Azərbaycanda söz, mətbuat
azadlığı bütün demokratik prinsiplərə cavab
verir
Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Bu nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır.
Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf meyilləri müşaiyət olunmağa başladı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.
O dövrdə ulu öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlandı. Kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları parladı. O illərdə mətbuat sosial ədalət uğrunda apardığı mübarizədə Heydər Əliyevin ən yaxın və etibarlı silahdaşına çevrilmişdi.
Keçmiş SSRİ-də ilk dəfə olaraq məhz Azərbaycanda korrupsiyaya qarşı ümummilli mübarizə başlanmışdı. Bütün bunlar cəmiyyətimizdə həyat tərzini, standart əxlaq, davranış qaydalarını, qarşılıqlı münasibətlərin keyfiyyətini kökündən dəyişir və bu dəyişikliyin baş verməsində Azərbaycan mətbuatı misilsiz rol oynayırdı. Təsadüfi deyil ki, çağdaş tarixşünaslığımızda ötən əsrin 70-80-ci illərinə köklü yeniləşmə, dinamiklik, milli ideallara sadiqlik dövrü kimi nəzər salınır və bu uğurlu tendensiya həmin illərdə peşəkarlığını, milli-mənəvi dəyərlərimizə sadiqliyini daha da yüksəldən Azərbaycan mətbuatına da şamil edilir.
Əsası Heydər Əliyev tərəfindən qoyulan bu xətt, ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycan respublikasında söz, mətbuat azadlığını dəyişməz bir həyat reallığına çevirmişdir. Ulu öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışı isə bu inkişafın ardıcıllığını, milli mətbuatımızın xaosdan, anarxiyadan qurtuluşunu, sosial məsuliyyətə əsaslanan söz azadlığı mühitinin yaranmasını təmin etmişdir.
Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı, ictimai-siyasi sabitliyin bərqərar olması, sosial-iqtisadi problemlərin həlli istiqamətində atılan addımlar ölkəmizdə söz və mətbuat azadlığının müdafiəsi, cəmiyyət həyatına digər demokratik dəyərlər kimi fikir plüralizminin də daxil olması üçün əsaslı zəmin formalaşdırdı.
Həmin dövrdən etibarən ölkəmizdə mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi sahəsində əməli tədbirlər həyata keçirildi.
Müstəqil Azərbaycan Respublikasının Heydər Əliyevin müəllifliyi ilə hazırlanan və qəbul edilən ilk Konstitusiyanın 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək hüquqları təsbit olundu. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycanda kütləvi informasiya vasitələri azaddır. Bu azadlıq ölkə vətəndaşlarının qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan qanuna əsasən kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onların idarə edilməsi, onlardan istifadə qanunvericililkdə nəzərdə tutulan hallar istisna olmaqla məhdudlaşdırıla bilməz.
Azərbaycan Avratlantik məkana inteqrasiya olunduqdan sonra söz və mətbuat azadlığının təmin edilməsi sahəsində bir sıra beynəlxalq konvensiyalara və sazişlərə də qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı. Bu fərman Azərbaycanda mətbuatın sürətli inkişafına ciddi təkan verdi və cəmiyyət həyatında KİV-in səmərəli rolunun artırılması sahəsində böyük rol oynadı.
Azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi istiqamətində verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat işçiləri ilə mütəmadi görüşlər ənənəsinin yaradılması, KİV-lə bağlı problemlərə operativ müdaxilə - bütün bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən faktlardır. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mətbuata düzgün münasibət, onun problemləri ilə daim məşğul olmaq dövlət quruculuğunun mühüm bir sahəsidir. O, mətbuatda sərt, ziddiyyətli meyilləri duyan kimi dərhal buna reaksiya verir, KİV nümayəndələri ilə görüşür, onlarla canlı dialoq keçirirdi.
Azərbaycanın 2001-ci ilin yanvarında tam hüquqlu üzv kimi Avropa Şurasına qəbulu milli mətbuatımızın inkişafı istiqamətində növbəti əhəmiyyətli addım oldu. Avropa Şurası qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq "Kütləvi informasiya vasitələri haqqında" Qanunda edilən əlavə və dəyişikliklər kütləvi informasiya vasitələrinin təsis olunması və onlardan istifadə imkanlarını qat-qat asanlaşdırdı, bu sahədəki vəziyyəti tam azad və sərbəst etdi. Bu dəyişikliklərdən sonra Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. İnkişaf etmiş bir sıra Qərb ölkələrinin mətbuata dair qanunvericilik təcrübəsinə uyğun olaraq Azərbaycanda da KİV-in qeydiyyatı ilə bağlı icazə sistemi aradan götürüldü. Yeni qəzet açmaq niyyətində olan hər bir hüquqi və fiziki şəxsə müvafiq dövlət orqanlarını xəbərdar etmək şərtilə icazə verildi. Mətbuat faktiki olaraq dövlət nəzarətindən çıxdı. Yalnız yeni yaranan televiziya və radio qurumlarına yayım tezliklərinin verilməsi məsələsi hökumətin nəzarətində qaldı. Azərbaycanda KİV-in qanunvericilikdə qadağan olunmayan istənilən mənbə tərəfindən maliyyələşdirilməsinə imkan verildi.
Eyni zamanda mətbu orqanlarda və elektron KİV-lərdə reklama qoyulan məhdudiyyətlər aradan qaldırıldı. Qanunvericilikdə aparılmış düzəlişlər əsasında məhkəmələr jurnalistləri informasiya mənbələrini açmağa ancaq üç halda, insanların səhhətinin qorunması, ağır cinayətlərin qarşısının alınması və ağır cinayət törətmiş şəxslərin onlar tərəfindən müdafiəsi hallarında məcbur edə bilərlər. Qanuna edilən düzəlişlərə əsasən həmçinin müvafiq icra hakimiyyətinin KİV-in fəaliyyətini dayandırması və müvafiq orqanlar tərəfindən jurnalistlərin akkreditasiyadan məhrum edilməsinə dair normaların ləğvi, jurnalistlərin hüquq və öhdəliklərinə aid maddələrin qanunvericilikdən çıxarılması daxildir.
Ulu öndər Heydər Əliyev 2001-ci ilin 18 dekabrında ölkənin bir qrup aparıcı KİV rəhbərləri ilə görüşündən sonra milli mətbuatımızın mövcud problemlərinin həlli və Azərbaycan jurnalistikasının inkişafı məqsədinə yönələn bir sıra tarixi qərarlara imza atmışdır. Bu sənədlər mətbuatın maddi-texniki bazasının daha da gücləndirilməsini, onlara güzəştli kreditlərin verilməsini, çoxsaylı qəzetlərin "Azərbaycan" nəşriyyatına olan borclarının dondurulmasını nəzərdə tuturdu.
"Söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Zəngin tarixi və mütərəqqi ənənələri olan Azərbaycan mətbuatı ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda demokratiya və siyasi plüralizmin mühüm vasitəsi kimi çıxış edir. Cəmiyyətdə aşkarlığın və şəffaflığın təmin edilməsində, aktual ictimai problemlərin ümumxalq müzakirəsinə çıxarılmasında, sosial ədalət prinsiplərinin müdafiəsində Azərbaycan mətbuatının rolu xüsusi qeyd olunmalıdır" - deyən Prezident İlham Əliyevin bu fikirləri dövlət başçısının ölkəmizdə mətbuat azadlığının ən böyük təminatçısı olduğunu bir daha nümayiş etdirir.
Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 illik yubileyi münasibətilə 150-yə qədər jurnalist ali dövlət mükafatları ilə təltif edilmiş, "əməkdar jurnalist" adı yenidən bərpa edilmiş, siyasi mövqeyindən asılı olmayaraq ölkənin gündəlik nəşr edilən bütün aparıcı mətbuat orqanlarına dövlət büdcəsindən 2 min manat məbləğində əvəzsiz maddi yardım göstərilmişdir.
Azərbaycan mətbuatının maddi-texniki vəziyyətinin yaxışılaşdırılmasının və problemlərinin həllinə yönəlmiş tədbirlərin davamı kimi dövlət başıçısının 2006-cı il 8 fevral tarixdə imzaladığı fərmanla qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 398 min manat borcu dövlət büdcəsi hesabına ödənilmişdir. Cənab İlham Əliyevin ölkəmizdə söz və mətbuat azadlıqlarının inkişafı istiqamətində həyata keçirdiyi siyasət, dövlət rəhbərinin hətta bəzən söz azadlığından siyasi, yaxud şəxsi məqsədlərlə istifadə etməyə çalışan jurnalistlərə münasibəti humanizm çalarları ilə zəngindir.
Prezident İlham Əliyev redaksiyaların və jurnalistlərin maddi durumunu yaxşılaşdırmaq məqsədilə mühüm addımlar atmışdır. Ölkə başçısı 31 iyul 2008-ci ildə imzaladığı "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncam bu baxımdan əhəmiyyətli sənəd oldu. Konsepsiyaya müvafiq olaraq 3 aprel 2009-cu ildə dövlət başçısı tərəfindən imzalanan digər sənəd - "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncam ölkəmizdə müstəqil mətbuatın inkişafında yeni mərhələnin əsasını qoydu. Mətbuatın inkişafına hərtərəfli dəstək verən dövlət başçısı qarşıya qoyduğu məqsədin "dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi" olduğunu bildirmişdir. Ölkə başçısının sərəncamı ilə dövlət orqanlarından, kütləvi inflormasiya vasitələrindən və jurnalist təşkilatlarından hər birindən 3 nəfər olmaqla 9 nəfər müəyyənləşdirilərək KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası yaradıldı. Fond səmərəli fəaliyyəti ilə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşmasına kömək göstərməkdədir.
Bütün bunlar bir daha sübut edir ki, bu gün Azərbaycanda azad mətbuat inkişaf edir və onun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, sosial sifarişə, ən əsası isə Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanır.
E.HACIALIYEV
Azərbaycan.- 2010.- 8
may.- S. 3.