitusionalizm anlayışına münasibətdə müxtəlif yanaşmalar mövcuddur. Bəzi ədəbiyyatlarda konstitusionalizm konstitusiya ilə məhdudlaşdırılan dövlət idarəçiliyi, bəzilərində dövlətin əsas qanunu olmaqla konstitusiyaya dair elm, bəzilərində isə konstitusiya idarə üsullarına əsaslanan siyasi sistem kimi izah edilir. Geniş mənada konstitusionalizm yuxarıda qeyd olunan bütün əlamətləri özündə ehtiva edir. Konstitusionalizm anlayışının çoxmənalığını vurğulamaqla qeyd etmək lazımdır ki, o, istibdadın qarşısının alınmasına, insan hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsinə yönələn, dövlət hakimiyyətinin təşkil edilməsi prinsiplərini müəyyən edən xüsusi hüquqi ideologiyadır. Tarixən konstitusionalizm ideologiya və nəzəriyyə olaraq konstitusiyanın meydana çıxmasını şərtləndirmişdir. Burjua mütəfəkkirlərinin dini ideologiyaya və feodalizmə qarşı mübarizəsi zamanı dünyəvi dövlətin və hüququn, şəxsiyyətin və dövlətin qarşılıqlı münasibətlərinin, hakimiyyətin bölünməsinin və hüququn aliliyinin nəzəri əsasları işlənib hazırlanmışdır. Bu konsepsiyalar siyasi-hüquqi praktikada yer almamışdan çox-çox əvvəl onlar burjua konstitusionalizminin və hüquqi dövlətin formalaşması istiqamətində gələcəkdə baş verəcək dəyişikliklərin ideoloji və nəzəri əsaslarını təsbit edirdi. Bu baxımdan konstitusionalizmi yalnız konstitusiyanın mövcudluğu ilə əlaqələndirmək və onun mahiyyətini belə bir nöqteyi-nəzərdən izah etmək düzgün hesab edilə bilməz.

Konstitusionalizmin siyasi-hüquqi mahiyyəti birbaşa konstitusiya münasibətlərinin sabit inkişafı ilə bağlı olaraq aşağıdakı prinsiplərlə xarakterizə olunur: qanunçuluq rejiminin sabitliyi, insan hüquqlarının və azadlıqlarının aliliyi, hakimiyyətin bölünməsi, vətəndaşları qarşısında dövlətin məsuliyyəti, konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizminin müəyyən edilməsi və sair. Bu prinsiplərin hər biri konstitusiyanın inkişafına zəmin yaradır. Bu baxımdan hüquqi dövlətin inkişafında konstitusionalizmin yeri və rolu aydınlaşdırılarkən konstitusiyanın əhəmiyyəti xüsusi vurğulanmalıdır. A.Şayo qeyd edir ki, konstitusionalizm - ictimai sabitlik məqsədi ilə hakimiyyətin məhdudlaşdırılması prosesidir. Lakin bütün hallarda hakimiyyətin məhdudlaşdırılması ictimai sabitliyə təminat kimi çıxış edə bilməz. Şübhəsiz, səmərəli və operativ idarəçilik naminə həyata keçirilən hakimiyyət məhdudlaşdırılması ictimai sabitliyin tələblərinə cavab verə bilər.

İnkişaf etmiş demokratik dövlətlərdə konstitusionalizmin təşəkkül tarixinin tədqiqi onun 3 inkişaf mərhələsini müəyyən etməyə əsas verir: antik konstitusionalizm, orta əsrlər konstitusionalizmi və müasir konstitusionalizm.

Müasir konstitusionalizmin genezisi dövlətlərin ictimai-siyasi inkişaf tarixi ilə bağlıdır. Onun inkişaf prosesi demək olar ki, XVIII əsrin axırlarından (Avropada burjua inqilabları zamanından) başlamışdır. Konstitusionalizmin siyasi-hüquqi ideologiya kimi Avropanın bir sıra dövlətlərində inkişaf etməsi və özünütəsdiqi Şimali Amerikada həmin ideologiyanın qəbul olunmasını şərtləndirdi. Beləliklə, konstitusionalizm ideologiyasının praktiki nəticəsi olaraq ilk yazılı konstitusiya 1787-ci ildə Amerika Birləşmiş Ştatlarında qəbul edildi. Azad cəmiyyətdə fərdin azad şəkildə inkişaf prinsiplərini və hakimiyyətin demokratik əsaslarla formalaşmasını müəyyən edən müasir konstitusionalizm ideologiyası tədricən müxtəlif xalqların və millətlərin şüurunda həkk olunaraq ümumi yaşama tərzinə çevrilirdi. Bu səbəbdən müxtəlif ölkələrdə həmin yaşam tərzini təmin edən əsas qanun-konstitusiyalar qəbul edilirdi.

Konstitusionalizm ideologiyasının inkişafı prosesində sosialist ölkələrində konstitusiyanın mahiyyəti formal xarakter daşıyırdı. Konstitusiya hüququ elmində əsas meyar kimi konstitusiya normalarının reallığı əsas götürülərək formal və faktiki konstitusiyalar fərqləndirilir. Hüquqi dövlətə xas olan konstitusiyanın əsas cəhəti onun reallığıdır. Əgər konstitusiya və mövcud reallıqlar vəhdət təşkil edirsə, konstitusiya normalarının cəmiyyətin sosial-iqtisadi inkişaf şərtlərinə uyğunluğu təmin edilirsə, bu halda konstitusiyanın reallığından danışmaq olar. Konstitusiyanın reallığı iqtisadi, siyasi və sosial sabitliyin təmin olunmasından, qanunçuluq rejiminin davamlığından daha çox asılıdır. Konstitusiyanın əsas cəhəti olmaqla reallıq bir neçə amillərdən ibarətdir. Bunlar aşağıdakılardır:

1) mövcud tarixi mərhələdə formalaşmış ictimai münasibətlərin xarakterinə konstitusiya normalarının uyğun olması;

2) konstitusiyada ölkənin tarixi, siyasi, sosial və iqtisadi xüsusiyyətlərinin nəzərə alınması;

3) konstitusiya normalarının tətbiqi zamanı sosial nəticələrin qabaqcadan proqnozlaşdırılması;

4) konstitusiyanın təmin edilməsi.

Konstitusiyanın reallığı xalq hakimiyyətinin hüquqi və təşkilatı təminatını, onların həyata keçməsi mexanizminin səmərəliyini, vətəndaşlarda yüksək siyasi şüurun, sosial fəallığın və hüquq mədəniyyətinin olmasını tələb edir.

Formal konstitusiyalar dedikdə, ictimai-siyasi vəziyyəti, ictimai münasibətlərin xarakterini, idarəetmə münasibətlərini olduğu kimi əks etdirməyən dövlətlərin əsas qanunları başa düşülür.

Konstitusionalizm ideologiyasının inkişafı prosesində sosialist ölkələrində konstitusiyanın mahiyyəti formal xarakter daşıyırdı. Vaxtilə sosializm düşərgəsinə aid olan ölkələrin konstitusiyalarında fərdin qanunlara deyil, daha çox dövlətin siyasi iradəsinə tabeçiliyi, konstitusiya normaları ilə bəyan edilən insan hüquq və azadlıqlarının formal xarakter daşıması və onların gerçəklikdən uzaq olması müasir konstitusionalizm prinsiplərinə tam zidd idi.

Formal konstitusiyaları olan dövlətlərdə iqtisadi, siyasi və sosial sabitlik zahiri xarakter daşıyır. İnsanların şüurunda kök salmış azad yaşamaq ideyasının gerçəkləşməsinə və onların özünütəsdiqinə mane olan bu dövlətlərdə mövcud münasibətlərin gerçək xarakteri ilə onların zahiri görünüşü arasındakı ziddiyyətlər daim dərinləşməkdə idi. Məhz bu ziddiyyətlərin kəskinləşməsi sosializm düşərgəsinə aid olan ölkələrin XX əsrin sonunda tamamilə yeniləşməsinə təkan verdi. Belə yeniləşmə həmin ölkələrdə müasir konstitusionalizm prinsiplərinə cavab verən konstitusiyaların qəbul olunması ilə nəticələndi. Artıq 100-dən çox ölkədə yeni konstitusiyalar qəbul edilmişdir. Bu konstitusiyalarda müasir konstitusionalizmin prinsipləri və dəyərləri bərpa olunmuşdur.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyasında konstitusionalizmin ilkin ideyaları öz əksini tapmışdır: insan hüquq və azadlıqlarının üstünlüyü, siyasi plüralizm, hakimiyyət bölgüsü, konstitusiya nəzarət institutu və sair. Hər bir müstəqil konstitusiya kimi, Azərbaycan Respublikasının Konstitusiyası da gərgin siyasi mübarizə nəticəsində meydana gəlmişdir. Sovetlər İttifaqı dağıldıqdan sonra keçmiş müttəfiq respublikalar öz müstəqilliklərini bərpa etdilər. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Bəyannamə müstəqillik uğrunda aparılan mübarizənin yekunu idi. Lakin müstəqilliyin qorunması, müstəqil hüquq sisteminin yaradılması, müstəqil hakimiyyət institutlarının təsisatı daha mürəkkəb proses idi. XX əsrin 90-cı illərinin əvvəlində bir tərəfdən hakimiyyət qüvvələrinin səriştəsizliyi, digər tərəfdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi konstitusiya münasibətlərinin möhkəmlənməsinə imkan vermirdi. Müstəqilliyin qorunması böyük təhlükə altında idi. O zaman konstitusiya-hüquq münasibətlərinin təminatı üçün demokratik qüvvələrin siyasi iradəsi tələb olunurdu. Hakimiyyət institutları səmərəli iş rejiminə keçməli, möhkəmlənməli və hüquq qorunmalı idi. Bu cür vəziyyətdə ümumilikdə xalqın siyasi iradəsinin açıq bəyan edilməsi lazım idi. Xalqımızın qabaqcıl ziyalıları bu iradəni göstərərək seçim etdilər. 1993-cü ilin iyununda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Bakıya dəvət olundu və Ali Sovetin sədri seçildi.

Peşəkar siyasətçi kimi Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən dövlətin əsas qanununun işlənib hazırlanması haqqında düşünürdü. Suveren və müstəqil Azərbaycan dövlətinin ilk milli Konstitusiyasının qəbul edilməsi sahəsində mühüm tədbirlərdən biri Milli Məclisin Azərbaycan Respublikasının milli Konstitusiyası layihəsinin hazırlanması haqqında 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin həmin qərar əsasında yaradılan Müvəqqəti Komissiya bu işi görə bilmədi. Çünki Azərbaycanın tarixində mürəkkəb, çətin, ağır günlər yaşanılırdı. Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi genişlənir, sosial problemlərin sayı artır, bütün bunların həlli yolları isə tapılmırdı. Bu çətin vəziyyətdən xalqı yalnız Heydər Əliyevin müdrik siyasəti çıxara bilərdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev cəbhə bölgəsində atəşkəsə nail olaraq öz fəaliyyətini ölkənin iqtisadi və siyasi cəhətdən güclənməsinə yönəltdi. Bu isə öz növbəsində müstəqilliyin qorunmasına və konstitusiya münasibətlərinin bərqərar olmasına zəmin yaratdı.

Azərbaycanın ilk milli Konstitusiyasının yaranması ərəfəsində hələ 1978-ci il tarixli sovet Konstitusiyası qüvvədə idi. Əlbəttə, dərin zəkaya malik olan böyük ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyev bilirdi ki, Azərbaycanın daimi müstəqilliyinin təminatı üçün yeni ruhda yazılan və azad xalq tərəfindən qəbul edilən müasir Konstitusiyaya ehtiyac var. Ona görə 2 may 1995-ci ildə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil oldu. Komissiyanın sədri isə ulu öndər Heydər Əliyev seçildi. Çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusiya quruculuğu təcrübəsi öyrənildi, təhlil olundu. Layihə hazırlandı, ictimai müzakirəyə təqdim olundu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi.

Konstitusiya dövlətin özünəməxsus atributu olmaqla sosial və siyasi qüvvələrin nisbətini, cəmiyyətin vəziyyətini, inkişaf meyillərini ifadə edir. Konstitusiya cəmiyyətin və dövlət quruluşunun əsaslarını müəyyən edən ictimai münasibətləri nizama salır. Bu münasibətlərdə dövlətin keyfiyyət xarakteri - suverenliyi, idarəetmə forması, dövlət quruluşunun forması, dövlət hakimiyyətinin subyektləri, yəni cəmiyyətin siyasi sisteminin ümumi əsasları əksini tapmışdır.

İqtisadi sistemin əsasları, yəni mülkiyyət formaları, azad sahibkarlığın və bazar münasibətlərinin inkişafına təminat müəyyən edilmədən cəmiyyət həyat qabiliyyətli ola bilməz. Cəmiyyət onun üzvlərinin hüquqi statusunun əsasları müəyyən edilmədən vahid orqanizm kimi fəaliyyət göstərə bilməz. Hər bir cəmiyyətin məğzini təşkil edən insanlar arasındakı münasibətlər müxtəlif olmaqla cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində özünü göstərir. Bu baxımdan konstitusiyanın ali hüquqi sənəd kimi mövcudluğu hüquq sistemində xüsusi yer tutur. Bunu daha aydın olaraq normativist məktəbinin tərəfdarları izah edirlər. Məsələn, H.Kelzen qeyd edir ki, nə ideoloji, nə də sosioloji aspekt hüquq nəzəriyyəsini maraqlandırmamalıdır. Hüquq sisteminin ilkin bazasını əsas norma təşkil etməlidir. Deməli, hər bir siyasi sistem öz dəyərlərini əsas hüquqi sənəddə əks etdirməlidir. Əks halda bu dəyərlərin zamana görə ictimai münasibətlərə təsiri azalmağa yönələcək. Konstitusiya isə cəmiyyətdə ali dəyərləri cəmləşdirən, onlara hüquqi qüvvə verən aktdır. Bununla bağlı Azərbaycan Konstitusiyasının normativ-hüquqi xüsusiyyəti ayrıca qeyd olunmalıdır. İlk növbədə Azərbaycan Respublikasının Konstitusiyası yazılı sənəd kimi hüquqi funksiyalara malikdir və bütövlükdə hüquq sisteminə, qanun yaradıcılığı prosesinə çox ciddi təsir göstərir. Digər tərəfdən, konstitusiya birbaşa hüquqi qüvvəyə malikdir (Konstitusiyanın 147-ci maddəsi). Ulu öndər Heydər Əliyev sədrlik etdiyi Konstitusiya Komissiyasının üzvlərinə belə tövsiyə edirdi: "Azərbaycanın Konstitusiyasında ümumbəşəri dəyərlər, müasir demokratik dövlətlərin konstitusiyalarında olan müddəalar öz əksini tapmalıdır". Beləliklə, biz universal bir sənəd əldə edə bildik. Konstitusiyamızda olan ali dəyərlərin qorunması və bu dəyərlərin cəmiyyətimizin demokratik yolla inkişafına xidmət etməsi perspektivi açıldı.

Azərbaycan Respublikasının Konstitusiyası ictimai həyatın hər bir sahəsinə təsir göstərərək müasir dövrdə siyasi sabitliyin təmin olunmasında vacib hüquqi vasitəyə çevrilmişdir. Konstitusiya münasibətlərinin sabit inkişafına nail olunması hər bir hüquqi demokratik dövlətin vəzifəsidir. Konstitusiya insan hüquqlarının aliliyini bəyan etməklə avtomatik olaraq onların faktiki təminatına zəmanət verə bilməz. İnsan hüquqlarına hörmət, onların qorunmasına şərait konstitusionalizm sistemi mövcud olan ölkədə reallaşa bilər.

Demokratik, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini formalaşdırmaq insan hüquqları amili nəzərə alınmadan mümkün deyil. Xalqın iradəsi üzərində qurulan hər bir dövlətin, o cümlədən Azərbaycan dövlətinin başlıca məqsədi və fəaliyyət istiqamətləri xalqın milli maraqlarını qorumaqdan, vətəndaşlarının hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.

Azərbaycan Respublikası Konstitusiyasının əsas məqsədi insan hüquq və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsidir. Konstitusiya fərd, cəmiyyət və dövlət arasındakı münasibətləri tənzimləyir. Konstitusiyada aşağıdakı ideyaların təcəssümü öz əksini tapmışdır - beynəlxalq təcrübə nəzərə alınmaqla əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının təsbit edilməsi, Konstitusiya ilə normalaşdırılmış əsas insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi, təmin edilməsi və müdafiəsi üçün zəruri olan müvafiq icra mexanizminin və strukturlarının yaradılması.

İnsan hüquqlarının üstünlüyünə verilən hüquqi qiyməti konstitusiyanın strukturunu ifadə edən daxili ünsürlərinin (bölmələrinin, fəsillərinin) yerləşmə ardıcıllığında da müşahidə etmək olar. Konstitusiyanın əsaslarını müəyyən edən bölmədən sonra birinci və böyük bölmə insan hüquqlarına və vəzifələrinə aiddir. Konstitusiyanın əsas vəzifəsi fərdlə dövlət arasında münasibətləri ədalətli şəkildə nizamlamaqdır. Amerika alimi S.Smit hesab edir ki, konstitusiya xaosda olan münasibətləri nizamlayır və onlara məna verir. Bu fikri başqa cür də ifadə etmək olar: konstitusiya mürəkkəb ictimai münasibətlərdə hər bir subyektə ali hüquqi status verir.

Hər bir demokratik ölkə öz inkişafının müəyyən tarixi mərhələsində keçdiyi yolu qiymətləndirməli və bu inkişafın davam etməsini təmin etmək üçün müvafiq tədbirlər görməli, vasitələr və üsullar müəyyən etməlidir. Konstitusiya hüququ sahəsində tanınmış alimlər hesab edirlər ki, inkişaf edən cəmiyyətdə bütün zamanlar və xalqlar üçün daimi və dəyişməz konstitusiya ola bilməz. Bu, doğrudan da belədir. Azərbaycan Respublikası dünya dövlətləri sistemində yer tutaraq inkişaf etməkdədir. Dünyada baş verən mədəni, sosial və iqtisadi inkişaf, habelə siyasi institutların demokratik təbiəti bizim ölkəmizdən yan keçə bilməz. Dünya iqtisadiyyatına inteqrasiya təkcə iqtisadiyyatın deyil, həmçinin mədəni əlaqələrin güclənməsinə, mədəniyyətlərin qovuşmasına da müsbət təsirini göstərir. Hamılıqla qəbul olunmuş iqtisadi, siyasi və sosial dəyərlərin cəmiyyətin həyatında yer alması və onların təmin edilməsi artıq bir öhdəlik olaraq dövlətlər tərəfindən qəbul olunmaqdadır. Bütün bunlar ölkəmizin daxilində sosial, iqtisadi və siyasi münasibətlərin tərəqqiyə doğru inkişafına təsir etməyə bilməz. Məhz belə təsirlər nəticəsində inkişafa məruz qalmış mövcud ictimai münasibətlərin konstitusiya normaları ilə təsbit olunması zərurəti meydana çıxır. Bu səbəbdən də konstitusiyaya əlavələr və dəyişikliklərin edilməsi artıq hüquqi tələbata çevrilir. Bu baxımdan Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul olunduqdan bir müddət sonra ona dəyişiklik və əlavələrin edilməsi zərurəti meydana çıxmışdır. Bununla bağlı 2002-ci il avqustun 24-də ümumxalq səsverməsi (referendum) keçirilmişdir.

Konstitusiyaya edilən əlavə və dəyişikliklərin əksəriyyəti insan hüquq və azadlıqlarının təminatı ilə bağlı idi. Onların ən əhəmiyyətlisindən biri pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlara Konstitusiya Məhkəməsinə müraciət etmək hüququnun verilməsi idi. Konstitusiyaya edilən əlavələr və dəyişikliklər onunla eyni hüquqi qüvvəyə malik olan konstitusiya qanunları ilə tamamlanır. Konstitusiyanın 156-cı maddəsinə uyğun olaraq konstitusiya qanunları konstitusiyanın ayrılmaz hissəsidir.

Demokratik hüquqi dövlət quruculuğu çərçivəsində ölkəmizdə səmərəli şəkildə və sürətlə həyata keçirilən siyasi, hüquqi, iqtisadi və digər islahatlar Azərbaycan Respublikasının Konstitusiyasına beynəlxalq hüquq normaları və prinsiplərinin tələbləri nəzərə alınmaqla yenidən əlavə və dəyişikliklərin edilməsi zərurətini yaratdı. Bunun nəticəsi olaraq 2009-cu il martın 18-də "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı qəbul edildi. Bu, ilk növbədə insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli qorunması, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi, demokratiyanın genişləndirilməsi və yerli özünüidarəetmənin inkişafı ilə bağlı idi. Bu əlavə və dəyişikliklər yeni nəsil sosial hüquqların müasir yönümdə bərqərar olunmasına da xidmət edir. Əlbəttə, bunun üçün dövlətin siyasi və iqtisadi cəhətdən güclü olması vacib şərtlərdəndir. Yeri gəlmişkən, Prezident İlham Əliyev də bu məsələyə həmişə xüsusi diqqət yetirmişdir. Onun Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrik məktubunda deyilir: "Biz iqtisadi uğurlarımızı az təminatlı əhalinin vəziyyətinin yaxşılaşdırılmasına istiqamətləndirməliyik". Bu baxımdan, Konstitusiyanın 15-ci maddəsinin II hissəsinə əlavə edilən "iqtisadiyyatımız sosial yönümlüdür" ifadəsi çox mühüm əhəmiyyətə malikdir. Buna uyğun olaraq Konstitusiyada dövlətin ali məqsədlərindən biri kimi "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi" (Konstitusiyanın 12-ci maddəsinin I hissəsi) təsbit olundu.

Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin II hissəsinə və 12-ci maddəsinin I hissəsinə edilən əlavələr birbaşa qeyd olunmasa da, Azərbaycan dövlətinin sosial dövlət xüsusiyyətini ifadə edir. İqtisadiyyatın sosial yönümlü inkişafı vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etmək məqsədini güdən dövlətin sosial siyasətinin əsasını təşkil edir və onun üzərinə öhdəliklər qoyur.

İlk dəfə olaraq "sosial dövlət" ideyası XIX əsrdə məşhur alman dövlətşünası və iqtisadçısı Lorens fon Şteyn tərəfindən irəli sürülmüşdür. O, belə hesab edirdi ki, dövlətçilik ideyasının başlıca mahiyyəti bərabərliyin və azadlığın bərpa olunmasından, aşağı və kasıb təbəqənin varlılar səviyyəsinədək dirçəlməsindən ibarət olmalıdır. O, yazırdı ki, dövlət cəmiyyətin bütün üzvləri üçün iqtisadi və ictimai tərəqqiyə nail olmalıdır. Belə ki, bir nəfərin inkişafı digərinin inkişafını şərtləndirir, yalnız bu mənada ictimai və ya sosial dövlət anlamından söhbət gedə bilər. Hazırda "sosial dövlət" ifadəsi 3 əsas səviyyədə tədqiq edilir: elmi səviyyədə - ideya və bu ideyanın inkişaf konsepsiyası kimi; normativ səviyyədə - dövlətlərin əsas qanunlarında təsbit olunmuş konstitusion prinsip kimi; empirik səviyyədə - cəmiyyətin sosial problemlərinin həlli istiqamətində dövlət təsisatlarının praktiki fəaliyyəti kimi.

İkinci Dünya müharibəsindən sonra "sosial dövlət" ideyasının inkişafında yeni mərhələ başlanmışdır. İnsan hüquq və azadlıqları ilə birbaşa məntiqi bağlılığı olan "sosial dövlət" prinsipi böyük itkilərə məruz qalmış bir sıra Avropa dövlətlərinin konstitusiyalarında təsbit olunmuşdur. Məsələn, AFR Konstitusiyasının 20-ci maddəsində, Fransa Konstitusiyasının 1-ci maddəsində və İtaliya Konstitusiyasının 2-ci maddəsində "sosial dövlət " ifadəsi öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə uşaq hüquqlarının qorunması ilə əlaqədar yeni normaların əlavə edilməsi, valideyn qayğısından məhrum olan uşaqların dövlət himayəsi altına götürülməsi dövlətimizin humanist mahiyyətini və sosial xarakterini bir daha təsdiq etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının maddi normaları yüksək ümumbəşəri dəyərləri özündə cəmləşdirir. Onların məhdudlaşdırılması hətta konstitusiya proseduru baxımından çox mürəkkəbdir. Məsələn, Konstitusiyanın 155-ci maddəsində göstərilir: bu konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz.

Qəbul edilmiş Referendum Aktında Konstitusiyanın 71-ci maddəsinə demokratik ölkələrdə əsas prinsiplərdən olan belə bir müddəa da əlavə olundu: hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz.

 

Beləliklə, konstitusiyanın inkişaf dinamikası cəmiyyətdə mövcud olan ictimai-siyasi münasibətlərə adekvat baş verir. Bu baxımdan, konstitusiya cəmiyyətin və dövlətin inkişafına xidmət edən və cəmiyyətdə "hüquqi balansı" qoruyub saxlayan əsas normativ hüquqi sənəddir.

 

 

Ziyafət ƏSGƏROV,

Milli Məclis Sədrinin birinci müavini,

YAP Siyasi Şurasının üzvü

 

Azərbaycan.- 2010.-  6 may.- S. 2.