Azərbaycan xalqı faşizm üzərində
tarixi Qələbənin
qazanılmasına sanballı
töhfələr vermişdir
Prezident İlham Əliyev Qələbənin
65-ci ildönümü münasibətilə
keçirilən bayram
mərasimində iştirak
etmişdir
İkinci Dünya müharibəsində faşizm
üzərində Qələbənin
65-ci ildönümü münasibətilə
mayın 7-də Bakıda
təntənəli mərasim
keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 65 il keçir. Bəşər tarixində ən dəhşətli bu müharibədə şanlı Qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr vermişdir. Bu qanlı müharibədə Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salmış, onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışmışdır. Böyük Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olmuşdur. Müharibə illərində Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı, sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl vətənpərvərlik nümunəsi olacaqdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərimizin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Qələbə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsi bu qayğının bariz nümunəsidir.
Böyük Vətən müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə toplaşmış müharibə veteranları, ictimaiyyətin nümayəndələri, paytaxt sakinləri Prezident İlham Əliyevi hörmət və ehtiramla qarşıladılar.
Dövlət başçısı müharibə veteranlarını səmimiyyətlə salamladı, onların hər birini Qələbə bayramı münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranların problemləri, qayğıları ilə maraqlandı. Veteranlar ümummilli liderimiz Heydər Əliyevin onlara göstərdiyi diqqət və qayğını heç vaxt unutmadıqlarını xatırladaraq ulu öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər və onu hər bir işdə dəstəkləyəcəklərini vurğuladılar.
Dövlət başçısı iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə əklil qoydu, İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərmiş cəsur sərkərdənin, xalqımızın igid oğullarının əziz xatirəsini dərin ehtiramla yad etdi.
Prezident İlham Əliyev İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirdi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Ali Baş Komandanın qarşısından keçdi.
Dövlət başçısı daha sonra tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri, yaxın qohumları ilə səmimi görüşdü, Qələbə günü münasibətilə onları təbrik etdi.
* * *
Mərasimdə Baş nazir Artur Rasizadə,
Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyev və digər rəsmi şəxslər
iştirak edirdilər.
AzərTAc
Azərbaycan.- 2010.-
8may.- S. 1.