Yaddaşlarda yaşayan lider
Hələ Qubadlıda orta məktəbdə oxuyanda müəllimlərimiz dərsləri daha çox respublikamızın inkişafına, iqtisadiyyatına həsr edərdilər. Bu o zamanlar idi ki, nankor ermənilər hərəkətə gəlmişdilər. Onlar Ermənistanda tez-tez mitinqlər keçirir, Dağlıq Qarabağı işğal etmək üçün plan üzrə irəliləyirdilər.
Ölkənin o vaxtkı rəhbərliyinin siyasi savadsızlığı, idarəetməyə bələdsizliyi isə özünü artıq açıq-aydın göstərirdi. Bir gün həkim işləyən atamın anamla söhbəti bizi bir qədər xoflandırdı. Onlar öz aralarında ermənilərin qansızlığından, türklərin qanına susadıqlarından danışırdılar. Bir dəfə anamın: - Bizim tərəf niyə belə zəifdir? - sualına atam:- Bizi bu bəladan yalnız Heydər Əliyev qurtara bilər - cavabını vermişdi.
Atam deyirdi ki, Heydər Əliyev əvvəllər respublikamıza rəhbərlik edəndə ermənilərin cavabını həmişə layiqincə verib. İndi də, inşallah, bir gün qayıdıb yenə onları yerində oturdar.
Sonralar baş verənlərlə bağlı hamının məlumatı var. 1993-cü ilin avqustunda hadisələr elə bir məcrada inkişaf etdi ki, erməni quldurlar Qubadlını işğal etdilər. Biz də yurddaşlarımızla birlikdə respublikanın müxtəlif bölgələrinə səpələndik. Ailəmiz Sumqayıta pənah gətirdi və bu günədək də orada yaşayırıq.
Təhsil illərim ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrə düşüb. Bu illərdə biz - rəhbər necə olar - sualının əyani cavabını tapdıq. Sinif yoldaşlarımızla oturub söhbət edəndə həmişə belə qənaətə gəlirdik ki, məhz bu insanın gücü və dəyanəti nəticəsində sabit və demokratik ölkədə yaşayırıq. 17 nəfər sinif yoldaşımın ən böyük arzularından biri də bu böyük şəxsiyyətlə üz-üzə gəlmək, onunla bircə dəfə də olsa, görüşmək idi.
Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə imtahan verib yüksək balla Azərbaycan Tibb Universitetinə qəbul oldum. Dərslər başlamaq üzrə idi. Səhər evimizə zəng oldu. Atam cavab verdikdən sonra mənə dedi:
- Oğul,
sənin arzun yerinə yetdi.
Həmin günü necə keçirdiyim yadıma gəlmir. Prezident Sarayında yüksək bal toplayan gəncləri
böyük zala yığmışdılar. Hamının həyəcanı üzündən
bilinirdi. Bir qədər
keçmiş ulu öndər Heydər Əliyev gəldi. Ümummilli lider bizimlə səmimi söhbət etdi. Dedi ki, siz bizim
gələcəyimizsiniz, fəxrimizsiniz.
Tarixin və zəmanənin savadlılara həmişə
ehtiyacı olub. Bu gündən siz
sabaha doğru gedəcək gələcəyimizin
mayaklarısınız. Sonra hamı ilə təkbətək görüşdü.
Mənə növbə
çatanda aralıdan
baxıb dedi:
- Dağ
adamına oxşayırsan.
- Bəli,
Qubadlıda doğulmuşam,
- dedim.
Gülümsəyərək üzümə
baxdı və soruşdu:
- Bəs niyə belə
arıqsan? Çörək yemirsənmi? Sonra
əlavə etdi: - Yəqin imtahanlar səni sıxıb.
Əllərim onun əlinə dəyəndə bir qədər üzümə baxdı, digər əlini kürəyimə söykəyib dedi:
- Unutmayın, əldə etdiyiniz uğurlar bizimdir, Azərbaycanındı, sabahındı. Bax, bu oğlan qubadlılıdı. Onun doğulub boya-başa çatdığı yurd düşmən tapdağındadı. O ərazilərin azad edilməsi həm də sizin hər birinizin yaşam yüküdü, bunu unutmayın!
...O illər artıq arxada qalıb. Ümummilli lider Heydər Əliyevin dediyi sözlər bu gün də qulaqlarımda səslənir. Onun sözləri mənim üçün bir həyat proqramına çevrilib. Hər dəfə şəkillərə baxanda içimdə bir kövrək hiss baş qaldırır. Eyni zamanda ruhuma bir qürur da sahib kəsilir. Çünki bəzən bir nəfər beş-on adamın həyatında mühüm rol oynaya bilir. Amma ulu öndər Heydər Əliyev bütöv xalqın, milyonlarla insanın həyatında dəyişiklik yaradan, işıqlı gələcəyin təməlini qoyan böyük şəxsiyyətdir. Yaddaşımda daima yaşayan bu insanın fəaliyyəti tək mənim üçün deyil, vətənini sevən hər bir azərbaycanlının əsl mənada canlı tarixidir. Sabaha doğru şölələnən yolun başlanğıcını, mükəmməl inkişafın ilk fidanlarını yaradan, qurduğu daimi, əbədi Azərbaycanın özüdür HEYDƏR ƏLİYEV !
Vüsal ƏHMƏDOV,
Türkiyənin Egey Universitetinin
urologiya ixtisası üzrə uzmanı,
ADTU-nun məzunu
Azərbaycan.- 2010.- 7 may.- S.
4.