Məhkəmə-Hüquq Şurasının
yeni tərkibdə iclası keçirilmişdir
Məhkəmə-Hüquq Şurasının (MHŞ) yeni tərkibdə iclası keçirilmişdir.
MHŞ-dan bildirmişlər ki, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bir sıra təşkilati məsələlərə baxılmış, o cümlədən Hakimlərin Seçki Komitəsi üzvlərinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar komitənin formalaşdırılması üçün Ali Məhkəmə, apellyasiya məhkəmələri, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, habelə Ədliyyə Nazirliyi, Baş Prokurorluq, Şuranın Aparatı və Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş namizədlər müzakirə edilmiş, onların sırasından komitə üzvləri seçilmişlər.
Bildirilmişdir ki, Prezident İlham Əliyevin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarına əsasən, Azərbaycanda hakimliyə namizədlərin Avropada ən mütərəqqi və şəffaf üsullarla seçilməsi qaydası müəyyən olunaraq, bu sahədə səmərəli təcrübə formalaşdırılmışdır. Ötən dövr ərzində hakimliyə namizədliyini irəli sürmüş 2200 nəfərdən 157 nəfər yüksək hazırlıqlı hüquqşünas çoxmərhələli imtahanlar nəticəsində seçilərək hakim vəzifələrinə təyin edilmişdir. İmtahanlardan müvəffəqiyyətlə keçmiş 80 nəfər hüquqşünas hazırda hakimliyə namizədlər üçün 2009-2010-cu tədris ili ərzində davam edən kurslara cəlb edilmiş, bu sahədə Hakimlərin Seçki Komitəsinin müsbət fəaliyyəti vurğulanmışdır.
İclasda Məhkəmə-Hüquq Şurasının fəaliyyətində şəffaflığın artırılması məqsədilə şuranın internet saytının imkanlarından daha səmərəli istifadə olunmasının vacibliyi bildirilmiş, bu məqsədlə hazırlanmış saytın yeni versiyasının təqdimatı keçirilmişdir.
Azərbaycan və ingilis dillərində olan saytda Məhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə yanaşı, hüquqi maarifləndirmə məqsədilə ölkəmizin məhkəmə-hüquq sistemi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları, milli qanunvericilik bazası, məhkəmə fəaliyyəti, habelə ölkəmiz haqqında digər dolğun məlumatlar əks edilmiş, vətəndaşların elektron müraciət imkanları genişləndirilmişdir.
Tədbirdə həmçinin
qanunvericiliyin tələblərini
pozan, icra intizamına əməl etməyən və digər nöqsanlara yol verən bəzi hakimlər barədə intizam icraatları başlanılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 6
may.- S. 5.