Qəhrəmanlığı onlardan öyrənirik

 

Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr olunmuş "Cəbhədə və arxa cəbhədə qadınların rolu" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Konfransı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Respublika Veteranlar Şurası ilə birlikdə təşkil etmişdir.

Komitənin sədri Hicran Hüseynova, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Respublika Veteranlar Şurasının sədri Çingiz Həsənov, Respublika Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası İdarə heyətinin üzvü, general-mayor Bahadur Hüseynov, BDU-nun Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Atamoğlan Məmmədli Azərbaycan qadınlarının Böyük Vətən müharibəsindəki şücaətlərindən söz açaraq bildirmişlər ki, faşizm üzərində Qələbənin təmin edilməsində azərbaycanlıların böyük xidmətləri olmuşdur.

Kişilərin cəbhəyə getdikləri şəhər və qəsəbələrdə müharibə illərinin bütün məşəqqətləri, ağrı-acıları qadınların və uşaqların çiyinlərinə düşmüşdür. Azərbaycanın iştirakı olmadan Böyük Qələbə mümkün olmazdı. Axı, yanacağın 70 faizindən çoxunu cəbhəyə Bakı göndərirdi. Neft hasilatına, eləcə də bütün sənayenin fəaliyyətinə görə məhz qəhrəman qadınlarımıza borcluyuq. Həmin qadınların çoxu bizim günlərədək yaşamışdır.

1941-ci ildə cəbhəyə könüllü getmiş Fatma Səttarova bütün müharibə boyu hospitallarda çalışmışdır. O, veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya bütün qadın veteranlar adından minnətdarlığını bildirmişdir.

Elmi-praktiki konfrans çərçivəsində jurnalistlər arasında 1941-1945-ci illər Böyük Vətən müharibəsində qadınların roluna həsr edilmiş ən yaxşı oçerk və məqalələrə görə müsabiqənin qalibləri Mehriban Cəfərova (1-ci yer), Rəsmiyyə Rzalı və Esmira Fuad (2-ci yer), Ruhiyyə Soltanova (3-cü yer) mükafatlandırılmışlar.

Qaliblərə diplom və pul mükafatları təqdim edilmişdir. Müsabiqənin bütün iştirakçılarına həvəsləndirici diplomlar verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 7 may.- S.  9.