Fransa mətbuatında "Xəzər
dənizi: əsas enerji mənbəyi" məqaləsi dərc
edilmişdir
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Qrenobldakı Pyer Mendes Frans (UPMF) Universiteti hüquq fakültəsinin doktoru Fazil Zeynalovun Azərbaycanın neft strategiyasından bəhs edən məqaləsi Fransada 1939-cu ildən çap olunan aylıq "Milli müdafiə" jurnalının apreldə işıq üzü görən nömrəsində "Xəzər dənizi: əsas enerji mənbəyi" başlığı altında dərc edilmişdir.
Müəllif məqalənin əvvəlində neft və qaz ehtiyatları ilə zəngin olan Xəzər dənizinin hələ qədim dövrlərdən dünyada tanındığını, bir çox xarici səyyah və alimlərin, o cümlədən fransız yazıçısı Aleksandr Dümanın dəniz və onun sahilindəki torpağın sirli odla şölələnməsinə xüsusi maraq göstərmələrini qeyd etmişdir. Məqalədə dünyada baş vermiş sənaye inqilabı və enerjiyə olan ehtiyac nəticəsində Xəzər dənizinə iqtisadi və ticarət marağının yarandığı, neftin kəşfi ilə onun və ümumilikdə, regionun strateji əhəmiyyət kəsb etdiyi, dünyada ilk dəfə olaraq 1859-cu ildə Amerikanın Pensilvaniya ştatında neft kəşf edildiyi halda, Abşeron yarımadasında bundan 13 il əvvəl, yəni 1846-cı ildə ilk neft buruğunun fontan vurduğu barədə məlumat verilmişdir.
Tədqiqatçı Azərbaycanın məşhur İpək yolu üzərində yerləşməsinin onun dünya siyasətində mühüm rol oynamasına şərait yaratdığını, Cənubi Qafqaz bölgəsində strateji baxımdan lider dövlətə çevrildiyini, XXI əsrin əvvəllərində Avropa dövlətlərini bürümüş enerji təhlükəsizliyinin aradan qaldırılmasında neft və qaz ehtiyatları ilə zənginliyi sayəsində ölkəmizin beynəlxalq aləmdə xüsusi çəkisi olduğunu qeyd etmişdir.
Avropa və Mərkəzi Asiya arasında mühüm geostrategiyaya malik Azərbaycanın neft strategiyasının müasir və müstəqil dövlətimizin qurucusu Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyinə xüsusi diqqət çəkmiş Fazil Zeynalov Azərbaycan xalqının ümummilli liderinin uzaqgörən siyasəti və titanik əməyi nəticəsində xarici sərmayəçilərin təbii sərvətlərin istifadəsinə cəlb edildiyi barədə fransız oxucularına ətraflı məlumat vermişdir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Azərbaycanın yanacaq ehtiyatlarının Qərb bazarına çıxarıldığı, bu strategiya sayəsində respublikamızın real suverenlik çərçivəsində müstəqil enerji siyasəti yeritməsi məqalədə öz əksini tapmışdır.
Azərbaycanda 2,5 trilyon kubmetrdən artıq təbii qaz ehtiyatı olduğuna toxunan müəllif 1999-cu ildə kəşf edilmiş "Şahdəniz" yatağının 1,2 trilyon kubmetrlik ehtiyatının ölkənin qaz ehtiyatının yarısını təşkil etdiyini, Avropa İttifaqı ölkələrinin öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycana xüsusi önəm verdiklərini bildirmişdir. Məhz buna görə də gələcək Nabukko qaz kəmərinin istifadəsi ilə əlaqədar 2009-cu il yanvarın 26-27-də Budapeştdə keçirilmiş zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakının mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdir. Bu və ya digər kontekstdə Azərbaycan Avropanın enerji təhlukəsizliyi təminatında əsas rol oynayacaq ölkələr sırasında böyük potensialı olan dövlət kimi vurğulanmışdır.
Avropa ölkələrinin enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin regionda stabilliyin bərqərar olmasının qarantı kimi dəyərləndirilməsi və bu istiqamətdə atılan addımların dəstəklənməsinin vacibliyi də məqalədə yer almışdır.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2010.- 6 may.- S.
5.