"Yaxşıların
yaxşısı" milli mükafatının təqdimat mərasimi
Mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Yaxşıların yaxşısı" milli mükafatının təqdimat mərasimi keçirilmişdir.
Layihənin müəllifləri "Həftə içi" qəzetinin baş redaktoru Sevinc Seyidova və Nail Naiboğlu qonaqları salamlayaraq bildirmişlər ki, "Yaxşıların yaxşısı" milli mükafatı artıq 12 ildir ki, Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fərqlənmiş şəxslərə, təşkilatlara və şirkətlərə təqdim olunur. Təqdimat mərasiminin mayın əvvəlində keçirilməsinin heç də təsadüfi olmadığını qeyd edən Sevinc Seyidova vurğulamışdır ki, bu, Azərbaycan xalqının və dövlətinin inkişafında misilsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin anadan olması tarixi ilə bağlıdır.
Mərasimdə 50 nominasiya üzrə "Yaxşıların yaxşısı"na mükafatlar təqdim olunmuşdur.
Nominantlar arasında dövlət və hökumət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, KİV-lərin təmsilçiləri, iş adamları, tibb və təhsil işçiləri, şirkətlər, mədəniyyət və incəsənət xadimləri vardır.
"Mətbuatın dostu" nominasiyasında mükafata Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov layiq görülmüşdür.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə maarifçiliyin inkişafındakı xidmətlərinə, deputatlardan Adil Əliyev, Dünyamin Xəlilov, Cavanşir Paşazadə və Əhəd Əhmədova respublikamızın ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə "Yaxşıların yaxşısı" mükafatı təqdim edilmişdir.
Mərasimdə Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan Aslanov "İlin informasiya agentliyi" nominasiyasında "Yaxşıların yaxşısı" hesab olunmuşdur. Qeyd edilmişdir ki, bu ilin martında 90 illik yubileyini qeyd etmiş AzərTAc artıq dünyanın tanınmış xəbər agentlikləri ilə bir sırada uğurla addımlayır.
Tədbirdə "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Mətbuatın inkişafındakı xidmətlərinə görə", "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Ədəbiyyatımızın inkişafındakı xidmətlərinə görə" nominasiyalarında mükafatlandırılmışlar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, YUNİSEF-in Uşaq Təşkilatı "Uğurlu iş fəaliyyətinə görə", Azərbaycan Dövlət Musiqili Komediya Teatrı "İlin ən yaxşı teatr tamaşası", əməkdar artist Fidan Hacıyeva "İlin opera müğənnisi" nominasiyaları üzrə mükafatlara layiq görülmüşlər.
Təqdimat mərasimində tanınmış türk müğənnisi Orhan Ölməz və Azərbaycanın tanınmış incəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 6 may.- S.
5.