Elmi-intellektual inkişafı təmin edən rəhbər

 

İqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq sosial-iqtisadi modernləşmənin keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycanın qısa zamanda ictimai həyatın bütün sahələrində əldə etdiyi yüksək nailiyyətlər təbii olaraq siyasi və elmi-fəlsəfi dairələrdə geniş müzakirə mövzusu olmuşdur. Hazırda dünyanın ən müxtəlif nüfuzlu iqtisadi mərkəzləri respublikamızın davamlı iqtisadi yüksəlişi timsalında XXI əsrin yeni iqtisadi fenomenini görür, "İnkişafın Azərbaycan modeli"nin mahiyyətini öyrənməyə çalışırlar. Ən fərqli rəylər, fikir və mülahizələr isə məhz bu nöqtədə birləşir ki, Azərbaycanın hazırda dayanıqlı və möhkəm təməl üzərində sürətli inkişafı məhz ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-80-ci illərdə uzaqgörənliklə formalaşdırdığı iqtisadi-siyasi, mənəvi potensiala söykənir.

 

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilən ulu öndər Heydər Əliyev ilk gündən hər cür ideoloji-siyasi baryerlərə sinə gərərək xalqın milli özünüdərki üçün zəruri tədbirlər həyata keçirməyə başlamış, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişlərə ruhlandırmağı bacarmış, xalqda milli heysiyyatı gücləndirmək, onu şanlı keçmişinə, soy-kökünə qaytarmaq, habelə zəngin mədəni irsini yaşatmaq naminə bir sıra tədbirlər görmüşdür.

Bugünkü müstəqil Azərbaycan dövlətinin iqtisadi-siyasi əsaslarının, milli kadr potensialının formalaşması, respublikada strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin açılması da məhz ötən əsrin 70-80-ci illərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyətli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsası formalaşdırılmışdır. Böyük strateqin təkidi ilə keçmiş ittifaq rəhbərliyi respublikamızda bir sıra iri müasir maşınqayırma, kimya, neft-kimyası, elektron sənayesi, əlvan və qara metallurgiya, toxuculuq, yeyinti, emal müəssisələrinin tikintisinə razılıq vermiş, paralel olaraq energetika və nəqliyyat kompleksi inkişaf etdirilmişdir. Həmin illərdə Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə inşa olunan iri müəssisələr bugünün özündə də iqtisadiyyatın güclü sənaye kompleksinin formalaşmasına zəmin yaradan möhkəm təməldir. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev o dövrün ağır şərtləri, məhdudiyyətləri çərçivəsində də xalqımızın gələcək rifahı üçün əlindən gələni əsirgəməmiş, bəzən mümkün görünməyəni reallığa çevirmişdir. Çox sonralar nitqlərinin birində "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da sən xalqın, millətin üçün nə edirsən. Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı" - deyən Heydər Əliyev həmin dövrü Azərbaycanın inkişafında mühüm mərhələ kimi səciyyələndirmişdir.

Həmin dövrdə cəmiyyətin ən müxtəlif sahələrində nizam-intizamın, haqq-ədalətin təminatına çalışan, bunu məmurluğun formuluna çevirən ulu öndər bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağa çalışmışdır. "Qoy, ədalət zəfər çalsın!" devizindən çıxış edən ümummilli lider qanunçuluğun, hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş, xalqın hüquqlarının əzmkar və cəfakeş müdafiəçisinə çevrilməklə, milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmlənməsinə nail olmuşdur.

Ötən əsrin 70-80-ci illərində küçə və meydanlara, dövlət idarələrinə, dükan-mağazalara sərbəst baş çəkərək xalqı narahat edən, qayğılandıran problemləri yaxından öyrənən və bunun nəticəsi kimi yüksək vəzifəli məmurlara münasibətini müəyyənləşdirən ulu öndər hər zaman xalqa yaxın olmağa çalışmışdır. Heydər Əliyev insanların üzləşdiyi çətinlikləri yerindəcə öyrənməyi və onları aradan qaldırmaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirməyi idarəçilikdə mötədil ənənə kimi formalaşdırmış, hakimiyyət məmurlarının sadə xalq kütlələri ilə münasibətlərdəki hər cür psixoloji baryerə, bürokratik əngəllərə qarşı çıxmışdır. Ulu öndər idarəçilikdə özünütənqid ruhunu vacib saymış, hələ o zamandan mətbuatın açıq tənqidi materiallar dərc etməsinə lazımi siyasi mühit yaratmış, demokratik meyillərin rüşeym halında cücərməsini təmin etmişdir.

Həmin dövrdə milli düşüncəli vətənpərvər ziyalılarımızın imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, insanlarda milli dövlətçilik hissini gücləndirən sanballı əsərlər yazıb-yaratması Heydər Əliyevin böyük dəstəyi sayəsində mümkün olmuşdur. Keçən əsrin 60-cı illərinin sonuna doğru mərhum akademik Ziya Bünyadov və onun ətrafına yığışmış bir neçə gənc vətənpərvər alim böyük siyasi cəsarətlə Azərbaycanın Rusiyaya könüllü birləşməsi fikrini təkzib edən mülahizələr irəli sürmüş, bu hadisənin yubileyinin qeyd edilməsinin əleyhinə çıxmışdılar. Buna görə onları böyük cəza gözləsə də, Heydər Əliyev bu vətənpərvər tarixçilərin təhlükəsizlik orqanlarının sərt təqibləri, repressiyaları ilə üzləşməsinə imkan verməmişdir. Ümummilli lider sonralar bu hadisəni xatırlayarkən demişdir: "...EUniversitetdə bir neçə adam Azərbaycan tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü girmişdi, yaxud məcburi girmişdi. Bunu o vaxtlar şişirtdilər. Bu, böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənarda yaşayırlar. Mən bu məsələnin şişirdilməsinə imkan vermədim".

Həmin dövrdə bədnam qonşularımız görkəmli tarixçi alim Ziya Bünyadovun "Atabəylər dövləti" kitabını dövlət mükafatına layiq görən Heydər Əliyevin özünü belə, millətçilikdə, şovinizmdə ittiham edirdilər. Lakin ulu öndər belə ittihamlara qətiyyən fikir vermir, milli yüksəlişə xidmət missiyasını davam etdirirdi. Xatırlatmaq yerinə düşər ki, ötən əsrin 70-ci illərində məşhur "Gülüstan" poemasını yazdığına görə DTK-nın təqiblərinə məruz qalmış mərhum şair Bəxtiyar Vahabzadə də məhz ulu öndər Heydər Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində həbs olunmaqdan qurtulmuşdu. Repressiyaya məruz qalaraq 1937-ci ildə Sibirə sürgün olunmuş görkəmli ziyalı və dramaturq Hüseyn Cavidin nəşini 1981-ci ildə Uzaq Sibirdən Azərbaycana gətirmək üçün apardığı mübarizə də ulu öndərin milli irsə ehtiramla yanaşan, heç bir siyasi riskdən çəkinməyən şəxsiyyət olduğunu bir daha təsdiqləyir.

Ulu öndər Heydər Əliyev sağlığında milli təmayüllü kommunist kimi müxtəlif təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra isə unutdurulmağa çalışılan görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanovun 100 illik yubileyini qeyd etmək, onun heykəlini ucaltmaq üçün Sovet imperiyasının rəhbərliyi ilə danışıqlara iki il vaxt sərf etmişdi. Nəticədə Azərbaycan KP MK bürosunun 1972-ci il mayın 24-də keçirilən iclasında Nəriman Nərimanovun Bakı şəhərində heykəlinin ucaldılması barədə qərar qəbul etmişdir. Ulu öndər eyni zamanda görkəmli ədibin 1977-ci ildə Rusiyanın Ulyanovsk şəhərində əzəmətli abidəsinin ucaldılmasını təmin etmişdir. Bu addımları ilə Heydər Əliyev, əslində Nəriman Nərimanova görkəmli dövlət xadimi kimi bəraətin verilməsinə, onun ədəbi irsinin təbliğinə, cəmiyyətə daha yaxından tanıdılmasına çalışmışdır.

Ulu öndərin respublikaya birinci rəhbərliyi illərində Azərbaycan ziyalıları - tarixçilər, yazıçı və publisistlər şanlı keçmişimizin mümkün qədər obyektiv tədqiqi və qələmə alınması istiqamətində ilk addımlarını atmağa başlamışlar. Respublika yazıçılarının 1976-cı ilin may ayında keçirilmiş qurultayında iştirak etmiş Heydər Əliyev tədbirdə geniş nitq söyləyərək milli ədəbi düşüncənin, onun inkişaf istiqamətlərinin, problemlərinin həlli yollarının dərin bilicisi olduğunu göstərmişdir. Böyük strateq elm xadimlərinə xalqın qədim tarixi, soy-kökü ilə bağlı olan yazılı abidələrin dərindən öyrənilməsini tövsiyə etmiş, azərbaycanlıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaları üçün tərcümə işinin qaydaya salınmasının vacibliyini vurğulamışdır.

Ümummilli lider həmin illərdə milli kadrların yetişdirilməsi işinə də xüsusi qayğı ilə yanaşmış, bu məqsədlə təhsilin səviyyəsinin yüksəldilməsini önə çəkmişdir. O dövrdə milli-mütərəqqi fikrin və ictimai düşüncənin başlıca mərkəzi kimi çıxış etməklə flaqman ali məktəb statusunu qoruyub saxlayan, milli kadr hazırlığında əsas yükü üzərinə götürən Azərbaycan Dövlət Universitetinə diqqət və qayğının artırılması, bu təhsil ocağının fəaliyyətinin gücləndirilməsi də daim Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Heydər Əliyev yaxşı bilirdi ki, universitet auditoriyalarında, kafedralarında işləyən, dərs deyən müəllimlər Azərbaycan xalqının mənliyinin, milli şüurunun, milli ruhunun inkişaf etdirilməsi prosesində müstəsna rol oynayırlar. 1969-cu il 1 noyabr tarixdə universitetin 50 illik yubileyinin keçirilməsinə qərar verməsi və həmin toplantıda Azərbaycan dilində dərin məzmunlu nitq söyləməsi də onun bu elm məbədinə verdiyi yüksək qiymətin təzahürü kimi bu gün də rəğbətlə xatırlanır. Heydər Əliyev həmin dövrdən Azərbaycanın inkişafını və intibahını məhz bu ali təhsil ocağında axtarmış, Bakı Dövlət Universitetində layiqli kadrların yetişdirilməsi üçün əlindən gələni əsirgəməmişdir. Universitetə hər zaman müqəddəs məbəd kimi yanaşmış, bu müqəddəsliyə xələl gətirə biləcək mənfi təzahürlərin aradan qaldırılması üçün yeri gələndə hətta sərt addımlardan belə çəkinməmişdir. Eyni zamanda ali məktəblərə qəbul prosesində özünü göstərən neqativ halların qarşısını almaq, ölkənin hüquq sistemini saflaşdırmaq üçün vəzifəli şəxslərin övladlarının o zamankı Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmasını yasaqlayan qərar qəbul etmişdir. O dövrə qədər yalnız vəzifə sahiblərinin övladlarının təhsil aldığı hüquq fakültəsinə fəhlə-kəndli balaları da qəbul olunaraq gələcəyin peşəkar hüquqşünasları kimi yetişmək, hüquqi dövlət quruculuğu prosesinə öz töhfələrini vermək imkanı qazanmışlar.

Ulu öndər ADU-nun 60 illik yubileyinin təşkilinin də əsas təşəbbüskarı olmuş, 1980-ci ildə keçirilmiş həmin mərasimdə iştirak edərək təbrik nitqi söyləmişdir. Sovetlər birliyi dövründə universitetin beynəlxalq əlaqələrinin genişlənməsi də məhz Heydər Əliyevin respublikada rəhbərliyə gəlişindən sonra mümkün olmuşdur. Universitet bir sıra dövlətlərin analoji ali təhsil müəssisələri ilə əməkdaşlığa başlamış, beynəlxalq əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.

Ümumiyyətlə, 1969-1982-ci illərdə Azərbaycanda humanitar və ictimai elm sahələrində böyük irəliləyişlər əldə edilmiş, dilimizin, tariximizin, folklorumuzun tədqiqi sahəsində uğurlu nəticələr qazanılmışdır. Sovet rejiminin sərt qanunlarına baxmayaraq, respublikada böyük iqtisadi, elmi və ədəbi-mədəni potensialın yaradılması da məhz bu uzaqgörən siyasətin nəticəsidir. Xalqın azadlıq idealları, XX əsrin əvvəllərindəki azərbaycançılıq, dövlətçilik dəyərləri ictimai şüurda geniş meydan tapmışdır. Milli-mənəvi şüura qayıdış çağdaş milli varlığın təsdiqi kimi reallaşmış, zəruri tarixi-mənəvi prosesə çevrilmişdir. Ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan xalqının milli "Mən"ini qorumaq üçün ayağa qalxıb ermənilərin ərazi iddialarına sərt reaksiya verməsi, ölkədə milli-azadlıq hərəkatının genişlənməsi də məhz bu möhkəm ideoloji-siyasi təmələ əsaslanmışdır.

Ulu öndərin fitri idarəçilik keyfiyyətləri sırasında onun ən ekstremal, çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə ictimai mənafeləri özündə tamamilə ehtiva edən qətiyyətli, eyni zamanda, yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti də heç zaman xatirələrdən silinmir. Tarixi zərurətin diktəsi, xalqın təkidli istəyi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinin qarşısını almışdır. Bakıya qayıtdıqdan sonra ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider humanitar və ictimai elmlərin yeni dövrün tələblərinə uyğunlaşdırılması, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı alimlər qarşısında yeni tələblər müəyyənləşdirmişdir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ilin 28 sentyabrında ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçməklə, intellektual potensialın daşıyıcıları olan elm xadimlərinin, ziyalıların cəmiyyətdəki roluna necə böyük önəm verdiyini bir daha nümayiş etdirmişdir. Böyük strateq yeni ictimai-iqtisadi formasiyada Azərbaycan elmində, təhsilində yeniləşmənin vacibliyini önə çəkmiş, bu sahələrdə davamlı islahatlar həyata keçirmişdir. Heydər Əliyev cəmiyyətin mənəvi-ideoloji cəhətdən yetkinləşməsində, ictimai şüurun yeniləşməsində humanitar elmlərin, iqtisadi sistemin tənəzzüldən qurtulmasında, milli iqtisadi inkişaf modelinin düzgün müəyyənləşdirilməsində, elmlə istehsalın üzvi vəhdətinin təmin olunmasında fundamental elmlərin rolunu düzgün dəyərləndirmişdir.

Ulu öndər xalqın tarixən formalaşmış milli-mənəvi dəyərlərinin, düşüncə sisteminin qloballaşan dünyanın kütləvi mədəniyyət təzahürlərindən qorunması, milli özünəməxsusluğumuzu tam ehtiva edən azərbaycançılıq ideologiyasının cəmiyyətdə möhkəm sosial dayaqlar taparaq zehinlərdə möhkəmlənməsi, davamlı inkişaf prosesində mənəvi stimula çevrilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 1997-ci ilin 31 yanvarında Azərbaycan Elmlər Akademiyasının 50 illik yubiley mərasimində dərin məzmunlu nitq söyləyən böyük strateq Heydər Əliyev özünəməxsus müdrikliklə milli elmin qarşısında duran fundamental vəzifələrdən söz açmış, kifayət qədər mürəkkəb şəraitdə bu sahənin inkişaf strategiyasını, gələcək hədəflərini açıqlamışdır. Həmin mərasimdə Heydər Əliyev ictimai və humanitar elm sahələrində yeni dövrün tələblərinə uyğun yeniləşmənin, eləcə də sovetlər birliyi dövründən qalmış, köhnəlmiş stereotiplərdən, səmərəsiz tədqiqat metodlarından uzaqlaşmağın vacibliyini xüsusi diqqətə çəkmiş, xüsusən də tarixçiləri Azərbaycanın keçmişi ilə bağlı həqiqətləri daha obyektiv araşdırmağa, dövlətçilik maraqları baxımından bu sahəyə xüsusi həssaslıqla yanaşmağa çağırmışdır. "Biz indi xalqımızın tarixinin yaradılması işini gərək diqqət mərkəzinə alaq. Xatırlaya bilərsiniz, 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyasının qarşısında vəzifə qoymuşdum ki, Azərbaycanın tarixi yazılmalıdır. Amma bu gün mənim haqqım var deyəm ki, tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər, Azərbaycanın tarixi yazılmamışdır. Bizim tarixçilərimiz bir tərəfdən çəkişmə ilə məşğul oldular, hərə öz konsepsiyasını irəliyə aparmağa çalışdı. Amma Azərbaycanın tarixi yazılmalıdır. Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud bu ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz. Məktəbə gedən gənc gərək Azərbaycanın tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın ki, onun əsasında da gənclər üçün, orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın" - deyən Heydər Əliyev xüsusi vurğulayırdı ki, Azərbaycanın humanitar-ictimai və fundamental elm sahələri sürətlə yeniləşərək yeni ictimai-iqtisadi formasiyanın reallıqlarına cavab verməli, dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlərin gerçəkləşməsində, milli maraq və mənafelərin, ideologiyanın möhkəmlənməsində, ümumən cəmiyyətin proqressiv dəyərlər əsasında inkişafında lokomotivə çevrilməlidir.

Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair və yazıcılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin bu sahədəki mədəni quruculuq siyasəti nəticəsində mənəvi dəyərlərimiz qorunmuş, milli adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır. Bu baxımdan Heydər Əliyevin 1 noyabr 1994-cü ildə Ankara yaxınlığındakı Bilkənd Universitetində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr olunmuş yubileyində iştirakını xatırlatmaq yerinə düşər.

Ulu öndər müstəqillik illərində də xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə - qəhrəmanlıq eposlarına daim diqqətlə yanaşmışdır. 1997-ci il aprelin 20-də imzaladığı "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli bir hadisə olmuşdur.

"Kitabi-Dədə Qorqud" abidəsinin YUNESKO kimi möhtəşəm beynəlxalq mədəniyyət təşkilatında qorunan mənəvi miraslar siyahısına salınması və bununla da onun dünya mədəniyyəti inciləri arasında özünəməxsus yer tutması Heydər Əliyevin iradəsi sayəsində mümkün olmuşdur. 1300 yaşlı bu qocaman abidənin yubileyinin Azərbaycanda keçirilməsi, həmin tədbirin böyük ədəbi-mədəni hadisəyə çevrilməsi, bütün türk xalqlarının siyasi liderlərinin, hökumət başçılarının, YUNESKO-nun baş direktorunun, onlarca xarici ölkədən gəlmiş elm adamlarının, ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin marağında olması dünya mədəniyyəti tarixində əlamətdar hadisələrdən biri kimi qalmışdır.

Ulu öndər milli-mədəni irslə yanaşı, mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəməmişdir. Bu baxımdan Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunmasına, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət etmişdir.

Müstəqil Azərbaycana rəhbərliyi dövründə də Bakı Dövlət Universitetinə xüsusi qayğı ilə yanaşan ulu öndər onun inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. BDU daim dünya şöhrətli məzununun qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Ümummilli lider BDU-nun 80 illik yubileyindəki tarixi çıxışında demişdir ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyətini Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir. Ulu öndər Heydər Əliyev universitetə hərtərəfli diqqət və qayğısı ilə bu ali təhsil müəssisəsinə yeni həyat vermiş, çətinliklərə baxmayaraq onu yeni dövrün tələbləri səviyyəsində mütəxəssis hazırlığına sövq etmişdir. Bu siyasətin nəticəsi olaraq universitetin hərtərəfli inkişafına xüsusi diqqət yetirilməsi, onun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi deyilənləri bir daha təsdiqləyir.

Ulu öndərin elmi təmələ söykənən siyasətini keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirən, Azərbaycanın bütün strateji sahələr üzrə inkişaf təmayüllərini düzgün müəyyənləşdirən dövlət başçısı İlham Əliyev də qloballaşma dövrünün tələblərinə cavab verən elm və təhsil strategiyasına üstünlük vermişdir. Respublika iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaratmışdır. İnsan kapitalının formalaşdırılmasını prioritet məqsəd kimi önə çəkən, dövlətin innovasiya inkişafında müasir biliklərin, qabaqcıl texnologiyaların roluna mühüm yer ayıran bu rasional siyasətin başlıca hədəfi həm də qloballaşma dövründə milli azərbaycanlı obrazının qorunub saxlanılması, milli təfəkkürün, düşüncə sisteminin, milli-mənəvi dəyərlərin total təsirlərdən qorunmasıdır. Dövlət başçısı İlham Əliyev AMEA-nın 60 illik yubileyində, eləcə də Azərbaycan Ensiklopediyasını hazırlayan redaksiya heyəti ilə görüşdə çıxış edərkən elm xadimlərini qloballaşan dünyanın yeni çağırışlarına hazır olmağa, elmi tədqiqatlarda milli maraq və mənafeləri maksimum dərəcədə nəzərə almağa yönəltmış, müasir dövrdə, xüsusən də humanitar-ictimai elm sahələri qarşısında yeni vəzifələrin qoyulduğunu vurğulamışdır.

Hazırda dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən səmərəli islahatların nəticəsi kimi respublikamızın sürətlə modernləşməsi elm və təhsil sferasında da adekvat modernləşməni, əsaslı keyfiyyət dəyişikliklərini zərurətə çevirir. Sürətli iqtisadi və sosiomədəni tərəqqi yolu keçən Azərbaycanda elmin inkişaf təmayüllərinin respublikanın müasir reallıqlarına nəzərən müəyyənləşdirilməsi, bu sahədə mövcud problemlərin aradan qaldırılması, elmlə idarəçiliyin səmərəli vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni mərhələdə qarşıda ciddi vəzifələr kimi durur.

Təkcə son iki ildə elmin inkişafının maliyyə əsasları ilə yanaşı, Avropa standartlarına cavab verən mükəmməl qanunvericilik bazasının formalaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 10 aprel 2008-ci il tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında", 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında", 22 oktyabr 2009-cu il tarixli "Elmin İnkişafına Yardım Fondunun yaradılması haqqında" sərəncamları məhz elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılmasına xidmət edir.

Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yerini və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Cənab İlham Əliyevin qayğısı sayəsində universitet son illərdə inkişafının daha dinamik mərhələsinə qədəm qoymuş, görkəmini, maddi-texniki bazasını müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır. 2008-ci ildə universitetin tikintisi uzun illər yarımçıq qalmış III korpusunun ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək istifadəyə verilməsi də dövlət başçısının elmə, təhsilə qayğı siyasətinin bariz təcəssümüdür.

2009-cu ildə universitetin 90 illik yubileyinin respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə yubiley tədbirlərinə start verilmiş, müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Azərbaycanın elm, təhsil və mədəniyyətinin möhtəşəm məbədinə, ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometrinə çevrilmiş BDU-nun yubiley tədbirləri onun cəmiyyətdəki yüksək adına layiq şəkildə keçirilmiş, bu proses ölkə hüdudlarından kənarda da böyük diqqət çəkmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminin müxtəlif fəxri adlara, mükafatlara, fərdi təqaüdlərə layiq görülməsi böyük amallar sahibi olan bu şəxsiyyətin elmə, təhsilə qayğısı, habelə universitetə ənənələrdən gələn diqqət nümunəsi olmuşdur.

Universitetin 2009-cu il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən təntənəli yubiley tədbiri isə BDU-nun yubiley tədbirlərinin kulminasiyası və həm də uğurlu yekunu olmuşdur. BDU-nun milli təhsil sistemindəki yerini yüksək dəyərləndirən cənab İlham Əliyev demişdir: "Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".

 

Ulu öndər Heydər Əliyevin ali ideyalarına tapınan BDU-nun elm-təhsil müəssisəsi olaraq qarşısında duran ən başlıca məqsəd gələcəyin vətənpərvər, ziyalı vətəndaşını, yüksək səviyyəli mütəxəssisini hazırlamaqdan ibarətdir. Bu vəzifəni düzgün dəyərləndirən universitetin professor-müəllim heyəti qarşıya qoyduğu hədəflərə yetişmək üçün bütün imkanlarını səfərbər etmiş, eyni zamanda strateji istiqamətləri dəqiq müəyyənləşdirmişdir.

Universitetin professor-müəllim heyəti ürəkdən inanır ki, Azərbaycan xalqını firavan gələcəyə aparan bu siyasətin davamlılığı qarşıdakı illərdə də təmin olunacaq, müstəqil respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirərək dünyanın qabaqcıl dövlətləri sırasında layiqli yerini tutacaqdır.

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin

rektoru, akademik,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2010.-  8 may.- S.  6.