Həyata keçən arzu

 

Heç yadımdan çıxmaz. 1996-cı ilin oktyabr ayı idi. Naxçıvanın təyyarə limanında insan dənizi təlatümə gəlirdi. Bütün şəhər bura axışmışdı. Cavanlı, qocalı, uşaqlı, böyüklü hamının əllərində gül-çiçək dəstələri, alqış şüarları yazılmış transporantlar, bayraqlar, şəkillər hava limanına doğru hərəkət edirdi. Bir sözlə, hamı sevimli rəhbərini, xalqının əziz oğlunu hörmətlə qarşılamağa tələsirdi. Təyyarənin yerə enməsinə az qalırdı. Əvvəlcədən bura toplaşan mətbuat nümayəndələri, Dövlət Televiziya və Radiosunun çəkiliş qrupu hazır vəziyyətdə dayanmışdı.

 

Naxçıvan camaatı bu gəlişi çoxdan gözləyirdi. O gün Naxçıvanda böyük Azərbaycan dramaturqu Hüseyn Cavidin məqbərəsinin açılış günü idi, həm də Cavid poeziya günləri başlayırdı. Prezident Heydər Əliyev də bu tədbirdə iştirak etmək üçün Naxçıvana gəlirdi. Çünki bu tədbir daha çox onun adı ilə bağlı idi. Cavidin nəşinin uzaq Sibirdən Vətənə gətirilməsi üçün neçə il öncə bu böyük insan zəhmət çəkmiş, İrkutsk vilayətinə nümayəndə heyəti göndərmişdi. Çox əzab-əziyyətdən sonra Cavid Vətənə "qovuşmuşdu". Bu günsə o, ailəsinə, sevimli Mişkinazına və oğlu Ərtoğrola "qovuşacaqdı".

Günortaya yaxın Bakıdan gələn təyyarə yerə endi. İnsan dənizinin alqış sədaları hər tərəfi bürüdü. Bu sevgiyə sevgiylə də cavab verən ulu öndər lap yaxında olanların əllərini sıxır, izdihama əl edərək salam verirdi. Sonra Naxçıvan camaatı şəhərin mərkəzinə doğru irəliləyən maşın karvanına qoşularaq bu yolu axıra qədər ayaqla qət etdi. Hamı üçillik ayrılıqdan sonra Heydər Əliyevi yaxından görmək, sevgisini bildirmək istəyirdi. Yol boyu qurban kəsənlər də az deyildi. Onlar bu gəlişə, bu qayıdışa münasibətlərini belə bildirirdi. Maşın karvanı ilə insan dənizi nəfəs-nəfəsə, iç-içə şəhərin mərkəzinə doğru gedirdi.

Maşın karvanı körpüdən keçir, mənzil başına addım-addım irəliləyirdi. İnsanların əllərindəki plakatlarda daha çox bu sözlər yazılmışdı: "Böyük türk oğluna Naxçıvan torpağından atəşin salamlar".

Qızıl payız havası, dən-dən saralıb yerə tökülən yarpaqlar bu təntənəni daha da şərafətli edirdi. Bir az qarşıda, Koroğlu heykəlinin önündə qurbankəsmə mərasimi başladı. Bu mənzərə sözlə ifadə olunmaz, onu gözlə görmək və yaşamaq gərəkdir. İnsanlarda bu qədər sevinc coşğunluğu yaradan Prezident Heydər Əliyevin gəlişi, insanlarla səmimi görüşməsi və böyük Cavid ruhuna göstərdiyi diqqət idi.

Məqbərənin açılışı dahi dramaturq Hüseyn Cavidin anadan olduğu günə təsadüf edirdi. Ona görə də mərasim mədəniyyət, poeziya bayramı günü kimi qeyd olunurdu. Hüseyn Cavidin yaratdıqları təkcə Azərbaycanın deyil, türk dünyasının sərvətidir. Bu böyük şəxsiyyət özünün fiziki və mənəvi həyatını, yaradıcılığını millətinin və türk dünyasının oyanışına və özünüdərkinə həsr edib.

İnsan dənizi ilə karvan məqbərəyə doğru yol almışdı. Hər dəfə tarix və mədəniyyət abidələrinin yanından keçəndə izdiham ayaq saxlayır, Prezident və nümayəndə heyəti maşından enərək onları ziyarət edir, abidə önünə gül-çiçək dəstələri qoyurdular.

Cavidlər məqbərəsinin ucaldığı meydana çatdıq. Burada Naxçıvan camaatının daha bir izdihamı möhtəşəmliyi adamı heyrətə salırdı. Prezident Heydər Əliyev insan dənizini yara-yara, gurultulu alqışlar altında mikrofona yaxınlaşdı və ağ örpəyə bürünmüş abidənin önündə çıxış etdi: "Mən çox şadam bu gün mənim də, sizin də arzularınız həyata keçir. On beş il əvvəl qəbul etdiyim qərar indi həyata keçir. Bu münasibətlə mən özümü də, sizi də ürəkdən təbrik edirəm. Hüseyn Cavidin məqbərəsi Naxçıvanın memarlıq tarixinin mühüm bir səhifəsidir. Naxçıvanda çoxlu maddi və mədəniyyət abidələri var. Bu məqbərə də həmin ənənələrin davamıdır. Ümidvaram ki, bu abidə "Mömünə xatun" abidəsi kimi əsrlər boyu yaşayacaq. Gələcək nəsillər bu günü xatırlayacaq və bu abidəni yaradanları unutmayacaqlar. Mən bu abidəni yaradanlara, bunun inşası ilə zəhmət çəkənlərə - memar Rasim Əliyevə və heykəltəraş Ömər Eldarova təşəkkürümü bildirirəm. İnanıram ki, bizim memarlarımız, heykəltəraşlarımız, rəssamlarımız, mədəniyyət xadimlərimiz Azərbaycan memarlıq mədəniyyətini bundan sonra daha da yüksək səviyyədə davam etdirəcəklər, yaşadacaqlar. Mən sizin hamınızı bir daha bu bayram münasibətilə ürəkdən təbrik edir və Cavid məqrəbəsini təntənəli sürətdə açıq elan edirəm..."

Üzərindən ağ örpək götürüləndən sonra məqbərənin əzəməti şəhərin bu guşəsinə ecazkar bir gözəllik gətirdi. Naxçıvanlılar hər iki böyük oğluna misilsiz sevgi və ehtiramlarını göstərməkdə davam edirdilər. Məqbərəyə daxil olan hər kəs burada ruhların qovuşduğunun şahidi olurdu. Bəli, həmin gün ruhlar qovuşurdu - Cavidin, vəfalı həyat yoldaşı Mişkinaz xanımın və oğulları Ərtoğrulun.

Abidə önündə neçə-neçə ürək sözləri eşidildi, neçə-neçə acılı-şirinli xatirələr dilə gəldi. Naxçıvan Universitetinin rektoru İsa Həbibbəyli, akademik Bəkir Nəbiyev, tənqidçi-alim, filologiya elmlər doktoru, professor Yaşar Qarayev çıxış edərək ürək sözlərini bildirdilər. Tədbirin sonunda xalqın sevimlisi Heydər Əliyev eyni hörmət və izdihamla da məqbərədən ayrıldı. İnsanlarla səmimi söhbət etdi, bəzən də bir süfrə arxasında oturub onlarla çay içdi, problemlərini soruşdu, uğurlardan danışdı və mən də bir daha ulu öndərin xalqa, xalqın ulu öndərə tükənməz ehtiramının şahidi oldum.

 

 

Telman QARAYEV,

əməkdar jurnalist

 

Azərbaycan.- 2010.- 8 may.- S.  10