"Azərbaycanşünaslığın aktual problemləri"

 

Bakı Slavyan Universitetində başlamış və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda konfrans öz işini Naxçıvan Dövlət Universitetində davam etdirmişdir.

Konfransın işində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru professor Hafiz Paşayev, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, Rusiya EA-nın akademiki Yuri Pompeyev, Tbilisi Dövlət Universitetinin professoru David Qoçeridze, Parisdə kitab evinin müdiri Mişel Malerb, Moskva Linqvistika Universitetinin dosenti Vidas Kovaliaskuas və başqaları iştirak edirdilər.

Qonaqlar əvvəlcə ümummilli liderin Naxçıvan şəhərinin mərkəzindəki abidəsini ziyarət etmiş, Heydər Əliyev muzeyinin eksponatları ilə tanış olmuşlar.

Konfransı NDU-nun rektoru akademik İsa Həbibbəyli açmışdır. Qeyd olunmuşdur ki, konfrans elmi-ictimai fikrin inkişafına böyük töhfə verəcəkdir. "Heydər Əliyev və Azərbaycançılıq təlimi: ədəbi düşüncədən böyük siyasətə qədər" mövzusunda məruzə edən İsa Həbibbəyli demişdir ki, Azərbaycanın tarixi qədim olsa da, Azərbaycanşünaslığın tarixi XIX əsrin ikinci yarısına təsadüf edir. İlk dəfə 1882-ci ildə Tiflisdə çap olunan "Qafqaz" qəzetində "azərbaycanlı" sözü işlədilmişdir. Sonra "Kəşkül" qəzetində "azərbaycanlı milləti" sözündən istifadə olunmuş, 1891-ci ildə Məhəmmədağa Şahtaxtılı "Kaspi" qəzetində həm millətimizin adını, həm də yaşadığı məkanı elmi şəkildə əsaslandırmışdır. 1917-ci ildə Cəlil Məmmədquluzadə haradır Azərbaycan sualına tam cavab vermişdir. Azərbaycançılığı ədəbi düşüncədən böyük siyasətə Heydər Əliyev gətirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bu ideologiyanı dünya azərbaycanlıları səviyyəsinə qaldırmışdır. Azərbaycançılıq ideologiyasını öyrənən elm isə azərbaycanşünaslıqdır. Bu elm sahəsində bəzi nailiyyətlər əldə olunmuşdur. Lakin qarşıda duran məsələlər də az deyil. Əminik ki, bu konfrans azərbaycanşünaslıq elmini yeni müddəa və tezislərlə daha da zənginləşdirəcəkdir.

Sonra professor Hafiz Paşayev çıxış edərək demişdir ki, ümummilli lider Heydər Əliyev beynəlxalq aləmdə Azərbaycanın milli maraqlarını çox dəqiqliklə qoruyan siyasət yürüdürdü. Rəsmi səfərləri zamanı ABŞ siyasi elitasının ən mötəbər adamları ilə görüşən Heydər Əliyev bu böyük dövlətin dəstəyini qazandı və bölgədə Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin reallaşmasına nail oldu. Heydər Əliyev xaricdə hamı üçün çox maraqlı şəxsiyyət idi. Bütün siyasi xadimlər onunla görüşüb söhbət etməyə can atırdılar. Ondan öyrənirdilər. Bir sıra beynəlxalq məsələlərin həllində ondan məsləhətlər alırdılar. Heydər Əliyevin Azərbaycana olan sevgisi onun yorulmağına imkan vermirdi. Gün ərzində saatlarla keçirilən danışıqlara və görüşlərə yeni enerji ilə qatılırdı.

Heydər Əliyevin Azərbaycan dilinin inkişafına göstərdiyi qayğıdan danışan professor Kamal Abdulla demişdir ki, ümummilli lider Heydər Əliyev hələ sovet dövründə respublikamızın SSRİ-nin tərkibində olmasına baxmayaraq, Azətbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olmuşdur. Azərbaycan dilində çox səlis danışaraq dilçi alimləri belə heyran edirdi. Heydər Əliyev həmişə vurğulayırdı ki, bir neçə dil bilmək çox yaxşı işdir. Amma gərək hər kəs öz dilini yaxşı bilsin və bu dildə danışsın.

Çıxışlardan sonra Y.Pompeyevin "Qarabağ gündəliyi" kitabının təqdimatı keçirilmişdir.

Sonda NDU-nun konservatoriyasında konfransın bədii hissəsi olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 6 may.- S.  5.