Şəxsiyyət ucalığı

 

Nər bir xalqın tarixən formalaşmış dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtlərdəndir. Tarix göstərir ki, daxilən güclü, vətənpərvər və xarizmatik lideri olmayan xalqın yaranmış real şansdan düzgün yararlanması, milli iradəsini ortaya qoyaraq həqiqi müstəqillik istəyinə qovuşması da mümkün deyildir. Xalqların həqiqi azadlığına zəmin yaradan iqtisadi müstəqillik də məhz fenomen şəxsiyyətlərin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Belə liderlər milli dövlətçilik ideyalarının praktik surətdə gerçəkləşməsində, davamlı və sabit tərəqqi üçün dayanıqlı əsasların müəllifinə çevrilirlər.

 

Dahi alman mütəfəkkiri Fridrix Nitşe yazır: "Şəxsiyyətləri tarix yaratmır, şəxsiyyətlər tarixi yaradır". Bu danılmaz həqiqət çağdaş qloballaşma dövrünün yeni siyasi reallıqları fonunda belə aktuallığını itirməmişdir. Hər bir xalqın milli varlıq və özünütəsdiqinin parlaq ifadəsinə çevrilən müstəqil dövlətçilik konsepsiyasının fenomenal liderlərin adı ilə bağlılığı birmənalı şəkildə qəbul edilir. Azərbaycan kimi spesifik dəyərləri, mentaliteti, dövlətçilik ənənələri və milli demokratiya modeli olan dövlətlərdə şəxsiyyət və lider amili xüsusilə mühüm rol oynayır. XX əsrdə xalqımızın yetirdiyi fenomenal tarixi şəxsiyyət - ümummilli lider Heydər Əliyev də müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını tarixi irs və ənənə əsasında yaradaraq praktik surətdə gerçəkləşdirmiş dahi strateq kimi xalqın əbədi və tükənməz sevgisini qazanmışdır. Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu 34 il müddətində dahi öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir.

Haqq-ədalət uğrunda mücadiləni özünün həyat kredosuna çevirmiş ulu öndər məhz hər bir fərdin maraq və mənafeyini üstün tutmaqla ictimai inam və rəğbət qazanmışdır. Azərbaycan ictimai şüurunda əsrlər boyu aktuallığını qoruyub saxlamaqla insanların can atdığı ali ideallardan birinə çevrilmiş ədalətli rəhbər arzusu da məhz Heydər Əliyev dühasının nurlu şəxsiyyətində təsdiqini tapmış, ümummilli lider siyasi fəaliyyətinin bütün mərhələlərində humanizm və insanpərvərlik prinsiplərinə əsaslanan təkmil hüquqi mexanizmlərin formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Ulu öndər Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimləndiyi, bütün insani dəyər və azadlıqların maksimum dərəcədə qorunduğu, liberal ideyaların möhkəm təmələ çevrildiyi sivil cəmiyyətin yaradılması, demokratik ənənələrin ictimai şüurda möhkəmlənməsi uğrunda hər zaman misilsiz xidmətlər göstərmişdir. Yüksək bəşəri dəyərlərə hörmət Heydər Əliyevin daxilən azad şəxsiyyət olmasından, demokratizmindən, vətəndaşlıq məsuliyyətindən irəli gəlmiş, böyük strateq hər bir fərdin maraq və mənafeyinin ödənilməsini, qanuni hüquqlarının qorunmasını dövlətin başlıca vəzifəsi saymışdır.

Cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu əsl məmurluğun başlıca formuluna çevirən Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün saymışdır. Dərin zəkası, lider xarizması, milli ideallara sıx bağlılığı, unikal idarəçilik məharəti, zəngin mənəviyyatı ilə daim xalqının sevimli şəxsiyyəti olmuş ulu öndər bu zirvəyə hakimiyyət sükanının arxasına keçdiyi ilk gündən qanunsuzluqlara, ədalətsizliyə və nihilizmə qarşı apardığı prinsipial mübarizə ilə yüksəlmişdir. 1969-cu il iyulun 14-də Azərbaycanda rəhbərliyə başlayan Heydər Əliyev respublikada dərhal hüquqi mexanizmlərin gücləndirilməsinə başlamış, məmur özbaşınalığına, korrupsiya və rüşvətxorluğa qarşı amansız mübarizə aparmışdır. Məhz bu mərhələdən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. Qısa müddətdə iqtisadi sahədə mühüm nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi və milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində ciddi addımlar atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.

Taleyin qismətindən ümummilli lider Heydər Əliyev bu gün həm də müstəqil Azərbaycanın milli sosial-iqtisadi inkişaf modelinin banisi kimi böyük ehtiramla anılır. Böyük strateq 1993-cü ilin iyununda - respublikamızda dərin iqtisadi-siyasi və mənəvi böhranın hökm sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə rəhbərliyinə qayıtmış, özünün dərin zəkası, yüksək idarəçilik keyfiyyətləri, quruculuq və xilaskarlıq missiyası ilə ümummilli liderlik zirvəsinə yüksəlmişdir. Böyük öndər Heydər Əliyev qısa zamanda ölkədə ictimai-siyasi sabitliyi tam təmin etməklə ölkə iqtisadiyyatındakı tənəzzül prosesinin qarşısının alınmasına xidmət edən bir sıra zəruri tədbirlər həyata keçirmişdir. Həmin dövrdə bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövrünü yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülsə də, böyük strateq Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymamışdır. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır. İqtisadi sahədə mərhələlərlə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumi daxili məhsul istehsalını artırmaq, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi dayanmışdır.

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir. 1994-cü il sentyabrın 20-də dünyanın iri neft şirkətləri ilə imzalanmış "Əsrin müqaviləsi" bu mənada Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol oynamışdır. Həmin saziş nəticəsində dünyanın diqqət mərkəzinə çevrilən Azərbaycan eyni zamanda, qlobal məkanda özünün statusunu müəyyənləşdirməyə nail ola bilmiş, dövlətçilik sütunlarını daha da möhkəmləndirmişdir. Azərbaycanın neft strategiyasının əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən xalqın rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Və bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının da təmin olunmasına söykənir.

Zaman keçdikcə ölkə vətəndaşları müstəqil Azərbaycan dövlətçiliyinin memarı, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin polad əzmi, qətiyyəti və uzaqgörənliyi sayəsində əfsanədən gerçəkliyə çevrilən bu hadisənin siyasi və iqtisadi əhəmiyyətini, bugünkü uğurların əsasında məhz yeni neft strategiyasının dayandığını daha dolğun şəkildə dərk edirlər. Ötən müddətdə dəqiq iqtisadi hesablama əsasında gerçəkləşdirilən bu strategiya Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrdə dinamik inkişaf yolunda olan ölkəyə çevrilməsi, beynəlxalq arenada nüfuz və mövqelərini möhkəmləndirməsi, milli mənafeyini yüksək səviyyədə təmin etməsi, Avratlantik məkanın enerji təhlükəsizliyinə mühüm töhfə verməsi baxımından müstəsna rol oynamışdır.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən müəyyənləşdirdiyi milli iqtisadi inkişaf modelinin əsasını üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulan islahatlar təşkil etmişdir: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadi dirçəlişə nail olmaq. Hər bir mərhələyə uyğun həyata keçirilən iqtisadi islahatlar nəticəsində 1996-cı ildə respublika iqtisadiyyatında sabitlik təmin edilmiş, ümumi daxili məhsulun artım sürəti 1,3, 1997-ci ildə 5,8, 1998-2003-cü illərdə isə orta hesabla 10 faiz təşkil etmişdir.

İqtisadi islahatların ardıcıl və sistemli şəkildə aparılmasının tərəfdarı kimi çıxış edən Heydər Əliyev yeni mərhələdə ilk növbədə dövlət mülkiyyətinin özəlləşdirilməsi vacibliyini önə çəkmiş, bu proses keçid dövrünün bəzi kiçik çatışmazlıqlarına baxmayaraq, uğurla başa çatdırılmışdır. Ümummilli lider yaxşı başa düşürdü ki, dövlət mülkiyyətinin xalqın mənafeyinə uyğun formada özəlləşdirilməsi sərbəst bazar rəqabəti prinsiplərinin, xüsusi mülkiyyətçiliyin bərqərar olması, habelə milli iqtisadiyyatın dünya iqtisadi sisteminə inteqrasiyası, insanların şüurunda, həyat tərzində əsaslı dəyişiklik deməkdir. Ölkədə həyata keçirilmiş özəlləşdirmə prosesinin, aqrar islahatların əsas məqsədi də məhz hər bir vətəndaşın iqtisadi islahatlarda şəxsi marağını təmin etmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqabətə əsaslanan istehsal üçün şərait yaratmaq olmuşdur. İqtisadiyyatın bütün sahələrini əhatə edən özəlləşdirmə prosesi müstəqil respublikamızda bazar iqtisadiyyatı meyarlarının sürətlə formalaşmasına, ölkənin xarici iqtisadi əlaqələrinin yüksəlməsinə ciddi zəmin yaratmışdır.

Ümumilikdə, 1995-2003-cü illərdə respublikada ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi 4, iqtisadiyyatda məşğul olanların orta aylıq real əməkhaqqı 5,1 dəfə artmış, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilmişdir. Bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi 20 milyard ABŞ dollarını keçmişdir. Əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycanı davamlı inkişaf və tərəqqi yoluna çıxararaq təminatlı gələcəyə etibarlı zəmin yaradan bu siyasi kursun davam etdirilməsi 2003-cü ildən cəmiyyətin həlledici çoxluğunun iradəsi kimi önə çıxmış, xalq birmənalı olaraq növbəti beşillikdə də öz taleyini cənab İlham Əliyevlə birgə görmüşdür. Bu dəyişməz seçim eyni zamanda Azərbaycan cəmiyyətinin öz layiqli liderinin fenomenal keyfiyyətlərinə, parlaq şəxsiyyətinə sarsılmaz inam və rəğbətinin əyani təcəssümü olmuşdur. Ölkə vətəndaşları 2008-ci il oktyabrın 15-də növbəti dəfə alternativi olmayan siyasətin ötən beş ildə həyatımıza gətirdiyi nailiyyətlərə, xoşbəxt sabahına doğru inamla irəliləyən, inkişaf edən qüdrətli Azərbaycana səs vermişlər. Mütləq əksəriyyət oktyabrın 15-də populist və irreal vədləri deyil, əməli işi, konkret nəticəni, firavan sabahı seçdiyini nümayiş etdirmişdir. Bu məsuliyyətli seçim həm də xalqın təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik çevik, işlək və monolit komandaya etibar etdiyini göstərmişdir.

Son prezident seçkilərinin nəticələrinə nəzərən bir daha təsdiqlənmişdir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli prezidenti olduğunu sübuta yetirmişdir. Son 7 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev ötən dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirmişdir. Yüksək siyasi iradəsi, qətiyyəti, məqsədə doğru inamla irəliləməsi, milli maraqlara sadiqliyi, praqmatizmi, təvazökarlığı və sadəliyi, ən əsası Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olması dövlət başçısının növbəti prezident seçkilərində də xalq tərəfindən yüksək dəstək almasını birmənalı təmin etmişdir.

Bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə adlayan Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna, Avratlantik məkana inteqrasiya kursuna, sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirmişdir. Cənab İlham Əliyevin ötən müddətdəki fəaliyyəti ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, eyni zamanda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik, yoxsulluq problemlərinin tədricən aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin yaranması, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də dövlət başçısının xüsusi diqqət mərkəzində olmuşdur. Qısa müddətdə Azərbaycanın müdafiə potensialı 10 dəfədən çox artmış, respublikamızın yalnız hərbi büdcəsi bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə çatmışdır. İstər sosial-iqtisadi inkişaf göstəriciləri, istərsə də demokratik ənənələrin cəmiyyət tərəfindən əxz olunması baxımından "Avropa ailəsi"nin nüfuzlu üzvü kimi tanınan Azərbaycan ötən müddətdə bu geosiyasi məkanın enerji təhlükəsizliyində də mühüm dövlətə çevrilmişdir.

İdarəetmə sisteminə novator düşüncə tərzi, dinamizm və müasirlik çalarları gətirən dövlət başçısı hər yeni il üçün hökumətin həyata keçirməli olduğu tədbirlərin əhatə dairəsini və vaxtını dəqiq müəyyənləndirməklə onların icra prosesini şəxsi nəzarətdə saxlamış, habelə ölkənin strateji resurslarını milli inkişafa təkan verən qlobal layihələrin reallaşdırılması yönündə səfərbər etmişdir. Bu baxımdan regional inkişaf və qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilmiş tədbirləri xüsusi vurğulamaq olar.

Regionlara yüksək diqqət və qayğının bariz təcəssümü kimi 11 fevral 2004-cü il tarixdə imzalanmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" regionların tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yeniləşdirilməsi, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlişi, ölkə iqtisadiyyatının neft amilindən asılığının aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirmişdir. Fundamental əhəmiyyətli bu proqramın ölkəmizin sosial-iqtisadi yüksəlişindəki müstəsnalığını hər kəsdən daha aydın şəkildə qiymətləndirən cənab İlham Əliyev Azərbaycanın ayrı-ayrı bölgələrinə ardıcıl səfərləri zamanı proqramın icrası vəziyyəti ilə yerində tanış olmuş, görülən işlərin səmərəliliyini artırmaq üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Proqram çərçivəsində son beş ildə yerlərdə çoxlu sayda sosial, mədəni, infrastruktur obyektlərinin istifadəyə verilməsi, energetika və kommunal xidmətin səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşması bütövlükdə regionları əvvəlki simasından fərqləndirir.

İqtisadiyyatın diversifikasiyası ilə bağlı nəzərdə tutulmuş tədbirlərin sistemli və ardıcıl reallaşdırılması üçün dövlət başçısının müvafiq fərman və sərəncamları ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və bir sıra sahəvi inkişaf proqramları təsdiq edilmişdir.

Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunları ilə bağlı keçirilmiş iclası Azərbaycanın keçdiyi fundamental inkişaf yolunun ümumi mənzərəsi ilə bağlı dolğun təsəvvür yaratmaqla yanaşı, hesabat dövrünün uğurlarını da özündə əks etdirir. İlin birinci rübündə ümumi daxili məhsul 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. Bütün bu uğurların müqabilində inflyasiya cəmi 3,8 faiz təşkil etmişdir. Bütün bunlar isə dövlətə qarşıya qoyduğu məqsədləri uğurla həyata keçirmək imkanı verir.

Son illər hökumətin maliyyə sabitliyinin təmini yönümündə həyata keçirdiyi tədbirlər praktik baxımdan özünü doğrultmuş, Azərbaycan qlobal böhranın təsirinə ən az məruz qalan dövlətlərdən olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır. Bankların dəstəklənməsi də daxil olmaqla ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə axınının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi bu tədbirlərin yalnız üzdə olan qismidir. Hökumətin antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarəsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması, kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların dəyərinin vaxtında və tam ödənilməsi kimi vacib məsələlər də xüsusi qeyd olunmalıdır.

Ötən dövrdə qlobal böhrana qarşı etibarlı sipər rolunu oynayan, habelə iqtisadi inkişafa zəmin yaradan başlıca amillərdən biri də milli iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla davam etdirilməsi, habelə prioritet istehsal sahələrinin uzlaşdırılması, inkişaf potensialının qarşılıqlı kömək mexanizmi əsasında realizə olunmasıdır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Azərbaycan Prezidenti İlham Əliyevin keçən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün başa çatması ilə bağlı rəsmi bəyanatı ilə ölkə iqtisadiyyatının yeni keyfiyyət mərhələsinə transformasiya prosesi başlanmışdır. BDU-nun 90 illik yubileyində dövlət başçısı iqtisadi sahədə keçid dövrünün başa çatdığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını vurğulamışdır. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidənqurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 17 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin qarşısında duran ciddi vəzifələrdən biridir.

İqtisadi cəhətdən güclü olmayan dövlətin nəinki hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində, eləcə də xarici siyasətdə hansısa ciddi uğurundan danışmaq mümkün deyildir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışır, bu sahədə həlledici uğurlara imza atır. Müasir dövrdə xarici siyasətin effektivlik əmsalı eyni zamanda fərdin iqtisadi və siyasi azadlıqlarını maksimum dərəcədə təmin edən liberal mühitin formalaşdırılmasından, eləcə də iqtidarla vətəndaşların mənəvi birliyindən bilavasitə asılıdır. Xalq üçün çalışan, onun mənafeyini mümkün dərəcədə qoruyan hakimiyyət daxildə ciddi elektoral dəstəyə malik olduğunu daim hiss edir, bu da öz növbəsində onun xarici siyasətdə inamlı, qətiyyətli və prinsipial addımlar atmasına, kənar təsir və təhdidləri neytrallaşdırmasına əlverişli imkanlar açır. Başqa sözlə, iqtisadi, siyasi və hüquqi islahatların uğurlu nəticələri ümumən səmərəli xarici siyasət üçün də etibarlı zəminə çevrilir. Mübaliğəsiz demək olar ki, 2009-cu ilin 18 mart referendumu və 23 dekabr bələdiyyə seçkiləri ölkə vətəndaşlarının mövcud daxili və xarici siyasətə rəğbət və etimadını bir daha nümayiş etdirmişdir.

Praqmatik və rasional baxışlı siyasi lider kimi bu reallıqları düzgün dəyərləndirən dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel surətdə gerçəkləşdirilən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti respublikanın gələcək yüksəlişinin, habelə effektiv xarici siyasətinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Azərbaycan Prezidentinin dünya siyasi arxitekturasının tələblərinə maksimum dərəcədə cavab verən bu mütərəqqi inkişaf konsepsiyası kifayət qədər təkmil səciyyə daşımaqla, inkişaf etmiş dünya dövlətlərinin təcrübəsindən qaynaqlanır.

Cənab İlham Əliyev 2008-ci il oktyabrın 24-də keçirilmiş təntənəli andiçmə mərasimində demişdir ki, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipi Azərbaycanın demokratikləşməsi və ümumən cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesinin fundamental əsasını təşkil edir: "Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanmalıdır. Azərbaycanda həm siyasi, həm də iqtisadi islahatlar paralel şəkildə aparılır və hesab edirəm ki, bizim uğurumuzun əsas səbəbi məhz bundan ibarətdir. Biz siyasi islahatları artıq yaranmış çox güclü iqtisadi təməl üzərində qururuq. Əgər bu iqtisadi təməl olmasa, siyasi islahatları aparmaq o qədər də asan olmayacaqdır. Əgər demokratik inkişaf baxımından ən öndə gedən ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onların tam əksəriyyətində iqtisadi inkişaf çox yüksək səviyyədədir. O ölkələrin tam əksəriyyəti dünyada inkişaf etmiş ölkələr kimi tanınır. Bizim də məqsədimiz ondan ibarətdir ki, - mən bu barədə artıq demişəm, bəzən bu, təəccüb doğura bilər, amma mən inanıram, - Azərbaycan gələcəkdə inkişaf etmiş ölkələrin sırasına daxil olunmalıdır və daxil olacaqdır".

 

Möhtərəm Prezidentimizin son 7 illik inamlı fəaliyyəti onun Heydər Əliyev ideyalarını yeni dövrün nəbzinə, zamanın ruhuna uyğun davam etdirən, təkmilləşdirən qətiyyətli siyasi lider olduğunu təsdiqləyir. Siyasətə ideyaların reallaşdırılması vasitəsi kimi yanaşan və "Əsl siyasət konkret, əməli iş görməkdən ibarətdir" - deyən dövlət başçısı hakimiyyətə xalqa təmənnasız xidmət vasitəsi kimi yanaşır, hər bir fərdin maraq və mənafeyini uca tutur. Ölkə vətəndaşları ürəkdən inanır ki, Azərbaycanın hərtərəfli tərəqqi və yüksəlişinə xidmət edən bu siyasət qarşıdakı illərdə də inamla davam etdiriləcəkdir.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2010.- 6 may.- S.  3.