Böyük düha, əbədiyaşar şəxsiyyət

 

Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Naxçıvan Dövlət Universitetində rəngarəng tədbirlər keçirilir. Burada fəaliyyət göstərən Heydər Əliyev Universitetinin "Heydər Əliyev işi və əməlləri yaşayır" mövzusunda keçirildiyi növbəti məşğələ də bu əlamətdar tədbirlərdən idi.

Məşğələ iştirakçıları ulu öndərin şəhər mərkəzindəki abidəsini ziyarət etdilər, muzey vasitəsilə onun həyatı, siyasi fəaliyyəti, mənəvi irsi ilə bir daha əyani tanışlıq imkanı qazandılar.

Məşğələni giriş sözü ilə açan tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru, əməkdar müəllim Məmməd Rzayev 1997-ci ildən fəaliyyətə başlayan Heydər Əliyev Universitetinin ziyalı gəncliyin bu böyük siyasi xadimin müqəddəs ideyalarına sadiq, vətənpərvərlik ruhunda formalaşmasında, bir sıra elmi-tədqiqat işlərinin yazılmasında böyük rol oynamasından danışdı. Bildirdi ki, universitetin lektoriyasında keçirilən məşğələlərdə tanınmış siyasət adamları, elm xadimləri, xarici ölkələrin səfirləri ən müxtəlif mövzularda məruzələr edərək ulu öndərin irsini, dövlətçilik və azərbaycançılıq ideologiyasını təbliğ etmişlər.

Rektor, akademik, Milli Məclisin deputatı İsa Həbibbəyli Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və qorunub saxlanılmasındakı müstəsna xidmətlərindən, xilaskarlıq missiyasından danışdı. Dedi ki, xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan ulu öndər bütün dünya azərbaycanlılarının lideri kimi onların vahid vətən uğrunda birləşməsi, Azərbaycan diasporunun formalaşmasına ən misilsiz töhfələr verib. Xalqın milli-mənəvi dəyərlərinin yaşadılmasında, siyasi-hüquqi azadlıqların təminatında misilsiz rolu olan Heydər Əliyevin iqtisadi, hərbi strategiyası, elmin, təhsilin inkişafına göstərdiyi qayğı bu gün də öz bəhrələrini verməkdədir. Rektor ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun tarixi zəfərlərindən də söz açdı, muxtar respublika rəhbərliyinin məhz bu ideyaları davam etdirərək Naxçıvanda misli görünməmiş sosial-iqtisadi inkişafa nail olduğunu diqqətə çatdırdı. 1998-ci ildə Azərbaycan Respublikasına Prezident seçkiləri zamanı Heydər Əliyevin vəkili kimi bir daha ona olan ümumxalq sevgisinin şahidi olduğunu, ulu öndərin parlaq xatirəsinin, ülvi əməllərinin xalqın qəlbində daim yaşayacağını söylədi.

Heydər Əliyev muzeyinin direktoru, YAP Naxçıvan şəhər təşkilatının sədr müavini Ramil Orucəliyev, universitetin koreyalı tələbəsi Yanq Myonq Ca mövzuyla bağlı ürək sözlərini bildirdilər.

 

 

Mehriban SULTAN

 

Azərbaycan.- 2010.-  7 may.- S.  8.