Mənəvi irsimizə ehtiram
Hər bir xalqın qədimliyini sübut edən amillərdən biri də onun mənəvi irsinin möhtəşəmliyi və ululuğu ilə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının xalçaçılıq, dekorativ-tətbiqi sənət nümunələri, müxtəlif ictimai-sosial, məişət mövzulu Qobustan, Kəlbəcər, Naxçıvan qaya rəsmlərinin tarixi eramızdan əvvəllərə gedib çıxır. Həmçinin bu nümunələr bəşər sivilizasiyasında möhtəşəm yerlərdə durur.
Millətin formalaşmasının, mənəvi təkamülünün, estetik zövqünün mahiyyətinin əsas göstəricilərindən biri də musiqi sənətidir. Azərbaycanda bir sıra xalq çalğı alətlərinin yaranışı, ozan yaradıcılığı, mahnı təşəkkülü, xor nəğmələri ("Qodu-qodu", "Yel baba", "Cütçü şumu", "Kəvsəc" və sair etno-mədəni oyunlardakı nəğmələr) də mənşə etibarilə min-min illər əvvələ gedib çıxır. Həmin sərvətin arasında Azərbaycan muğam sənəti xüsusi yer tutur.
Muğam bir sıra yaxın Şərq xalqlarının, o cümlədən türkdilli müxtəlif millətlərin müştərək musiqi sərvətidir. Təbii ki, Azərbaycan muğamının öz hüsnü, təravəti, ecazkarlığı, ifa estetikası, poetika göstəriciləri mövcuddur. Onların toplumu, səslənmə və ifa prinsipləri, boğaz və xalları Azərbaycan muğamının fəlsəfi dərinliyinin çox-çox qatlarına varmağa zəmin yaradır.
Son bir neçə ildə Azərbaycan muğamının dünya miqyasında məqsədyönlü təbliğində və onun özəlliklərinin elmi-nəzəri prinsiplərinin fundamental şəkildə işlənməsində böyük işlər görülüb və bu proses davam etməkdədir. Həmin istiqamətdə daha möhtəşəm işləri Heydər Əliyev fondu, şəxsən onun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva görüb. Onun rəhbərliyi ilə möhtəşəm layihələr həyata keçirilib. "Qarabağ xanəndələri" layihəsi, Azərbaycanda Beynəlxalq Muğam Festivalının keçirilməsi, Bakıda dünyada ilk dəfə "Muğam mərkəzi"nin çağdaş memarlıq prinsiplərində tikilib istifadəyə verilməsi, YUNESKO xəttilə Parisdə keçirilən müxtəlif muğam tədbirləri buna parlaq misaldır.
Mehriban xanım Əliyevanın layihəsi əsasında "Azərbaycan muğamı" interaktiv audiovizual sistemi müasir informasiya və kommunikasiya texnologiyası ilə işıq üzü görüb. Bəri başdan onu deyim ki, bu şirkətin təhsilə, tarixə, etnoqrafiyaya, dünya ədəbiyyatı silsiləsinə, çağdaş nəsr və poeziya nümunələrinə həsr olunmuş, zövqlü poliqrafiya texnologiyası ilə süslənmiş kitabları bir sıra beynəlxalq müsabiqələrdə yüksək qiymətləndirilib, mükafatlara layiq görülüb. Şirkət öz işini çağdaş dünya poliqrafiyasının ən dəyərli texnika və texnologiyaları əsasında qurub. Onun yaradıcılıq və texnoloji-istehsal uğurları günü-gündən artmaqdadır.
Forması kitabça şəklində tərtib olunmuş "Azərbaycan muğamı" multimedia toplusu səkkiz diskdən ibarətdir. Həmin disklər aşağıdakı pirnsiplə və aradcıllıqla düzülüb:
1. Tədris vəsaiti;
2. Azərbaycan muğam dəstgahları (birinci hissə);
3. Azərbaycan muğam dəstgahları (ikinci hissə);
4. Azərbaycanın kiçik həcmli muğamları ("Qatar", "Rəhab", "Şahnaz", "Kürd bayatısı");
5. Azərbaycanın zərb muğamları ("Mənsuriyyə", "Heyratı", "Simayi-şəms", "Heydəri", "Ovşarı", "Mani", "Arazbarı", "Qarabağ şikəstəsi", "Kəsmə şikəstə");
6. Azərbaycan muğam
ustadları (birinci hissə);
7. Azərbaycan muğam
ustadları (ikinci hissə);
8. Azərbaycan simfonik
muğamları (Niyazinin "Rast", Fikrət Əmirovun
"Kürd ovşarı", "Şur",
"Gülüstan-Şiraz bayatısı").
Hər diskin də öz bədii
tutumu, məqsəd və məramı, elmi-nəzəri
funksiyası var. Bütövlükdə toplu güclü tədris
vəsaiti kimi nəzərdə tutulmaqla, adi həvəskarlardan
peşəkarlara qədər, bütün maraqlara cavab verir. Həmçinin
dünyadakı müxtəlif millətlərin milli
muğamımızı mənimsəməsi, onun tarixi barədə
müfəssəl məlumat alması və hər hansı
muğamı öyrənə bilməsi üçün
geniş informativ bilgilər var.
Birinci disk özü altı
bölümə ayrılıb: muğamlar, muğam
notları, simfonik muğamlar, milli musiqi alətləri, şəxsiyyətlər,
lüğət. Muğamlar bölümü üç hissədən
ibarət olmaqla "muğam dəstgahları",
"kiçik həcmli muğamlar" və "zərb
muğamları" başlıqları ilə təqdim
olunur. "Rast", "Şur", "Segah",
"Çahargah", "Şüştər",
"Şiraz bayatısı", "Hümayun"
muğamları musiqisevərlərə dəstgah şəklində
çatdırılıb. Elə bunun daxilində
"Rast" ("Qacar bayatısı", "Orta Mahur",
"Mahur-hindi") və "Segah" ("Zabul
segahı", "Xaric segah", "Mirzə Hüseyn
segahı") ailələrinə daxil olan dəstgahlar barədə
də dəyərli elmi bilgilər verilib. Əgər
hansısa ifadə, deyim, termin dinləyiciyə aydın deyilsə,
onda lüğət bölümünə müraciət edə
bilər. Lüğət bölümü söz
çoxluğu və onların elmi şərhi ilə dəyərlidir.
Multimedia toplusunun
üstünlüyü bir də orasındadır ki,
haqqında elmi bilgilər verilən bütün muğamlar
çağdaş ifaçılar tərəfindən
yüksək oxu peşəkarlığı ilə təqdim
olunur. Burada guşələr və şöbələr, rənglər
və təsniflər barədə əsaslı və
tutarlı məlumatlar verilir. Hər musiqi
bölümünün mahiyyət və estetikası, fəlsəfi
tutumu aydın, səlist məlumatla nəzərə
çatdırılır.
Azərbaycan
özünün musiqi alətlərinin çoxluğu ilə
dünya xalqları içərisində seçilir.
Haqqında söhbət gedən audiovizual topluda kamança,
ney, balaban, bərbət, çoğur, cəng, dəf, qaval,
rud, qopuz, nağara, tar, qanun, səntur, rübab, Şirvan tənburu,
zurna, ud çalğı alətləri barədə ətraflı
məlumat verilir. Maraqlısı və önəmlisi odur ki, hər
bir alətin görüntüsü aktivdir. Deməli, maraqlanan
hər kəs dolğun məlumat əldə etməkdən əlavə,
ayrılıqda hər bir alətin
çalğısını da eşidir.
Muğamımızın
çağdaş təkamülü təbii ki, müxtəlif
dövrlərdə yaşamış sənətkarların
yaradıcılıq qüdrəti ilə bağlıdır.
Bu mənada topluda Cabbar Qaryağdıoğlu, Keçəçioğlu
Məhəmməd, Seyid Şuşinski, Xan Şuşinski,
Zülfü Adıgözəlov, Yavər Kələntərli
və bu kimi qüdrətli ustadlar barədə dəyərli
məlumatlar toplanıb. Audiovizual sistemin istifadəçisi sənətkarların
həyatlarının və yaradıcılıqlarının
əsas estetik məziyyətləri, ifa üslublarının
başlıca prinsipləri barədə bilgilənmək
imkanına malikdirlər.
Ayrı-ayrı muğamları xalq artistləri Ağaxan Abdullayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Səkinə İsmayılova, gənclərdən Təyyar Bayramov, İlkin Əhmədov, Vəfa Orucova, Bəyimxanım Mirzəyeva oxuyublar. Onları xalq artistlərindən tarda Möhlət Müslümov, Firuz Əliyev, kamançada Fəxrəddin Dadaşov, əməkdar artistlərdən tarda Elçin Həşimov, kamançada Elnur Əhmədov, Elşən Mansurov, gənclərdən Əliağa Sədiyev (tar), İsmayıl Həmidov (kamança) müşayiət ediblər.
Muğamı olan millətlər içərsində məhz ilk dəfə Azərbaycan bəstəkarları simfonik muğam janrını yaratmışlar. İstər "Rast", istər "Şur" və "Kürd ovşarı" bir sıra qitələrdə möhtəşəm orkestrlərin ifasında səsləndirilib. Bu baxımdan topluda verilən məlumat və həmin musiqi əsərlərinin səsləndirilməsi dünyada bu janrın yeni davamçılarının yetişməsinə zəmin yarada bilər. Elə buradaca qeyd edim ki, məhz bu cəhət də layihənin möhtəşəmliyinə və dünyəvi əhəmiyyətinə dəlalət edir.
Multimedia toplusunun sonunda onun
xüsusi təlimatı da verilib. Aydın və dəqiq, ifadəli
və dolğun mətnlə verilən bilgi vasitəsilə
interaktiv audiovizual sistemin bütün incəliklərindən
istifadə etmək və verilən bilgiləri mənimsəmək
mümkündür.
Bütün
yaradıcılıq incəliklərini, layihənin
çoxşaxəliliyini, bilgilərin zənginliyini, onun məzmun
formasını nəzərə alaraq cəsarətlə deyə
bilərəm ki, "Azərbaycan muğamı" interaktiv
audiovizual sistemi Azərbaycan Respublikasının Dövlət
mükafatına layiqdir.
İlham RƏHİMLİ,
sənətşünaslıq doktoru,
professor, əməkdar
incəsənət xadimi
Azərbaycan.- 2010.- 7
may.- S. 11.