"Heydər Əliyev. Müstəqilliyimiz
əbədidir" çoxcildliyinin 29-cu cildi çapdan
çıxmışdır
"Bunu dəfələrlə demişəm - Azərbaycanın müstəqilliyi dönməzdir. Azərbaycanda verilmiş bütün bu azadlıqların hamısı dönməzdir. Azərbaycanda mətbuat, fikir azadlığı dönməzdir - burada heç bir şey ola bilməz, heç kəs də bundan narahat olmasın. Bütün başqa məsələlər də belə. Yəni, mənim bəyan etdiyim və apardığım siyasətin hamısı dönməzdir. Mən bunu axıra qədər aparacağam. Bilin ki, bunu mən özüm aparacağam. Qəzetlər səhərdən axşama qədər yazır - "Heydər Əliyev nə olacaq, onun yerinə kim olacaq, bu nə olacaq, o nə olacaq?" Heç kəs narahat olmasın! Heydər Əliyev qarşınızda durubdur, üç saatdır ki, sizinlə bərabərdir. Bu gün bundan əvvəl də nə işlər gördüyümü mən sizə dedim. Bax, Heydər Əliyev budur, sizin qarşınızdadır. Mənim sağlamlığım da budur, məntiqim də budur, enerjim də budur, iş qabiliyyətim də budur. Ona görə də xalqın tərəfindən mənə verilmiş bu etimadı mən sona qədər yerinə yetirəcəyəm".
Bu sətirlər "Heydər Əliyev. Müstəqilliyimiz əbədidir" çoxcildliyinin "Azərnəşr" tərəfindən yenicə çapdan buraxılmış 29-cu cildindən - Prezident Heydər Əliyevin 2000-ci il iyulun 21-də Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi münasibətilə jurnalistlərlə görüşündəki yekun nitqindən götürülmüşdür.
Nəşrin buraxılışına məsul Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevdir.
Çoxcildliyin oxuculara təqdim olunan 29-cu cildində müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin gücləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan islahatlar, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə dair materiallar verilmişdir.
Kitabda Prezident Heydər Əliyevin Avstriya Respublikasına rəsmi səfəri zamanı bu ölkənin dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi xadimlərinə dair materiallar, Avstriyanın nüfuzlu mətbuat orqanlarına verdiyi müsahibələri dərc edilmişdir.
Həmçinin bu cilddə ulu öndərin Türkiyə Prezidenti Əhməd Necdət Sezərlə görüşlərinə və mühüm sənədlərin imzalanmasına dair materiallar, Dağlıq Qarabağ probleminə aid prinsipial çıxışları nəşr edilmişdir.
Kitaba daxil edilmiş materiallarda, eyni zamanda, görkəmli ədəbiyyat və incəsənət xadimləri, məşhur idmançılar və məşqçilərlə görüşləri və respublikamızın daxili həyatına aid mühüm sənədlər öz əksini tapmışdır.
Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin 2000-ci il iyulun 3-də Avstriya Respublikasına rəsmi səfərə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə müsahibəsi ilə başlanan cilddə 2000-ci ilin 3 iyulundan 5 sentyabrınadək dövrdəki çıxışları, nitqləri, bəyanatları, müsahibələri, məktubları, məruzələri, müraciətləri, fərmanları və s. daxil edilmişdir.
Kitabda ulu öndərin BMT-nin Sənaye İnkişafı Təşkilatının - YUNİDO-nun baş direktorunun müavini Nilmadxabon Moxanti ilə görüşdə söhbəti, Azərbaycan Respublikasının və Türkiyənin nümayəndə heyətləri arasında Azərbaycan-Türkiyə danışıqlarında çıxışı, danışıqlar başa çatdıqdan sonra bəyanatı, Azərbaycan Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı, akademik Fəraməz Maqsudov ilə vidalaşma mərasimində çıxışı, xalq şairi Bəxtiyar Vahabzadəyə məktubu, Avstraliyanın Sidney şəhərində keçiriləcək XXVII Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan idmançılarının yolasalma mərasimində nitqi, nüfuzlu informasiya vasitələrinə verdiyi müsahibələr, ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi və genişləndirilməsindən bəhs edən materiallar toplanmışdır.
Bütün cildlərdə olduğu kimi, bu cilddəki materiallarda da ümummilli liderin Dağlıq Qarabağ probleminin həlli və münaqişənin nizama salınması ilə əlaqədar ölkəmizin prinsipial mövqeyi öz əksini tapmışdır. Görkəmli dövlət xadimi 2000-ci il iyulun 11-də "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti adından Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezərin şərəfinə təşkil edilmiş rəsmi qəbuldakı nitqində dediyi sözlər buna bariz nümunədir: "Ermənistan-Azərbaycan münaqişəsi çətin, ağır problemdir. Bəzi vaxtlarda biz bu münaqişənin həll olunmasına yaxınlaşırıq, bəzən ayrı-ayrı maneələr meydana çıxır. Ancaq bu gün biz Türkiyənin hörmətli Prezidenti ilə bu barədə çox ətraflı danışdıq. Biz eyni fikirdəyik ki, məsələni sülh yolu ilə həll etmək lazımdır. Bundan sonra da səylərimizi artırıb münaqişənin sülh yolu ilə aradan qaldırılmasına nail olmaq lazımdır. Mən ümidvaram, inanıram ki, biz buna nail olacağıq və şübhə etmirəm ki, Türkiyə həmişə olduğu kimi, bundan sonra da bizimlə bərabər olacaqdır, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün bizimlə birgə çalışacaqdır".
AzərTAc-ın
materialları əsasında hazırlanmış
çoxcildliyin bu kitabına da "Qeydlər", "Şəxsi
adlar göstəricisi" və "Coğrafi adlar göstəricisi"
daxil edilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 6
may.- S. 4.