Türk dünyasının fenomenal lideri

 

Dünya xalqları və mədəniyyətləri arasında nizam yaratmaq missiyasını hələ yaradılışın ilkin mərhələsindən əbədi tale kimi qəbul edən türklər bu taleyin cızdığı yolda əsrarəngiz tarix yaratmışlar. Türklərin tarix boyu dünya birliyi ilə fəal münasibətləri Yer üzünün bütün nöqtələrinə səpələnmiş bu əzəmətli xalqın nümayəndələri arasında böyük mütəfəkkirlərin, qüdrətli dövlət xadimlərinin yetişməsinə şərait yaratmışdır. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev də XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır.

 

Ulu öndərin türk kimliyinə bu dərəcədə bağlılığı təsadüfi olmayıb, təbii başlanğıca istinad edir. Heydər Əliyevin dünya ilə ilk tanışlığı türk düşüncə tərzinin hələ üstün mövqeyə malik olduğu, "türk" sözünün hələ tam yasaq edilmədiyi ötən əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəllərindən başlanmışdır. O illərin ideoloji-siyasi təlatümləri təlim-tərbiyə müəssisələrində istər-istəməz milli hisslərə güzəştə getməli olmuşdur. Heydər Əliyev də ilk təhsilini məhz belə bir məktəbdə, bu güzəşti təmin edən milli təfəkkürlü müəllimlərin rəhbərliyi ilə almış, 30-cu illərin təbəddülatlı ideyalar mühitində tərbiyələnmişdir. Türkçülük duyğuları da Heydər Əliyevdə hələ erkən gənclik illərində oyanmışdır. O zaman türkçülük ideyaları, əsasən, yeganə müstəqil türk dövləti olan Türkiyəyə, bu coğrafiyada yaradılan mədəniyyət nümunələrinə böyük maraq üzərində müəyyənləşmişdir. Ulu öndərin o dövr haqqında xatirələrində oxuyuruq: "Cocuq ikən, gənc yaşlarımda Türkiyəyə böyük hörmətim, məhəbbətim var idi... Türkiyənin tarixini öyrənirdim, şairlərini öyrənirdim. Gənc ikən indi mənim yaşımda olan adamlar, ola bilər ki, bunu xatırlasın, məsələn, Rəşad Nuri Güntəkinin "Çalıquşu" romanı bizim hamımızı heyran edən bir əsər idi. Mənsə "Çalıquşu"nu 13-14 yaşımda oxumuşdum. O məni heyran etmişdi".

Başlanğıcda, sadəcə, öz kökünə bağlı, milli duyğulu bir gəncin həyəcanlarından ibarət olan bu hisslər sonralar Heydər Əliyevin apardığı siyasi mübarizəyə istiqamət verən, onu milli savaşa ruhlandıran sarsılmaz qüvvəyə çevrilmişdir. Bu mənada ulu öndərin ötən əsrin 60-cı illərinin sonlarında Azərbaycana rəhbər seçilməsi ilə repressiya qılıncının xofu qarşısında illər boyu kimliyindən uzaq düşmüş Azərbaycan türkünün, böyük hökmdar Bilgə xaqanın qövmünə müraciətində vurğuladığı kimi, yenidən özünə, öz böyüklüyünə qayıdışı olmuşdur. Məşhur qırğız yazıçısı Çingiz Aytmatovun təbirincə desək, öz simasını itirərək manqurtlaşmaq təhlükəsi ilə üz-üzə dayanmış yeni türk nəslini oyatmış, düşüncəsini silkələmiş, pozulmaqda olan ictimai əxlaqını dindirmişdir.

Ötən əsrin 80-ci illərinin əvvəllərində ulu öndər Heydər Əliyev öz şəxsiyyəti ilə türkçülük düşüncəsini, türkçülük faktını SSRİ kimi nəhəng imperiyanın ən ali iyerarxiyasına qədər gətirib çıxarmışdır. Təsadüfi deyil ki, SSRİ boyda nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri kimi Moskvada keçirdiyi illərdə dünya Heydər Əliyevi, əsasən, bir təqdimatla tanıyırdı: "Kremldə ucalan türk bayrağı". Erməni-rus şovinistlərinin ulu öndərə qarşı apardıqları təbliğatın əsasında dayanan amillərdən biri də elə bu idi.

Ümummilli liderin türk dünyasının problemləri ilə ardıcıl şəkildə məşğul olmağa başladığı mərhələ isə, əsasən, 1993-cü ildən xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Heydər Əliyevin türk dünyasının gələcəyi ilə bağlı baxışlar sistemi tarixin gələcək dönəmlərində ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiəsi, mövcud imkanlar çərçivəsində türk dünyasının birliyinin təmin olunması, bu birliyin narahat dünyamızda nizam yaradılması məqsədinə xidmət etməsi kimi üç mühüm məqamı özündə birləşdirirdi. Heydər Əliyev bu məqsədlərin həyata keçirilməsində Türkiyənin rolunu həmişə yüksək qiymətləndirmişdir. Ulu öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətləri əbədi və dönməz xarakter almışdır.

Tarixi-siyasi, dini, milli-mənəvi köklərə bağlı Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələrdə sürətli inkişafı Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Heydər Əliyevin isə "Biz bir millət, iki dövlətik" tezislərinə əsaslanmışdır. Ötən illərdə dünyanın siyasi mənzərəsini dəyişən "Əsrin müqaviləsi", "Böyük İrək yolu", TRASEKA, TASİS proqramları kimi qlobal layihələrin həyata keçirilməsində, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, Türksoyun, Türk Yazarlar Birliyinin yaradılmasında Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Məhəmməd Füzulinin 500, türk dünyasının ana kitablarından olan "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin YUNESKO səviyyəsində keçirilməsi, Azərbaycanın müstəqil türk dövləti kimi bütün dünyada tanınması, türk dövlətləri başçılarının zirvə görüşlərinin təşkili, Azərbaycanda Atatürk Mərkəzinin yaradılması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu da təsadüfi deyildir ki, ulu öndər türk dünyası qarşısında misilsiz xidmətlərinə görə 1999-cu ildə Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.

Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin bu siyasətini davam etdirmiş, ölkəyə rəhbərlik etdiyi son 7 ildə ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türkdilli dövlətləri ilə münasibətləri də gücləndirmək üçün ardıcıl səylər göstərmişdir. Türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni nöqtəyə vurması, bədnam erməni lobbisinə qarşı mütəşəkkil mübarizəyə qoşulması cənab İlham Əliyevin ən çox diqqət yetirdiyi məsələlərdəndir. 2006-cı ilin sentyabr ayında Ankarada keçirilmiş Türkdilli dövlətlərin və topluluqların 10-cu dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında "Bəzi hallarda bizim haqqımızda süni şəkildə mənfi rəy formalaşdırılır və bunun arxasında Türkiyə və Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan erməni lobbisinin fəaliyyəti dayanır... Biz onların təbliğatını ifşa etməliyik, darmadağın etməliyik, ancaq müdafiə naminə yox. Biz hücüm etməliyik, çünki həqiqət bizim tərəfimizdədir" deyən cənab İlham Əliyev türk dünyasına qarşı aşkar düşmənçilik siyasəti aparan bədnam ermənilərin yerində oturdulmasının vacibliyini önə çəkmişdir.

2009-cu ildə Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının birinci iclasının keçirilməsi ümumtürk birliyinin möhkəmləndirilməsi strategiyasının uğurlu davamıdır. Eyni zamanda türkdilli ölkələrin 2009-cu ilin oktyabr ayında Naxçıvanda keçirilmiş IX zirvə görüşü Türkiyə, Azərbaycan, Qazaxıstan və Türkmənistan arasında münasibətlərin keyfiyyətcə yeni mərhələdə intensiv inkişafı, ümumi səylərin vahid məqsədlər naminə səfərbər olunması baxımından mühüm nəticələrlə yadda qalmışdır.

Prezident İlham Əliyev müasir dünyada cərəyan edən ziddiyyətli və mürəkkəb proseslər, ikili standartlar fonunda türk xalqlarının birliyinin vahid məqsədlər naminə təmin edilməsinin vacibliyini daim önə çəkməklə yanaşı, konkret addımları ilə onun gerçəkləşməsinə çalışır. Regionda cərəyan edən geosiyasi proseslər fonunda Türkiyə-Azərbaycan tərəfdaşlığının daha bir ciddi sınaqdan uğurla çıxdığını da xüsusi vurğulamaq lazımdır.

İki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insanlıq əleyhinə cinayətlərə aşkar dəstək verən, "Böyük Ermənistan" xülyası ilə yaşayan erməni ideoloqları böyük tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək əsassız iddialar irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. XX əsrin əvvəllərində türklərin guya "ermənilərə qarşı soyqırımı törətdiyini" iddia edən ermənilər lobbi təşkilatlarının köməyi ilə qondarma, tarixi əsasları olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, ikili standartlara yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar bu məsələdə erməniləri şirnikləndirmək yolu tuturlar. Son illər qondarma "erməni soyqırımı" məsələsinin müxtəlif dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və bəzi hallarda tanınması da bu ədalətsiz və qərəzli münasibətin əyani təzahürü kimi diqqəti çəkir.

Əsl həqiqət budur ki, ermənilərin qeyri-hüquqi və cəfəng iddialarının müəyyən dövlətlərin qanunvericilik orqanlarında dəstəklənməsi əsasən geosiyasi amillərlə bağlı olub, daha çox Türkiyəyə, eləcə də dolayısı ilə Azərbaycana təzyiq göstərmək məqsədi güdür.

Türkiyənin bu məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təklifinə Ermənistanın etinasız münasibəti "soyqırımı" kampaniyasının çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam qardaş ölkəyə qarşı saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.

Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birliyi ermənilərin iftira kampaniyasına son qoya bilər. Biz bu birliyin bariz nümunəsini bu il fevralın 27-də Strasburqda keçirdiyimiz Xocalı mitinqində gördük. Azərbaycan və türk diaspor təşkilatlarının birgə əməkdaşlığı nəticəsində Strasburqda - Avropanın siyasi paytaxtında Xocalı soyqırımını tanıtmağa çalışdıq. İnanıram ki, bu əməkdaşlığın daha da genişlənməsi nəticəsində Xocalı soyqırımını bütün dünyada tanıtmağa nail olacağıq. Yeri gəlmişkən, təşkilatımız mayın 29-da Ankara şəhərində Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş beynəlxalq konfrans təşkil etməyə hazırlaşır. Ankarada TÜRKSAM-la birgə gerçəkləşdirəcəyimiz bu beynəlxalq konfransın davamı olaraq biz belə bir konfransı Avropa ölkələrində keçirməyi də nəzərdə tutmuşuq.

Rəhbəri olduğum "Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi" (ATXƏM) ictimai birliyi qondarma "erməni soyqırımı" kampaniyasına qarşı effektiv əks tədbirlər həyata keçirməklə yanaşı, cəmiyyət üçün faydalı olan müxtəlif təşəbbüslərlə çıxış edir, türkdilli xalqlar arasında hərtərəfli inteqrasiyanın təmin olunmasına, habelə iqtisadi-siyasi və mədəni əməkdaşlığın dərinləşməsinə çalışır, mühüm tarixi günlərlə bağlı mədəni-kütləvi tədbirlər keçirir. İctimai birliyin fəaliyyəti eyni zamanda ulu öndər Heydər Əliyev də daim uca tutduğu türkçülük ideyalarının bəşəriyyətin xilasına xidmət etdiyini, türkdilli dövlətlərin regionda yalnız sülh, iqtisadi tərəqqi və inkişaf, demokratik idealların təntənəsi naminə birləşmək niyyətini nümayiş etdirməyə yönəlmişdir.

Çağdaş dünya təcrübəsində tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan xalqların vahid ideya birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələr gətirmək mümkündür. Fəqət, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu xarici siyasət nəticəsində bu gün Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli, analoqu olmayan müttəfiqlik səviyyəsinə yüksəlmişdir. Bundan narahat olan kənar qüvvələr son 1 ildə müəyyən spekulyativ iddialarla iki qardaş ölkə arasında münasibətlərə xələl gətirməyə çalışsalar da, buna nail ola bilmədilər. Bu gün Türkiyə dövləti də yaxşı başa düşür ki, onun Cənubi Qafqaz regionunda ən etibarlı, sınanılmış müttəfiqi yalnız Azərbaycandır.

 

 

İlham İSMAYILOV,

"Azərbaycanlıların və digər Türkdilli

Xalqların Əməkdaşlıq Mərkəzi"

ictimai birliyinin sədri

 

Azərbaycan.- 2010.- 8 may.- S.  10.