Beynəlxalq hüquq məkanına uğurlu inteqrasiyanın banisi

 

Beynəlxalq hüquq kontekstində müşahidə olunan əsas tendensiyalardan biri də dövlətlərarası münasibətlərin və qloballaşmanın daha sürətli inkişaf yoluna qədəm qoyması, bu proseslərin dünya nizamının müəyyənləşməsində başlıca zəminlər sırasında yer almasıdır. Müasir dünya reallığı bir daha təsdiq edir ki, istənilən ölkənin sivil dünya ilə inteqrasiya etmədən, beynəlxalq birlikdə öz yerini tuta bilmədən sürətli inkişafı mümkün deyildir. Bu, hüquqi yanaşmadan tutmuş, siyasi, iqtisadi, mədəni və digər vacib sahələri əhatə edən kifayət qədər genişmiqyaslı bir prosesdir. Qeyd edilən fonda o da mühüm faktdır ki, iki və çoxtərəfli qaydada razılaşdırılmış beynəlxalq hüquqi müqavilələr, öhdəliklər, konvensiyalar və digər sənədlər təkcə dünyanın ümumi inkişaf mənzərəsini, ölkələrin yerinə yetirməli olduğu qaydalar məcmusunu müəyyənləşdirmir, həm də ayrıca götürülmüş hər bir dövlətin, xalqın seçdiyi tərəqqi yoluna öz təsirini göstərir.

 

Bu mənada, hər bir dövlət qarşısında duran ən önəmli məsələlərdən biri də beynəlxalq inteqrasiya prosesində özünün hüquqi, siyasi, iqtisadi və digər bu kimi sahələrdə milli maraqlarının təmininə nail olunması ilə bağlıdır. Kifayət qədər ziddiyyətlərlə dolu bir dövr kimi xarakterizə edilən XX əsrin son onilliyində yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycan isə təəssüf ki, ilk illərdə beynəlxalq birliyə inteqrasiya sahəsində də ciddi problemlər yaşamağa başlamışdır. Bunun əsas səbəblərindən biri Azərbaycanı öz təsir dairəsində saxlamağa çalışan kənar qüvvələrin artan təzyiqləri idisə, digər önəmli məqam o dövrdə hakimiyyətdə təmsil olunan şəxslərin səriştəsizliyi, dünyanın siyasət meydanında cərəyan edən hadisələrdən baş çıxarmaqda çətinlik çəkmələri, dövlətin inkişafından daha çox şəxsi mənafelərini ön planda tutmaları idi. SSRİ kimi bir imperiyanın uzun illər əsarətində yaşayaraq suveren dövlət qurmaq hüququndan məhrum edilən Azərbaycan xalqı təbii ki, belə vəziyyətlə barışa bilməzdi. Nicat yolu, ümid isə yalnız bir şəxsə - bütün həyatını Azərbaycanın tərəqqisinə həsr edən, SSRİ-nin tərkibində olarkən belə respublikanın milli-mənəvi dəyərlərini, iqtisadiyyatını, sosial həyatını inkişaf etdirən ümummilli lider Heydər Əliyevə idi.

Xalqın istək və arzusu, israrlı tələbilə 1993-cü ildə ikinci dəfə hakimiyyət başına gələn ulu öndər müstəqil Azərbaycan dövlətinin əsaslarını qoymaqla bərabər onun ümumdünya və regional miqyaslı beynəlxalq təşkilatlarla inteqrasiyası, dünya dövlətləri ilə milli maraqların təmin edilməsi şərtilə əlaqələr qurması istiqamətində də mühüm addımlar atmışdır. Bunun ən önəmli nəticələrindən biri də ondan ibarət oldu ki, artıq həqiqi müstəqillik yoluna qədəm qoymuş Azərbaycana dünya birliyi ölkələrinin, beynəlxalq təşkilat və iş dairələrinin marağı artmağa başladı. Belə vəziyyət isə Azərbaycana milyardlarla dollar xarici investisiyaların gəlişini təmin etməklə yanaşı, onun dünyada mövqelərini möhkəmləndirməkdə, beynəlxalq hüququn daha güclü müstəqil subyektinə çevrilməsinə gətirib çıxarmaqda idi. Ulu öndərin rəhbərliyi altında Azərbaycanın beynəlxalq birliklə, ayrı-ayrı xarici dövlətlərlə, o cümlədən yaxın qonşularla münasibətləri qarşılıqlı hörmət, etimad, əməkdaşlıq əsasında quruldu və bu kontekstdə bərabərhüquqlu tərəfdaşlıq təmin olunurdu. Elə bu da beynəlxalq inteqrasiya prosesində həm də ölkəmizin uğurlu hüquqi, siyasi fəaliyyətindən xəbər verən əsas göstəricilərdən hesab olundu. Azərbaycanın tamamilə düzgün müəyyən edilmiş inkişaf kursunda ümummilli liderin diqqət yetirdiyi vacib məsələlər sırasında ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridilməsi, vətəndaş cəmiyyətinin, xüsusən də insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması ilə əlaqədar olmuşdur. Çünki bütün bunlar olmadan beynəlxalq birliyə, ilk növbədə isə Avratlantik məkana istər hüquqi, istərsə də digər zəmində davamlı inteqrasiyanın olması mümkünsüz idi. Beləliklə, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə həm də hüquqi dövlət qurucuğuluğu, demokratik dəyərlərin bərqərar olması prosesi başlanmış, bu kontekstdə də Azərbaycanın dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri mühüm nəticələrin əldə olunmasına səbəb olan, hüquqi, siyasi, iqtisadi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlamışdır.

Bütün bunlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dünya birliyinin baxışlarının dəyişməsində də mühüm rol oynamaqla yanaşı, beynəlxalq ictimaiyyətin ölkəmizin ərazi bütövlüyünə, ədalətli mövqeyinə daha böyük dəstək verməsinə səbəb olmuşdur. Dünya aydın görürdü ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sərhədlərin toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə, sülhə, beynəlxalq hüquq normalarına sadiqdir və Dağlıq Qarabağ münaqişəsinin həllində məhz bu prinsiplərin tətbiq olunmasını istəyir. Bu məsələdə ulu öndər dünyanın ən böyük təşkilatı sayılan BMT-nin tribunasından, sözügedən qurum çərçivəsində həyata keçirilən tədbirlərdən məharətlə istifadə edir, Ermənistanın işğalçılıq siyasətini tamamilə ifşa edirdi. BMT Təhlükəsizlik Şurasının sözügedən münaqişəsinin həllinə dair məlum 4 qətnaməsi ilə yanaşı, təşkilatda aparılan digər yeni müzakirələrdə də Dağlıq Qarabağın Azərbaycana məxsus ərazilər olduğu vurğulanırdı. Bununla yanaşı, BMT-nin müxtəlif qurumlarında fəaliyyətin genişləndirilməsi istiqamətində atılan addımlara müvafiq olaraq Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün BMT İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlıq, Ümumdünya Ərzaq Proqramı, YUNİSEF və başqa təşkilatlar çərçivəsində onlara humanitar yardımlar edilmişdir.

Burada bir məqamı da xüsusi qeyd etmək lazım gəlir ki, ulu öndərin BMT-Azərbaycan münasibətlərinin inkişafında açdığı yol, həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da zənginləşdirilir və bu sahədə ölkəmizin milli maraqlarının təminatı daha da gücləndirilir. Qeyd olunanlarla bağlı təkcə bir faktı xatırlatmaq kifayətdir ki, BMT-nin Baş Məclisində 2008-ci ilin mart ayında Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında vəziyyətlə bağlı qətnamə qəbul olunmuşdur. Həmin qətnamənin qəbulunu yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirmişdir ki, bu, həqiqətən Azərbaycanın böyük siyasi və diplomatik qələbəsidir. "Bu qətnamənin qəbul olunması üçün çox böyük işlər görülübdür. İctimaiyyət, təbii ki, bunun son nəticəsini görür. Görür ki, artıq səsvermədə Azərbaycan böyük üstünlüklə qələbə qazanıb. Amma bunu təmin etmək üçün nə qədər böyük səylər göstərilibdir. Əlbəttə ki, bunu hamı bilə bilməz. Bu qətnamə artıq digər beynəlxalq təşkilatlara da öz təsirini göstərir. Bu yaxınlarda Avropa Şurası tərəfindən qəbul edilmiş sənəddə artıq BMT Baş Məclisindəki sənədə istinad edilir... Bu onu göstərir ki, məqsədyönlü siyasət və düşünülmüş addımlar nəticəyə, uğura gətirib çıxarır".

ATƏT çərçivəsində də bununla bağlı fəal işlər görülür, Dağlıq Qarabağ münaqişəsinin çözümü istiqamətində ATƏT tribunasından və Minsk qrupunun potensialından daha səmərəli istifadə etmək üçün ölkə rəhbərliyi tərəfindən konkret addımlar atılırdı. Bununla bağlı görülən işlərin indi məntiqi yekunu ondan ibarətdir ki, ATƏT-in Minsk qrupu tərəfindən münaqişənin həlli məqsədilə irəliyə sürülən təkliflər Azərbaycanın ərazi bütövlüyünü özündə ehtiva edir, Ermənistan işğalçı dövlət kimi qəbul olunaraq onun öz silahlı qüvvələrini zəbt olunmuş Azərbaycan ərazilərindən çıxarması, qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları nəzərdə tutulur.

2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına üzv olmasından sonra yenə də Heydər Əliyevin rəhbərliyi altında bu qurumdan Ermənistanın işğalçılıq, azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasətinin ifşa edilməsi üçün də növbəti beynəlxalq tribuna olaraq istifadə edildi. Ölkəmizin quruma üzvlüyündən sonra AŞ PA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və diplomatik fəallığı nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı.

Sonrakı dövrdə də Azərbaycan Avropa Şurasında ermənilərin mövqelərinə biri-birinin ardınca diplomatik zərbələr endirməkdə davam edir və təşkilatda Ermənistanın işğalçılıq siyasətinə qarşı yeni-yeni sənədlərin qəbul edilməsinə nail olurdular. Belə mühüm sənədlərdən biri də AŞ PA-nın 2005-ci ilin yanvarında qəbul etdiyi 1416 saylı yeni qətnamə olmuşdur. AŞ PA tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı daha bir ciddi zərbə olan bu qətnamədə yer alan müddəalar Ermənistanın işğalçı dövlət olduğunu təsdiq edir, Dağlıq Qarabağ regionunun separatçı qüvvələrin nəzarəti altında qaldığı xatırlanırdı. Bununla bağlı qətnamənin xülasə hissəsində qeyd olunurdu: "Azərbaycan ərazisinin böyük bir hissəsi hələ də Ermənistan qoşunlarının işğalı altındadır. Hərbi əməliyyatlar və bu əməliyyatlardan qabaq geniş surətdə yayılmış etnik düşmənçilik etnik mənsubiyyətinə görə insanların geniş miqyasda yerlərindən qovulmasına və dəhşətli etnik təmizləmə konsepsiyasını xatırladan monoetnik ərazilərin yaradılmasına gətirib çıxarmışdır. Dağlıq Qarabağ regionu hələ də separatçı qüvvələrin nəzarəti altındadır.

Assambleya üzv dövlət tərəfindən xarici ərazinin işğal edilməsini bu dövlətin Avropa Şurasının üzvü kimi öhdəliyinin ciddi pozulması olduğunu bir daha təkrar edir və münaqişə ərazisindən olan məcburi köçkünlərin təhlükəsizlik şəraitində və ləyaqətlə öz evlərinə qayıtmaq hüquqlarının olduğunu bir daha təsdiqləyir". Sözügedən qətnamənin ən mühüm cəhəti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin Avropada fəaliyyət göstərən beynəlxalq təşkilat səviyyəsində ilk dəfə belə açıq etiraf edilməsi və bunun presedent yaratması olmuşdur.

Ermənistanın Azərbaycana təcavüz faktını tanıyan İslam Konfransı Təşkilatı çərçivəsində də ölkəmiz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ciddi uğurlara imza atmışdır. Bu xüsusda isə 1996-cı ildə İndoneziyada İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin növbəti konfransında qəbul edilən qətnaməni xüsusi qeyd etmək lazım gəlir. Bu qətnaməni əvvəlkilərdən fərqləndirən əsas cəhət onun adı olmuşdur: "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında". Halbuki əvvəlki qətnamələr sadəcə olaraq "Ermənistan və Azərbaycan arasında münaqişə üzrə" adlanırdı. Qətnamədə yenidən Ermənistanın işğalçı siyasəti pislənilir və işğal edilmiş ərazilərin boşaldılması tələb olunurdu. Həmçinin qətnamədə Ermənistanın təcavüzkar addımlarının sülh prosesinə mane olduğu da vurğulanırdı. Sonrakı dövrlərdə də İslam Konfransı Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətini pisləyən bir sıra sənədlər qəbul etmişdir.

Bundan başqa, ölkəmiz Avropa İttifaqı, NATO, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər təşkilatlarla da əlaqələrini yüksək səviyyədə inkişaf etdirmişdir ki, bu proses indi də uğurla davam edir. Həmin təşkilatlarla da əməkdaşlıq çərçivəsində diqqət yetirilən ən mühüm məsələlərdən biri məhz Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həllinə nail olunması üçün ölkəmizə dəstək verilməsi ilə bağlı olmuşdur. Son illərdə isə paytaxt Bakının və ölkəmizin digər şəhər və rayonlarının bir çox nüfuzlu, müxtəlif səpkili, yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq təşkilatlarla, dünya dövlətləri ilə münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyinin, ölkəmizin dünya miqyasında nüfuzunun artmasının əsas göstəricilərindən biri hesab oluna bilər. Bütün bunlar onu göstərir ki, beynəlxalq birliyə uğurlu inteqrasiya yolu seçən Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm nailiyyətlərə imza ataraq özünün ədalətli mövqeyini dəstəkləyən beynəlxalq hüquqi sənədlərin qəbul olunmasına nail olmuşdur. Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət əsrimizin ən görkəmli liderlərindən olan Prezident İlham Əliyev tərəfindən kifayət qədər müvəffəqiyyətlə davam etdirilməkdədir.

Lakin aydındır ki, Azərbaycanın beynəlxalq birliyə hüquqi, siyasi, iqtisadi, mədəni və digər sahələri əhatə edən inteqrasiya siyasəti təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması və bu xüsusda ədalətli qərarların qəbulu ilə məhdudlaşmamışdır. Məlumdur ki, Heydər Əliyevin böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanmışdır. Ulu öndərin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.

Bununla yanaşı, beynəlxalq hüquq məkanına inteqrasiyanın vacib şərti kimi çıxış edən demokratikləşmə prosesi çərçivəsində Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında qabaqcıl dünya standartlarının tətbiqi həyata keçirilmiş, demokratik dəyərlər ölkəmizdə bərqərar olunmuşdur. Bu məsələdə hər bir demokratik ölkə kimi Azərbaycan da daxili qanunvericilik bazasını beynəlxalq hüquqa uyğun şəkildə yeniləmiş, qoşulduğu konvensiyalardan, müqavilələrdən, razılaşmalardan irəli gələn yeni qanunlar qəbul etmişdir. Həmçinin qanunvericilik beynəlxalq tələblərə uyğun olaraq dəyişdirilmişdir.

Bütün bu proseslər çərçivəsində isə Heydər Əliyev yaxşı bilirdi ki, demokratik dəyərlərin üstünlüyünü qəbul edən, insan hüquq və azadlıqlarının reallaşdırılmasına hər cür şərait yaradan hüquqi dövlət quruculuğu yolunda Konstitusiyanın qəbulu kifayət qədər böyük önəm daşıyır. Digər tərəfdən, bir iqtisadi formasiyadan digərinə keçiddə, hüquqi sistemin köklü şəkildə dəyişdiyi, cəmiyyətdə keçid dövrünün başlandığı bir vaxtda müstəqil dövlətin Konstitusiyasının yoxluğu bu proseslərin irəliyə doğru inkişafında müəyyən çətinliklər yaradırdı. Qeyd edilənləri aydın görən ümummilli lider müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu istiqamətində konkret addımlar atmışdır. Belə ki, Heydər Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də keçirilən referendumda qəbul edilmişdir. Azərbaycanın Əsas Qanununun qəbulunun tarixi xarakterə malik mühüm əhəmiyyətlərindən biri də sözügedən sənədin ölkəmizdə insan hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun möhkəm təməlini təşkil etməsi olmuşdur. Digər tərəfdən, Konstitusiyada beynəlxalq-hüquqi fəaliyyətin əsasları da ehtiva olunmuş, burada təsbit edilmiş müddəalar beynəlxalq hüququn tələblərinə cavab vermişdir.

Əsas Qanunun qəbulu hüquqi dövlət quruculuğunun tələblərinə uyğun olaraq bir sıra yeni institutların, o cümlədən Konstitusiya Məhkəməsinin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın), yerli özünüidarəetmə orqanlarının yaradılmasına səbəb olmuşdur. Bundan başqa, dövlət quruluşunda hakimiyyətlər bölgüsü prinsipinə ciddi əməl edilməsinə dair müddəaların əksi ölkəmizdə demokratik siyasi sistemin qurulması istiqamətində böyük önəm daşımışdır. Konstitusiya maddələrinə müvafiq olaraq dövlət idarəetmə sistemində icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyətinin təmin edilməsi, eləcə də müxtəlifyönlü siyasi partiyaların, ictimai təşkilatların, həmçinin kütləvi informasiya vasitələrinin azad fəaliyyəti üçün şərait yaradılması demokratik inkişafın daha sürətli mərhələsinin başlanmasından xəbər verirdi.

Siyasi plüralizmin, fikir və vicdan azadlığının təmin edilməsi, tolerantlıq mühitinin formalaşması, insan hüquqlarının təmin edilməsi və qorunması isə Azərbaycanı daha böyük sürətlə Avratlantik məkana yaxınlaşdırırdı. Ümummilli lider həmin dövrdə qəbul edilmiş qanunların əhəmiyyəti barədə danışarkən isə bunları söyləmişdir: "Bu qanunlar Azərbaycanda müstəqil dövlətin inkişafı, iqtisadi islahatların aparılması üçün, qanunun aliliyini təmin etmək, hüquqi dövlət yaratmaq üçün çox əhəmiyyətli olmuşdur".

Dünya birliyinə inteqrasiya yolunda atılan mühüm addımlardan biri isə 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulması, daha sonra ölüm cəzasının tətbiqinin məhdudlaşdırılması və 1998-ci il fevralın 10-da Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi olmuşdur. Ulu öndərin humanizm prinsiplərinə söykənən siyasəti və bu kontekstdə imzaladığı əfv sərəncamları da beynəlxalq birlik tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. 1995-ci ildən ölkəmizdə əfv və amnistiya təsisatları bərpa edilməsi sayəsində isə on minlərlə insan yenidən ən böyük nemət sayılan azadlığa qovuşmuşdur.

Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin daha bir göstəricisi isə 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi sahəsindəki tədbirlər haqqında" imzaladığı fərman olmuşdur. Həmin fərmandan sonra 1998-ci il 18 iyun tarixində qanunvericilik və institusional islahatların həyata keçirilməsinin nəzərdə tutulduğu "İnsan haqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqi bu istiqamətdə yeni mühüm addım olmuşdur. Sözügedən proqramda Azərbaycanın konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması, elmi-tədqiqat institutunun yaradılması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, mütəxəssislərin hazırlanması, öhdəliklərə əməl edilməsi və digər vəzifələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Burada əsas məqsədlərdən biri də ondan ibarət idi ki, hər bir şəxs Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsi üçün bütün imkanlara malik olsun. Həmçinin sözügedən proqrama uyğun olaraq, ölkədə demokratik ədalət prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi və Konstitusiya nəzarəti institutunun yaradılması, hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur.

Yeri gəlmişkən qeyd edək ki, məhz Heydər Əliyevin bilavasitə təşkilatçılığı və rəhbərliyi ilə ölkəmizin məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğun şəkildə yenidən formalaşdırılmış, bu sahədə aparılan islahatlar hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsində böyük əhəmiyyət kəsb etmişdir. Bu xüsusda aparılan kompleks tədbirlər sırasında Heydər Əliyevin 18 iyul 1998-ci il tarixli "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında", eləcə də 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanları böyük əhəmiyyətə malik olmuşdur. Ardıcıl surətdə aparılan məhkəmə islahatlarının başlıca məqsədi Azərbaycanda qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin konseptual həlli olmuşdur.

Qeyd edilənlərlə yanaşı, ölkədə qəbul olunan bir çox qanunların, o cümlədən "Sərbəst toplaşmaq azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında", "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Vətəndaşlıq haqqında" və digər qanunların ruhunun əsasını məhz insan hüquqlarının müdafiəsinin etibarlı təminatı təşkil etmişdir ki, bu da Azərbaycanın beynəlxalq birliyə tamhüquqlu üzv kimi qəbul olunması üçün müvafiq hüquqi bazanın yaradılması istiqamətində mühüm əhəmiyyət daşımışdır. Bütün bunlar həm də onu göstərirdi ki, Heydər Əliyev insanın azadlıq və hüquqlarına yaşadığımız dünyada özünü göstərən fərqli dövlət quruluşlarının, siyasi sistemlərin, ideologiyaların və mədəniyyətlərin mövcudluğu zəminində dünyada toplumları, xalqları, cəmiyyətləri birləşdirən, onlara humanist dəyərlər aşılayan əsas meyar kimi dəyərləndirir. Məhz elə bu da beynəlxalq birliyə inteqrasiya prosesində mühüm cəhətlərdən birini təşkil etmişdir.

İnsan hüquqlarının müdafiəsi, demokratik dəyərlərin bərqərar olması fonunda Azərbaycanın dünya birliyinə uğurlu inteqrasiya siyasəti bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla inkişaf etdirilir. Bunun nəticəsidir ki, Azərbaycanın dünyada beynəlxalq imicini xarakterizə edən əsas cəhətlərdən biri demokratik prinsiplərə sadiqlik, hüquqi dövlət quruculuğu prosesinin daha geniş vüsət alması, vətəndaş cəmiyyətinin daha möhkəm özüllər üzərində bərqərar olması üçün davamlı islahatlar aparan ölkə adı qazanmasıdır.

 

Bütün bunlar təbii olaraq Azərbaycanın dünya miqyasında mövqelərinin daha da güclənməsinə, beynəlxalq hüququn müstəqil subyekti kimi nüfuzunun daim yüksəlməsinə mühüm töhfələr verməkdədir. İqtisadi sahədə keçid dövrünü başa çatdıran Azərbaycan Heydər Əliyevin layiqli varisi olan Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün daha sürətli inkişaf yoluna qədəm qoymuş, beynəlxalq hüquq məkanının ayrılmaz subyektlərindən birinə çevirilmişdir.

 

 

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin

Mülki proses, əmək və ekologiya

hüququ kafedrasının dosenti,

hüquq elmləri namizədi

 

Azərbaycan.- 2010.- 7 may.- S.  7.