Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında faşizm üzərində Qələbənin 65 illiyi qeyd edilmişdir

 

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

 

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə gül dəstələri qoymuş, "Şöhrət" muzeyində ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr etmiş ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlərə və ekspozisiyalara baxmışlar.

Mərasim Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının akt zalında davam etdirilmişdir. Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev tədbiri açaraq kursantlar və dinləyicilərlə görüşə gəlmiş respublika Veteranlar Şurasının nümayəndələrini və təhlükəsizlik orqanlarının veteranlarını salamlamışdır. Sonra İkinci Dünya müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə təhlükəsizlik orqanlarının veteranı, general-mayor Bahadur Hüseynov, Əfqanıstan və Qarabağ müharibələri veteranı, Bakı Şəhər Veteranlar Şurasının sədr əvəzi Bəhram Şeydayev, Respublika və Bakı Şəhər veteranlar şuralarının Plenum və Rəyasət Heyətinin üzvü, Yasamal rayon veteranlar təşkilatının sədri Almaz Qasımova, Dəmiryolu Veteranlar Şurasının sədri, Bakı Şəhər Veteranlar Şurasının Plenum və Rəyasət Heyətinin üzvü Əminağa Nəsirov iştirak edirdilər.

İsgəndər Allahverdiyev çıxışında faşizm üzərində qələbənin təmin edilməsində Azərbaycan xalqının nümayiş etdirdiyi əzm və fədakarlıqdan söz açaraq bildirmişdir ki, 1941-1945-ci illər müharibəsində Azərbaycanın 640 mindən artıq qeyrətli oğul və qızı mərdliklə döyüşərək rəşadət göstərmiş, onlardan 350 mini qəhrəmanlıqla həlak olmuş, 130-u Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülmüş, 30-u "Şərəf" ordeni, 170 mini isə müxtəlif orden və medallarla təltif olunmuşlar. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət nümunələri göstərmişlər.

Qeyd olunmuşdur ki, ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində respublikamızda hökm sürən özbaşınalıq və hərc-mərclik yaşlı nəslə, Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğının azalmasına səbəb olmuşdu. Yalnız Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bu ədalətsizlik aradan qaldırıldı və Qələbə günü Azərbaycanın rəsmi bayramı elan edildi. Bu bayram hər il təntənəli surətdə qeyd olunur. Ümummilli liderimizin bərpa etdiyi bu xeyirxah və nəcib ənənə hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində müharibə veteranlarının sosial müdafiəsi xeyli gücləndirilmiş və onların bütün problemlərinin aradan qaldırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilməkdədir.

İ.Allahverdiyev daha sonra qeyd etmişdir ki, bugünkü və gələcək nəsillər veteranlarımızdan nümunə götürməlidirlər, onların igidlik, qəhrəmanlıq, şücaət, fədakarlıq, hünər irsini öyrənməlidirlər. Xalqımız bu gün müharibə şəraitində yaşayır. Azərbaycan torpağının 20 faizi erməni qəsbkarları tərəfindən işğal olunmuşdur. Lakin biz əminik ki, Prezident İlham Əliyevin müdrik siyasəti ilə bu ədalətsizliyin qarşısı alınacaq, torpaqlarımız geri qaytarılacaq, zəfər bayrağımız Dağlıq Qarabağda, Şuşada yüksələcək, qaçqın və məcburi köçkünlərimiz doğma ocaqlarına dönəcəklər.

Sonra söz həm İkinci Dünya müharibəsi, həm də təhlükəsizlik orqanlarının veteranı, istefada olan general-mayor Bahadur Hüseynova verilmişdir. O, alman faşizmi üzərində qazanılmış tarixi qələbədə Azərbaycan xalqının ön və arxa cəbhələrdəki misilsiz rolundan danılmaz faktların dili ilə söhbət açmışdır. O, azərbaycanlı döyüşçülərdən ibarət milli atıcı diviziyaların Avropa xalqlarını faşizm işğalından qurtarmaq uğrunda göstərdiyi şücaətlərdən, Fransa, Yuqoslaviya və digər müqavimət hərəkatlarında, partizan müharibələrində iştirak edən oğul və qızlarımızın igidliklərindən danışmış, o illərdə ədəbiyyatımızın, incəsənətimizin də döyüşdüyünü vurğulamışdır. Bildirilmişdir ki, İkinci Dünya müharibəsindən qalib əsgər kimi dönmuş bugünkü görüş iştirakçılarının keçdikləri şərəfli yol gənc nəsil üçün əsl örnək və nümunə məktəbidir. Hazırda müharibə şəraitində olan Azərbaycanın indiki gənc nəsli də ata-babaları kimi düşmənə qarşı amansız olmalı, torpaqlarımızın işğaldan qurtulması üçün əllərindən gələni əsirgəməməlidirlər. Yalnız bu yolla torpaqlarımızı alman faşistlərindən qat-qat qəddar olan erməni işğalçılarından xilas edib ərazi bütövlüyümüzü təmin edə bilərik. Bu gün müstəqil Azərbaycanın qüdrətlənməsi üçün uğurlu daxili və xarici siyasət yürüdən Prezident İlham Əliyevin ətrafında birləşərək müstəqil dövlətimizin sabitliyini pozmağa cəhd edən separatçı, pozucu qüvvələrə qarşı ciddi mübarizə aparılmalıdır. Hər yerdə, hər sahədə vətənpərvərlik hökm sürməlidir.

Bakı Şəhər Veteranlar Şurasının sədr əvəzi Bəhram Şeydayev çıxışında demişdir ki, ikinci cahan savaşında Azərbaycan xalqının göstərdiyi fədakarlıq indiki nəslə örnəkdir. Çünki bu qələbə tarixi qələbədir. Bu gün erməni qəsbkarları tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması üçün vətənpərvər gənclərə böyük ehtiyac vardır. Ona görə də hər kəs üzərinə düşən məsuliyyəti dərindən dərk etməli və gələcək nəslin sağlam ruhda böyüməsində öz əməyini əsirgəməməlidir. Ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi ali təhsil ocağına Azərbaycan Prezidentinin və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin göstərdikləri gündəlik diqqət və qayğı nəticəsində burada kursantların və dinləyicilərin yüksək səviyyədə təhsil almaları, bilik və peşəkarlıqlarının artırılması üçün hər cür şərait yaradılmışdır. Bütün bunlar gənc nəslin azərbaycançılıq ruhunda yetişməsində və formalaşmasında böyük əhəmiyyət kəsb edir. Bu gün biz Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursant və dinləyicilərlə tanışlıqdan sonra əmin olduq ki, Azərbaycanın təhlükəsizliyi etibarlı əllərdədir.

Yasamal rayon veteranlar təşkilatının sədri Almaz Qasımova çıxışında Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsində minlərlə igidimizin adının olduğunu, akademiyada təhsil alan, ürəyi Vətənlə bir döyünən, milli təhlükəsizliyin gələcək təminatçıları olacaq kursantların dövlətə, xalqa sədaqət ruhunda yetişdiklərinə əminliyini bildirmişdir. Prezident İlham Əliyevin gənc nəslin vətənpərvərlik ruhunda inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edən A.Qasımova bildirmişdir ki, ölkəmizin dünya dövlətləri sırasında layiqli yer tutması üçün gənclərimiz öz bilik və bacarıqlarını daim artırmalı, layiqli vətəndaş kimi yetişməlidirlər. Çünki gün gələcək, məhz bu gənclərin cəsarəti, mərdliyi, hünəri sayəsində torpaqlarımız işğaldan azad olunacaq, biz azad, müstəqil dövlət kimi öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Tədbirin sonunda həmyerlimiz, əfsanəvi kəşfiyyatçı Rixard Zorge haqqında sənədli film nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  6 may.- S.  6.