Azərbaycan Prezidenti İlham Əliyevin
sədrliyi ilə müşavirə keçirilmişdir
Müşavirədə Kür
çayında suyun səviyyəsinin qalxması ilə
bağlı baş verən təbii fəlakətlərin nəticələrinin
aradan qaldırılması məsələləri müzakirə
olunmuşdur
Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilmişdir.
Müşavirədə Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə olunmuşdur.
Müşavirəni giriş sözü ilə açan Prezident İlham ƏLİYEV dedi:
- Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində ölkəmizin müxtəlif yerlərində biz təbii fəlakətlərlə üzləşmişik. Qırx rayonun ərazisində subasma halları müşahidə olunur. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalmışdır. Əvvəlki illərdə də ölkəmizdə belə hallar olmuşdu, amma biz bu dərəcədə təbii fəlakətlə demək olar ki, ilk dəfə üzləşirik. Vəziyyət ümumilikdə nəzarət altındadır.
Mən bu günlər ərzində hər yerdə vəziyyətlə maraqlanmışam, müvafiq göstərişlər vermişəm. Azərbaycanın bütün müvafiq qurumları əlindən gələni edirlər ki, dəymiş bu ziyanı aradan qaldıraq, insanlara kömək edək. Müxtəlif rayonlarda bu vəziyyətdən əziyyət çəkən insanlar öz evlərindən müvafiq məskunlaşma yerlərinə köçürüldü. Əlbəttə ki, bu təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra biz dəymiş bütün ziyanı hesablayacağıq, insanlara kömək göstərəcəyik, onlar üçün yeni evlər tikəcəyik. Əvvəlki illərdə də belə təcrübə olub. Sürüşmə zamanı əziyyət çəkən vətəndaşların ev tikintisinə dövlət kömək göstərmişdi və öz maliyyə resurslarını da cəlb etmişdi. Əlbəttə ki, dəymiş bütün ziyan hesablanacaq, biz bütün lazımi tədbirləri görəcəyik.
İndiki şəraitdə əsas diqqətimiz ona yönəlməlidir ki, biz bütün lazımi tədbirləri operativ şəkildə görək. Bütün texnika, bütün müvafiq qurumlar, rayonların əhalisi səfərbər olunub. Biz görülən tədbirlər nəticəsində daha böyük fəlakətdən özümüzü qoruya bildik. Ancaq buna baxmayaraq, təbii proseslər əlbəttə ki, bizə çox ciddi ziyan vurdu.
Bu proseslər bütün dünyanı bürüyüb. Qonşu ölkələrdə də oxşar hadisələr baş verib, bəlkə bizdən daha da şiddətli vəziyyət yaranmışdır. Bütün başqa yerlərdə, başqa qitələrdə bu proseslər davam edir. Biz bütün tədbirləri görürük. Əlavə tədbirlər haqqında bu gün biz burada danışacağıq. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər. Yerli əhali onlara kömək göstərir və göstərməlidir.
Ancaq bu operativ işlərlə yanaşı, biz əlbəttə ki, məsələnin kompleks şəkildə həll olunması haqqında tədbirlər planını hazırlamalıyıq.
Çünki heç kim təminat verə bilməz ki, növbəti illərdə də biz bu problemlərlə üzləşməyəcəyik. Ona görə kompleks tədbirlərin görülməsi və kompleks planın hazırlanması prosesi başlanmalıdır, tezliklə bu təkliflər verilməlidir. Lazım olarsa dövlət büdcəsində düzəlişlər edilməlidir. Əlavə vəsaitin ayrılması qaçılmazdır. Çünki biz bu məsələləri operativ şəkildə həll etməliyik. Həm təbii fəlakətin qarşısının alınması üçün əlavə tədbirlər və maliyyə resursları cəlb olunmalıdır, eyni zamanda, dəymiş ziyanın aradan qaldırılması, insanlara kömək göstərmək üçün əlavə texnika və avadanlığın alınması ilə bağlı təxirəsalınmaz tədbirlər görməliyik. Bu məqsədlə yəqin ki, əlavə maliyyə resurslarına da ehtiyac olacaqdır. Bu günə qədər Ehtiyat Fondundan müvafiq qurumlara vəsait ayrıldı. Bu vəsait hesabına çoxlu işlər görüldü, daha da çox işlər görülməlidir.
İlk növbədə kompleks tədbirlər hazırlanmalıdır. Bu barədə əlbəttə ki, biz bu gün də danışacağıq. Gələcəkdə, yaxın zamanlarda təqdim olunacaq bütün təkliflər də kompleks tədbirlərdə öz əksini tapmalıdır. Hesab edirəm ki, ilk növbədə daha da ciddi və daha da böyük həcmdə sahilbərkitmə işləri aparılmalıdır. Hər il dövlət büdcəsindən sahilbərkitmə işlərinə vəsait ayrılır və o, az vəsait deyildir. Ancaq hər il, yaxud da ki, iki ildən bir bu sahilbərkitmə işlərinin nəticələrini su yuyub aparır. Yəni, hər il demək olar ki, biz bu işləri yenidən görməli oluruq. Ona görə bu tədbirlər birdəfəlik və kompleks şəkildə görülməlidir. Harada lazımdırsa beton işləri aparılmalıdır ki, sahillər bərkidilsin. Sahilboyu yerlərdə tikilmiş qanunsuz evlər oradan köçürülməlidir. O qanunsuz sərəncamları vermiş məmurlar cəzalandırılmalıdır.
Əfsuslar
olsun ki, biz ölkəmizin müxtəlif yerlərində belə
xoşagəlməz hadisələrlə üzləşirik.
Yerli icra orqanları harada gəldi, kimə gəldi torpaq sahələri
ayırırlar və vətəndaşlar orada evlər tikirlər.
O evlər orada yaşayanlar üçün təhlükə
mənbəyidir. Çünki yüksək gərginlikli xətlərin
altında tikilmiş evlər insanların
sağlamlığına çox böyük ziyandır. Eyni zamanda,
operativ təmir-tikinti işlərinin aparılması
üçün bizə problem yaradır. Sahilboyu ərazilərdə
tikilmiş bu evlər indi imkan vermir ki, orada sahilbərkitmə
işləri lazımi səviyyədə aparılsın.
Ona görə bu vaxta qədər
buraxılmış bütün nöqsanlar, bəzi hallarda
cinayətlər ciddi araşdırılmalıdır. Qanunsuz sərəncamları verən şəxslər
müəyyən edilməlidir, onlara qarşı tədbirlər
görülməlidir. Baxmayaraq ki, indi onlar
vəzifədədir, yoxsa vəzifədən
uzaqlaşdırılıblar və mənə tezliklə məlumat
verilməlidir.
Bununla bərabər,
gələcəkdə təbii fəlakətlərin
qarşısının alınması üçün
bütün tədbirlər görülməlidir. Harada evlər
köçürülməlidir, oraya kompensasiya verilməlidir
ki, vətəndaşlar bundan əziyyət çəkməsinlər.
Kür
çayının lildən təmizlənmə işləri
daha da sürətlə getməlidir. Bu işlər bizdə
yaxşı səviyyədə təşkil olunmayıb, ona
görə çayın dibi ildən-ilə qalxır, o,
lazımi səviyyədə təmizlənmir. Çayın dibi qalxdıqca, əlbəttə ki,
çay özü üçün yeni məcralar axtarır.
Ya qrunt sularının artmasına səbəb
olur, yaxud da ki, sahildən çıxıb əkin sahələrini
basır. Yəni, bu tədbirlər mütəmadi
qaydada görülməlidir.
Bir daha deyirəm,
hazırlanacaq tədbirlər planında bu məsələlər
kompleks şəkildə öz həllini tapmalıdır. Bu il
lazımi vəsait ayrılmalıdır. Gələn
ilin investisiya proqramında kifayət qədər maliyyə
resursları ayrılmalıdır ki, əlavə texnika,
müxtəlif avadanlıq alınsın. Biz
elə etməliyik ki, özümüzü bu təbii fəlakətdən
maksimum dərəcədə qoruya bilək.
Təbii fəlakətlər
elədir ki, insanlar bəzi hallarda onların
qarşısında aciz qalırlar. Biz bunu bu yaxınlarda
görmüşük. İslandiyada
vulkanın püskürməsi nəticəsində demək
olar ki, bütün Avropanın hava nəqliyyatı iflic vəziyyətinə
düşmüşdür. Yəni, bu elə
bir təbii fəlakətdir ki, insanlar bunun
qarşısında aciz qalırlar. Eyni
zamanda, daşqınlar, torpaq sürüşmələri.
Bəzi hallarda bütün bunları
proqnozlaşdırmaq mümkün deyildir. Lap
proqnozlaşdırmaq mümkündürsə, onun
qarşısını almaq mümkün deyildir. Misal üçün, zəlzələ elə bir təbii
fəlakətdir ki, onun qarşısında heç nə etmək
mümkün deyildir. Yəni sadəcə
olaraq, müasir sistemlərlə, yəni xəbərdarlıq
etməklə itkiləri minimum səviyyəyə endirmək
mümkündür.
Bəzi hallarda
uçmuş evlərin, bax 300-dən çox uçmuş
evin böyük əksəriyyəti keyfiyyətsiz tikilib,
çiy kərpiçdən tikilib. Yəni, buna da yol vermək
olmaz. Vaxtilə evlər ucuz başa gəlsin
deyə keyfiyyətsiz tikilib. Bir balaca su dəyən
kimi o evlər uçur və xoşagəlməz hadisələr
baş verir.
Görülən
tədbirlər nəticəsində biz, necə deyərlər,
özümüzü, xalqımızı böyük itkilərdən
qurtara bildik. Düzdür, bir-iki yerdə ölüm hadisələri
olmuşdur. Ancaq əgər vaxtında tədbirlər
görülməsəydi, insanlar xəbərdar olunmasaydı
və bütün lazımi tədbirlər görülməsəydi,
bəlkə də bədbəxt hadisələrin sayı daha
da çox ola bilərdi. Ona
görə biz bütün bölgələrdə, təkcə
böyük şəhərlərdə deyil, bütün
bölgələrdə bütün evləri bir daha təftiş
etməliyik. Vaxtilə biz Bakıda tikilməkdə
olan keyfiyyətsiz evin uçması nəticəsində bədbəxt
hadisə ilə üzləşmişdik. O vaxt Fövqəladə
Hallar Nazirliyinə göstəriş verilmişdi ki,
bütün evlərə baxış keçirilsin. Onlar lazımi avadanlıqları da alıblar. Yəni, bu gün bütün bu avadanlıqlar var və
elə etməliyik ki, hər bir rayonda bütün evlər təftiş
edilsin.
Bu gün, misal
üçün, Bakıda və başqa şəhərlərdə
evlərin təmiri, yaxud da daşların təmizlənməsi
nəticəsində, evlərin gözəl daşlarla üzlənməsi
prosesi zamanı görürük ki, evlər qəzalı vəziyyətdədir. Yəni, bir
neçə evin təmiri nəticəsində biz
gördük ki, əgər bu evlər təmirsiz qalsa, bir
neçə ilə çökə bilər və dərhal
tədbirlər görülüb. Biz
Bakı şəhərində vaxtilə tikilmiş yüzlərlə
evi bərkitdik. Bəzi hallarda əfsuslar
olsun ki, vətəndaşlar da özlərini çox qəribə
aparırlar. Onların birbaşa özlərinə,
ailə üzvlərinə böyük təhlükə
olmasına baxmayaraq, o evlərdən çıxmaq istəmirlər.
Hesab edirlər ki, bu, qəsdən edilir ki, kimsə
onları köçürsün və onların yerində nəsə
özü üçün tiksin. Bu, cəfəng
fikirlərdir. Bizim əsas istəyimiz odur
ki, insanlar rahat, təhlükəsizlik şəraitində
yaşasınlar. Harada ki, insanlar
köçürülür, onlara kompensasiya ödənilir,
özü də bazar qiyməti ilə. Bu
gün biz Azərbaycanın bazar qiymətini bilirik. Şəhərdə,
şəhər mərkəzində 1 kvadratmetr sahənin qiyməti,
necə deyərlər, ən qiymətli yerdə 1500-1600
manatı keçmir, - Neftçilər prospekti, - yəni
bundan bahalı yer ola bilməz. Yəni, Azərbaycan
dövləti bəzi köçürmələr aparmaqla,
Bakı Şəhəri İcra Hakimiyyəti bu işləri
görməklə, vətəndaşlara 1 kvadratmetrə 1500
manat vəsait təklif edir. O evlərə ki, onların bəzilərini
heç ev adlandırmaq mümkün
deyildir və bu təklif narazılıqla
qarşılanır. Bu, yolverilməzdir. Azərbaycan dövləti, Azərbaycan hökuməti,
yerli icra orqanları xoş niyyət göstərərək
insanların yaşayış səviyyəsini
yaxşılaşdırmaq istəyirlər.
Bir neçə
yerdə bu köçürmələr zamanı bizə
yüzlərlə təşəkkür məktubu gəlmişdir. Çünki
misal üçün, 40 kvadratmetr evin, mənzilin əvəzinə,
müasir evdə 50 kvadratmetr təmir olunmuş mənzil
verilir. Yəni, bizim yanaşmamız bundan
ibarətdir. Biz bütün bu işləri
insanların hesabına etmirik. Əksinə,
bütün gözəllik, abadlıq işləri, eyni
zamanda, müəyyən səbəblər üzündən
köçürülməli olan insanların
yaşayış səviyyəsinin yaxşılaşması
ilə müşayiət olunur. Yəni,
bizim yanaşmamız budur.
Ona görə
bütün evlərə yenidən baxış keçirilməlidir. Çiy kərpicdən
evlərin tikintisi ümumiyyətlə,
dayandırılmalıdır. Bu işə
yerli icra orqanları, o tikinti üçün icazə, sərəncamlar
verirlər, nəzarət etməlidirlər. Fövqəladə Hallar Nazirliyinin yerlərdəki
qurumları nəzarət etməlidirlər. Bütün standartlar tətbiq olunmalıdır.
Bundan sonra bir dənə də istər fərdi, istərsə
də çoxmərtəbəli keyfiyyətsiz ev,
bina tikilməməlidir.
Bir daha deyirəm
ki, bu vaxta qədər tikilmiş evlərə baxış
keçirilməlidir. Harada ki, təhlükə var, orada
yaşayan insanlar xəbərdar olunmalıdır və biz
hazırlanacaq həmin o dediyim kompleks tədbirlər
planında bütün bu məsələləri də nəzərə
almalıyıq. Əgər bunu etməsək,
vaxtilə - 1930-cu, 1950-ci illərdə tikilmiş evlər 5
ildən, 10 ildən sonra qəzalı vəziyyətə
düşə bilər. Misal üçün, biz bilirik
"xruşşovka" adlandırılan evlərin o vaxt
keyfiyyəti nə idi, neçə il
keçib üstündən. Onların istismar
müddəti artıq başa çatıb. İndi biz bir neçə yerdə onları bərkidirik.
Əslində yeni evlər, yeni karkaslar tikilir və
orada yaşayan insanların mənzilləri də
böyüyür. Çünki, yeni
karkaslar hesabına onların sahəsi də
böyüyür.
Bir daha demək
istəyirəm ki, biz bu məsələyə kompleks şəkildə
yanaşmalıyıq. Bu günə qədər görülən
işlər, bir daha demək istəyirəm ki, bizi
böyük faciəvi vəziyyətdən qorudu. Mən, bir daha demək istəyirəm, bütün
qurumlar, xilasedicilər gecə-gündüz işləyirlər,
o bəndləri bərkidirlər, kisələri torpaqla
doldururlar, çayların sahillərini bərkidirlər.
Yəni, biz onların fəaliyyətini yüksək
qiymətləndirməliyik. Eyni zamanda, elə
etməliyik ki, gələcəkdə özümüzü bu
fəlakətlərdən maksimum dərəcədə
qoruyaq. Biz bu günlərdə
köçürülən ailələrə də əlavə
diqqət və qayğı göstərməliyik. Onlar o evlərdə yaşayıblar. O evlər
yararsız vəziyyətə düşüb, ya uçub. Onlar müvəqqəti yerlərə
köçürülüblər. Orada
müvəqqəti yerlər hansı vəziyyətdədir,
hara köçürülüb, orada yaşamaq
üçün şərait var, yoxsa yox?! Bəziləri çadırlarda yaşayırlar.
Onlar çadırlarda nə qədər
yaşayacaqlar?! Tezliklə onların məsələləri
həll olunmalıdır. Yerli icra orqanları, Fövqəladə
Hallar Nazirliyi, müvafiq qurumlar, nazirliklər, Səhiyyə
Nazirliyi - birlikdə bütün tədbirləri görməliyik
ki, bu günlərdə o insanların səhiyyə məsələləri,
yəni sağlamlıq problemləri həll olunsun. Orada yaşlılar, qocalar, körpə uşaqlar
vardır. Biz onları elə qoya bilmərik
ki, səni köçürdük, indi burada necə
yaşayırsan yaşa. Onlara şərait
yaradılmalıdır, özü də təxirə
salınmadan!
Yəni, bizim
işimiz bundan ibarət olmalıdır. İlk
növbədə bütün gücümüz bu gün fəlakətin
qarşısının alınmasına yönəldilməlidir.
Bu birincisi. İkincisi, bu vəziyyətdən
əziyyət çəkən insanlara qayğı göstərmək,
onları məqbul şəraitlə, dərman preparatları
ilə, isti paltarlarla təmin etmək lazımdır.
Onların bəzilərinin bütün mülkiyyəti, ev təsərrüfatı batıb gedib. Onlara ciddi maliyyə ziyanı dəyib. Təkcə evin uçması ilə bunların
problemi bitmir. Tezliklə dəymiş
bütün maliyyə ziyanı hesablanmalıdır. Tezliklə onlara kompensasiya verilməlidir.
Bütün bu
hadisənin fəsadları aradan qaldırıldıqdan sonra
biz artıq hazır olmalıyıq ki, uçmuş o evlərin
yerində onlar üçün evlər tikək. Mən hesab edirəm ki, biz
buna da baxmalıyıq, hansı mənbədən, kim bunu edəcək, hansı müddətdə.
Yaxud o vətəndaşlara pul şəklində
kompensasiya verilməlidir ki, özləri tiksinlər. Amma buna təminat yoxdur. Onlar yenə
də gedib oradan-buradan aldıqları keyfiyyətsiz mallardan,
yenə də çiy kərpicdən evlər tikəcəklər
və bu evlər bir ildən sonra yenə uçacaqdır.
Yəni, buna dövlət baxmalıdır və
bundan sonrakı mərhələdə əsas kompleks tədbirlərin
görülməsi planında bütün lazımi,
müvafiq qurumlara tapşırıqlar verilməlidir, icra
müddəti göstərilməlidir. Maliyyə
resursları müəyyən edilməlidir və biz qısa
müddət ərzində bütün bu işləri
görməliyik.
Mən əminəm
ki, biz bu çətin vəziyyətdən şərəflə
çıxacağıq. Azərbaycan dövləti
güclü dövlətdir. Bizim çox güclü
sosial siyasətimiz vardır. Hər bir məmur,
hər bir vəzifəli şəxs elə hesab etməlidir
ki, onun evi uçubdur, onun ailəsi evsiz-eşiksiz
qalıbdır. Yəni, burada hər bir vəzifəli
şəxs, məmur, bu işlərlə məşğul
olan insan bu məsələlərə böyük vicdanla
yanaşmalıdır, biganə olmamalıdır. Elə etməliyik ki, öz vətəndaşlarımızı
maksimum dərəcədə qoruyaq və onlara dəstək
verək.
Fövqəladə hallar
naziri Kəmaləddin HEYDƏROV müşavirədə məruzə
edərək dedi:
- Möhtərəm cənab
Prezident, bildiyiniz kimi, son günlər ərzində Kür
çayının bəzi yerlərdə daşması, suyun
artması nəticəsində bir çox yerlərdə həyətyanı
sahələr, əkin sahələri və bir çox sosial
strukturların binaları su altında qalmışdır.
Tapşırığınıza və birbaşa sərəncamınıza
əsasən artıq 20 gündür ki, Fövqəladə
Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının
qüvvələri, yerli əhali, yerli icra
strukturlarının müvafiq şəxsləri və
"Meliorasiya və Su Təsərrüfatı" Səhmdar
Cəmiyyətinin həm şəxsi heyəti və
texnikaları hadisə yerlərində işləyirlər. Sizin qeyd etdiyiniz kimi, Sabirabad və Şirvan şəhərlərində
artıq 9 metr uzunluğunda bənd aşmışdır.
Amma bu müşavirəyə gələndə
məlumat verdilər ki, onun yalnız 3-4 metri qalıbdır və
qalanını bərpa ediblər. Bərpaetmə işləri
hazırda davam edir, yəqin ki, bir neçə saata artıq
bu iş bitəcəkdir.
Vaxtında, zamanında Sizin
tapşırığınıza əsasən, bu qədər
texnika həm bizim nazirliyə, həm də başqa digər
strukturlara alınmasaydı, cənab Prezident, bu gün
doğrudan, biz bu vəziyyətdən çıxa bilməzdik.
Buna görə də mən Sizə öz dərin
təşəkkürümü bildirmək istəyirəm.
Bir məlumatı qeyd etmək
istəyirəm ki, keçən il və
ondan qabaqkı ildə belə hadisələr olmuşdu. Onların nəticəsində uçmuş 300 evin
tikilməsi barədə Siz birbaşa sərəncam
vermişdiniz. Mən indi məruzə edirəm
ki, evlərin 200-ü artıq hazırdır. Qalan 100-ü də iki-üç ay ərzində
hazır olacaqdır. Bu il uçan
evlər haqqında Siz göstəriş verdiniz. Biz göstərişinizi qısa müddətdə,
kompleks şəkildə yerinə yetirməliyik. Onların bəzilərinin o yerlərdə evlərini
tikmək mümkün deyildir. Çünki
uzun illər subasma nəticəsində o yerlərdə həm
torpaq öz keyfiyyətini itirib, yaxud çay hər hansı
bir başqa səbəb nəticəsində yenidən məcrasından
çıxa bilər. Ona görə də
tapşırığınıza əsasən, bu
proqramları müvafiq qurumlarla birlikdə hazırlayıb Sizə
təqdim edərik. Sizin göstərişinizdən
sonra hər bir qurum öz öhdəsinə düşən
işi təcili şəkildə icra edər. Amma proses
davam edir. Xilasetmə işləri bu gün davam
edir. Bu gün Fövqəladə Hallar
Nazirliyinin 760 nəfər şəxsi heyəti öz
texnikası, nasosları ilə o bölgələrdədir.
Daha sonra fövqəladə
hallar naziri Kəmaləddin Heydərov fəlakət
zonasında tikilmiş evlərin və ümumilikdə,
ölkədə inşa olunan binaların keyfiyyətinə nəzarət
məsələlərinə toxunaraq dedi:
- Əsasən
uçan evlərin əksəriyyəti vaxtilə çiy kərpicdən
və yaxud başqa ucuz materiallardan tikilmişdir. Sizin
tapşırığınıza əsasən, 2000-ci ildəki
zəlzələdən sonra bütün evlərin təftişi
artıq bitmişdir. Yararsız olan binalar
haqqında tədbirlər görülmüşdür və
görülməkdədir. Təftiş
zamanı bəzi binaların tikinti normalarına əməl
edilmədən inşa olunduğu aşkara
çıxmışdır. Biz
hüquq-mühafizə orqanları ilə birlikdə məcbur
olub həmin evləri sökdük. Həmin
binaları tikənlər ortaya qeyri-obyektiv amillər qoyurlar.
Amma bizim aldığımız bütün
cihazların, konstruktorların, mühəndislərin təftişi
nəticəsində ortaya çıxardığımız
arayışlar, əldə etdiyimiz nəticələr onu
göstərir ki, həmin evlərdə qətiyyən
yaşamaq olmaz. Hətta o evləri saxlamaq
da olmaz. Çünki uçarkən ətrafdakı
insanlara zərər vura bilər.
Bu istiqamətdə
işlər davam etdirilir. Cənab Prezident, apardığınız
uğurlu siyasətin nəticəsində, verdiyiniz
tapşırığa əsasən Fövqəladə Hallar
Nazirliyi gözlənilməz təbii fəlakətlər barədə
əhalinin qabaqcadan xəbərdar edilməsinə imkan verən
ən müasir texnikalar almışdır. Bu
cihazlar təkcə yer üstündə deyil, hətta bizim
vertolyotlarımızda da quraşdırılmışdır.
Biz o vertolyotların köməyi ilə
apardığımız müşahidələr nəticəsində
ölkənin ərazisində qəza vəziyyətində
olan obyektləri müəyyənləşdirə bilirik.
İlkin vizual təhlil aparandan sonra artıq biz
həmin obyektə aldığımız digər
texnikaları göndərir və nəticələri dəqiqləşdiririk.
Sizi əmin
edirəm ki, təbii fəlakət yerlərindən
insanların köçürülməsi və məskunlaşdırılması
işində Fövqəladə Hallar Nazirliyinin qüvvələri
əlindən gələn yardımı edəcəkdir. Sizin göstərişinizdən
sonra yeni evlərin tikilməsinə başlayacağıq.
* * *
Prezident İlham ƏLİYEV:
Bəli, artıq bizdə belə təcrübə vardır. Biz əvvəlki illərdə sürüşmə
zamanı uçmuş evləri dövlət hesabına bərpa
etdik. Bu dəfə də uçmuş evləri bərpa
edəcəyik, baxmayaraq ki, burada 300-dən çox ev artıq uçub, 2 min ev qəzalı vəziyyətdədir.
Ancaq biz bütün bu işləri görməliyik.
Kifayət qədər texnika
alınmışdır. Ancaq əlbəttə
ki, alınan o texnika bu təbii fəlakətə
hesablanmamışdır. Yəni, bu dərəcədə
dəhşətli təbii fəlakətə hesablanmamışdır.
Ona görə sizdə əlavə
texnikaların alınması üçün təkliflər
hazırdır. Biz tezliklə buna
baxmalıyıq. Bir hissəsini artıq həll
etmişik, vəsait ayrılıb. Qalan
hissəni də həll edək ki, biz gələcəkdə
özümüzü maksimum dərəcədə tam rahat
hiss edək.
* * *
Səhiyyə naziri Oqtay
ŞİRƏLİYEV fəlakət zonasında əhaliyə
göstərilən tibbi xidmət barədə dövlətimizin
başçısına məlumat verərək dedi:
- Möhtərəm cənab
Prezident, Sizin tapşırığınızla dünən mən
Şirvan şəhərinə getmişdim. Ümumiyyətlə,
şəhərdə belə bir problem yoxdur. Əsasən, Kür çayının sahilində
olan kəndlər köçürülməkdədir. Fövqəladə Hallar Nazirliyi orada çox
böyük işlər görür. Camaatın
yerləşdirildiyi müvəqqəti yerlərə biz həkimləri
səfərbər etmişik. Orada dava-dərmanla
bağlı heç bir problem yoxdur, nə lazımdır
olunur, təcili yardım maşınları vardır. Gün ərzində həkimlər növbədədirlər,
yəni tibbi xidmət sarıdan problem yoxdur.
Səhiyyə naziri Oqtay
Şirəliyev fəlakətin nəticələri aradan
qaldırıldıqdan sonra görüləcək işlər
barədə də danışdı:
- Sel qurtarandan sonra həmin ərazilər
dezinfeksiya edilməlidir. Orada çox
böyük işlər aparmalıyıq ki, yoluxucu xəstəliklərin
qabağını alaq. Bunun
üçün indidən tədbirlər görülür.
Lazım olan bütün vasitələr
vardır. İndiki işlər inşallah
qurtarandan sonra biz ikinci mərhələnin tədbirlərini həyata
keçirməyə başlayacağıq.
Nəqliyyat naziri Ziya MƏMMƏDOV
görülən işlərlə bağlı məlumat verərək
dedi:
- Zati-aliləri, məruzə
etmək istəyirəm ki, yol strukturu da baş verən sel
suları, daşqınlar, uçqunlar, torpaq sürüşmələri
nəticəsində çox istiqamətlərdə ziyan
çəkmişdir. Faktiki olaraq 14 rayonda sürüşmə,
dağ uçqunları baş vermişdir ki, bunların nəticəsində
də bəzi hallarda, məsələn, Şamaxı,
İsmayıllı, Muğanlı, Ağsu istiqamətində
yollar bir növ öz oxundan çıxmışdır. Xüsusilə Quba rayonunda Xınalıq istiqamətində,
eyni zamanda, Qonaqkənd istiqamətində Giləzi kəndi ilə
başqa bir kəndin ərazisində yol sürüşərək
öz oxundan çıxmış və nəticədə hərəkət
qısa müddətə dayanmışdır. Xınalıq istiqamətində, təxminən 50
metr ərazidə dağ sürüşərək yolu
bağlamışdır. Görülən
tədbirlər nəticəsində hər iki istiqamətdə
hazırda yol istiqaməti dəyişdirilərək hərəkət
bərpa edilmişdir.
Qeyd etmək istəyirəm
ki, Qusar, Quba, Xaçmaz, Xızı, Qobustan, Şamaxı, Qəbələ,
Balakən, Ağsu, Gədəbəy, Zərdab, Sabirabad, Lerik,
Yardımlı rayonlarında bu cür hadisələr baş
vermişdir.
Cənab Prezident, diqqətinizə
məruzə edirəm ki, bu istiqamətlərdə nəqliyyatın
hərəkəti hazırda bərpa edilib və yolları
normal vəziyyətə gətirmək istiqamətində tədbirlər
həyata keçirilir.
Ziya Məmmədov
Nəqliyyat Nazirliyi tərəfindən təbii fəlakətin
nəticələrinin aradan qaldırılması istiqamətində
görülən işlərdən danışarkən
bildirdi ki, fəlakət zonalarına dərhal xeyli sayda texniki
vasitələr göndərilmişdir.
Nəqliyyat naziri qeyri-qanuni
tikililərin nəqliyyat sektoruna vurduğu zərərdən
də danışdı:
- Həqiqətən də
qeyri-qanuni tikililər nəticəsində ölkənin demək
olar ki, bütün ərazilərində dəmir yolunun təhlükəsizlik
zolaqları zəbt edilmiş, kütləvi sayda binalar, evlər,
qeyri-yaşayış obyektləri tikilərək qatarların
təhlükəsiz hərəkətinə böyük
problem yaratmışdır. Bu səbəbdən
hətta təhlükəsizlik işçiləri öz xidməti
vəzifələrini yerinə yetirə, qatarlara baxış
keçirə bilmirlər. Biz bütün
bu işlərin çəkilişini aparmışıq,
arayış hazırlayıb hökumətə təqdim
etmişik, Sizin tapşırığınız əsasında
və bütün materiallar demək olar ki, bizdə
toplanmışdır.
Eyni zamanda, bu
cür hadisələr avtomobil yolları şəbəkəsində
də baş vermiş və təhlükəsizlik
zolaqlarında qeyri-qanuni tikintilər inşa edilmişdir. Bu da
yolların yaşayış massivlərindən keçən
hissələrində yenidənqurma və təmir prosesində
çox böyük problemlər yaradır. Bu istiqamətdə də biz bütün lazımi sənədləri
toplamışıq, videoçəkilişlər
aparmışıq və bu materialları hökumət
komissiyasına təqdim etmişik.
Qeyd etmək
istəyirəm ki, bu istiqamətdə üzərimizə
düşən bütün vəzifələri məsuliyyətlə
icra edirik. Sizin bütün tapşırıq və tövsiyələrinizin
bundan sonra da uğurla icra olunması üçün
kollektivimiz tam səfərbərdir.
Prezident İlham ƏLİYEV:
Əlbəttə ki, biz bu işlərin görülməsi
üçün ölkəmizdə olan bütün texniki
imkanlardan istifadə etməliyik. Verilən
tapşırıqlar da çox düzgün
tapşırıqlardır. Bütün
qurumların texniki imkanları səfərbər
olunmalıdır. Fövqəladə Hallar
Nazirliyinin texniki imkanları kifayət qədərdir. Amma bu fəlakətə hesablanmayıb. Azərbaycanda çoxsaylı dövlət və
özəl şirkətlər, tikinti şirkətləri
vardır. Onların böyük
texnikaları vardır. Onlar hamısı cəmlənməlidir
və məqsədyönlü şəkildə bu məsələnin
həllinə yönəldilməlidir.
O ki qaldı qanunsuz tikililərə,
bu, bizim böyük problemimizdir. Bu problem bu
gün yaranmayıb. Qanunsuz binalar Bakıda
əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki,
tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə
ki, gərək mübarizə aparaq. Orada
yaşayan insanların yaşayış problemləri həll
olunmalıdır. Onlar əlbəttə
ki, oradan köçürülməlidir. Ancaq
onlara kompensasiya verilməlidir və bu kompensasiya verilir. Yolların genişlənməsi zamanı orada - yol
üstündə yerləşən binaları
köçürdük, insanlara kompensasiya verildi. Məndə olan məlumata görə, insanlar bu məsələləri
çox böyük razılıqla qarşıladılar.
Ancaq bəzi
hallarda o qanunsuz tikililər, əslində yerli icra
orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində
baş verir.
Özbaşına kim gedib qanunsuz nəsə
edə bilər. Edə bilər, amma kütləvi
qaydada bunu etmək mümkün deyildir. Bu
icra nümayəndələri, icra hakimiyyətləri o yerləri,
qanunsuz yerləri ayırırlar.
Mən bu
gün də Bakıda bu məsələyə bu qədər
diqqət göstərirəm, bütün göstərişləri
verirəm, dəfələrlə bu barədə
danışmışıq. Bugünkü gündə
Bakının bəzi yerlərində parklarda bəzi icra
hakimiyyətlərinin rəhbərləri ofis binaları
tikdirmək istəyirlər. Bu
yaxınlarda mənə verilən məlumata görə,
rayonların birində evlərin arasında mövcud olan parkda
- harada ki, indi camaat yığışıb dincəlir, orada
ofis binaları tikmək istəyirlər. Yəni,
belə çıxır ki, artıq orada mövcud olan
bütün torpaqları satıblar, bircə parklar qalıb.
Mən Hacıbala Abutalıbova ciddi göstəriş
verdim ki, həmin o rayon başçısı ilə ciddi
danışsın. Hətta bunu əhaliyə
elə təqdim edirlər ki, burada Heydər Əliyev Fondu nəsə
tikəcəkdir. Heydər Əliyev Fondu ən
kasıb insanlara əl uzadır, ən yoxsul vətəndaşlara
kömək göstərir. Bu fondun
çoxsaylı xeyriyyə işləri, mədəniyyət
sahəsində görülən işləri, parkların
salınması, yəni çoxşaxəli fəaliyyəti
vardır.
Öz çirkin məqsədlərinə
nail olmaq üçün, haradasa ofis mərkəzi tikmək
üçün Heydər Əliyev Fonduna istinad etmək - bu,
böyük cinayətdir. Mən göstəriş
vermişəm ki, lazımi tədbirlər görülsün
və həmin o parkda bütün lazımi abadlıq işləri
görüləcəkdir.
Yəni, bu, təkcə
bir yerdə olsaydı, bir istisna hal kimi qəbul oluna bilərdi. Ancaq, bu,
bütün ölkəmizi bürüyüb. Buna son qoyulmalıdır. Mən
bütün icra orqanlarında işləyənləri bu
gün də xəbərdar edirəm. Bundan sonra bir dənə
də qanunsuz torpaq ayrılması, yaxud da ki, parkın
içində, meşəliyin içində ev,
bina, ofis tikintisi olarsa, dərhal prokurorluq bu işlə məşğul
olacaq və bu cinayəti törədən insanlar cinayət məsuliyyətinə
cəlb ediləcəkdir. Biz bu rüşvətxorluğa
son qoymalıyıq. Nə qədər
olar?! Ölkədə bu qədər iş
görülür. Bu qədər abadlıq,
quruculuq işləri aparılır. Ölkəmiz
qabağa gedir, iqtisadi inkişaf baxımından ən
qabaqcıl ölkədir. İndi bu qədər
imkanlar yaranıb ölkəmizdə. İnsanlar
daha da yaxşı yaşayırlar. Bizneslə
məşğul olanlar öz fəaliyyətini genişləndirirlər.
Bunlara kömək etmək lazımdır.
Yoxsa, sən gəl ağacları qır,
meşələri qır, insanların istirahət etdiyi parkda
özün üçün ofis binası tik ki, orada pul
qazanasan. Ona görə bu çox ciddi
araşdırılmalıdır, mənə məruzə
edilməlidir və lazımi tədbirlər də
görüləcəkdir. Hamı da bu
sözlərdən özünə nəticə
çıxarsın.
Qanunsuz tikililərə gəldikdə,
bir də demək istəyirəm ki, artıq mən giriş
sözümdə bunu dedim, kimin bu işlərdə əli
varsa, o şəxslər müəyyən edilməlidir və
cəzalandırılmalıdır. Digər tərəfdən,
bu gün köçürülməli olan evlərin sahiblərinə
kompensasiya ödəməklə onlar oradan
köçürülməlidirlər. O insanların
böyük əksəriyyətinin heç bir günahı
yoxdur. Onlar gedib yerli icra orqanlarından icazəni
də, sərəncamı da alıblar. Bütün
başqa qurumlardan - icazə verən qurumlardan da hər şey
alıbdır, ev tikibdir. Düzdür, bəlkə
də səhv edib, düz etməyib, orada ev
tikmək olmaz. Yenə də deyirəm, yüksək gərginlikli
xəttin altında ev tikən özünə
qəsd edir, öz balasına qəsd edir. Bunu etmək olmaz, o
xəstəlikdir, orada salamat adam qala bilməz.
Özünə yazığı gəlmirsə,
uşağına yazığı gəlsin. Relsin kənarında
ev tikən fikirləşmir ki, onun
balası relsdən gecə-gündüz ora-bura qaçıb
keçir, onu
Bizim
üçün indi ən böyük, yəni şəhərlərin
genişlənməsi, şəhəri planlı şəkildə
inkişaf etdirmək üçün ən böyük
problem bu qanunsuz tikililərdir. Buna da biz kompleks şəkildə
yanaşmalıyıq. Bir daha demək istəyirəm
ki, biz öz işimizi aparmalıyıq. Bütün
lazımi tədbirlər görülməlidir, şəhərimiz
daha da gözəlləşməlidir,
abadlaşmalıdır. O qanunsuz tikililər
yığışdırılmalıdır. Ancaq
lazımi səviyyədə kompensasiya ödənilməlidir
ki, orada yaşayanlar razı olsunlar. Bax,
budur bizim əsas şərtimiz.
* * *
Kənd təsərrüfatı
naziri İsmət ABASOV təbii fəlakətin kənd təsərrüfatına
vurduğu ziyan və onun nəticələrinin aradan
qaldırılması ilə bağlı məruzə etdi:
- Ümumiyyətlə, kənd
təsərrüfatı sahəsi iqlim şəraiti ilə,
hava ilə bağlı sahədir. Söylənildiyi
kimi, son aylar ölkəmizdə qeyri-normal hava şəraitinin
olması və leysan yağışları ümumilikdə kənd
təsərrüfatı sahəsinə, o cümlədən
bitkiçilik, xüsusilə meyvəçilik, heyvandarlıq
sahələrinə müəyyən qədər ziyan
vurmuşdur. Sel suları zamanı Araz və
Kür çayları ətrafındakı təxminən 50
min hektaradək taxılçılıq sahəsinə müəyyən
qədər ziyan dəymişdir. Bundan
başqa, yazlıq işləri aparılmış və sel
suları basmış sahələrdə yenidən əkin
işləri aparılacaqdır. Burada bir
problem yoxdur. Bundan başqa, havanın
yağıntılı keçməsi xüsusilə
taxılçılıq sahəsində sarı pas deyilən
xəstəlik əmələ gətirmişdir ki, bu,
Kür-Araz ovalığından başqa, digər sahələrdə
də baş vermişdir. Amma Kənd Təsərrüfatı
Nazirliyi digər qurumlarla birlikdə bu məsələlərə
çox ciddi nəzarət edir. Lazım
olan anda insanlara tövsiyələr verilir, əlaqələr
yaradılır ki, onlar bu yaz aylarında təkrar əkin sahələrində
vacib olan işləri görə bilsinlər.
Möhtərəm
cənab Prezident, həmin ərazidə heyvandarlıq sahəsinə,
camaatın şəxsi təsərrüfatında olan
quşlara, qaramala, davara dəymiş ziyanla bağlı Kənd
Təsərrüfatı Nazirliyi müvafiq qurumlarla birlikdə
araşdırma aparır.
İsmət Abasov qanunsuz
tikililərin əkinə yararlı sahələrə
vurduğu ziyandan da danışdı:
- Sizin
tapşırığınıza əsasən, biz əkinə
yararlı torpaqları, belə demək mümkünsə,
göz bəbəyi kimi qoruyuruq. Amma təəssüflə
qeyd etmək istəyirəm ki, bəzən yerlərdən məlumatlar
daxil olur ki, əkinə yararlı sahədə ev
və ya ticarət obyekti tikilmişdir. Belə olan hallarda bir az pis vəziyyət yaranır. Amma
bununla yanaşı, Sizin tapşırığınıza əsasən
biz bütün əkinə yararlı sahələrin hər
bir metrinə çox diqqətlə yanaşırıq və
çalışırıq ki, əkinə yararlı sahələr
yalnız öz təyinatı üzrə istifadə olunsun.
* * *
Ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu BAĞIROV mövcud vəziyyətlə
bağlı dövlətimizin başçısına məlumat
verərək dedi:
- Görülmüş tədbirlər
nəticəsində meteoroloji müşahidələr şəbəkəsi
texniki cəhətdən xeyli dərəcədə gücləndirilmişdir.
Eyni zamanda, beynəlxalq meteoroloji mübadilə
imkanlarından daha səmərəli istifadə olunur. Hazırda mayın 10-na qədər nisbətən
buludlu və lokal yağışlarla müşayiət olunan hava
şəraiti proqnozlaşdırılır. Çaylarda
suyun artmasına Gürcüstan ərazisində və
Türkiyənin şimal-şərq hissəsindəki
yağışlı hava, Azərbaycanın dağlıq
rayonlarında, Kiçik Qafqaz və Böyük Qafqaz
dağlarındakı sulu qar, yağış yağması səbəb
olmuşdur. Eyni zamanda, temperaturun qalxması nəticəsində
qışda toplanan qarın dağlarda əriməsi buna təsir
edir. Proqnozlara əsasən ayın 11-15-də
hava şəraiti sabit olacaqdır. Leysan
yağışları ilə bağlı verilən proqnoz
daha da dəqiqləşdirilmişdir: yağışların
intensivliyi azalacaqdır.
Hüseynqulu Bağırov
Kür çayının səviyyəsi ilə bağlı
müxtəlif bölgələrdə aparılan
müşahidələrin nəticələrindən də
danışdı:
- Hazırda
Yevlax və Zərdab rayonlarında Kürün səviyyəsində
artıq nisbətən azalma müşayiət olunur. Ondan
aşağı ərazilərdə hələ də cüzi
artmalar davam edir. Son gecədə Araz
çayında 4 santimetr, Bankədə 3 santimetr, Salyanda 7
santimetr artım müşahidə olunub. Amma
Yevlaxda 39 santimetr, Zərdabda 2-3 santimetr azalma müşahidə
edilib.
Prezident İlham ƏLİYEV:
- Bütün lazımi tədbirlər görülməlidir. Bir də demək istəyirəm ki, biz bu təbii fəlakətin nəticələrini tezliklə aradan qaldırmalıyıq. Bu gün və bundan sonrakı günlərdə bu işlər daha mütəşəkkil qaydada, əlavə texnikanı cəlb etməklə davam etməlidir. Ən əsası, bir də demək istəyirəm ki, kompleks tədbirlər planı tezliklə hazırlanmalıdır, qəbul edilməlidir. Bu il və gələn il bütün lazımi tədbirlər görülməlidir ki, gələcəkdə biz özümüzü belə fəlakətlərdən maksimum dərəcədə sığortalaya bilək.
AzərTAc
Azərbaycan.- 2010.- 8 may.- S.
2, 3.