Sosial siyasətin Heydər Əliyev modeli

 

Tarixin istənilən mərhələsini, ictimai-siyasi hadisələri tədqiq edərkən ictimai prosesin iştirakçısı və yaradıcısı olan siyasi liderlərdən, dövrün böyük şəxsiyyətlərindən yan keçmək mümkün olmur. Lakin tarixin özünün də sərt tələbləri, şərtləri mövcuddur. Axı zaman keçdikcə hər bir liderə, şəxsiyyətə illərin yaddaşında yaşamaq nəsib olmur. Bu mənada tarixi şəxsiyyətə, siyasi xadimə, onun xidmətlərinə yaşadığı və fəaliyyət göstərdiyi zamandan uzaqlaşdıqca daha dərindən və tam aydınlığı ilə qiymət vermək mümkün olur.

Ötən əsrin 90-cı illərinin əvvəllərində baş verən mürəkkəb ictimai-siyasi hadisələr, erməni təcavüzü, daxili sabitliyin pozulması, hakimiyyətdaxili intriqalar yenicə qurulmuş, kövrək addımlarını atan ölkəmizin müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Ölkə dağılmaq, parçalanmaq ərəfəsində idi. Belə bir tarixi anda xalqımız dahi, uzaqgörən siyasi lider, görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşərək müstəqil dövlətin yaşamasına nail oldu. Ölkəmiz məhz dahi liderin rəhbərliyi altında mürəkkəb ictimai-siyasi proseslərdən üzüağ çıxdı, regionun strateji əhəmiyyətə malik dövlətinə çevrildi. Bu gün inamla və əminliklə demək mümkündür ki, müstəqil Azərbaycan Heydər Əliyevin ən böyük əsəridir.

Heydər Əliyevin çoxşaxəli ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdəki yorulmaz fəaliyyəti, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri haqqında yüzlərlə məqalələr, monoqrafiyalar, kitablar yazılmışdır. Bu məqalədə isə biz ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən sosial siyasətin Azərbaycan modelinin mahiyyətini, onun elmi-nəzəri əsaslarını, sosial transformasiyanın bəzi məqamlarını və Prezident İlham Əliyevin modern dövlət quruculuğu prosesində sosial siyasətin prioritetlərini təhlil etməyə çalışacağıq.

 

Dayanıqlı və mükəmməl elmi-nəzəri əsaslara söykənən sosial siyasət

 

Heydər Əliyev hakimiyyətə gələnədək ölkədə populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasət ünvansız, ehtiyacları dəqiqliklə qiymətləndirmədən pensiyaların, güzəşt və imtiyazların verilməsini nəzərdə tuturdu.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin iki əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşərdi. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Heydər Əliyevin sosial siyasətinin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial sahədə əhəmiyyətli addımlar atılmışdır. Ayrı-ayrı kateqoriyalı şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və digər qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.

Heydər Əliyevin həyata keçirdiyi sosial siyasətin Azərbaycan modeli elmi-nəzəri əsaslara söykənirdi. Sosial siyasətin və sosial siyasət modellərinin elmi-nəzəri aspektlərinə toxunmadan bu siyasətin tam dərki, onun mahiyyətinin açıqlanması mümkün deyildir.

 

Heydər Əliyev tranzitoloji proseslərin idarə edilməsinə böyük diqqət yetirirdi

 

Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq ilk növbədə sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bir yandan inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özlərinin minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu. Təbii ki, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi yenə də bütün yük sosial siyasətin başlıca subyektinin - dövlətin üzərinə düşürdü.

Yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən bir dövlət ideyası idi. Şübhəsiz ki, totalitar rejimdən çıxmış, uzun illər dövlətçilik ənənəsindən məhrum olmuş, iqtisadiyyatı dərin böhran keçirmiş bir ölkə üçün transformasiya prosesi ilə də asan və rahat olmayacaqdı. Əslində Azərbaycanda dövlətin transformasiyası totalitar rejimdən demokratik cəmiyyətə keçidi təmin etməyə istiqamətlənmişdi. Buna isə radikal addımlarla nail olmaq mümkün deyildi. Bu mənada Heydər Əliyev məhz islahatlar yolunu seçmişdi.

Sosial siyasətin transformasiyası o zaman uğurlu hesab oluna bilər ki, yuxarıda qeyd edildiyi kimi o elmi-nəzəri, iqtisadi əsaslara söykənsin, eyni zamanda sosial prioritetlər düzgün müəyyənləşdirilsin. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "XXI əsrdə milli dövlətçilik" adlı monoqrafiyasında Azərbaycanda modernləşdirilmənin elmi-nəzəri aspektlərini təhlil edərkən bu qənaətə gəlmişdir ki, ölkəmizdə modernləşdirmə prosesi sosialist dövlətinin müasir hüquqi, demokratik dövlətə transformasiyası olub, müəyyən mərhələlərdən keçmişdir.

Təhlillər göstərir ki, Heydər Əliyevin sosial siyasətinin başlıca istiqamətləri - sosial prioritetləri əsasən aşağıdakılardan ibarətdir və eyni zamanda ölkəmizdə onların səmərəli həlli yolları tapılmışdır.

 

Pensiya islahatları

 

Bütün sivil cəmiyyətlərdə pensiya təminatı sosial müdafiə sisteminin mühüm sahəsi kimi qəbul olunmuşdur. Bu isə pensiya təminatının mükəmməl və sivil qanunvericilik əsasında həyata keçirilməsini tələb edir. Hər bir ölkənin pensiya siyasəti pensiya sisteminin iki əsas funksiyasının gerçəkləşdirilməsinə yönəldilmişdir. Birinci funksiya sosial funksiyadır, bu əmək qabiliyyətini itirmiş şəxslərin normal həyat şəraitini təmin etməyi nəzərdə tutur. İkinci funksiya iqtisadi funksiya olub pensiya ilə əmək fəaliyyəti arasında asılılığı təmin etməkdir. Sadə şəkildə desək, əmək fəaliyyəti gələcək pensiya təminatı üçün əsas olmalıdır.

13 iyun 1997-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" qanun pensiya sistemində həmin dövr üçün zəruri hesab edilən bir sıra islahatlara yol açdı. Belə ki, pensiya yaşı mərhələlərlə kişilər üçün 60 yaşdan 62-yə, qadınlar üçün 55 yaşdan 57 yaşa çatdırıldı. Eyni zamanda pensiyaların hesablanması sistemində müəyyən dəyişikliklər edildi. Nəticədə 650 min vətəndaşın pensiyası orta hesabla 2,1 dəfə artırılaraq 1993-cü ildən sonra pensiyaya çıxmış vətəndaşların pensiyalarına bərabərləşdirildi.

Əhalinin sosial müdafiəsini gücləndirmək, vətəndaşların pensiya təminatını yaxşılaşdırmaq, pensiya təminatı sisteminin idarə olunmasını, pensiyaların müəyyən olunması və əhaliyə verilməsi mexanizmini təkmilləşdirmək məqsədi ilə ümummilli lider 17 iyul 2001-ci il tarixli sərəncamla "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nı təsdiq etdi. Pensiya İslahatı Konsepsiyası vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təminatına nail olunması, pensiya təminatı sistemini bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaqla əhalinin rifahının yaxşılaşdırılmasında onun rolunun artırılması, pensiya təminatı sisteminin idarə olunmasının təkmilləşdirilməsi, sosial sığorta haqları ilə ödənişlər arasındakı əlaqənin uyğunlaşdırılması kimi mühüm problemlərin həllini nəzərdə tuturdu.

Burada xüsusi qeyd etmək yerinə düşər ki, ümummilli liderin son fərmanlarından biri də pensiya sistemində islahatların aparılmasına aid olmuşdu. "Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" 4 avqust 2003-cü il tarixli 908 saylı fərmanla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyaları onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna verildi.

 

Monetizasiya - güzəşt və imtiyazların müavinətlərlə əvəz edilməsi

 

2002-ci il yanvarın 1-dən ölkəmizin sosial siyasətində yeni dövr başladı. Belə ki, "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" 15 noyabr 2001-ci il tarxli 214-IIQD nömrəli qanunu ilə iki konseptual məsələ öz həllini tapdı. 1) güzəşt və imtiyazlardan istifadə edən əhali kateqoriyasının dairəsinə yenidən baxıldı; 2) kommunal və nəqliyyatdan istifadəyə görə güzəştlər müavinətlərlə əvəz olundu. Bütövlükdə kommunal və nəqliyyat sahəsində mövcud olan güzəştlərin monetarizasiyası həyata keçirildi. Qeyd etmək lazımdır ki, güzəştlərin müavinətlərlə əvəz olunması bazar iqtisadiyyatı şəraitində dövlət vəsaitlərinin xərclənməsinin səmərəliliyinin yüksəldilməsinə, enerjidaşıyıcılarından səmərəli və qənaətlə istifadənin təmin olunmasına, sosial müdafiənin ünvanlılığının artırılmasına şərait yaratdı. Məsələn, ictimai nəqliyyatda özəl sektorun xüsusi çəkisinin getdikcə artdığı bir şəraitdə güzəştli şəxslərin həmin xidməti göstərən təşkilatlar hesabına nəqliyyatdan pulsuz istifadə etməsi bütövlükdə bazar münasibətlərinin mahiyyətinə zidd idi. Çünki dövlətlə nəqliyyat xidməti göstərən təşkilatlar arasında münasibətlər vergi, lisenziya və sairə ilə tənzimləndiyindən həmin xidmət təşkilatlarının üzərinə əlavə bir yük qoyulması bazar iqtisadiyyatının prinsiplərinə uyğun deyildi. Çünki bu güzəştləri dövlət müəyyən edirsə xərcini də dövlət çəkməlidir.

Güzəştlərin müavinətlərlə əvəz olunması ünvanlılığın gücləndirilməsinə səbəb oldu. Eyni kateqoriyaya aid olan şəxslər müxtəlif yaşayış məntəqələrində yaşayırlarsa təbii ki, həmin güzəştlərdən bəhrələnmək imkanları da fərqli olurdu. Bakıda ictimai nəqliyyatın sıx şəbəkəsi, kommunal xidmətin bütün növləri mövcuddur. Lakin digər kənd yaşayış məskənlərində bu xidmətlərdən istifadə imkanları elə də geniş və əhatəli deyil. Belə olan halda şəhərdə yaşayan imtiyazlı təbəqə bu imtiyazlardan daha çox, kəndlərdə yaşayanlar isə çox məhdud səviyyədə istifadə edirdi. Güzəştlərin müavinətlərlə əvəz olunması isə imkan verdi ki, bu imtiyazlardan məhdud səviyyədə istifadə edənlər və yaxud o dövrdə məlum səbəblərdən istifadə edə bilməyənlər də onlar üçün nəzərdə tutulmuş güzəştlərin pul əvəzini alsınlar.

 

Yoxsulluğun azaldılması

 

"Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" 2003-cü il fevral ayının 20-də 854 nömrəli fərmanla təsdiq edilmişdir. Dövlət Proqramının icrasına başlandığı dövrdə ölkə üzrə yoxsulluq səviyyəsi 49 faiz qiymətləndirilirdi. Yoxsulluğun azaldılmasının məqsədi ilə sosial siyasətin qarşısında dayanan vəzifə arasında eyniyyət olduğunu (hər ikisinin məqsədi insanların layiqli həyat səviyyəsinə nail olmaqdır) nəzərə alsaq görərik ki, bu istiqamətdə görülən irimiqyaslı işlər əhalinin sosial müdafiəsinin gücləndirilməsi yönümündə ciddi irəliləyişlərə səbəb olmuşdur.

 

Modernləşmiş dövlət quruculuğunda sosial müdafiə əsas prioritetlərdəndir

 

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müraciətində cənab İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Müraciətdən ötən illər bir daha təsdiq etdi ki, böyük öndər nə qədər haqlı imiş. Qədirbilən xalqımız həm 2003-cü, həm də 2008-ci ildə öz seçimi ilə bir daha Heydər Əliyev kursunun yaşamasına, davam etməsinə səs verdi. Bu mənada cənab İlham Əliyevin siyasi kursuna Heydər Əliyev kursunun yaşaması və davamı kimi baxmaq lazımdır. Heydər Əliyev və İlham Əliyev dövlət quruculuğunun mahiyyətinə, onlar arasındakı səbəbli əlaqəyə diqqət yetirsək görərik ki, ümummilli lider tərəfindən uzaqgörənliklə, mükəmməl şəkildə müəyyən edilmiş strategiya cənab İlham Əliyev tərəfindən bir o qədər dəqiqliklə, xalqımızın və dövlətimizin mənafeyi nəzərə alınmaqla həyata keçirilmişdir. Bununla yanaşı cənab İlham Əliyevin dövlət quruculuğu modeli özünəməxsus ştrixlərlə də diqqəti cəlb edir. Ulu öndərin irimiqyaslı neft qaz layihələrinin gerçəkləşməsi və bu istiqamətdə ölkəmizə külli miqdarda maliyyə vəsaitlərinin daxil olması Heydər Əliyev tərəfindən başlanan islahatların, o cümlədən sosial islahatların daha da gücləndirilməsi, infrastrukturanın yeniləşdirilməsi üçün şərait yaratdı. Cənab İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, onun mövcud istiqamətləri var. Bu istiqamətləri aşağıdakı kimi təsnifləşdirmək olar:

 

1. Müavinət sisteminin sığorta sistemindən ayrılması

 

Sığorta-pensiya sisteminin müavinət sistemindən ayrılması 17 iyul 2001-ci il tarixli sərəncamla təsdiq olunmuş Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyasında nəzərdə tutulmuşdu və bu səmərəli sosial müdafiə sisteminin qurulmasının əsas prinsiplərindən biridir. Bu istiqamətdə ulu öndər tərəfindən müəyyən işlər həyata keçirilmişdi. Sosial müavinət sisteminin sığorta-pensiya sistemindən ayrılması istiqamətində ən həlledici hadisə iki qanunun - "Əmək pensiyaları haqqında" və "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu oldu. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən bu qanunlar ölkədə sosial sferanın tamamilə yeni əsaslarla qurulmasını nəzərdə tutur.

Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən "Əmək pensiyaları haqqında" qanun olduqca geniş bir spektri, 1 milyon üç yüz min pensiyaçını və 1 milyon beş yüz min nəfərdən çox bu gün işləyərək Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəyən insanları əhatə edir. Bununla da sosialist prinsiplərinə, başqa sözlə desək həmrəylik prinsiplərinə əsaslanan pensiya sistemini inkişaf etmiş Avropa ölkələrində geniş tətbiq olunan - vətəndaşların fərdi hesablarında yığılan pensiya kapitalına əsaslanan pensiya sistemi əvəz etdi. Mövcud qanunvericiliyə uyğun olaraq sığorta olunanların fərdi uçotu həyata keçirilir və məcburi dövlət sosial sığorta haqlarının fərdi sığorta hesablarında toplanılır. Bununla da vətəndaşların pensiya təminatı fərdi uçotun məlumatları əsasında onların ödədikləri sığorta haqlarının məbləğinə uyğun olmaqla müəyyən edilir.

"Sosial müavinətlər haqqında" Qanun isə əvvəllər sistemsiz halda olan müavinətlərin dairəsini, təyin olunması şərtlərini vahid bir sənəddə tənzimləyir. Hansı ki, bu müavinətlərin bir qismi əvvəllər "Vətəndaşların pensiya təminatı haqqında" qanunda sosial pensiya kimi (yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə sosial pensiyalar) təsbit olunmuşdu, digər bir qismi isə ayrı-ayrı qanunvericilik aktları ilə müəyyənləşdirilmişdi. Sosial müavinətlərin dairəsi o qədər genişlənmişdi ki, bəzən bu sahələrin mütəxəssisləri onların sayı barədə dəqiq fikirlərə malik deyildilər. Təqribən bu müavinətlərin sayı 40-dan çox idi ki, bunların da bəziləri pensiyaya əlavələr şəklində ödənilirdi. Yəni pensiyaçı eyni zamanda sosial müavinətlər də alırdı.

Pensiyaçıların aldıqları pensiya və müavinətlər cəmlənərək onların pensiyasına aid edildi və bu vahid pensiya məbləği yeni qanunvericiliklə müəyyən olunmuş qaydada əmək pensiyasının baza və sığorta hissələrinə bölündü.

Sosial müavinətlər dövlət büdcəsi hesabına ödənilən dövlət yardımı kimi bir qayda olaraq əmək pensiyası hüququ, əmək qabiliyyəti olmayan şəxslərə ödənilir.

Artıq inamla demək olar ki, 2010-cu il yanvarın 1-i sosial müdafiə sistemində yeni mərhələnin başlanğıcı oldu. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 27 oktyabr 2009-cu il tarixli qanunu pensiya sistemində yeni yanaşmanın əsasını qoymuşdur. Bu yanaşma ilk növbədə Azərbaycan Respublikasında vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasını, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını təmin etmək məqsədi ilə qəbul edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2008-ci il tarixli sərəncamından irəli gəlir. Qeyd olunan qanuna əsasən ölkəmizin pensiya sistemində bir sıra ciddi dəyişikliklər həyata keçirildi. Buraya kişilər və qadınlar üçün pensiya yaşının mərhələlərlə artırılması, pensiya hüququ əldə etmək üçün tələb olunan sığorta stajının yüksəldilməsi, güzəştli şərtlərlə yaşa görə pensiya alan çoxuşaqlı qadınların dairəsinə yenidən baxılması, 2006-cı il yanvarın 1-dək olan dövr üçün pensiyanın hesablanmasının yeni qaydasının tətbiqi kimi məsələlər daxil idi. Qanunun müzakirələri zamanı aparılan geniş və hərtərəfli diskussiyalar bir daha təsdiq etdi ki, ölkəmizin pensiya sisteminin dayanıqlı olması, pensiya məbləğinin sığorta haqları əsasında tam formalaşması üçün bu islahatlar qaçılmazdır. Eyni zamanda yaşa görə pensiya almaq hüququ olan şəxslərin güzəştlərinin məhdudlaşdırılması bu sistemin dövlət sosial yardımı sistemindən ayrılmaqla yalnız sığorta prinsiplərinə söykənməsini şərtləndirmişdir. 2006-cı il yanvarın 1-dək mövcud olan dövr üçün sığorta olunanların pensiyasının hesablanmasının yeni qaydasının tətbiqi bu sahədə sosial ədaləti bərpa etməklə, həm də pensiyaların hesablanmasında mövcud olan neqativ halların, subyektiv yanaşmaların qarşısını alacaqdır. Artıq pensiyaya çıxmaq istəyən şəxs qanunla müəyyən edilmiş düsturlar əsasında çox rahatlıqla pensiyasının məbləğini hesablaya biləcək.

 

2. Regional idarəetməyə xüsusi önəm verilməsi

 

Cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də regionların inkişafına xüsusi diqqətin yetirilməsidir. Bunun da ciddi səbəbləri mövcuddur. Daxili və xarici investisiyaların Bakı şəhərinə, onun infrastrukturunun yenilənməsinə cəlb edilməsi, regionlarda kommunal infrastrukturun bərbad vəziyyətdə olması, işsizliyin hökm sürməsi və s. Bakı ilə regionlar, hətta respublika əhəmiyyətli digər şəhərlər arasında tamamilə fərqli bir həyat yaratmışdı. Hamı şəhərdə yaşamaq, işləmək istəyirdi, regionlardan əhali şəhərə miqrasiya etməyə başlamışdı. Nəticədə bu şəhər həyatının ritmini də pozurdu. Belə bir tarixi məqamda Heydər Əliyevin yeni neft strategiyasının gerçəkləşməsi və ölkəmizə valyuta axını regionların sosial-iqtisadi problemlərinin həlli üçün davamlı maliyyə resurslarını yaratdı. Seçkilər ərəfəsində hamının prezidenti olmağa, 5 il ərzində 600 min iş yeri açmağa vəd verən İlham Əliyev "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" 11 fevral 2004-cü il tarixli fərman imzaladı. Dövlət Proqramında və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icrası dövründə regionların siması tamamilə dəyişdi. Proqram ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin açılmasına və müəssisələrin, o cümlədən istehsal və emal müəssisələrinin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyətinin yüksəldilməsinə şərait yaratdı. Eyni zamanda sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynadı.

2004-2008-ci illər üzrə nəzərdə tutulmuş işlərin davamı olaraq ölkə Prezidenti tərəfindən 14 aprel 2009-cu ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının təsdiq edilməsi haqqında" növbəti fərman imzalandı. Yeni Dövlət Proqramı növbəti illər ərzində regional problemlərin həllinin daha geniş vüsət alacağını bir daha təsdiq edir.

 

3. Məqsədli dövlət proqramları inkişafa stimul yaradır

 

Dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin son illərdə sosial müdafiə, elm, təhsil, səhiyyə və digər sahələrdə qəbul edilmiş məqsədli dövlət proqramları - Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı, 2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı, "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqram (2005-2009-cu illər)", "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı", "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)", "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramı", "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)", "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) Dövlət Proqramı (2006-2015-ci illər)", "Texniki-peşə təhsilinin inkişafı Dövlət Proqramı (2007-2010-cu illər)", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı", "Şəkərli diabet üzrə Dövlət Proqramı", "Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı", "Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı", "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı", "Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı", "Elektron Azərbaycan Dövlət Proqramı", "Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" əsasında xərclənməsi qeyd olunan sahələrin daha da inkişafına, bu sahədə şəffaflığın artmasına xidmət edir.

 

4.Sosial problemləri yaradan səbəblər aşkarlanır

 

Cənab İlham Əliyevin sosial siyasətində ilk növbədə problemləri yaradan səbəbləri aradan qaldırmaq üçün tədbirlər həyata keçirilir, müvafiq dövlət proqramları qəbul olunur. Problemlərə bu cür kompleks yanaşma, onları doğuran səbəblərin aradan qaldırılması mümkün neqativ nəticələrin baş verməsinin də qarşısını alır. Azərbaycan Respublikasında əhalinin ekoloji tələblərə cavab verən keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən keçirilmiş bir sıra tədbirlər nəticəsində onlarca yaşayış məntəqələrində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır ki, bu da insanların sağlamlığının qorunmasına, eləcə də böyrək çatışmazlığı xəstəliklərinin baş verməsinin azaldılmasına imkan verəcəkdir.

Cənab İlham Əliyevin modern dövlət modelində beşinci istiqamət qeyri-hökumət təşkilatlarının timsalında cəmiyyətin sosial müdafiəyə cəlb olunması, insanlarda xeyriyyəçilik ruhunun tərbiyə olunmasıdır...

Ölkəmizdə sosial sahənin inkişafı barəsində danışarkən Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etməmək mümkün deyil. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əməyi sayəsində sosial həyatımızın ən müxtəlif sahələrində - elm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə ciddi uğurlar əldə olunmuşdur. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi, şəkərli diabet xəstəliyi olan uşaqlara yardım edilməsi, irsi qan xəstəliklərindən olan talassemiya və hemofiliya xəstəliklərinin müalicəsi, qan təminatının yaradılması, milli musiqimizin inkişafı ilə bağlı fəaliyyəti həyatımızda özünün ciddi nəticələrini göstərməkdədir.

 

Sosial rifaha doğru

 

Əlbəttə əhalinin sosial müdafiəsi sahəsində bizi qarşıda daha böyük işlər gözləyir. Bu işləri birdən həyata keçirmək mümkün deyil, çünki sosial sahə həddən artıq həssasdır, o radikal dəyişikliklərə dayanıqlı təsir göstərməyə bilər. Hazırda pensiya qanunvericiliyinin növbəti mərhələlərdə daha da təkmilləşdirilməsinə, sosial müdafiə sistemində sığorta münasibətlərinin - könüllü sosial sığorta, istehsalat qəzası və peşə xəstəliklərindən sığorta sahəsində qanunvericiliyin formalaşdırılmasına, sosial siyasətin ən vacib istiqamətlərindən olan əhalinin sağlamlığının qorunmasının daha da güclü mexanizmlərinin yaradılmasına ehtiyac var. Son illərdə tibb sahəsində irimiqyaslı işlər görülsə, əhatəli qanunvericilik bazası yaradılsa da tibbi sığortanın tam işə düşməməsi, bölgələrdə yüksək ixtisaslı tibbi kadrların çatışmazlığı son nəticədə tibbi xidmətin keyfiyyətinə təsir göstərir. Eyni zamanda reproduktiv sağlamlığın qorunması istiqamətində də ciddi işlərin görülməsinə ehtiyac var. Çünki insanın reproduktiv sağlamlığı onun yalnız fiziki sağlamlığının elementi deyil, bu həm də mənəvi rahatlığın, məmnunluq yaradan həyatın mühüm tərkib hissəsidir.

Yoxsulluğun aradan qaldırılması və davamlı inkişaf, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülmüş və görüləcək tədbirlər insanların sosial-iqtisadi vəziyyətinin daha etibarlı qorunmasına şərait yaradacaqdır. Lakin müasir insanın yoxsulluqdan çıxması təkcə onun maddi gəlirlərinin minimum yaşayışını təmin etməsi ilə ölçülməməlidir, bu onun həm də mənəvi tələbatının ödənilməsi ilə müşayiət olunmalıdır. Yoxsul olmayan insan dedikdə kino, teatr və digər mədəniyyət müəssisələrinə getmək imkanı olan, ekoloji təmiz ərzaq məhsulları və içməli su ilə təmin olunan, keyfiyyətli kommunal xidmətlərlə əhatə olunan, yaxşı infrastruktura malik ərazidə yaşayan insan nəzərdə tutulmalıdır. Dövlətimizin də qarşısında duran başlıca məqsədlərdən biri bundan ibarətdir.

Göründüyü kimi, sosial siyasətin Azərbaycan modeli uzunmüddətli inkişafda və təkmilləşməkdə olan, dünyanın ən sivil və mükəmməl ənənələrinə, dəyərlərinə söykənən bir modeldir.

 

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Sosial

siyasət komitəsinin sədri,

siyasi elmlər doktoru

 

Azərbaycan.- 2010.- 7 may.- S. 3.