YUNESKO-da Bakıda keçiriləcək
forumla bağlı işçi qrupun
yığıncağı olmuşdur
Parisdə YUNESKO-nun mənzil-iqamətgahında
2011-ci ildə Bakıda keçiriləcək
"Ümumdünya mədəniyyətlərarası dialoq
forumu"na həsr olunmuş işçi qrupunun
toplantısı olmuşdur. YUNESKO, Avropa Şurası və
Sivilizasiyalararası Alyansın nümayəndələrinin
iştirak etdiyi yığıncaqda ölkəmizi mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva,
Fransadakı səfirliyimizin, YUNESKO və Avropa Şurası
yanındakı daimi nümayəndəliklərimizin əməkdaşları
təmsil etmişlər.
Toplantıda foruma
hazırlıq məsələləri ətrafında
müzakirələr zamanı YUNESKO, Avropa Şurası və
Sivilizasiyalararası Alyansın nümayəndələri Azərbaycanın
xüsusi əhəmiyyət kəsb edən belə bir tədbiri
keçirməsini dəstəklədiklərini bəyan etmiş,
forumla bağlı hansı movzulardan bəhs olunacağı ilə
əlaqədar öz təkliflərini bildirmişlər.
Tədbirdə Azərbaycan tərəfindən
mədəniyyətlərarası dialoqa dair xüsusi
medalın təsis olunması və forum çərçivəsində
Bakının Ümumdünya Dialoq Paytaxtı elan edilməsi
ilə bağlı xüsusi proqramın hazırlanması
tövsiyə olunmuşdur.
Nazir müavini Sevda Məmmədəliyeva
Azərbaycan hökumətinin forumun yüksək səviyyədə
keçirilməsi üçün bütün imkanlardan
istifadə edəcəyini, bu istiqamətdə konkret
addımlar atıldığını diqqətə
çatdırmış, Azərbaycanın Xarici İşlər
Nazirliyi vasitəsilə Bakıdakı xarici ölkələrin
səfirlikləri və respublikamızın xaricdəki
diplomatik missiyalarının artıq forum barədə ətraflı
məlumatlandırıldığını, tədbirdə
iştirak edəcək nümayəndələrin müəyyənləşdirilməsi
istiqamətində hazırlıq tədbirlərinin
görüldüyünü qeyd etmişdir.
Toplantıda işçi
qrupunun növbəti yığıncağının 2010-cu
ilin sentyabrında Parisdə keçirilməsi, forumun sənədlərini
hazırlayan ekspertlərin iclasa dəvət olunması, həmin
vaxt bütün lazımi materialların təqdim edilməsi qərara
alınmışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Paris
Azərbaycan.- 2010.- 6
may.- S. 5.