İqtisadi müstəqilliyə etibarlı təminat mexanizmi yaratmış rəhbər

 

Tarixən milli dövlət hər bir xalqın və etnosun mövcudluğunun ilkin əsası kimi çıxış etmişdir. Eyni təsərrüfat sisteminə, dilə, dinə, milli-mənəvi irsə, adət-ənənəyə və dəyərlərə məxsus insanlar qrupu tarixən konkret məkan və ərazi hüdudlarında milli dövlətlərini yaratmaq idealı ilə yaşamış, fəqət bu heç də hamıya nəsib olmamışdır. Milli dövlətə mənsubluq tarixən həm də hər bir xalqın nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Bütün bunlar göstərir ki, hər hansı xalqın təşəkkül tapması və qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu mühüm və vacib şərtlərdən biridir.

Bu mənada əminliklə deyə bilərik ki, Azərbaycanda müstəqil milli dövlətin mövcudluğu dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həqiqi müstəqilliyə uzun illər ərzində zəmin yaradan iqtisadi müstəqillik də məhz bu fenomen şəxsiyyətin milli resursları nəzərə almaqla müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanır. Müstəqil Azərbaycanın son illərdə sosial-iqtisadi sahədə qazandığı böyük uğurlar, əldə etdiyi səmərəli nəticələr məhz ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı iqtisadi resurslardan, sənaye və istehsal potensialından qaynaqlanır. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə milli şüurun oyanışı naminə həyata keçirilən kompleks tədbirlər təkcə ədəbi-mədəni sferaları əhatə etməmişdir. Ulu öndərin rəhbərliyi ilə elm, təhsil, səhiyyə, kadr hazırlığı, sosial-iqtisadi sahələr üzrə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi yaşamasına etibarlı təminat yaratmışdır.

1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilən ümummilli lider respublikanın keçmiş ittifaq miqyasında geridə qalması ilə barışmayaraq vəziyyətin kökündən dəyişdirilməsi üçün qətiyyətli və prinsipial addımlar atmış, mövcud resursları tam səfərbər etməklə tərəqqi və inkişaf prosesindəki maneələrin aradan qaldırılmasına çalışmışdır. Ümummilli lider respublikanın sosial-iqtisadi cəhətdən geridə qalmasının səbəblərini ilk gündən dəqiqliklə müəyyən etmiş, geniş xalq kütlələrini səfərbərliyə almaqla mövcud nöqsanların, çatışmazlıqların həllinə səy göstərmişdir. Heydər Əliyev respublikanın siyasi rəhbərliyinin birliyinə, monolitliyinə nail olmaqla yanaşı kadrların milliləşdirilməsinə, azərbaycanlıların bütün sahələr üzrə vəzifəyə irəli çəkilməsinə də xüsusi qayğı ilə yanaşmışdır. Dövlət strukturlarında azərbaycanlıların xüsusi çəkisinin artması təmin edilmiş, onların yüksək idarəçilik bacarıqlarının reallaşması üçün zəruri tədbirlər həyata keçirilmişdir.

Ümummilli lider respublikada, ilk növbədə milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların tarixi ənənələrinə, köklərinə bağlılığı sürətləndirməyə çalışmış, xalqın müstəqil yaşaya bilməsi üçün lazım olan iqtisadi və maddi-texniki bazanın formalaşdırılmasına xüsusi diqqət yetirmişdir. Ulu öndər respublikamızın üzləşdiyi problemlərin həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərmiş, hər cür riskə rəğmən o dövrün naqisliklərini açıq deməkdən də çəkinməmişdir. Bu baxımdan ulu öndərin Azərbaycan KP MK-nın məşhur 5 avqust 1969-cu il tarixli plenumundakı dərin məzmunlu, eyni zamanda tənqidi ruhlu çıxışı sovet Azərbaycanını problemlər məngənəsindən dinamik inkişaf yoluna çıxaran pozitiv prosesin başlanğıcı kimi xatırlanır. Plenumda tənqidi ruhlu çıxış edən Heydər Əliyev həmçinin dövlət idarəçiliyi sistemində formalaşmış regionçuluq, bürokratiya və korrupsiya kimi neqativ tendensiyaların yolverilməz olduğunu vurğulamışdır. Birinci katibin əsas tənqid hədəfi isə vəzifəli şəxslərin passiv fəaliyyəti, nizam-intizama riayət etməməsi, məsuliyyətsizliyi olmuşdur: "Azərbaycanın bütün ittifaq göstəricilərindən və digər respublikaların göstəricilərindən geridə qalması ciddi təşviş doğurur. Bunu nə ilə izah etmək olar? Aydındır ki, hər bir sahədəki çatışmazlıqların öz səbəbi var. Lakin təhlil göstərir ki, bir çox sahə üçün səciyyəvi olan ümumi səbəblər də az deyil. Bu, hər şeydən əvvəl etibar edilən iş sahəsi üçün bəzi rəhbərlərin məsuliyyət hissini itirməsindən ibarətdir. Odur ki, tabeliyində olan müəssisələrə rəhbərliyin səviyyəsi aşağıdır, lazımi tələbkarlıq və intizam yoxdur".

Böyük strateq yaxşı başa düşürdü ki, Azərbaycanın iqtisadi cəhətdən möhkəmlənməsi, iqtisadi azadlığını təmin etməsi üçün SSRİ-nin strateji əhəmiyyət kəsb edən bir sıra sənaye müəssisələri məhz bu respublikada inşa olunmalıdır. O illərdə Heydər Əliyevin təkidi və qətiyyəti qarşısında keçmiş ittifaq rəhbərliyi respublikamızda iri müasir maşınqayırma, kimya, neft kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, tekstil, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etmişdir. 70-80-cı illərdə Bakıda, Sumqayıtda, Gəncədə, Lənkəranda, Naxçıvanda və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü emal və sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bu nöqteyi-nəzərdən ulu öndərin Bakı Məişət Kondisionerləri zavodunun inşası ilə bağlı göstərdiyi əzmkarlığı xüsusi qeyd etmək lazımdır. 70-ci illərin əvvəllərində ittifaq rəhbərliyi bu zavodun Zaporojye şəhərində inşa olunmasına qərar versə də, şəxsi nüfuzundan istifadə edən Heydər Əliyev SSRİ KP MK-nın birinci katibi Brejnevlə görüşərək həmin müəssisənin məhz Bakıda tikilməsi vacibliyini konkret dəlillərlə əsaslandıraraq son nəticədə istəyinə nail olmuşdur. 1975-ci ilin dekabrında Bakı Məişət Kondisionerləri zavodunun işə düşməsi məhz dahi öndərin böyük vətənpərvərliklə həyata keçirdiyi əzmkar fəaliyyətin məntiqi nəticəsi idi.

Milli iqtisadiyyatda neft sənayesinin müstəsna rolunu hələ o dövrdə müdrikliklə nəzərə alan Heydər Əliyev bu sahənin dinamik inkişafına xüsusi diqqət yetirmiş, neft-kimya sənayesinin tamamilə modernləşdirilməsinə nail olmuşdur. Ötən əsrin 70-ci illərinin əvvəllərindən etibarən neft sənayesinin inkişafında yeni mərhələ başlanmış, bu zəngin milli sərvətin Azərbaycanın rifahına xidmət edən vasitəyə çevrilməsi prosesinin əsası qoyulmuşdur. O zaman respublikanın neft maşınqayırması keçmiş ittifaqın neft-mədən avadanlığının üçdə birindən çoxunu, neftçıxarma texnikasının isə 70 faizini verirdi. Həmin illərdə ittifaq miqyasında yeni yataqların kəşfiyyatı, qazılması, işlənməsi, mütərəqqi texnologiyalardan və üsullardan istifadədə yeniliklər də məhz Azərbaycanın payına düşürdü. Heydər Əliyevin təşəbbüsü və inadkarlığı sayəsində ölkədə neft sənayesi konsepsiyasının nəzəri inkişafını təmin edən elmi-tədqiqat institutları, istehsalat birlikləri və digər müəssisələr yaradılmışdır. SSRİ-də analoqu olmayan Dərin Özüllər Zavodu inşa olunmuş, geoloji-kəşfiyyat işlərinin səmərəliliyinin artması nəticəsində 8 yeni yataq kəşf edilmiş, sənaye istehsalı artımı neftdə 3 dəfə, qaz sektorunda 2 dəfə çoxalmışdır. Dahi öndərin müəllifliyi ilə tərtib olunan "Azərbaycanda neftayırma sənayesinin yenidən qurulması" planı əsasında bu tipli müəssisələrin, iri komplekslərin tikilməsi, yeni fəaliyyət prinsiplərinə keçməsi prosesi sürətlə başa çatdırılmışdır.

Ümumiyyətlə, ulu öndərin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda istehsalın ümumi həcmi 2,7 dəfə artmış, respublikamız milli gəlirin səviyyəsinə görə ittifaq miqyasında ön mövqelərə çıxmış, əmək məhsuldarlığı 1,8 dəfə çoxalmışdı. Heydər Əliyevin 1982-ci ildən sonra siyasi fəaliyyəti Kremlə bağlansa da, müdrik rəhbər xalqına və respublikasına mümkün dərəcədə yüksək diqqət və qayğı ilə yanaşmağa çalışmışdır. Lakin bununla belə 80-cı illərin ortaları, 90-cı illərin əvvəllərində keçmiş SSRİ-də yaşanan iqtisadi böhran respublikamızdan da yan keçməmiş, milli iqtisadiyyatda durğunluq və geriləmə meyilləri müşahidə olunmuşdur. 1986-cı ildə milli gəlirin səviyyəsi 1985-ci ilə nisbətən 101,6 faiz aşağı olmuşdur ki, bu da Azərbaycan üçün ötən 10 ildə ən aşağı artım tempi idi. Respublikanı idarə edən o vaxtkı rəhbərlər ümumi milli gəlirin səviyyəsinin artım tempinin aşağı düşməsindən heç bir nəticə çıxarmırdılar. Xüsusən də 1990-1993-cü illərdə Azərbaycan iqtisadiyyatında tənəzzül, böhranlar və əks proseslərin genişlənməsi idarəetmədə səriştəsiz və bacarıqsız adamlara geniş meydan verilməsi ilə xarakterizə olunur.

Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda Azərbaycan vətəndaşlarının təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışı xalqı və dövləti böyük faciələrdən hifz etməklə yanaşı iqtisadiyyatdakı dərin böhran və tənəzzül prosesinin qarşısını almışdır. Ümummilli lider demokratik həyat tərzinin diktə etdiyi gerçəklik kimi bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq Azərbaycanın özünəməxsus sosial-iqtisadi inkişaf modelini irəli sürmüş və onu əsaslandırmışdır. Bu zaman böyük öndər respublikanın özünəməxsus cəhətlərini, coğrafi-siyasi mövqeyini, təbii ehtiyatlarını, intellektual və insan resurslarını ciddiliklə nəzərə almış, ictimai şüur səviyyəsində bazar iqtisadiyyatının bütün tələblərinin hələlik tam qəbul olunmadığı faktını diqqətdən qaçırmamışdır.

Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatın bütün sahələrinin paralel inkişafının qeyri-mümkünlüyünü önə çəkmiş, bu sahədə ciddi dönüşə nail olmaq üçün respublikanın zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib saymışdır. Ümummilli lider neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur.

Ulu öndər Heydər Əliyev yaxşı bilirdi ki, keçmiş sovet dövründən miras qalmış iqtisadi münasibətlər sisteminin xarakterini dəyişmədən, torpaqları kəndlilərə paylamadan, dövlət əmlakının özəlləşdirmə proqramlarını gerçəkləşdirmədən, ən başlıcası özəl sektorun inkişafı yolu ilə istehsal potensialı yaratmadan həqiqi demokratiyaya, iqtisadi azadlığa, səmərəli təşəbbüskarlığa, sabitliyə və əmin-amanlığa qovuşmaq mümkün deyil. Böyük strateq özünəməxsus müdrikliklə bildirmişdir ki, özəl sektora xüsusi qayğı göstərmədən, xüsusi mülkiyyətçiliyi inkişaf etdirmədən milli iqtisadiyyatın intensiv və ardıcıl inkişafına, ölkənin sosial xarakterli problemlərinin həllinə nail olmaq mümkün deyil. Təsadüfi deyil ki, Heydər Əliyev 1996-cı ildən başlayaraq ölkədə kiçik və orta sahibkarlığın formalaşmasına və güclənməsinə xidmət edən addımlar həyata keçirmiş, ilk növbədə milli qanunvericiliyin təkmilləşdirilməsinə çalışmışdır.

Yeni dövrün reallıqları nəzərə alınmaqla həyata keçirilmiş struktur islahatları Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. Ümummilli lider respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təminatçısı kimi dəyərləndirmiş, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin güclənməsinə çalışmışdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 1997-ci ildə qəbul edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı" əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir. İqtisadi inkişaf prosesində sahibkarlıq subyektlərinin həlledici rolunu önə çəkən Dövlət Proqramında bu sahədə hökumətin üzərinə düşən əsas öhdəliklər əksini tapmış, həyata keçiriləcək islahatların məzmunu açıqlanmışdır. Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində sahibkarlıq subyektlərində əsassız yoxlamaların aparılması qadağan edilmiş, iş adamlarının fəaliyyətinə əngəl yaradan problemlərin aradan qaldırılması yolları göstərilmişdir.

Kiçik və orta sahibkarlıq subyektlərinin normal fəaliyyəti üçün sonrakı mərhələdə "Azərbaycan Respublikasında kiçik sahibkarlığa dövlət köməyi haqqında" Azərbaycan Respublikası Qanununa bir sıra mütərəqqi dəyişiklik və əlavələr edilmiş, habelə "Haqsız rəqabət haqqında", "İnvestisiyaların qorunması haqqında", "İstehlak bazarı haqqında" və digər zəruri qanunlar qəbul edilmişdir. Bu qanunlar yerli və xarici sahibkarların təhlükəsiz və xüsusi risklilik tələb etməyən biznes fəaliyyətinə dövlət tərəfindən verilən hüquqi təminatı daha da gücləndirmiş, investisiyaların qarşılıqlı təşviqinə və qorunmasına əsaslı zəmin formalaşdırmışdır. 1996-cı ildə qəbul olunmuş "Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında" qanun dövlət reyestrinin mərkəzləşdirilmiş qaydada aparılmasına, bu sahədəki süründürməçilik hallarının aradan qaldırılmasına zəmin yaratmışdır.

Respublikamızda özəl sektorun dinamik inkişafı həm də dövlətlə münasibətlərin sivil və işgüzar, qarşılıqlı faydalı xarakteri ilə şərtlənir. Heydər Əliyev daim iş adamlarının hamisi kimi çıxış edərək bu təbəqənin milli iqtisadiyyatın "lokomotiv" qüvvəsinə çevrilməsinə çalışmış, mövcud problemlərin aşkarlanması məqsədilə dövlət-sahibkar dialoqunun genişləndirilməsində maraqlı olmuşdur. 2002-ci ilin 10 və 25 aprel tarixlərində yerli və xarici sahibkarlarla görüşən ulu öndər onları üzləşdiyi problemlər barədə açıq danışmağa dəvət etmiş, yaxından dinləmiş, mövcud problemlərin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumlarına zəruri tapşırıq və tövsiyələrini vermişdir. Həmin görüşlərin nəticəsi olaraq imzalanmış bir sıra vacib fərmanlar sahibkarlığın dəstəklənməsi və ölkədə investisiya mühitinin daha da təkmilləşdirilməsi baxımından keyfiyyətcə yeni mərhələnin təməlini qoymuşdur.

Ulu öndər Heydər Əliyevin ciddi elmi əsaslarla təməlini qoyduğu sosial-iqtisadi siyasət strategiyası 1993-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqini təmin etmiş, respublikamız bütövlükdə Cənubi Qafqaz regionunda qlobal enerji və kommunikasiya layihələrinin əsas təminatçısına çevrilmiş, milli sahibkarlar ordusu formalaşmış, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə çatmışdır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi islahatları 2003-cü ilin oktyabrından bütün sahələrdə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev respublikanı sürətli tərəqqi yoluna çıxarmış, onun davamlı və tarazlı inkişafını təmin etmişdir. Son 6 il yarımda respublikamızda həyata keçirilən siyasət, ilk növbədə ölkədəki ictimai-siyasi və iqtisadi sabitliyin daha da möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir. Cənab İlham Əliyev yürütdüyü siyasətin gerçəkliyə adekvat olduğunu əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, Azərbaycan həyatında yeni intibah mərhələsinin başlanmasına nail olmuşdur.

Cənab İlham Əliyevin dövlətə rəhbərliyinin ilk mərhələsindən həyata keçirdiyi tədbirlər onun iqtisadiyyatın inkişaf perspektivlərində sahibkarlığın rolunu yüksək dəyərləndirdiyini göstərir. Qısa dövr ərzində kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dəfələrlə sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, yerli icra hakimiyyəti orqanlarının, hüquq-mühafizə və vergi orqanlarının iş adamlarının fəaliyyətinə qeyri-qanuni müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunmuşdur.

Mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna Dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara qayğıkeş münasibətinin əsas göstəricilərindəndir. Son illər iş adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər əsaslı şəkildə aradan qaldırılmışdır.

Respublikamızda sahibkarlığın inkişafına mane olan əngəllərin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyev 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərmanı ilə bir daha təsdiqləmişdir. Bu fərmanla çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin böyük qismi, o cümlədən süründürməçilik halları, bürokratik əngəllər aradan qaldırıldı. Fərman həmçinin biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına da geniş imkanlar açmışdır. Prezident İlham Əliyevin yeni dövrün tələbləri ilə tam səsləşən bu fərmanı sahibkarlar tərəfindən dəstəklənir və rəğbətlə qarşılanır. 2008-ci ilin 1 yanvarından qüvvədə olan fərmanın icrasını Vergilər Nazirliyi uğurla həyata keçirir.

Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 2009-cu ildə 51-ci yerdə qərar tutmuşdur. Bu isə ölkədə özəl sektorun fəaliyyəti üçün son dərəcə münbit və liberal şəraitin yaradılması ilə bağlıdır. Qlobal böhranla müşayiət olunan son 2 il Azərbaycan iqtisadiyyatının guya yalnız neft amili üzərində inkişafı ilə bağlı səslənən bəzi qərəzli iddiaları da alt-üst etmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının birinci ilinin yekunları ilə bağlı 2010-cu ilin mart ayında Bakı Biznes Mərkəzində keçirilən konfransda dərin məzmunlu nitq söyləyən İlham Əliyev bu məqama da xüsusi toxunmuş, respublikada qeyri-neft sektorunun da sürətlə inkişaf etdiyini qeyd etmişdir: "2009-cu il bir daha göstərdi ki, dünyanın neft bazarında baş verən hadisələrdən asılı olmayaraq Azərbaycan uğurlu inkişafını davam etdirəcəkdir. Neftin qiymətindən asılı olmayaraq biz yenə də ən sürətlə inkişaf edəcəyik. Bizim bütün uğurlarımızı neft amili ilə bağlayanlar artıq başa düşüblər ki, uğurlarımızın təməlində düşünülmüş siyasət, konkret proqramlar, möhkəm iradə və Azərbaycanın suverenliyi, müstəqilliyi dayanır".

Nazirlər Kabinetinin 2010-cu ilin birinci rübünün yekunları ilə bağlı keçirilən iclası isə göstərir ki, uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır. Nazirlər Kabinetinin son iclasında açıqlanan məlumatlardan aydın olur ki, ilin birinci rübündə ümumi daxili məhsul 5,4 faiz, sənaye istehsalı 5,6 faiz, qeyri-neft sektoru 2,8 faiz, kənd təsərrüfatı 1,5 faiz artmışdır. Bütün bu uğurların müqabilində inflyasiya cəmi 3,8 faiz təşkil etmişdir və bu da vətəndaşların sosial məsələlərinin həlli üçün hökumətə əlavə imkanlar yaradır.

Son illər Azərbaycanda müşahidə olunan dinamik yüksəliş və tərəqqi, iqtisadiyyatın sürətli artım tempi respublikada həyata keçirilən uğurlu islahatların nəticəsi olmaqla yanaşı, eyni zamanda, milli sahibkarlığa göstərilən yüksək diqqət və qayğının nəticəsidir. Möhtərəm Prezident ötən müddətdə həyata keçirdiyi əməli tədbirlərlə, imzaladığı müvafiq fərman və sərəncamlarla sahibkarların yaxın himayədarı olduğunu təsdiqləmişdir. Həyata keçirilmiş məqsədyönlü iqtisadi siyasət hesabına Azərbaycanda özəl sektor yeni inkişaf dönəminə qədəm qoymuş, bu sektorun ümumi daxili məhsulda payı 85 faizə yüksəlmişdir.

Cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramının icrasının birinci ilinin yekunları ilə bağlı keçirilən konfransda sahibkarların fəaliyyətinə müdaxilə hallarını bir daha pisləmiş, bunlara son qoyulmasını tələb etmişdir. "Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdır. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində böyük işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün çox mühüm əhəmiyyət daşıyır. Enerji sahəsində şəffaflıq təşəbbüsünün icrası sahəsində Azərbaycan bir nömrəli ölkədir... Biz müasir uçot sisteminə keçirik. Yəni bütün sahələrdə olduğu kimi, bu sahədə də müasirləşmə gedir, ən qabaqcıl meyarlar, texnologiyalar və təcrübə tətbiq olunur. Belə olan hallarda yersiz müdaxilələr, yoxlamalar əsassızdır, buna son qoyulmalıdır. Əlbəttə ki, sahibkarlar dövlət və xalq qarşısında öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər, vergiləri vaxtında ödəməlidirlər" - deyən cənab İlham Əliyevin bu qətiyyətli və prinsipial mövqeyi iş adamları tərəfindən də rəğbətlə qarşılanır, ürəkdən dəstəklənir.

Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı da bu sahədə həyata keçirilən dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının qorunması məqsədilə aparılan yoxlamaların müasir standartlara uyğun olaraq tənzimlənməsi, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin edilməsi, alınan nəticələrin uyğun olaraq istehlakçıların hüquqlarının effektiv müdafiəsini təmin etmək məqsədi daşıyır. Sənədə əsasən Nazirlər Kabineti 2 ay müddətində istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə aparılan yoxlamaların vahid qaydasını hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Fərmanda eyni zamanda sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasının və aparılması qaydalarının hazırlanması nəzərdə tutulur. Sahibkarlıq sahəsində aparılan yoxlamalar isə həmin reyestrdə qeydə alındıqdan sonra həyata keçirilə bilər.

Nazirlər Kabinetinin son iclası həm də göstərir ki, hökumət iş adamlarının fəaliyyətinə dəstək siyasətini 2010-cu ildə də uğurla davam etdirir. Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 197 sahibkarlıq subyektinə 19,1 milyon manat güzəştli kredit verilmişdir. Ötən dövr həm də özəl sahibkarlığın sabit iqtisadi münasibətlər qurması ilə də səciyyəvi olmuşdur. Nəticədə qeyri-neft sektorunun vergi daxilolmalarında xüsusi çəkisi 67,6 faizə çatmışdır. Dünyada mövcud olan qlobal iqtisadi böhrana baxmayaraq sahibkarların vergi yükünün azaldılması məqsədilə müvafiq qanunvericilik aktlarına da dəyişiklik edilmişdir. Belə ki, 2010-cu ildən mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə, fiziki şəxslərdən gəlir vergisinin maksimal həddi 35 faizdən 30 faizə, fərdi sahibkarlar üçün 35 faizdən 20 faizə endirilib. Bir sıra fəaliyyət növləri üçün xüsusi razılıq alınmasına (lisenziya) görə dövlət rüsumunun məbləğləri azaldılmışdır.

Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyev iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə verdiyi hər bir vədini əməli işilə doğruldur. Ulu öndər bu gün aramızda olmasa da, onun layiqli davamçısı cənab İlham Əliyevin böyük əzmkarlıqla həyata keçirdiyi iqtisadi siyasətlə qürur duyur, gələcəyə böyük əminliklə baxırıq. Həm də ona görə ki, Heydər Əliyevin formalaşdırdığı unikal dövlətçilik modelini yeni çalarlarla zənginləşdirən və onu müasir dünyanın gerçəkliklərinə uyğun inamla davam etdirən qətiyyətli liderimiz var. Prezident İlham Əliyevin yeritdiyi sosial-iqtisadi siyasət vətəndaşlarda ölkədəki mövcud siyasi kursa inam və rəğbəti daha da artırır.

 

 

Qüdrət KƏRİMOV,

"Xəzər" Səhmdar Cəmiyyətinin

sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2010.- 7 may.- S.  6.