Düşündürən yumor ustası

 

Satira, yumor, karikatura gülüş doğurduğu qədər də kinayənin ifadəsidir. Bu üsulun - yumşaq kinayənin içərisindəki kəskin yumorun tərbiyəvi əhəmiyyəti barədə dəfələrlə söz açıldığından, məsələyə geniş şəbəkədə toxunmaq fikrindən uzağıq.

Satiranın, yumorun hədəfi, əsasən bütün dövrlərdə mövcud olmuş həpəndlərdir. O həpəndlərin ki, "şallağından, "silləsindən", qəzəbli baxışlarından qısılıb, büzüşənlərin yanında daha eybəcər və qorxunc təsvir olunublar. Bədii sənət nümunələrindən biri olan rəssamlıqda bu mövzu daim diqqət çəkib. Hədəfinə və həpəndinə sözünü "gülə-gülə", yumorunu, satirasını qələmindən çox, fırçasının dili ilə deyən ustadlarımızdan biri, "Molla Nəsrəddin", "Baraban", "Zənbur", "Tuti", "Kəlniyyət" və başqa jurnalların səhifələrini bəzəyən karikaturaların müəllifi, Azərbaycanın satirik qrafikasının əsasını qoyan Əzim Əzimzadənin əsərlərinin əsas mövzusu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil edirdi. Cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri - xəsis tacirlər, fırıldaqçı "mollalar", şarlatanlar daim onun qələminin hədəfində olublar.

1880-ci ilin mayında Bakının Novxanı kəndində anadan olan, ibtidai təhsilini molla məktəbində alan Əzim Əzimzadənin ilk rəsmi 1906-cı ildə "Molla Nəsrəddin"in 7-ci sayında dərc olunub.

Azərbaycanın xalq rəssamı kimi ədəbi üfüqdə daim parlaq görünən Əzim Əzimzadə 1914-cü ildə M.Ə.Sabirin "Hophopnamə"sində özünün ilk illüstrasiyalar silsiləsini yaradıb. Həmçinin o dövrün satirik nəşri kimi tanınan "Zənbur"u da kəsərli karikaturalarla təmin edib. Yaradıcılığında obrazlılıq yığcam olmaqla, mənfi tiplər surətini gah kəsərli yumor, gah da yumşaq kinayəli satira atəşinə tuş gələn həpəndlər Əzim Əzimzadənin fırça dili ilə "İt boğuşdurma"da, "Kişi arvadını döyür"də, "Varlı evində toy"da, "Su üstündə dava"da, "Köhnə bakılılar"da müxtəlif xarakterli tiplərin iç üzü açılır, qadın hüquqsuzluğu kimi ədalətsizliyə qarşı mübarizə öz əksini tapır.

1932-37-ci illərdə Azərbaycan Rəssamlıq Məktəbinin direktoru olan karikaturaçı rəssamın 1968-ci ildə ev-muzeyi yaradılıb. 1943-cü ildə Bakıda vəfat etmiş xalq rəssamı Əzim Əzimzadənin adı təkcə sevimli xalqının qəlbində deyil, eyni zamanda, yaratdığı və yadigarı sayılan rəssamlıq texnikumunun ünvanında, paytaxt küçələrinin birində də yaşayır. Azərbaycan Dövlət Dram Teatrında bədii hissə müdiri vəzifəsində çalışdığı illərdə müxtəlif tamaşalara verdiyi bədii tərtibat, çəkdiyi geyim eskizlərinin və dekorasiyaların Azərbaycan rəssamlığının bu sahədəki inkişafına xüsusi təsiri olub. Əsərləri dünyanın bir çox mərkəzi muzeylərində nümayiş etdirilən Ə. Əzimzadə özünün sənət məktəbini və davamçılarını yaradan ölməz sənətkarlarımızdan biri kimi daim anılacaq, xatırlanacaq. Hələ 1940-cı ildə keçirilən ilk sərgisində 1200 əsəri nümayiş etdirilən Əzim Əzimzadə sənət korifeyləri sırasına adını böyük hərflərlə əbədi həkk etdiyindən daim yaddaşlardadır.

 

 

M.SADIQZADƏ

 

Azərbaycan.- 2010.- 7 may.- S.  11.