Veteranlara qayğı göstərmək hər birimizin borcudur

 

Hər dəfə o insanları görəndə sevinc, həyəcan, mərhəmət dolu hisslər keçirirəm. Əgər otağımda, yaxud hansısa iclas salonundayamsa, mütləq ayağa qalxıram. Həmişə onları məmnunluqla dinləyirəm. Qayğılarını bölüşəndə, ağrı-acılarına (ömrünün doqquzuncu onilliyini yaşayan bu insanların canından, yəni səhhətindən şikayətləri çox olur) çarə axtaranda sanki ilahi bir qüvvədən güc hövsələ alıram.

Bu qayğını hər birimizdən görmək onların halal haqqıdır. Çünki ömürlərini şərəflə yaşayıblar. İkinci Dünya müharibəsində igidlik göstərərək həm o zaman tərkibində Azərbaycanın da olduğu bir ölkəni faşizmdən xilas ediblər, həm xalqımızın oğullarının necə qəhrəmanlıqlara qadir olduğunu sübut edərək ona başucalığı, üzağlığı gətiriblər.

Heç hərb illərindən sonra da boş dayanmayıblar. Bir çoxları yenidən təhsil alıb, yaxşı mütəxəssis olublar. Bir çoxları da özlərini halal əməyə həsr ediblər. Bir sözlə, dinc günlərdə daha yaxşı həyat, ölkəmizin daha da inkişaf etməsi naminə çalışıblar.

Sənətimlə Bakının Nizami rayonunda apardığım ictimai işlə əlaqədar İkinci Dünya müharibəsinin veteranları ilə tez-tez rastlaşıram. Qürurlu, mənən əyilməz olan bu insanların indi çoxunun beli bükülüb, qəddi əyilib. Bəziləri poliklinikaya, müxtəlif tədbirlərə, gəzintiyə qoltuqağacına söykənərək, yaxud da nəvə-nəticələrinin qoluna girərək gedirlər. Amma özləri qocalsalar da, qəlbləri heç qocalmır. Tez-tez "resept" yazdığımız bu xəstəhal qocalardan dəfələrlə eşitmişəm ki, hətta bu dəqiqə əllərinə silah götürüb düşmən tapdağı altında olan torpaqlarımızı azad etməyə gedərlər! Onlar bu sözləri deyəndə artıq işıqdan düşməkdə olan gözlərindən sanki qığılcım qopur, təzədən cavanlaşırlar. Onların qəlbində hər an Vətən eşqi çağlayır.

Faşizm üzərində Qələbənin 65 illiyini qeyd etdiyimiz bu günlərdə yaxından tanıdığım həmin veteranların bir neçəsi haqqında qısa da olsa, söhbət açmaq istəyirəm.

Onlardan biri Allahverdi müəllimdir. Nizami rayonunun sakinləri onu təkcə ixtisasca müəllim olduğuna görə deyil, həm keçdiyi həyat yoluna, dünya görmüş ağsaqqal olduğuna görə belə çağırırlar.

A.Əliyev gənc yaşlarında Kənd Təsərrüfatı Nazirliyi sistemində yerölçən işləyib. Sonra Pedaqoji İnstituta daxil olub. Lakin müharibə ona təhsilini davam etdirməyə imkan verməyib.

Hələ çox gənc ikən Sov.İKP sıralarına qəbul olunduğundan cəbhədə onu batalyon partiya bürosunun katibi seçiblər. Birinci Ukrayna cəbhəsi 328-ci atıcı diviziyasının 1106-cı polkunun üçüncü batalyonunda vuruşub. Özü düşmənə qarşı silahla vuruşub yoldaşlarını da igidlik göstərməyə çağırıb, mərdliklə döyüşməyə səfərbər edib.

Ukraynanın Jitomir vilayətini azad edərkən, Buq çayını keçərkən Polşa torpağında vuruşarkən göstərdiyi rəşadətə görə A.Əliyev "Qırmızı ulduz", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenlərinə, medallara layiq görülüb. Müharibədən sonra təhsilini ADU-da (indiki Bakı Dövlət Universiteti) davam etdirən Allahverdi müəllim uzun illər ölkənin daxili işlər orqanlarında təhsil sistemində çalışıb.

Hazırda rayonumuzun sakini olan Süleyman Nəsibov cəbhəyə 1942-ci ildə gedib. Artilleriya bölməsində xidmət edərək Ukraynada vuruşub.

Süleyman Nəsibov döyüş dostları əsasən düşmənin hərbi obyektlərinə divan tutmaqda ad-san çıxarmışdılar.

Döyüşlərin birində Süleyman ağır yaralanır, sağaldıqdan sonra isə yenidən döyüş meydanına atılır. İgidliyinə görə orden bir neçə medalla mükafatlandırılan S.Nəsibov ordudan yalnız 1947-ci ildə tərxis olunur. Bundan sonra təhsilini davam etdirir, dinc əməklə, hətta bədii yaradıcılıqla məşğul olur.

Uzun illərdir rayonumuzda yaşayan Əsgər Ağayev İkinci Dünya müharibəsinin fəal iştirakçısı olub. Döyüş şücaətlərinə görə "Qırmızı Bayraq", "Qırmızı ulduz", I II dərəcəli "Böyük Vətən müharibəsi" ordenlərinə, bir sıra medallara layiq görülüb.

Hələ 1940-cı ildən ordu sıralarında olan Əsgər Ağayev müharibənin ilk günlərindən döyüş meydanına atılıb. Tuapse, Xerson, Sevastopol, Kerç, Odessa istiqamətlərində gedən ağır döyüşlərin iştirakçısı olub.

Əli işdən-gücdən soyumayan Əsgər Ağayev hazırda Nizami rayonu İkinci Dünya müharibəsi veteranları şurasının sədridir.

Digər bir veteranımız - Məmmədxan Məstəliyev 1943-cü ildə ordu sıralarına çağırılıb. 1944-cü ilin may ayında hərbi məktəbə daxil olub çavuş rütbəsi alıb. Batalyonda vzvod komandiri kimi xidmət edib. Ordudan yalnız 1950-ci ildə tərxis olunub. Müharibədən sonrakı illərdə müxtəlif sənaye müəssisələrinin tibb məntəqələrində ayrı-ayrı müalicə ocaqlarında feldşer kimi çalışaraq insanların sağlamlığı keşiyində dayanıb.

Həmyerlimiz İlham Rəhimov da ordu sıralarına 1943-cü ildə gedib. Onu Bakıdan Çkalov şəhərinə hərbi təyyarəçilər məktəbinə göndəriblər. 1944-cü ildə isə ona Voroşilovqrad şəhərindəki eyni təyinatlı məktəbdə təlimatçı təyyarəçi kimi gənc kursantlara dərs keçmək tapşırılıb.

İ.Rəhimov müharibədən sonra SSRİ-nin müxtəlif şəhərlərində, 1961-ci ildən isə Bakıda aeroklublarda çalışıb. Təkcə Bakı şəhərində 800 paraşütçü hazırlayıb.

Təəssüf ki, veteranlarımızın - rayonumuzun bu əziz, sayılıb-seçilən sakinlərinin hamısı haqqında söhbət aça bilmirəm. Mən onların hər birini görəndə atamı xatırlayıram - İkinci Dünya savaşında vuruşmuş, çoxlu orden və medallarla təltif olunmuş və artıq çoxdandır dünyasını dəyişmiş atam Abbasəli Vəliyevi.

İndi bu insanların sıraları lap seyrəlib. Əksəriyyəti dünyasını dəyişib. Qalanlarının isə qayğısını, hətta deyərdim ki, nazını çəkmək, onların sağlamlığını qorumaq, yaşadıqları illərin sayını artırmaq üçün çalışmaq hər birimizin borcudur.

 

 

Afət VƏLİYEVA,

Bakının Nizami rayonu

26 saylı şəhər poliklinikasının

baş həkiminin müavini,

rayon səhiyyə işçiləri həmkarlar

ittifaqı şurasının sədri

 

Azərbaycan.- 2010.- 6 may.- S.  7.