Hərbi sənaye kompleksinin banisi

 

Möhkəm təməl üzərində bərqərar olan müdafiə sənayemiz Silahlı Qüvvələrimizi hərbi sursatla tam təmin etməyə qadirdir

 

XX əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin bənzərsiz ömür yolu, zəngin ictimai-siyasi fəaliyyəti Azərbaycanın müasir inkişaf tarixinin ən parlaq səhifəsidir. Tarixin ən çətin, məsuliyyətli anlarında həmişə xalqının yanında olmuş bu dahi insan özünün dediyi kimi, ömrünün qalan hissəsini xalqına, doğma Azərbaycanının müstəqilliyinə həsr etmişdir.

Ölkəmizin müstəqilliyinin qorunub saxlanılmasında əsas əhəmiyyət kəsb edən Azərbaycanın hərbi sənaye kompleksinin təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1969-cu ildə dahi şəxsiyyət, böyük insan, xalqımızın xilaskarı Heydər Əliyev Azərbaycan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın birinci katibi seçildikdən sonra respublikamızda iri sənaye müəssisələrinin yaradılmasına nail olmuşdur. Ulu öndərin o illərdə gördüyü işlər, yaradılan böyük sənaye müəssisələri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır desək, yanılmarıq. Çünki hələ o illərdə bu işlər görülərkən Heydər Əliyev Azərbaycanın gələcəyini, bugünkü müstəqilliyini düşünmüşdür.

Həmin dövrdə məhz onun şəxsi təşəbbüsü və səyi sayəsində SSRİ Elektronika Nazirliyinin tərkibində olan Bakı "Mikrosxematexnika" Xüsusi Konstruktor Bürosunun bazasında "Azon" zavodu, 1975-ci ildə isə Bakıda Elektron Hesablama Maşınları zavodu qısa müddət ərzində tikilib istismara verilmişdir. Bütövlükdə 1970-1982-ci illərdə respublika ərazisində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan və s. şəhərlərdə) müdafiə təyinatlı elmi və istehsal müəssisələri də daxil olmaqla çoxlu sayda zavod, fabrik, istehsalat sexləri istifadəyə verilmişdir. Təsadüfi deyil ki, həmin dövr Azərbaycanda istehsal olunan sənaye məhsulları dünyanın 65 ölkəsinə ixrac olunurdu.

Azərbaycanda olan demoqrafik artımı və mövcud elmi potensialı nəzərə alan Heydər Əliyev SSRİ-nin ağır maşınqayırma və hərbi sənaye kompleksi müəssisələrinin respublikada yaradılması məsələsini Sov.İKP MK-nın Siyasi Bürosu qarşısında qaldırmışdır. Onun təklifləri və gərgin əməyi sayəsində Azərbaycanda radiotexnika və cihazqayırma sənayesi üzrə üç yeni müəssisənin - Radio Maşınqayırma zavodunun ("Robot" zavodu), Tərtərdə Lionozov Elektromexanika zavodunun filialının və Elektron Hesablama Maşınları zavodunun ikinci növbəsinin tikintisi, elektron sənayesi üzrə dörd zavodun - Gəncədə "Billur" zavodunun, Xaçmazda, Siyəzəndə və Lənkəranda "Kondesator" zavodlarının tikilməsi, müdafiə sənayesi üzrə Azov Optika-Mexanika ("Alov") zavodunun filialının yaradılması, Alunit zavodunun tikintisi; gəmiqayırma sənayesi üzrə Bakı Elektro-Mexaniki İnstitutunda yeni istehsal sahələri yaradılması, sonradan onun bazasında "Nord" EİB-nin yaradılmış, aviasiya sənayesi üzrə istehsal sahələrinin genişləndirilməsi və s. məhz bu təşəbbüsün nəticəsidir.

Neftlə zəngin olan respublikamızda neft maşınqayırması üzrə müəssisələrin yaradılmasının zəruri olduğunu qabaqcadan görən Heydər Əliyev müharibə şəraitinə uyğun istehsal profilini dəyişmək imkanı nəzərdə tutulmaqla yeni maşınqayırma müəssisələrinin tikilməsi və genişləndirilməsi barədə də öz təkliflərini vermişdir. Həmin dövrdə öz nüfuzundan istifadə edən Heydər Əliyev Azərbaycanda hərbi sənaye kompleksinin və ağır maşınqayırma sənayesinin inkişafına təkan verəcək "Ulduz" EİB, Əli Bayramlı "Araz" zavodu (indiki Şirvan "Araz"), "Rabitə" Elmi-Tədqiqat İnstitutu kimi yeni müəssisə və zavodların tikilib istismara verilməsinə nail olmuşdur.

Elmin inkişafına daim xüsusi diqqət ayıran Heydər Əliyev Azərbaycanın zəngin təbiəti, geniş tərkibli bitki örtüyü, relyefi Xəzər dənizi ilə birlikdə bütün ərazisi kosmik aparatlar vasitəsilə kosmosdan alınan məlumatların aşkarlanması və təhlili metodikalarının yaradılması sahəsində ilboyu fəaliyyət göstərmək imkanı olan nadir təbii sınaq poliqonu olduğunu nəzərə alaraq 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində "KASPİ" Elmi Mərkəzinin yaradılması haqqında qərar vermişdir. 1978-ci ildə isə "KASPİ" Elmi Mərkəzinin bazasında Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu yaradılmışdır. 1982-ci ildə isə Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutu təcrübi istehsalat sahəsinin və poliqonunun əsasında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi (EİB) təşkil edilmişdir. Qeyd etmək lazımdır ki, institut və EİB keçmiş SSRİ dövründə kosmik tədqiqatlar sahəsində fəaliyyəti açıqlanan ilk müəssisələr olub.

1991-ci ildə müstəqillik əldə etdikdən sonra respublikamızda sosial-iqtisadi sahədə tənəzzül dövrü başladı. Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, 1 milyondan artıq soydaşımızın dədə-baba yurdlarından didərgin düşməsi, daxildəki qeyri-sabitlik, cəbhə xəttində vəziyyətin getdikcə gərginləşməsi müstəqilliyimizi itirmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir zamanda Azərbaycan xalqı çıxış yolunu yalnız siyasi uzaqgörənliyə sahib olan Heydər Əliyevin hakimiyyətə gəlməsində gördü. Bununla da müstəqil Azərbaycanın müasir siyasi tarixində yeni bir səhifə açıldı.

Ulu öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə daxili sabitliyin yaradılmasına nail oldu. Respublikanın müharibə vəziyyətində olması nəzərə alınaraq ordu quruculuğu istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildi. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsində ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əvvəlki illərdən fərqli olaraq xeyli yaxşılaşdırıldı. Silahlı Qüvvələrə tələb olunan silah, hərbi texnika, döyüş sursatı, arxa xidmət əmlakı və digər maddi vasitələrin istehsal olunması üçün sifarişlərin respublikanın müdafiə sənayesi müəssisələrinə verilməsi ölkə iqtisadiyyatının inkişafına da şərait yaratdı.

2003-cü ildə ordumuzun hərbi-texniki bazasını gücləndirmək və bu sahədə kənardan asılılığı azaltmaq məqsədilə ümummilli lider tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi ilə respublikanın müdafiə sənayesinin inkişafının yeni mərhələsi başlandı.

Bu istiqamətdə aparılan məqsədyönlü işlər Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla həyata keçirilir. Respublikamızın müharibə vəziyyətində yaşamasını nəzərə alan və bu sahənin inkişaf etdirilməsini zamanın tələbi kimi dəyərləndirən ölkə başçısının Müdafiə Sənayesi Nazirliyinin yaradılmasına dair imzaladığı 16 dekabr 2005-ci il tarixli sərəncam bunun bariz nümunəsidir.

Müdafiə Sənayesi Nazirliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi tapşırıq və tövsiyələri əsasında uğurlu fəaliyyət göstərir. Ötən müddət ərzində nazirliyin bir neçə müəssisəsi əsaslı tikinti və yenidənqurmadan sonra isifadəyə verilmişdir. "İqlim" Elmi İstehsalat Müəssisəsinin, "Telemexanika", "Peyk", "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma" zavodlarının, eləcə də Elmi-Tədqiqat İnstitutunun açılışı olmuşdur. Təkcə bu ilin birinci rübündə nazirliyin "Dalğa" Elmi İstehsalat Müəssisəsinin, Şirvan "Araz" zavodunun əsaslı tikinti və yenidənqurmadan sonra açılışı olmuş, "İqlim" Elmi İstehsalat Müəssisəsi və "Telemexanika" zavodunda yeni istehsal sexləri yaradılaraq istifadəyə verilmişdir. İstifadəyə verilən müəssisələrdə silahlı qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradılmış və bu sahələr beynəlxalq standartlara cavab verən avadanlıq və texnologiyalarla təmin edilmişdir.

Hərbi-texniki əməkdaşlıq sahəsində də bir sıra mühüm işlər həyata keçirilmişdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi yarandığı zaman respublikamız sahə üzrə yalnız Türkiyə Respublikası ilə əməkdaşlıq edirdisə, bu gün aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 50-dən çox firma və şirkəti ilə sıx əməkdaşlıq edir. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, əməkdaşlıq sahəsində əldə olunmuş bu uğurlar Prezident İlham Əliyevin apardığı xarici siyasətin nəticəsidir.

Artıq nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. Ötən ilin aprel ayında Azərbaycanın ilk dəfə olaraq beynəlxalq əhəmiyyətli sərgidə (IDEF-2009) iştirak etməsi ölkəmizin müdafiə sənayesinin inkişafından xəbər verir. Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisələrdə yaradılan və istehsal olunan 27 adda müdafiə təyinatlı məmulatla ("İstiqlal" tipli snayper tüfəngi, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, artilleriya minaları və optik cihazlar və.s) respublikamızın beynəlxalq sərgidə təmsil olunması qısa müddət ərzində görülmüş işlərin nəticəsidir.

Hazırda nazirliyin kollektivi 2010-cu il mayın 10-13-də İordaniya Haşimilər Krallığının Əmman şəhərində keçiriləcək SOFEX-2010 beynəlxalq sərgidə Azərbaycanı layiqincə təmsil etməyə hazırlaşır. Ulu öndərin doğum günü ərəfəsinə təsadüf edən bu sərgidə Azərbaycan 50-dən artıq müdafiə təyinatlı məmulatla təmsil olunacaq. Azərbaycanı qüdrətli dövlət kimi görmək istəyən ümummilli lider Heydər Əliyev tərəfindən ötən əsrdə əsası qoyulan bir qurumun bu gün dünyanın 70-dən cox ölkəsinin dövlət qurumları və qabaqcıl şirkətləri tərəfindən istehsal olunan məmulatların sərgiləndiyi məkanda öz milli məhsullarını nümayiş etdirməsi bizi çox sevindirir.

Nazirliyin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatların həcmi ildən-ilə artır. 2009-cu ildə bu göstərici əvvəlki illə müqayisədə 4 dəfə artmışdır. Cari ildə bu məmulatların çeşid sayının 398-ə çatdırılması nəzərdə tutulur. İstehsalı mənimsənilən məhsullar arasında uzaqməsafəli minaatanlar, snayper tüfəngi, əl qumbaraatanı, müxtəlif növ tank əleyhinə minalar, optik nişangahlar, aviasiya təlim bombaları, maskalanma toru, müxtəlif döyüş sursatları və bir sıra digər məmulatlar var.

Hazırda Müdafiə Sənayesi Nazirliyi Cənubi Afrikanın "Paramaund Group" şirkəti ilə "Matador" və "Marauder" tipli zirehli transportyorların birgə istehsalını aparır. Eyni zamanda, nazirliyin müəssisələrində NATO standartlarına uyğun "Zəfər", "Zəfər-K" və "İnam" tipli müasir tapançalar yaradılmış və istehsalına başlanmışdır. Silahlı Qüvvələrdə istifadə edilən keçmiş SSRİ istehsalı olan müxtəlif tipli zirehli döyüş maşınlarının müasir tələblərə uyğun təkmilləşdirilməsi işləri həyata keçirilir.

Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, nazirliyin müəssisələrində də müdafiə təyinatlı məmulatların istehsalı ilə yanaşı, mövcud istehsal bazasından istifadə etməklə mülki məhsulların yeni növlərinin mənimsənilməsi istiqamətində də məqsədyönlü işlər aparılır. İstehsal edilən məhsulların çeşid sayı ildən-ilə artırılır. Onların sırasına polad panelli radioatorların müasir modeli, müxtəlif təlim-tədris stendləri, piyadalar üçün yol keçidi, müxtəlif kalibrli ov patronları, pnevmatik tir tüfəngləri, əsgər səhra çadırları, işıqforlar, xəstəxana və hərbi hospitallarda istifadə olunan ortopedik tibb çarpayıları, çoxsaylı çap lövhələri, dəmir torlar, tikanlı məftillər və digər yeni məhsullar daxildir.

Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" Yerin kosmosdan tədqiqi sahəsində perspektiv istiqamətləri müəyyənləşdirməyə, ölkədə bilavasitə kosmik texnika və texnologiyaların yaradılması və aerokosmik məlumatlardan istifadə etməklə müxtəlif tətbiqi məsələlərin həlli ilə məşğul olan nazirliyin Milli Aerokosmik Agentliyinin (MAKA) texniki tərəqqisi üçün geniş imkanlar yartmışdır.

Bütün görülmüş işlər bir daha təsdiqləyir ki, ulu öndər Heydər Əliyevin siyasi irsinə, dövlətçilik ənənələrinə və Azərbaycan xalqının iradəsinə söykənən Prezident İlham Əliyev ötən illər ərzində dövlətimizi daha da inkişaf etdirərək ümummilli liderin dövlətçiliklə bağlı arzu və istəklərinin həyata keçirilməsini təmin etməyə nail olmuşdur.

 

 

Yavər CAMALOV,

müdafiə sənayesi naziri

 

Azərbaycan.- 2010.-  6 may.- S.  4.