Azərbaycan-İtaliya əlaqələri
daha da möhkəmlənir
İtaliya haqqında yazmaq, danışmaq, bu ölkə barədə oxumaq, onu öyrənmək, yəqin ki, hər bir şəxs üçün maraqlıdır. Zənnimcə, çox qədim və zəngin tarixə malik olması, ümumilikdə bu ölkənin dünyanın ən gözəl təbiət guşəsi kimi diqqəti cəlb etməsi, çox qədim abidələrin qorunub saxlanması, dünyaya zəngin mədəniyyət nümunələri bəxş etməsi və bu kimi xeyli sayda faktlar İtaliyaya olan marağın əsas amillərindən biridir. Burada əhali faktoru da xüsusi qeyd olunmalıdır. Məncə, italyanlar Cənub insanı kimi istiqanlı olduqlarına görə bütün avropalılardan fərqlənirlər. Cənub demişkən, burada bir məqama toxunmaq yerinə düşərdi. Bəllidir ki, qoca Cənub elm, mədəniyyət, incəsənət, astronomiya, tibb və digər sahələrdə dünyanın üz tutduğu və mənən qidalandığı böyük bir məkandır. Yəni Cənubun dünyaya bəxş etdiyi zəngin, saysız-hesabsız maddi və mənəvi abidələrin sorağı dünyanın yaranışından bu günümüzə möhkəm təməl üzərində gəlib. Bu təməl həmin abidələri dünyanın gələcəyinə - yüz illərlə, min illərlə çatdırmaq iqtidarındadır.
Beləliklə, əgər dünyanın təməli deyilən bir fikri, ideyanı ortaya qoymaq istəsək, Cənubu bu təməlin özəyi adlandırmağımız, yəqin ki, səhv olmazdı. Bu mənada, İtaliya Avropanın cənubudur. İtaliya mədəniyyət, incəsənət, musiqi və rəssamlıq sahələrində insanlığa daha möhtəşəm hədiyyə ərməğan edib. Bu ölkə öz musiqisi ilə demək olar ki, bütün dünya sərhədlərini aşaraq ürəkləri fəth edir və özünə dünyəvilik adı qazandırır. Burada bir paralellik aparmaq istərdim. Şuşa doğma Qarabağımızın, Qarabağ isə Azərbaycanımızın konservatoriyası adlandırılır. Son vaxtlar milli musiqimizə göstərilən dövlət qayğısı onu dünyanın mənəvi inciləri sırasında yüksəldib. Yəni artıq Azərbaycan dünyanın konservatoriyası pasportunu alan ölkələrdən birinə çevrilir. Bu mənada, həqiqətən, İtaliya nəinki Avropanın, hətta dünyanın musiqi mərkəzlərindən biridir.
Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.
1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir.
Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin parlamentləri daim dəstəkləyir və öz töhfələrini verməyə çalışırlar. Parlamentlərarası əlaqələrin çox yaxşı səviyyədə olması ölkələrarası münasibətlər müstəvisində əhəmiyyətli rol oynayır. Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri, səfər zamanı aparılan danışıqlar, keçirilən görüşlər ikitərəfli münasibətlərdə parlamentlərin rolunun yeni keyfiyyətlə bundan sonra davam edəcəyi inamını ortaya qoydu. Xatırladırıq ki, parlament nümayəndə heyətimiz mayın 3-dən 5-dək Romada səfərdə oldu.
Bu səfər İtaliya deputatlar palatasının sədrinin rəsmi dəvəti əsasında həyata keçirildi. Nümayəndə heyətinin tərkibinə deputatlardan Əli Hüseynov, Azər Kərimli, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər. Roma nümayəndə heyətimizi çox isti qarşıladı. Bu istilik təkcə insanlardan deyil, küçələrdən, binalardan, tarixi bu gün də özündə yaşadan yerlərdən və Tanrının bu ölkəyə bəxş etdiyi əsrarəngiz gözəlliklərdən də duyulurdu. Çünki yol boyu getdikcə hər kəs özünü xəyalən bu qədim ölkə və onun paytaxtı olan Roma haqqında kitablardan oxuduğu, filmlərdə gördüyü tarixi səhnələrdə hiss edir, xəyaldan ayrılarkən hətta bu yerlərdə ilk dəfə də olsa sanki özünü tanış bir gözəlliklər içərisində hiss edir. İnsanların səmimi münasibəti isə bu gözəlliyin qiymətini qat-qat artırır. Nümayəndə heyətimizin hər bir üzvü istər rəsmi, istərsə də qeyri-rəsmi tədbirlərdə bu duyğuları məmnunluqla yaşayırdılar. Bütün görüşlərdə nümayəndə heyətimizə qarşı xoş münasibət və mehribanlıq duyulurdu. Bu münasibətdə xüsusi çalarlar hiss olunurdu ki, bu da ümumilikdə İtaliyanın Azərbaycana, italiyalıların isə xalqımıza olan marağı kimi qiymətləndirilə bilər.
Milli Məclisin Sədri Oqtay Əsədovun ilk rəsmi görüşü İtaliya Deputatlar Palatasının Sədri Cianfranko Fini ilə oldu. Oqtay Əsədov ilk növbədə dəvətə görə cənab Finiyə təşəkkürünü bildirdi. Qeyd etdi ki, Azərbaycan və İtaliya arasında siyasi dialoqun davam etdirilməsi baxımından yüksək səviyyəli səfərlərin həyata keçirilməsi olduqca vacibdir. Milli Məclisin Sədri bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verir. İtaliya ölkəmiz üçün Avropada və dünyada ən mühüm tərəfdaşlardan biridir. İki ölkə arasında olan münasibətlərin daha da genişləndirilməsi üçün yaxşı perspektivlər mövcuddur. Ümumiyyətlə, hər iki sədr arasındakı danışıqlar zamanı həyatımızın bir çox sahələrini əhatə edən məsələlər müzakirə olundu. Siyasi, iqtisadi, mədəni, humanitar və parlamentlərarası münasibətlərə dair geniş fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, 2009-cu ildə İtaliya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 4 milyard ABŞ dollarına yaxın olub. Ötən illərdə iqtisadi əməkdaşlıq davamlı olaraq eyni səviyyədə olsa da, cari ilin bir neçə ayı ərzində iqtisadi göstəricilər nəzərəçarpacaq dərəcədə inkişaf edib. Qeyd olunub ki, regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində aparıcı rol oynayan Azərbaycan Avropanın etibarlı strateji tərəfdaşına çevrilib.
Xəzər hövzəsinin enerji daşıyıcılarının Qərbə nəql edilməsi, TRASEKA proqramının həyata keçirilməsi, Bakı - Tbilisi - Ceyhan əsas ixrac neft kəməri, Bakı - Tbilisi - Ərzurum qaz kəməri, region ölkələrinin inkişafında və Cənubi Qafqazda sabitliyin bərqərar olmasında, habelə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Azərbaycanla İtaliya bir sıra beynəlxalq təşkilatlar çərçivəsində və eləcə də onların parlament assambleyaları səviyyəsində qarşılıqlı faydalı əməkdaşlıq edirlər və bu əməkdaşlığı gələcəkdə daha da dərinləşdirmək məqsədəuyğun hesab olunur. Parlamentlərimiz arasında sıx əlaqələr mövcuddur. Sevindirici haldır ki, hər iki parlamentdə əlaqələr üzrə deputatlardan ibarət işçi qrupları fəaliyyət göstərir və son zamanlar həyata keçirilən qarşılıqlı səfərlər bu əlaqələrə mühüm töhfələr verir.
Milli Məclisin Sədri Oqtay Əsədovla İtaliya Deputatlar Palatasının Sədri Cianfranko Fini arasında olan görüş zamanı Azərbaycanın neçə illərdən bəri üzləşdiyi ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ xüsusilə diqqət mərkəzində oldu. İtaliya tərəfi bu problemə haqq və ədalət müstəvisində çox həssaslıqla yanaşır. Bu yanaşmanı obrazlı şəkildə ortaya qoymaq istəsək doğrudan da deyə bilərik ki, bu mövqe haqqın və ədalətin bir nümunəsi kimi qiymətləndirilə bilər. Bu bizdə belə bir ümid yaradır ki, dünya birliyi bu məsələyə gec-tez düzgün qiymət verəcək, Azərbaycanımızın haqq işi qalib gələcək.
Xatırladırıq ki, 2010-cu ilin fevral ayının 16-da İtaliya senatı Cənubi Qafqazda vəziyyətlə bağlı qətnamə qəbul etmişdir. Bu qətnamədə Cənubi Qafqazda sülhün bərqərar olmasında, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkələrin ərazi bütövlüyü prinsipinə böyük önəm verilməsinin vacibliyi öz əksini tapmışdır. Senat Yeni Avropa xartiyasında da təsbit olunduğu kimi, sərhədlərin toxunulmazlığı prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünü bir daha dəstəkləmişdir. Qətnamədə bütöv bir regionun inkişafına maneçilik törədən Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinin Avropa məkanı üçün əhəmiyyətli olduğuna diqqət yetirilir. Bu qətnamə ilə İtaliya Senatı öz hökumətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair BMT, ATƏT və Avropa Şurasının bütün qətnamələrinin, qərarlarının tam şəkildə yerinə yetirilməsinin təmin edilməsini tapşırır.
Deputatlar palatasının sədri görüş zamanı öz fikirləri ilə bir daha ölkəsinin bu sahədəki mövqeyini ortaya qoydu. O qeyd etdi: "Azərbaycan ikiqat haqsızlıqla üz-üzə qalıb. Həm torpaqları işğal olunub, həm də beynəlxalq birlik problemin ədalətli həllinə dəstək vermir".
Bu fikir bizim üçün çox dəyərlidir və bunu dünyanın çox nüfuzlu ölkələrindən birinin rəsmisinin beynəlxalq aləmə mesajı kimi də dəyərləndirmək olar. Milli Məclisin Sədri Oqtay Əsədov İtaliya parlamentinin bir müddət öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə bağlı qəbul etdiyi qətnaməyə görə Cianfranko Finiyə öz təşəkkürünü bildirdi və onu Bakıya dəvət etdi. Cianfranko Fini dəvəti qəbul etdiyini və məmnuniyyətlə Azərbaycana səfər edəcəyini dedi.
Bir qədər əvvəl İtaliya ilə Azərbaycan arasında müəyyən oxşarlıqlar olması barədə fikirləri obrazlı şəkildə təqdim etdik. Milli Məclisin Sədri Oqtay Əsədovun İtaliya Senatı Sədrinin müavini Vannino Kiti ilə görüşündə söylədiyi fikirlər bu oxşarlığın təsdiqinə dəlalət edən nümunə sayıla bilər. Həmin görüşdə Milli Məclis Sədri belə bir fikir söylədi: "Qədim ölkənizdə olarkən, istər-istəməz xatirəmdə ötən əsrin əvvəllərində rus yazıçısı Maksim Qorkinin İtaliyaya səfərindən sonra Bakını qardaşlaşmış Neapol şəhərinə bənzətməsi ilə bağlı ifadələri canlanır. Həqiqətən də, dəniz akvatoriyasında yerləşən ölkələrimizin təbii oxşarlığı sanki xalqlarımızın ənənələrində də öz əksini tapıb - hər iki xalq sülhsevər, qonaqpərvərdir, hər zaman ədalətə səy göstərəndir". Bütün bunlar isə qarşılıqlı səmimi münasibətlərə, hər məsələdə anlaşmaya, dostluğa şərait yaradır.
Parlamentlərimiz arasında işgüzar, səmimi münasibətlər dediklərimizin bariz nümunəsidir. İtaliya tərəfdən dostluq qrupunun sayı və tərkibinə diqqət yetirdikdə bir daha Senatın Azərbaycana olan diqqətinin və marağının elementlərinin şahidi oluruq. Senat üzrə dostluq qrupunun sayı 32 nəfərdən ibarətdir ki, bunların da hər biri bu ölkənin çox nüfuzlu və görkəmli şəxsləridirlər. Qrupun rəhbəri isə Senatın Avropa siyasəti üzrə komissiyasının sədri xanım Rossana Boldidir. Görüşdə qeyd olundu ki, gündən-günə inkişaf edən, Avropaya inteqrasiya yolunda möhtəşəm uğurlar qazanan Azərbaycan beynəlxalq və regional təşkilatlar çərçivəsində də İtaliya ilə əməkdaşlıqda maraqlıdır və bu sahədə qarşılıqlı dəstəyin zəruriliyi xüsusilə vurğulandı.
2006-cı ilin noyabr ayında Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı və 2009-cu ilin mart ayında Avropa İttifaqı Şurasının Şərq Tərəfdaşlığı haqqında bəyannaməsi strateji prioritetlərimiz sırasındadır və bu baxımdan Azərbaycan Avropa İttifaqının üzvü olan ölkələrlə, o cümlədən İtaliya ilə daha sıx əməkdaşlıq etməyə və onun Avropa İttifaqına inteqrasiya təcrübəsindən faydalanmağa maraqlıdır. Görüşdə parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, regional məsələlər, iqtisadi, mədəni sahələrdə əməkdaşlığın perspektivləri və digər məsələlər diqqət mərkəzində oldu. Senat Sədrinin müavini ölkəsinin Azərbaycana olan marağından danışaraq, ərazi bütövlüyümüzə hörmətlə yanaşdıqlarını və ölkəmizin haqq işini dəstəklədiklərini qeyd etdi. Bildirildi ki, ölkələrimiz arasında əlaqələrin inkişafında bütün potensial imkanlardan istifadə olunması, parlamentarilərimizin beynəlxalq təşkilatlarda əməkdaşlığının daha da artırılması hər iki ölkənin maraqlarına xidmət edir.
Azərbaycan parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri çərçivəsində digər görüşü İtaliya Senatının Avropa İttifaqı Siyasəti Daimi Komissiyasının Sədri, İtaliya-Azərbaycan Dostluq Qrupunun rəhbəri xanım Rossana Boldi ilə oldu. Milli Məclisin Sədri qeyd etdi ki, İtaliyada xanım Rossana Boldinin şəxsində Azərbaycanın dostları ilə görüşməyindən çox məmnundur. "Mən inanıram ki, bu səfərim parlamentlərarası əlaqələrimizin bundan sonra daha da dərinləşməsinə xidmət edəcək. Azərbaycan tərəfi hesab edir ki, İtaliya ilə həm ikitərəfli, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində mövcud olan əlaqələrimizi daha da dərinləşdirmək olduqca vacibdir".
Bildirildi ki, İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Əlaqələrin hüquqi bazasını bundan sonra da inkişaf etdirmək vacib sayıldı. Hər iki ölkənin parlamenti qanunverici orqan olaraq bunu dəstəkləyir. Dostluq qruplarının fəaliyyət göstərməsi bir daha onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Görüşdə dostluq qrupları arasında əlaqələrin canlandırılmasının daha sıx təmasların qurulması üçün görüşlərin və qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının və deputatlar arasında şəxsi ünsiyyətin vacibliyi xüsusi vurğulandı.
Qeyd olunmalıdır ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir. Siyasi və iqtisadi cəhətdən də maraqlarımızın üst-üstə düşdüyü məqamlar çoxdur. İtaliyanın iş adamları, şirkətləri Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşunu həyata keçirir, Xəzərin karbohidrogen ehtiyatlarının istismarında yaxından iştirak edirlər. Ümidvarıq ki, ölkəmizin xarici siyasətinin başlıca prioritetlərindən olan Avropa və Avratlantik qurumlara inteqrasiya, o cümlədən Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsi, eləcə də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatlarına üzv olması prosesində İtaliya ölkəmizə dəstəyini əsirgəməyəcək. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun şəkildə həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin İtaliya tərəfindən dəstəklənməsi prosesə öz müsbət təsirini göstərəcək.
Akif Təvəkküloğlu,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.- 2010.- 7
may.- S. 2.