Mehdi Hüseynzadənin həyatının son günləri

 

Gəncəli Mikayıl Qulubəyov İkinci dünya müharibəsinə Bakı universitetinin diplomu ilə getmişdi. Qayıdanda kənd təsərrüfatı institutunun (indi Aqrar Akademiya adlanır) professoru oldu. Müharibə illərində çox ağır bir yol keçib. Stalinqrad ətrafında yaralanaraq əsir düşüb. Dostların köməyi ilə qaçaraq Yuqoslaviyada partizanlara qoşulub. Cavad Həkimli rus briqadasının qərargah rəisi, Mikayıl Qulubəyov isə sanitar referent idi. Yuqoslaviya Xalq Azadlıq Ordusunun doqquzuncu korpusu tərəfindən "İgidliyə görə" ordeni ilə təltif edilib. Mikayıl Qulubəyov əfsanəvi Mehdi Hüseynzadənin döyüş yolunun canlı şahidi olub. yaxşı ki, o odlu-alovlu illərdə narın xətlə gündəlik yazıb. Hər şeyi necə var, elə kağıza köçürüb.

Ömrünün son illərində professorla dəfələrlə görüşdüm. Dörd qeyd dəftəri qalırdı. Mənə bağışladı, asta-asta vərəqlədikcə "Həzin mehin pıçıltısı" adlı sənədli povest yarandı. İndi qələbənin 65 illiyi ərəfəsində həmin dəftərləri bir daha vərəqlədim. Qəhrəman Mehdi Hüseynzadənin həyatının son günləri haqqında qeydləri xüsusilə maraq doğurur.

1944-cü il 17 oktyabr. Müharibənin sonu görünür, deyəsən. Sovet hərbi nümayəndəliyinin başçısı podpolkovnik Rıbaçenko partizanların görüşünə gəldi. Bu münasibətlə böyük mitinq keçirildi. Rıbaçenko ordumuzun Şərq cəbhəsindəki uğurlarından danışdı, partizan hissələrinin yaxınlarda rus-sovet ordusu sıralarına qəbul ediləcəyini söylədi. Faşizmə qarşı mübarizədə partizanlara böyük qələbələr arzuladı.

 

* * *

 

Qəfil xəbər ildırım kimi çaxdı.

- Mehdi tələf olub!...

- vaxt, harada?

Batalyon bir-birinə dəydi. Şaşqın baxışlarda min sual oxunur. Doğru-dəqiq cavab verən isə yoxdur. Hər addımda qan-qada ilə əlləşən bu adamlar indi ölüm sözünü dillərinə gətirə bilmirlər. Bu sözü Mehdiyə yaraşdırmaq olmur. Heç olmur.

Mehdi isə...

Noyabrın on ikisi idi. Mehdigil mühüm tapşırığı yerinə yetirib geri qayıdırdılar. On iki nəfər idilər. Hamısı da alman libasında. Mehdi yaxın dostu Sarla birgə yavaş-yavaş dəstənin arxasınca addımlayırdı. Qoritsa-Aydovşina şose yolunu keçmək lazım idi. Toran qovuşmuşdu. Partizanlar yorulub əldən düşmüşdülər. Mehdi dayandı, dərindən nəfəs alıb qolunun arxası ilə tərini sildi.

- Sar, əzizim, - dedi. - bizlərdə misal var, deyərlər, gecənin xeyrindənsə, gündüzün şəri yaxşıdır.

- Başa düşmədim, Mixaylo!

- Deyirəm gecdir, yolu keçən kimi özümüzü Vitovli kəndinə verərik. Bir yerdə gecələrik, səhər o başdan yola düşərik.

düşündüsə Sar etiraz elədi:

- Yox, əzizim, yaxşı bələdəm bu yerlərə. Buralar yaman xatalıdır. Düz yolun üstüdür...

- Heç olmaz. Sar, Allaha təvəkkül. Qorxan gözə çöp düşər.

Razılaşdılar. Vitovlidə bir kəndlinin evinə düşdülər. Mehdigil döşəmədə yer salıb ayaq-baş yatdılar.

Gecənin bir vaxtında qapı döyüldü:

- Tez olun, durun ayağa!

Mehdi qulaq verdi. Ev sahibinin səsi idi.

- Təcili getməlisiniz, faşistlər gəlirlər. Görünür, kimsə sizi satıb...

Yan pəncərədən evin arxasındakı bağçaya atıldılar. Zil qaranlıq gecədir. Ehtiyatla hərəkət edib kənddən çıxdılar. Dəstə yavaş-yavaş seyrək meşəli dərənin qırağı ilə dağın döşünə qalxdı. Bu gizli yolu Mehdi çoxdan bələdləmişdi, indi kara gəldi.

Səs-səmir kəsildi. Deyəsən, xata sovuşdu. Birdən kimsə ehtiyatsızlıq etdi, nəsə şaqqıltı ilə əlindən düşdü. Qəfil səs düşmənin diqqətini cəlb elədi. Demə, pusurlarmış. Pulemyot gülləsi yağış kimi yağmağa başladı. Mehdi cavab atəşi açdı yoldaşlarına əmr etdi:

- Təcili dağa qalxın!

Elə bu an ayağından yaralandı. Çox keçmədi ikinci güllə Mehdini yaxaladı.

Atəş getdikcə güclənir, düşmən yaxınlaşırdı. Sar dəstəni geri qaytardı. Partizanlar hücuma keçdilər. Qüvvələr qeyri-bərabər idi. Mehdi bir ağaca söykənib dikəldi:

- Dayanın, hara gəlirsiz, geri qayıdın. Tez olun dağa qalxın, dağa!..

Hər yandan güllə yağır. Birdən Mehdi yıxıldı. Tezcə dikəlib atəş açdı:

- Siz gedin, gedin deyirəm, mən düşmənin başını qataram.

O, tək-tək atırdı nəhayət, gülləsi tükəndi. Mehdi kəmərinin altından qumbaranı çıxarıb düşmən pulemyotçusunu susdurdu. Ancaq yaraları aman vermirdi. Almanlar artıq Mehdini dövrəyə almışdılar. Onu diri tutmaq istəyirdilər. Elə bu vaxt ətraf toz-dumana büründü. Həmin şimşək sədasında, tüstü-duman içində Mehdi əbədiyyətə qovuşdu.

Partizanlar gecə yenə Podçepovan kəndinə qayıtdılar. Solğun günəş bəyaz qarı par-par parıldadır. Batalyon istirahətdədir. Komandir Anatoli Dyaçenko azərbaycanlı döyüşçülərin yanına gəldi. Mehdinin xətrini çox istəyirdi.

- Uşaqlar, neçə gündü Mehdinin cənazəsi, düşmən əlində qalıb, - dedi, - nəyin bahasına olur-olsun onu gətirmək lazımdır. İgid Mixaylonu gərək öz əlimizlə, ədəb-ərkanla dəfn edək.

Sonra zənnlə partizanların üzünə baxdı:

- Kim getmək istəyir?

Hamı yerbəyerdən dilləndi:

- Mən, yoldaş komandir!

- Məni göndərin!

- Xahiş edirəm, məni !

On nəfərlik bir manqa yaradıldı. Başçısı da eloğlumuz Şamil Hüryanov oldu. Onlara bir öküz arabası verildi. Gecə saat ikidə partizan manqası Vitovle qəbiristanlığına yola düşdü. Mehdi noyabrın 13-də faşist paltarında burada basdırılmışdı.

Şamilin manqası əsl hünər göstərdi. Mehdinin meyitini, necə deyərlər, faşist əsarətindən xilas edib, səhərə yaxın geri qayıtdı.

Noyabrın 18-dir. Qəmli, hüznlü bir gündür. Hamı doluxsunub. Mehdinin dəfninə hazırlıq görülür. David Tatuaşvili taxtaları hamarlayır, tabut düzəldir. Mikayıl iri bir qayçı ilə Mehdinin faşist paltarını ayaqdan başa kimi aşmalayır. Sonra da formalin spirtlə tənzifi isladıb onun bütün bədənini iki dəfə tərtəmiz silir. Sildikcə diqqətlə baxır: kürəyində dörd güllə yeri var, biri sağ ayağındadır. Güllələrdən biri ürək nahiyəsində ilişib qalıb. Mikayıl düşünür: "Çox güman, bunu son anda özü-özünə vurub".

Meyiti gecə ayazda saxladılar, partizanlar növbə ilə onun keşiyini çəkirlər. Əslində, heç birinin gözünə yuxu getmir. Ertəsi gün səhər tezdən cənazə qırmızı paraşüt ipəyinə bükülərək ehmalca tabuta qoyuldu. Hər işə Cavad Həkimli özü göz qoyur, məsləhət verir, hər şey dönə-dönə ölçülüb biçilir. O, bayaqdan səliqəli başdaşı hazırlayıb. Üzərinə rus dilində bu sözləri yazıb: "Mehdi Hənifə oğlu Hüseynzadə - "Mixaylo", 1919 - 19.XI.44".

Korpusun bir sıra hissələri, bütün komandirlər komissarlar əsgəri nizamla düzülüblər. Sovet hərbi nümayəndəliyinin zabitləri, Sloven briqadalarının komandirləri komissarları Mixaylo ilə vidalaşırlar. Saat ikidə mərhum Mehdi Hüseynzadənin tabutu yerdən götürüldü. İzdiham ağır-ağır Çepovan qəbiristanlığına yola düşdü. Bu da onun son mənzili...

Mitinq başlandı. Rus batalyonunun komandiri Anatoli Dyaçenko, qərargah rəisi Cavad Həkimli bir sanitar-referent Mikayıl Qulubəyov nitq söylədilər. Yaylım atəşi açıldı. Mixaylo kilsənin sağ tərəfində dəfn edildi. Mehdi Çepovanın qoynunda əbədi yuxuya daldı.

Əlvida, əlvida, igid Mixaylo!... Qərib eldə bir igid qara torpağa qovuşdu. Uzaqda, mavi Xəzərin sahilində isə bir gözəlin qəlbi intizarla çırpındı. Ana qəlbi həsrətdə, bacı gözü yoldadır...

Qəhrəmanın tez-tez təkrar etdiyi həzin misralar ürəkləri göynədir:

 

Kaş ki, bir sarı yarpaq olaydım,

Sabahın yelləri alaydı məni,

Aşaraq o qarlı, uca dağları,

Vətən torpağına salaydı məni...

 

Bu, onun son arzusu idi. Heyif ki, ürəyində qaldı.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 7 may.- S.  10