İnkişafın Azərbaycan modeli

 

2006-cı ilin aprel ayında Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Park inn" hotelində "Azərbaycan dinamik inkişaf yolunda: nəticələr və perspektivlər" mövzusunda konfrans keçirildi. Bir çox tanınmış iqtisadçıların iştirakı ilə keçirilən konfrans Azərbaycanın iqtisadi inkişaf modeli problemlərinin araşdırılmasına həsr edilmişdi. Məqsəd ölkənin heyrətamiz iqtisadi inkişafını ortaya gətirmiş model dəyişiklikləri barədə elmi söhbət aparmaq idi. Azərbaycanda yeni iqtisadi modelin formalaşması tezisi əslində ilk dəfə bu konfransda səsləndi.

Bu gün inkişafın Azərbaycan modeli hamılıqla qəbul olunan reallıq statusuna sahibdir. Onun artıq 2008-2009-cu illərin bütün dünyanı bürümüş maliyyə və iqtisadi böhranının ağır sınağından uğurla çıxmaq təcrübəsi də var.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il mart ayının 12-də ölkə regionlarının sosial - iqtisadi inkişafı proqramının həyata keçirilməsinə həsr olunmuş müşavirədə qeyd etmişdir: "Uğurlarımızın təməlində ciddi islahatlar dayanır. Azərbaycanın zəngin neft-qaz potensialı vardır və biz bu potensialdan böyük səmərə ilə istifadə edirik. Bununla bərabər aparılan islahatlar bugünkü sürətli inkişafı təmin edir."

 

Heydər Əliyevin birinci hakimiyyəti dövrü: inkişafın model dəyişiklikləri potensialı

 

Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövrünün möhtəşəm iqtisadi inkişafı həm onun həyat və fəaliyyətini araşdıranlar, həm də ölkə tarixinin müvafiq dövrünün tədqiqatçıları tərəfindən ətraflı işıqlandırılıb. Qısa zaman kəsiyində inanılmaz iqtisadi sıçrayışın tam mənzərəsi yaradılıb. İnkişafın sürətini və böyük vüsətini əks etdirən kifayət qədər statistika, nümunə və faktlar məlumdur. Həqiqətən, dinamikanın inanılmaz parametrləri heyrət doğurmaya bilmir.

Lakin, bu dövrün uğurlarının tədqiqatçılarının əməyinə layiqincə qiymət verməklə yanaşı, əhəmiyyətli bir məqamın diqqət mərkəzinə gətirilməsini çox vacib sayıram. Məsələ bundadır ki, Heydər Əliyevin birinci hakimiyyəti dövrünün uğurları əsasən Azərbaycanın sürətli inkişafı kimi təqdim edilir. Əlbəttə bu belədir. Amma bununla yanaşı Azərbaycan həm də sürətlə dəyişir, yeniləşirdi, iqtisadiyyatının strukturu fərqli parametrlər kəsb edirdi. İnkişaf təkcə istehsalın böyüməsi hesabına deyil, daha çox yeni, daha səmərəli istehsalların yaradılması sayəsində baş verirdi. Kənd təsərrüfatı qısa zaman içərisində taxılçılıq və maldarlıqdan daha məhsuldar, daha qəlirli pambıqçılıq, üzümçülük və tərəvəzçilik əsasına keçirildi, müasir sənaye sahələri yaradıldı. Azərbaycan SSRİ-də bir sıra kənd təsərrüfatı və qabaqcıl sənaye məhsulları istehsalı üzrə mərkəzə çevrilmişdi. Onun bu sahələrdə hegemon rolu heç harada və heç kim tərəfindən inkar edilmirdi.

Demək, söhbət təkcə iqtisadiyyatın böyüməsindən deyil, həm də yeni iqtisadiyyatın yaradılmasından gedirdi. Bu isə dərin, düşünülmüş islahatlar əsasında, iqtisadi sahədə model dəyişiklikləri sayəsində mümkün ola bilərdi.

Əlbəttə, tamamilə ideologiyalaşmış sovet iqtisadiyyatı şəraitində onun ayrıca götürülmüş bir hissəsində tam fərqli yeni iqtisadi modelin yaradılmasından söhbət gedə bilməzdi. Lakin mövcud imkanlar çərçivəsində Heydər Əliyev tərəfindən həyata keçirilən islahatların sistemli mahiyyəti aydın nəzərə çarpırdı və onun model dəyişiklikləri ünsürlərinə malik olduğunu iddia etmək mümkündür.

Azərbaycanın iqtisadi strukturunun dəyişdirilməsi hər şeydən əvvəl özündə model dəyişiklikləri ünsürləri daşıyırdı. Tezisin istinad nöqtəsi qismində inkişafın resursların daha geniş miqyasda cəlb edilməsi hesabına deyil, struktur təkmilləşdirilməsi sayəsində əldə edilməsinə söykənir. Kənd təsərrüfatında pambıqçılıq və üzümçülüyün sürətli inkişafı deyilənə ən bariz nümunə ola bilər. Qabaqçıl sənaye sahələrinin yaradılması, xüsusilə neft maşınqayırması və bir sıra müasir istehsal müəssisələrinin işə salınması deyilənlərə əyani misaldır.

 

Müstəqillik dövrünün Heydər Əliyev islahatları və Azərbaycanın müasir iqtisadiyyatının yaradılması

 

Beləliklə, Azərbaycanın müasir iqtisadiyyatının yaradılması sahəsində ilk və ciddi səylər Heydər Əliyev tərəfindən onun hakimiyyətinin birinci dövründə edilmişdir. 1993-cü ildə Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti seçilməsi təxminən 20 il əvvəl başlanılmış işlərin davam etdirilməsinə imkan açmış oldu. Əlbəttə, müstəqillik dövrünün islahatlarını sovet dövrünün islahatları ilə bir araya qoymaq düzgün olmazdı. Lakin bunların arasında məntiqi əlaqənin mövcudluğu da inkar edilə bilməz.

Müasir iqtisadiyyatın yaradılması məqsədilə Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyada birincilik palması, heç şübhəsiz, yeni iqtisadi münasibətlərin təməlinin qurulmasına aiddir.

Bazar iqtisadiyyatına keçid

Azərbaycanda müasir ictimai münasibətlər sisteminin yaradılması prosesi bir sıra mühüm xüsusiyyətlərə malik olduğundan bazar iqtisadiyyatının formalaşmasının da bəzi fərqli cəhətləri mövcuddur. Ən ümumi şəkildə Ermənistanın Azərbaycana ərazi iddiaları səbəbindən başlanan müharibə, ictimai, o cümlədən iqtisadi münasibətlərin ideoloji sistemin sərt nəzarətindən tədricən azad olması, mülkiyyət formalarının dəyişdirilməsinin ziddiyyətləri sözügedən prosesin fərqli cəhətlərini şərtləndirirdi.

Bazar iqtisadiyyatına keçid üçün seçilmiş yol nəticə etibarı ilə ölkənin iqtisadi modelinin əsaslarının yaradılmasında həlledici rol oynamışdır. Qeyd edilməlidir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi bu yolun nüvəsini əsaslı islahatlar təşkil edirdi.

Heydər Əliyevin bazar iqtisadiyyatına keçid konsepsiyasının baş xəttini mülkiyyətin özəlləşdirilməsi, iqtisadiyyatın dövlətin inhisarından azad edilməsi, şəxsi mülkiyyət hüququnun formalaşması əsasında azad sahibkarlığın yaradılması təşkil edir.

Heydər Əliyev iqtisadi siyasətinin diqqəti cəlb edən digər mühüm xüsusiyyəti azad bazar münasibətlərinin formalaşdırılması mərhələləri hesab edilə bilər. Yeni iqtisadi sistemin yaradılmasının xidmət sahələrinin, ticarətin, tikintinin, nəqliyyatın bir sıra səhələrinin özəlləşdirilməsindən başlaması bazar münasibətləri sisteminə yumşaq keçidi təmin etmiş oldu. Əldə edilən təcrübə digər sahələrin idarə edilməsində bazar iqtisadiyyatı üsullarından istifadə edilməsi imkanlarını əhəmiyyətli dərəcədə genişləndirdi.

 

Aqrar islahatlar

 

Azərbaycanın yeni iqtisadi modelinin yaradılmasında aqrar islahatların aparılmasının müstəsna rolu danılmazdır. Bu, əsas etibarı ilə bir yandan ölkə iqtisadiyyatının strukturu ilə bağlıdırsa, digər tərəfdən əhalinin yerləşməsi ilə şərtlənir. Azərbaycanda XX əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə inkişaf etmiş sənaye sahələrinin yaradılmasına baxmayaraq, iqtisadiyyatda kənd təsərrüfatı sektorunun xüsusi çəkisi yüksək olmaqda davam edirdi. Kənd təsərrüfatı işçi qüvvəsinin cəlb edilməsinin ən geniş sahələrindən biri kimi vacib rol oynayırdı. Digər tərəfdən, ölkə əhalisinin təxminən yarısı kənd yerlərində yaşayırdı. Əhalinin təxminən 40 faizdən çoxunun yaşadığı və işlədiyi kəndi bazar iqtisadi münasibətlərinə cəlb etmədən yeni iqtisadiyyatın yaradılması təmin edilə bilməzdi. Buna görə Heydər Əliyev aqrar islahatların aparılmasına xüsusi önəm verirdi. Daha doğrusu, kənddə yeni iqtisadi münasibətlər sisteminin yaradılması ulu öndər Heydər Əliyevin düşüncəsinə görə, aqrar islahat formasında həyata keçirilməli idi. Qeyd edilməlidir ki, torpaqların kollektiv, əslində dövlət təsərrüfatında birləşməsinə əsaslanan iqtisadi sistemin formalaşdırdığı stereotiplər fonunda belə bir ideyanın irəli sürülməsi və onun həyata keçirilməsi cəhdləri o zaman kifayət qədər riskli və cəsarətli addım idi. Çünki, torpaqların kəndlilərə paylanmasını nəzərdə tutan Heydər Əliyev aqrar siyasəti təkcə kəndin kollektiv təsərrüfat sistemini dəyişdirmirdi, əslində bütün təsərrüfat ukladını, kəndlinin həyat tərzini kökündən yeni qaydalar üzərinə keçirilməsinə əsaslanırdı. İlk mərhələdə iri kollektiv və dövlət təsərrüfatlarının əvəzində xırda fərdi təsərrüfatların səmərəliliyinin və həyat qabiliyyətinin təmin edilməsi, unudulmuş şəxsi təsərrüfatçılıq psixologiyasının yaradılması kimi çətin vəzifələr qarşıda dayanırdı. Bu isə, təbii olaraq, birbaşa ərzaq təhlükəsizliyi probleminə gedib çıxırdı. Digər ciddi problem kənddə işsizliyin kəskin surətdə artması ilə bağlı idi. Torpaqlar pay bölgüsü əsasında bölünə bilər, lakin onu əkib-becərmək üçün texnikanın yaranacaq bütün fərdi təsərrüfatlar arasında bölünməsi mümkün deyildi. Deməli, müəyyən müddət ərzində kəndliyə verilmiş torpaqların əhəmiyyətli hissəsinin işlənməsi təmin edilə bilməyəcəkdi.

Bütün bunlar həyata keçiriləcək aqrar islahatların riskləri idi. Lakin islahatların kökündə dayanan kənddə ədalətin bərpa olunması, kəndlidə zəruri sahibkarlıq hisslərinin formalaşdırılması prinsipləri və gələcək perspektivlərə inam cəsarətli addımların atılmasını qaçılmaz edirdi. Bu gün Azərbaycan kəndinin simasının kökündən dəyişməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində daxili imkanların rolunun getdikcə artması Heydər Əliyevin aqrar islahatlarının düzgünlüyünü sübuta yetirir.

 

Xarici investisiyaların cəlb edilməsi və ölkənin təbii sərvətlərindən istifadə edilməsi

 

Müstəqilliyin ilk illərində Azərbaycanın məlum səbəblərlə əlaqədar üzləşdiyi maliyyə sıxıntıları iqtisadiyyatın struktur dəyişikliklərini həyata keçirməyə, zəngin neft və qaz ehtiyatlarını işləməyə imkan vermədiyindən ölkəyə xarici sərmayələrin cəlb edilməsi çıxış yollarından biri kimi başa düşülürdü.

Heydər Əliyevin inkişaf strategiyasının tərkib hissəsi olan xarici investisiyaların cəlb edilməsi siyasəti çoxvektorluğu ilə seçilir. Əlbəttə, ilk olaraq Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının işlənməsi kimi strateji məqsəd güdülürdü. Daxili imkanların məhdudluğu şəraitində xarici sərmayənin cəlb edilməsi mahiyyət etibarilə ölkənin inkişaf maraqları ilə xarici kapitalın maraqlarının əlaqələndirilməsinə istinad edən iqtisadi kompromis xarakteri daşıyırdı. Bir tərəfdə Azərbaycanın zəngin neft və qaz ehtiyatlarının işlənməsi, digər tərəfdə isə ayrı-ayrı beynəlxalq şirkətlərin biznes maraqları dayanırdı.

Yeni inkişaf modelinin formalaşması nöqteyi-nəzərindən xarici kapitalın cəlb edilməsi bir sıra ölkələrin təcrübəsində sınanmış üsullardan sayılır. Azərbaycanın timsalında bu, maraqların uzlaşması və tarazlaşması zəminində tərəflərdən biri Azərbaycan olan transmilli korporasiyanın yaradılması formasında meydana gəlmiş oldu. Artıq Azərbaycanın milli iqtisadiyyatında onu qlobal iqtisadiyyata sıx bağlayan əhəmiyyətli həlqə meydana gəlmişdi. Bunun sayəsində ölkənin zəngin karbohidrogen ehtiyatları böyük maliyyə vəsaitlərinə çevrilməklə sonrakı iqtisadi və sosial inkişafın fundamental təməli rolunu oynamağa başladı.

Xarici sərmayə iqtisadiyyatın dirçəlişi üçün ilkin kapital rolunu oynamaqla yanaşı daxili iqtisadi struktur islahatlarının aparılmasına, yeni istehsal münasibətlərinin və sahələrinin meydana gəlməsinə, inteqrasiya meyillərinin genişlənməsinə və güclənməsinə, müasir idarəetmə metodlarının qərarlaşmasına təkan verdi.

Diqqəti çəkən məqam ondan ibarətdir ki, ölkənin neft və qaz sektoruna cəlb edilən böyük xarici kapital Azərbaycanda iqtisadi cəlbedicilik mühitinin formalaşmasında müstəsna rol oynamaqla, əslində iqtisadi inkişaf modelinin əhəmiyyətli ünsürlərindən birinin qərarlaşmasına etibarlı təminat verdi. Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul edilməsi, ölkə iqtisadiyyatının xarici sərmayələr üçün cəlbediciliyi, əlverişli investisiya mühitinin təminatı baxımından Azərbaycanın yüksək reytinqə malik olması onun iqtisadi modelinin fərqləndirici xüsusiyyətləri və tərkib hissələridir.

 

Bazar münasibətləri və sosial ədalət prinsiplərinin əlaqələndirilməsi əsasında sosial bazar elementlərinin formalaşması

 

Sosializmdən kapitalizmə keçidin çoxsaylı çətinlikləri içərisində bazar münasibətləri ilə sosial ədalət prinsiplərinin əlaqələndirilməsi xüsusi qeyd olunmağa layiqdir. Klassik mənada qavranılan hər iki münasibətlər sisteminin daxili antaqonizmi ilk növbədə onların uzlaşmasını qeyri-mümkün edir. Hər kəsin əməyinə və bacarığına uyğun həyat keyfiyyəti vəd edən kapitalizmdən fərqli olaraq "hər kəsə tələbatına görə" bölgü prinsipini bəyan etmiş sosializmin dəyərləri sisteminin barışığının təmin edilməsi, təbii olaraq, həlli müşkül olan məsələ kimi qavranılır. Lakin iki sosial-iqtisadi sistemin yarışında uğursuzluğa düçar olmuş sosializmin yeni iqtisadi sistemlə əvəzlənməsi tarixi zərurət olduğu kimi, "hər kəsə tələbatına görə" prinsipi ilə insanların beyinlərini doldurmuş sosializmin sosial ədalət çağırışlarının birdən-birə unudulması da mütləq şəkildə sosial narazılıq katalizatoruna çevrilmək perspektivi vəd edirdi. Buna görə bu iki antaqonist sistemin təmas nöqtələrinin axtarılıb tapılması tələb olunurdu.

Qeyd olunmalıdır ki, müstəqilliyin ilk illərini müşayiət edən iqtisadi və sosial sıxıntılar 70 il ərzində insanların həyatlarından daha çox beyinlərinə daxil olmuş sosial ədalət prinsiplərini yenidən müəyyən dərəcədə populyarlaşdıra bilmişdi. Həm də artan işsizlik, yoxsulluq və digər sosial problemlər sosial ədalət prinsipinə dövlətin diqqətinin artırılmasını qaçılmaz edirdi. Müvəqqəti olsa da müstəqilliyin ilk illərində xeyli sosial problemlərlə üz-üzə qalmış insanların ehtiyaclarının bir qisminin dövlətin üzərinə götürülməsindən savayı çıxış yolu qalmırdı.

Nəhayət, bazar münasibətləri ilə sosial ədalət prinsiplərinin əlaqələndirilməsi Azərbaycanın formalaşdırılan Heydər Əliyev modelinin humanist mahiyyətindən irəli gəlirdi.

Həllini gözləyən növbəti məsələ sözügedən iki bir-birinə əks sistemin uğurlu, həyat qabiliyyətli sintezinin yaradılmasından ibarət idi. Elə bir sintez yaradılmalı idi ki, həm inkişafa təminat verən yeni iqtisadi sistem qərarlaşa bilsin, həm də həyata keçirilən əsaslı islahatlar sosial ədalətsizlikdə maddiləşməsin.

Nəticədə Heydər Əliyevin uzaqgörənliyi və müdrikliyi azad bazar münasibətləri ilə sosial ədalət prinsiplərinin elə səmərəli sintezinin yaradılmasına gətirib çıxartdı ki, bunu sosial bazar modeli adlandırmaq mümkündür. Bir tərəfdə azad sahibkarlıq, iqtisadi rəqabət, şəxsi mülkiyyət münasibətləri və onların yaratdığı yeni dəyərlər sistemi, digər tərəfdə isə əhalinin sosial qayğıları və ehtiyaclarının tam bir dəstinin dövlətin üzərinə qoyulması. Bu gün insanın bütün qabiliyyətlərinin aşkar edilməsinə və həvəsləndirilməsinə meydan açan ictimai münasibətlər qocalığa görə pensiya, sosial pensiya təminatı, pulsuz səhiyyə və təhsil sistemi və sair sosial ədalət prinsipi elementləri ilə birgə fəaliyyət göstərir.

 

Yeni inkişaf modeli əməli fəaliyyətdə

 

İnkişafın yüksək dinamikası

 

Azərbaycanın son illərdə müşahidə olunan yüksək inkişaf dinamikası onun formalaşan modelinin aprobasiyası sayıla bilər. 2004-cü ildən başlayaraq iqtisadiyyatda əldə olunan yüksək artımın dalbadal təkrarlanması həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda Azərbaycan modeli haqqında iddiaların meydana çıxması ilə nəticələndi. 2004-cü ildə iqtisadi inkişafın təxminən 25 faizlik nəticəsinin ardınca 2005-ci ildə təxminən 34 faizlik artım bu iddiaların ciddi əsaslara söykəndiyindən xəbəb verirdi. Eyni göstəricilərin növbəti illərdə təkrarlanması inkişafın yeni bir möcüzəsinin - Azərbaycan modelinin qəti şəkildə qərarlaşdığını sübuta yetirdi.

İnkişafın yüksək dinamikası, bir yandan Azərbaycan modelinin təzahür forması, digər tərəfdən isə təsdiqləyici amili kimi çıxış etməkdədir.

Təxminən 10 il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə artması, dövlət büdcəsinin gəlirlərinin 10 dəfədən çox yüksəlməsi həyata keçirilən iqtisadi və infrastruktur islahatları nəticəsində yaranan yeni iqtisadi münasibətlərin səmərəli fəaliyyətinin inkaredilməz reallığıdır. Artıq özünü təsdiqləmiş Azərbaycan modelinin daha bir sınaq imtahanı 2008-2009-cu illərin ağır, dünyanın əksər ölkələrini bürümüş maliyyə və iqtisadi böhranı hesab edilir. Ən böyük iqtisadiyyata malik ölkələri lərzəyə gətirən qlobal iqtisadi böhranın ən az təsir göstərə bildiyi ölkələrdən birinin məhz Azərbaycan olduğu heç kimdə şübhə doğurmur. Ölkəmizin iqtisadiyyatının qlobal böhranın həmlələrinə dayanaqlı müqaviməti dünyanın əksər iqtisadi və maliyyə mərkəzlərinin hesabatlarında özünün əksini tapıb.

 

Regionların inkişafının tarazlaşdırılması

 

Azərbaycan modelinin mühüm xüsusiyyətləri arasında regional inkişafın sürətləndirilməsi xətti ayrıca əhəmiyyət kəsb etməkdədir. Belə bir xəttin yeridilməsi zərurəti ölkə iqtisadiyyatında XX əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərinə təsadüf edən tənəzzül prosesləri nəticəsində yaranan inkişafın qeyri-bərabərliyindən qaynaqlanır. İnkişaf etmiş Bakı ilə geridə qalmış regionlar arasında disbalans iqtisadiyyatda kifayət qədər nataraz və səmərəsiz strukturun yaranmasına səbəb olmuşdu. Bu isə öz növbəsində ölkə iqtisadiyyatının inkişafı qarşısında ən böyük maneələrdən idi. Qeyri-tarazlıq inkişafın ahəngdar gedişini əngəllədiyindən mərkəzlə əyalətlər arasında fərqlər də getdikcə artmaqda davam edirdi.

Digər tərəfdən isə, ayrı-ayrı bölgələr arasında böyük fərqlər ümumilikdə ölkə iqtisadiyyatının vahid balansında əks olunaraq onun kəmiyyət göstəricilərinə mənfi təsirini göstərirdi. Üstəgəl, zəif iqtisadi göstəricilər regionların sosial ehtiyaclarının öz imkanları hesabına ödənilməsini qeyri-mümkün etdiyindən, əksər regionların mərkəzi büdcədən dotasiyalar hesabına yaşamasını qaçılmaz edirdi. Nəticədə, inkişafa sərf edilməli olan vəsaitlər məcburi olaraq regionların sosial ehtiyaclarının ödənilməsi məqsədlərinə ünvanlanırdı.

Vəziyyətin köklü surətdə dəyişdirilməsi 2004-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair dövlət proqramının qəbul edilməsi və ardıcıl surətdə həyata keçirilməsi sayəsində mümkün oldu. Qəbul edilən proqramın həyata keçirilməsi sayəsində baş verən dəyişikliklər ümumiləşdirilmiş şəkildə aşağıdakılarda öz ifadəsini tapdı:

- iqtisadiyyatın strukturunda disbalans tədricən aradan qaldırıldı;

- yüz minlərlə yeni iş yerləri açıldı, iş qüvvəsindən səmərəli istifadə əmsalı yüksəldi, işsizliyin aradan qaldırılmasına böyük dəstək verildi;

- regionlarda iqtisadi fəallıq əhəmiyyətli dərəcədə yüksəldi;

- ölkə iqtisadiyyatının ümumi inkişafında regionların xüsusi çəkisi nəzərə çarpan dərəcədə yüksəldi;

- regionların infrastukturu təkmilləşdirildi ki, bu da öz növbəsində artan iqtisadi amil effekti yaratmış oldu;

- regionların sosial siması dəyişdi və beləliklə də ümumi iqtisadi fəallığa əhəmiyyətli təsir göstərmək gücünə malik olan digər amil - əhalinin sağlam, yüksək ovqatı formalaşdı.

Bu gün Azərbaycanın davamlı iqtisadi yüksəlişində regionların daim artan rolu hamı tərəfindən etiraf olunur və yeni inkişaf modelinin vacib tərkib hissəsi kimi qiymətləndirilir.

 

Modernləşmə strategiyası

 

Müasirləşmə Azərbaycanın hazırkı inkişafının mahiyyətini ifadə edən əsas xüsusiyyətlərdən biri kimi qiymətləndirilir. Azərbaycan modeli dedikdə hər şeydən əvvəl iqtisadiyyatın və həyatın digər sahələrinin modernləşməsi prosesi və onun yaratdığı reallıqlar başa düşülür.

Azərbaycanın inkişaf modeli kontekstində modernləşmə onun fundamental əsaslarından biri, bəlkə də ən əhəmiyyətlisi qismində qəbul olunur. Ölkənin mövcud reallıqları və gələcək perspektivləri təkzibedilməz şəkildə sübuta yetirir ki, modernləşmə Azərbaycan timsalında möhtəşəm inkişaf resursuna sahibdir. Məhz həmin inkişaf resursunun hərəkətə gətirilməsi Azərbaycanın son illərdə sürətli tərəqqisinin təmin edilməsində birbaşa iştirak etməkdədir.

Azərbaycan reallıqlarında moderinləşmə əhatəli məzmunu ilə fərqlənir və fikrimcə, aşağıdakı struktura sahibdir:

- iqtisadi modernləşmə;

- infrastrukturun yeniləşməsi;

- məskunlaşma və həyatın təşkili sahəsində modernləşmə.

Azərbaycanın inkişaf modelində iqtisadi modernləşmə istehsalın artım templərinin əsas təminatçısı məqsədlərini güdür. Milli iqtisadiyyatın struktur dəyişikliklərindən tutmuş yeni texnologiyaların tətbiqi, istehsal mədəniyyətinin artırılması, dünya iqtisadi sisteminə qovuşmağa imkan yaradan yeni sahələrin və istehsalların meydana gəlməsinə qədər geniş spektri əhatə edən iqtisadi modernləşmə Azərbaycanın bazar iqtisadiyyatının əsaslarının bərqərar edilməsi prosesinin ümumi mənzərəsini tam dolğunluğu ilə əks etdirir.

Müasirləşmə strategiyasının uğurlu taleyində ölkədə həyata keçirilən infrastruktur siyasətinin xüsusi çəkisi nəzərə çarpan dərəcədə yüksəkdir. Hər şeydən əvvəl bu, iqtisadi mühitin yaxşılaşdırılmasında, istehsal şəraitinin təkmilləşdirilməsində ifadə olunur. Yollar və körpülər şəbəkəsinin genişləndirilməsi və yaxşılaşdırılması, digər infrastruktur obyektlərinin tikilməsi nəticə etibarı ilə ölkədə iqtisadi artıma birbaşa təsir edir, iqtisadi amil rolunda çıxış edir.

İnfrastruktur siyasəti habelə müəyyən mənada sosialyönümlü siyasət formasında özünü büruzə verir. Xüsusilə də, böyük neft gəlirlərinin ədalətli bölgüsündə sözügedən siyasətin xüsusi rolu ayrıca qeyd oluna bilər. 2008-2009-cu illərin qlobal maliyyə və iqtisadi böhranı zamanı işsizliyin artmasının, yoxsulluğun yüksəlməsinin qarşısının alınmasında genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinin faydası misal gətirilə bilər.

Azərbaycanın modernləşmə xəttinin mahiyyətini və mənzərəsini ölkənin simasının bütünlükdə dəyişdirilməsinə yönəldən əsaslı yenidənqurma və abadlıq işləri daha sintetik şəkildə əks etdirir. Bu bir yandan həyatın yeni standartlarının yaradılması məqsədləri güdürsə, digər tərəfdən istehsal mədəniyyətini artırır. Onu da xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycanın paytaxtdan tutmuş regionlara qədər bütünlükdə dəyişən görkəmi ölkənin simasını müasirləşdirməklə yanaşı, həm də əhalinin ictimai ovqatının yeni obrazını formalaşdırır, müasir dünyagörüşünün qərarlaşmasına bilavasitə təsir edir, bütünlüklə yeni Azərbaycan modelinin bitkin məzmununun meydana gəlməsinə xeyli təsir göstərir.

 

İnsan faktoruna istinad

 

Azərbaycanın müasir inkişafı bir çox amillərin yaxından iştirakı sayəsində təmin edilir. Ölkənin iqtisadi potensialı, geniş işçi qüvvəsi, inkişaf etmiş infrastrukturu, xüsusilə də zəngin təbii ehtiyatları son illərin yüksək iqtisadi dinamikasını şərtləndirmişdir. Heydər Əliyevin böyük uzaqgörənliyinin nəticəsi olan neft strategiyası, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxardılması şahidi olduğumuz iqtisadi yüksəlişin təmin edilməsinə müstəsna töhfələr verib. Bundan sonra da uzun illər Azərbaycana məxsus neft və təbii qaz ehtiyatları onun davamlı tərəqqisini təmin etmək iqtidarındadır. Ölkənin təbii ehtiyatları belə bir iddianı irəli sürməyə tam əsas verir.

Bununla yanaşı, birmənalı şəkildə vurğulanmalıdır ki, Azərbaycanın inkişaf modeli yalnız təbii sərvətlər amilinə arxalanmır. Hazırda inkişafda sözügedən amilin xüsusi çəkisinin xeyli çox olmasına baxmayaraq, əslində həmin resurslar yeni iqtisadi potensialın yaradılması məqsədlərinə sərf olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün qarşıya iqtisadiyyatda dominant rol oynayan neft kapitalının insan kapitalına çevrilməsi kimi mühüm vəzifə qoyulmuşdur.

Deyilən taktikanın seçilməsi səbəbləri aydın və sadədir. Əvvəla, nə qədər zəngin olsa da, istənilən təbii sərvət tükənən resursdur və bu baxımdan inkişaf modelinin yalnız onun üzərinə qoyulması istər-istəməz inkişafı məhdud çərçivəyə alır.

Digər tərəfdən, qlobal iqtisadiyyatın gündən-günə ağırlaşan rəqabət mübarizəsi şəraitində müasir texnologiyaların tətbiqinə əsaslanan milli iqtisadiyyat strukturu yaradılmadan:

a) müasir beynəlxalq iqtisadi sistemə tam inteqrasiya etmək;

b) rəqabət qabiliyyətli iqtisadiyyat yaratmaq;

c) uzunmüddətli iqtisadi yüksəlişi təmin etmək mümkün deyil.

Bununla əlaqədar olaraq Azərbaycan modeli dedikdə daha çox yüksək texnologiyalı iqtisadiyyatın yaradılması, informasiya və kommunikasiya texnologiyalarının sahələrinin inkişaf etdirilməsi, iqtisadiyyatın intellektual çəkisinin artırılması başa düşülür. Elmin və təhsilin inkişafına dövlətin xüsusi diqqəti, təhsil almaq üçün dövlət hesabına dünyanın aparıcı universitetlərinə çoxlu sayda tələbələrin göndərilməsi, yeni texnologiya sistemlərinin yaradılmasının dövlət tərəfindən həvəsləndirilməsi və s. bu qəbildən olan tədbirlər Azərbaycanın inkişaf modelində insan amilinin həlledici yer tutduğuna nümunədir.

2010-cu il mart ayının 12-də keçirilən müşavirədə Azərbaycanın iqtisadi inkişafının perspektivləri haqqında düşüncələrini bölüşərkən Prezident İlham Əliyev demişdir: "Biz irəliyə baxmalıyıq. 50 ildən sonra nə olacaq? Azərbaycanın enerji mənbələri tükənməyə başlayandan sonra nə edəcəyik? Biz bu gün bu vacib infrastrukturu yaratmaqla, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarla, investisiyaları cəlb etməklə inkişafın davamlılığını təmin edəcəyik."

Beləliklə, Azərbaycanın inkişaf modeli qərarlaşıb və fəaliyyətdədir. Hədəflər isə seçilib. Qarşıda qüdrətli, zəngin, güclü Azərbaycan yaradılması vəzifəsi dayanır.

 

 

Əli ƏHMƏDOV,

Yeni Azərbaycan Partiyasının

sədr müavini - icra katibi,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.- 8 may.- S.  4.