Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir

 

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilmişdir.

Müşavirədə çıxış edən YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə partiyanın bütün rayon və şəhər təşkilatlarında müxtəlif səpkili tədbirlərin keçirildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ulu öndərin layiqli davamçısı ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan böyük uğurlar qazanır. Ölkəmiz sürətlə inkişaf edir. Bu inkişaf sadəcə, statistikada deyil, vətəndaşların həyatının köklü surətdə dəyişməsində özünü göstərir. Son illər həyata keçirilən siyasət nəticəsində Azərbaycanın siması yeniləşmiş, müasirləşmişdir. Bütün bunlar xalqımız tərəfindən tam dəstəklənir, dövlətimizin başçısına inamı daha da gücləndirir.

Müşavirədə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək partiyanın rayon və şəhər təşkilatlarının aparat işçilərinin attestasiyasının yekunları haqqında ümumi məlumat vermişdir.

Daha sonra qarşıda duran vəzifələr haqqında geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 may.- S.  1.