İqtisadi əməkdaşlıq, dialoq və dini tolerantlıq mərkəzi

 

Dünya dini liderlərinin Bakı sammiti respublikamızda vicdan azadlığının yüksək səviyyədə təmin olunduğunu bir daha təsdiqlədi

 

Dünya dini liderlərinin bir neçə gün əvvəl keçirilmiş Bakı sammiti son ayların ən mühüm hadisələrindən olmaqla, respublikamızın regionda həm də sülh, tolerantlıq və dialoq mərkəzi kimi tanındığını göstərir. Sammitin yekunları həm də onu deməyə əsas verir ki, tarixən başqa millətlərə və səmavi dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq xalqın milli-mənəvi dəyərlər və düşüncə sistemindən qaynaqlanır. Geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni-mənəvi dəyərlərin, dini konfessiyaların qovuşduğu bu torpaq milli-etnik tərkibi ilə dünyanın nadir mədəni sivilizasiyalarından birinə çevrilmişdir.

 

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşmışdır. Ümummilli lider hər bir fərdin maraqlarının yüksək səviyyədə təmin olunmadığı cəmiyyətdə güclü dövlət yaratmağın mümkünsüz olduğunu bildirərək respublikanın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada ölkə vətəndaşlarının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Əsas Qanunun qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmış, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə baxmayaraq, respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığının əleyhinə heç bir addım atılmamışdır.

Müstəqilliyin ilk illərində dövlətin maliyyə imkanları məhdud olsa da, ulu öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi diqqət yetirmişdır. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin tapşırığı ilə Bibiheybət məscidinin bərpa olunmasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir hissəsinin açılışı olmuşdur. Heydər Əliyev ölkədə mütərəqqi islami dəyərlərin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına nail olmuşdur. Ulu öndərin diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük sinaqoqun inşa edilməsi də bunu bir daha təsdiqləyir.

1998-ci ildə Bakıda İKT-nin təşkilatçılığı ilə keçirilən "İslam sivilizasiyası Qafqazda" adlı beynəlxalq konfransda ulu öndər Heydər Əliyev demişdir ki, Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. "İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişafı, islamı dəyərlər gətiribdir. Bu dəyərlər müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda yaşayan xalqlar islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinəməxsus adət-ənənələrə malik olmuşlar. İslamın dini mənəvi dəyərləri, Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli mənəvi dəyərlərini təşkil ediblər".

Roma-katolik kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ilin mayında respublikaya etdiyi səfər zamanı Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Eləcə də Roma patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə olmuşdur. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə dinlərarası dialoqu daha irəli aparmaq idi. O bildirmişdir ki, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Hələ andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən dini və milli azlıqların nümayəndələrinə xüsusi həssaslıqla yanaşmış, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər. Ölkəmizdə Azərbaycan xalqı ilə yəhudi xalqı arasında münasibətlər daim səmimi və dostcasına olub, hətta sovetlər dövründə də, müstəqillik dövründə də bu, davam etmiş və ölkəmizin rəsmi siyasətinə çevrilmişdir".

Dövlət başçısı İlham Əliyev tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına da böyük qayğı göstərir. Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy və digər məscidlər əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət yetirilmişdır. Bundan başqa, cənab İlham Əliyevin göstərişi ilə paytaxtın ən gözəl guşələrinin birində katolik kilsəsi inşa edilmiş, habelə pravoslav kilsəsi təmir və bərpa olunmuşdur.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm rol oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq müxtəlif etiqadlı dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz nümunəsi sayıla bilər.

Bütün bunların nəticəsidir ki, dinlərarası dialoqa dair mühüm əhəmiyyətli tədbir məhz Bakıda keçirilmiş, respublikamızın dini və etnik tolerantlıq sahəsində əldə etdiyi nailiyyətlər xüsusi vurğulanmışdır. Tədbirdə haqlı olaraq vurğulanmışdır ki, müstəqil Azərbaycan hər zaman müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olmuşdur. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynamışdır. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar etmişdir.

Bu gün ölkəmizdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini mühitin sabitliyində ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası da mühüm yer tutur. Bu mənada, azərbaycançılıq ideologiyası özündə neokonservatizmin diktə etdiyi bir sıra aktual şərtləri cəmləşdirir. Ümummilli liderin irəli sürdüyü azərbaycançılıq ideologiyası milli mənsubiyyəti, milli-mənəvi dəyərləri qoruyub saxlamağa, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, günümüzün gerçəkliklərini özündə əks etdirən hakim dövlət ideologiyasıdır.

Dünya dini liderlərinin bir neçə gün əvvəl keçirilmiş Bakı sammitində dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın dini dözümlülük diyarı kimi tanındığını bir daha vurğulamışdır: "Dünya dini liderlərinin Bakı sammiti çox böyük əhəmiyyətə malik olan bir hadisədir. Təsadüfi deyildir ki, bu görüş məhz Bakıda keçirilir. Bakıda dünya dini liderlərinin görüşləri artıq ənənəvi xarakter almışdır. Əsrlər boyu Azərbaycanda müxtəlif millətlər, müxtəlif dinlərin nümayəndələri dostluq, qardaşlıq şəraitində bir ailə kimi yaşamışlar. Azərbaycanda dini və milli dözümlülüyün çox böyük və şərəfli bir tarixi vardır. Biz çox şadıq ki, son vaxtlar Bakıda sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən mötəbər beynəlxalq tədbirlər keçirilir".

Tədbirin yekunları həm də onu göstərir ki, bu gün Cənubi Qafqazda Ermənistan kimi monoetnik, monokonfessional dövlətin mövcudluğu region və dünya üçün böyük təhlükədir. Beynəlxalq təşkilatlar ikili standartlardan uzaqlaşaraq monoetnik və monokonfessional dövlət modellərini dəstəkləməkdən əl çəkməli, etnik təmizləmə və soyqırımı siyasətini dövlət siyasəti səviyyəsinə yüksəltmiş dövlətlərə qarşı kəskin münasibət bildirməlidirlər.

Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanın adı ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında dini azadlıqların təminatı sahəsində heç bir problemin olmadığı ölkələr sırasında çəkilir. Habelə ölkəmizdə bu sahədə mövcud olan tolerant münasibət bir çox inkişaf etmiş ölkələrə örnək kimi göstərilir. Dini liderlərin Bakı sammiti isə deməyə əsas verir ki, ölkədə vicdan azadlığının təminatı istiqamətində həyata keçirilən tədbirlər ardıcıl və sistemli xarakter daşıyır.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 7 may.- S.  1.