Nərimanov rayonunda ulu öndərin
xatirəsi humanist aksiya ilə anıldı
Azərbaycan xalqı ümummilli lideri Heydər Əliyevin doğum günü ərəfəsindədir. Hər il olduğu kimi, bu il də dövlətçiliyimizin banisi, müasir Azərbaycanın qurucusu olan ulu öndərin ildönümü münasibətilə respublikamızın bütün bölgələrində müxtəlif tədbirlər, xeyriyyə aksiyaları keçirilir.
Bakı şəhərinin Nərimanov rayonunda da Heydər Əliyevin irsinə və xatirəsinə ehtiramın, onun işıqlı ideyalarının yaşadılmasının təzahürü olaraq mütəmadi olaraq müxtəlif tədbirlər həyata keçirilir. Vətəndaşların bu tədbirlərdə yaxından və fəal iştirak etməsi Nərimanov rayon ictimaiyyətinin ulu öndərin ideyalarına sədaqətinin bariz təcəssümüdür.
Heydər Əliyevin xatirəsinə və irsinə ehtramın əlaməti olaraq dünən rayonda növbəti humanist tədbir - qanvermə aksiyası keçirildi. Nərimanov Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının təşkilatçılığı ilə keçirilən aksiyada rayonda fəaliyyət göstərən idarə və müəssisələrdə çalışan YAP üzvləri iştirak etdilər. Qanvermə aksiyası ilə əlaqədar YAP Nərimanov Rayon Təşkilatının inzibati binasında bayram əhval-ruhiyyəsi hökm sürürdü. Müxtəlif təşkilatlarda çalışan YAP üzvləri ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq bu cür humanist tədbirin keçirilməsindən məmnun olduqlarını bildirirdilər.
Aksiyada iştirak edən Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoydular. Aksiyanın yüksək səviyyədə baş tutduğunu deyən YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyevin sözlərinə görə, bu cür humanist aksiyaların - xüsusən qanvermə kampaniyasının keçirilməsi vacibdir: "Çünki bu, olduqca savab işdir. Düşünəndə ki, verdiyim qan heç olmasa bir xəstənin sağalmasına kömək edəcək, mənən çox rahat oluram. Ulu öndər Heydər Əliyev təbiətən humanist və xeyirxah insan olmuşdur. Ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə həyata keçirdiyi siyasətin kökündə dayanan prinsiplərdən biri humanizm idi. Bizim həyata keçirdiyimiz qanvermə aksiyası da məhz xalqımızın ulu öndərin humanizm ideyalarına sədaqətindən irəli gəlir".
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov qan verdikdən sonra öz təəssüratlarını bizimlə bölüşdü: "Bakının Nərimanov rayonu daim fəallığı və dinamik inkişaf dəst-xətti ilə seçilir. Bu gün Bakı şəhərində aparılan abadlıq və quruculuq işlərini görmək, paytaxtımızın tərəqqisini, dəyişən və gözəlləşən simasını yaxından hiss etmək üçün Nərimanov rayonuna gəlmək lazımdır. Respublikamızın sosial-iqtisadi, mədəni və digər sahələr üzrə kompleks yüksəlişi bu rayonun timsalında daha dərindən hiss olunur. Bütün bunların kökündə isə ulu öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan dövlətinin inkişaf strategiyası dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 6 il yarım ərzində isə bu inkişaf strategiyası dövrün tələblərinə və respublikamızın artan maliyyə imkanlarına uyğun olaraq keyfiyyətcə yeni məzmun alıb. Bu inkişaf bütün bölgələr kimi, Nərimanov rayonunun da simasını dəyişib. Son illərdə rayonumuzda geniş quruculuq və abadlıq işləri aparılıb".
Şahmar İbadov əlavə etdi ki, Nərimanov rayonu bu cür xeyriyyəçi və humanist aksiyaların keçirilməsində də fəaldır. Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevin təşəbbüsü ilə hər il belə tədbirlər reallaşdırılır. Rayon ictimaiyyətinin yaxından iştirakı ilə yaşıllaşdırma, qanvermə aksiyaları keçirilir, rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərə, sosial qayğıya ehtiyacı olanlara sovqatlar aparılır.
Söhbət
etdiyimiz digər qan verən vətəndaşlar da bu cür
humanist tədbirlərin keçirilməsini
alqışladılar. YAP Nərimanov Rayon Təşkilatının
Qadınlar Şurasının sədri Məhəbbət
İbrahimova, YAP Nərimanov Rayon Təşkilatı Gənclər
Birliyinin sədri Yusif Babanlı, Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının Dillər
kafedrasının müdiri, YAP Nərimanov Rayon Təşkilatının
Qadınlar Şurasının üzvü Lalə Əhmədova,
Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin
mütəxəssisi Cavanşir Orucəliyev, Nərimanov Rayon Əhalinin
Sosial Müdafiəsi Mərkəzinin Sosial Məişət
Xidməti sektorunun müdiri Xoşbəxt Seyidova, YAP Nərimanov
Rayon Təşkilatı aparatının işçisi Fidan
Abuzərova və digərləri bu cür xoşməramlı,
xeyriyyə niyyəti daşıyan aksiyada iştirak etməkdən
məmnun olduqlarını qeyd etdilər. Bildirildi ki, bu gün qanla
bağlı problemləri olan xeyli insan var. Belə qanvermə
aksiyalarından yığılan qan bu cür xəstələrin
şəfa tapmasına kömək edir.
Ümumilikdə qanvermə
aksiyasında 350 nəfər iştirak etdi.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 7 may.- S.
8.