Heydər Əliyev dühası
danılmazdır
Mayın 7-də Ali Məhkəmədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev böyük şəxsiyyət Heydər Əliyev dühasının hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə daim bağlı olduğunu nəzərə çatdırmışdır.
1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunmuşdur. Yeni Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin idi.
Ümummilli liderimiz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakimlər korpusunun formalaşdırılmasında tamam yeni üsul və metodlardan istifadə edilmişdir. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuşdur.
Ali Məhkəmənin sədri ümummilli lider Heydər Əliyevin amallarının xalqın gündəlik həyatında və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulamışdır.
Tədbirdə çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev haqqında xatirələrini danışmış, "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə" sözlərinin fəaliyyət devizi olduğunu, ulu öndərin irsinin daim yaşayacağını bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 8 may.- S.
10.