Şuşa qalalar şəhəri, muzeylər məskəni idi

 

 May fəsillərin yaşıl libaslı gözəli, təbiətin gül fəsli, bahar təravətli ayı olsa da, on səkkiz ildir ki, həm də qala qapıları, yeddiqat divarları zaman-zaman yağı düşmənin üzünə bağlı qalan, bir daşına qıyılsa, laçınları qıy salan Laçınla Şuşanın qıy vuran qartalları yox olub çəndə, qəm-kədər yağıb bərəyə-bəndə. Səsini, harayını eşitməmək üçün İsa bulağının gözü tutulub, çağlamır, Cıdır düzünün köhlənləri dördnala çapan igidlərinin başı qeylü-qalda olduğundan, nə mey səsi var burada, nə tütək. Xan əminin, "Qarabağ şikəstəsi", Bülbülün cəh-cəhi qayalarda əks-səda vermir. Nəğməli-musiqili Şuşanın daş küçələri yaddaşımızı daşa tutub...

Aprel ayının 18-də bütün dünya "Tarixi Abidələrin Mühafizəsi Günü"nü qeyd edir. Amma, hələ də ikili standartlarla fəaliyyət göstərən beynəlxalq təşkilatlar Azərbaycanın qala şəhəri olan Şuşada və digər işğal altında qalan ərazilərindəki tarixi abidələrin erməni vandalizminin qurbanı olmasını təsdiqləsə də, əməli kömək göstərməyib. Ən dəhşətlisi odur ki, daşnaklar işğal etdikləri ərazilərimizdə xalqımıza məxsus maddi-mədəniyyət abidələrini yerlə-yeksan edib, onların yerində 30-dan artıq erməni kilsəsi tikib, 200-dən çox xaçdaşı basdırılıb və ümumiyyətlə, 1700 tarix və memarlıq abidəsi "erməniləşdirilib", yüz mindən artıq eksponat qarət edilib.

İnsan olan Şuşaya qıymazdı, ona əl qaldırmazdı. Amma beynəlxalq təşkilatların son vaxtlar Şuşadan gətirdiyi soraqlarla orada güllələnmiş heykəllərin fəryadı üst-üstə düşür. Şuşa doğrudan da, qalalar, tarixin yaddaşından qalanlar diyarıdır. Oradakı abidələrin siyahısını tərtib etsək, birinci növbədə gərək Kurqanın, Şuşa mağara düşərgəsinin, Meydan bulağının, Şuşa daş qutusu nekropolunun, Şuşa qalasının, Mədrəsənin, Pənah xanın sarayının, Yuxarı və Aşagı Gövhər ağa məscidlərinin, ikimərtəbəli karvansarayın, İbrahim xanın qəsrinin, Xanlıq Muxtar karvansarayının, Ağa Qəhrəman karvansarayının, Saatlı məscidinin, "Gəncə qapısı"nın, Qazançı kilsəsinin, Yuxarı Məscid Mədrəsəsinin, Səfərovların karvansarayının, Xan sarayının, Qızlar məktəbinin, Türbənin, Qızlar monastrının, Molla Pənah Vaqifin hündürlüyü 20 metr olan məqbərəsinin və türbəsinin, Mamay məscidinin, Hacı Abbas məscidinin və karvansarayının, Hacı Yusif məscidinin, Culfalar məscidinin və Dəyirmanın, Mamay bulağının, Xoca Mərcanlı məscidinin və bulağının, Köçərli məscidinin, Quyuluq məscidinin, Seyidli məscidinin, Qara Böyük xanın bürcünün, Heydər türbəsinin, Hacıqulların malikanəsinin, Natəvanın, Əsəd bəyin, Ü. Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Ə. Haqverdiyevin, Y. V. Çəmənzəminlinin, Seyid Şuşinskinin, Q. B. Zakirin, Behbudovların, Firudin bəy Şuşinskinin, M. M. Nəvvabın, Bülbülün, Firudin bəy Köçərlinin, Gəray Əsədovun, S.S. Axundovun, C. Qaryağdıoğlunun, Süleyman Vəzirovun, Mamay bəyin, Məşədi Teymur bəyin, Hüsü Hacıyevin, Zöhrabbəyovların evinin adlarını çəkəsən.

Burada rəsmi qeydə alınmış 170 memarlıq, 160 incəsənət abidəsi vardı. Bu qədim qalalar şəhərində 549 tarixi bina, 17 məhəllə bulağı, 6 karvansaray, 3 türbə, 2 mədrəsə, 2 qəsr, qala divarı əsrlərin yaddaş kitabəsi olmaqla yanaşı, elm və mədəniyyətimizə böyük töhfələr verən dahilərimizin ruhlarının dolaşdığı, hər biri tarix salnaməsinə çevrilən müqəddəs məkanlar idi. Heç də təsadüfi deyil ki, şəhərsalma abidəsi kimi yüksək bədii əhəmiyyəti nəzərə alınaraq, Şuşa 1977-ci ildə tarixi-memarlıq qoruğuna çevrilmişdi. Daş dövrünün yadigarı olan, şəhərin yaxınlığındakı mağaranın (uzunluğu 120 m, eni 20 metr) qabaq hissəsində orta əsrlərə aid, daşdan qalın istehkamlar, qala divarlarının qalıqları aşkar edilmişdi. Paleolit və Mezolit dövrlərinə dair qədim məişət əşyalarının tapılması bu qalalar şəhərinin tarixinin daha qədimlərə gedib çıxmasını təsdiqləyirdi.

Şuşa təkcə qalalar şəhəri deyil, həm də muzeylər məskəni idi. Şəhərdəki tarix muzeyi, xalça muzeyi, daş sənətkarlığı muzeyi, Qarabağ tarix muzeyi, dərman bitkiləri muzeyi, yuxarıda adlarını sadaladığım dahilərin ev-muzeyləri və oradakı eksponatlar sözün əsl mənasında, təkcə tariximizin deyil, həm də mill mədəniyyətimizin aynası və saxlanc yeri idi.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-  7 may.- S.  11.