Milli təhlükəsizlik
orqanları ümummilli lider Heydər Əliyevin anadan
olmasının 87-ci ildönümünü qeyd etmişlər
Mayın 7-də milli təhlükəsizlik naziri Eldar Mahmudov başda olmaqla nazirliyin şəxsi heyəti ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə Fəxri xiyabana gələrək Azərbaycanın təhlükəsizlik orqanlarında milliləşmə prosesinin və özünəməxsus peşəkarlıq məktəbinin banisi, müstəqillik illərində bu orqanların ölkəmizin milli maraqlarını və mənafelərini qoruyan bir qurum kimi formalaşmasında misilsiz xidmətləri olan xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad edilmiş, məzarı üzərinə tər gül dəstələri düzülmüşdür.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təntənəli mərasim keçirilmişdir. Əvvəlcə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov və nazirliyin əməkdaşları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoymuşlar. Nazir Eldar Mahmudov kursantları salamladıqdan sonra ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və dövlət himni səsləndirilmişdir.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov mərasimdə çıxış edərək bildirmişdir ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın xilaskarı və qurucusudur. Ona görə də ulu öndərin anadan olduğu gün həmişə ümumxalq bayramı kimi qeyd edilir. Heydər Əliyevin həyatı və fəaliyyəti öz xalqının taleyi ilə sıx bağlı olmuşdur. İllər ötdükcə bu müdrik insanın Azərbaycan naminə xidmətlərinin miqyası daha aydın görünür. Ulu öndərin bütün səyləri daim milli maraqlara xidmət etmişdir.
Heydər Əliyev hələ ötən əsrin 60-80-ci illərində gələcək müstəqilliyimiz üçün siyasi, iqtisadi və intellektual təməl hazırlayırdı. Ulu öndərin o zaman yaratdığı iqtisadi infrastruktur və güclü kadr potensialı bugünkü inkişafın əsası olmuşdur. Onun gərgin fəaliyyətinin ən mühüm nəticələrindən biri Azərbaycanda müasir tələblərə uyğun təhlükəsizlik sisteminin yaradılmasıdır. Milli maraqlar, strateji yanaşma və çevik reaksiya Heydər Əliyevin dövlətçilik məktəbinin təməl fəlsəfəsini təşkil edir.
Bildirilmişdir ki, dahi şəxsiyyət Heydər Əliyev təhlükəsizlik orqanlarında 25 ildən artıq müddətdə fəaliyyət göstərmişdir. Onun səyləri ilə xüsusi xidmət sahəsində bütöv bir peşəkar nəsil formalaşmışdır. Şəxsən həyata keçirdiyi əks-kəşfiyyat işləri barədə sənədlər bu gün də əsl əyani vəsaitdir. Milli Təhlükəsizlik Nazirliyinin Akademiyası Heydər Əliyevin şərəfli adını daşıyır. Burada onun peşəkarlıq irsi öyrənilir. Ulu öndər təhsilə həmişə xüsusi önəm vermişdir. O deyirdi ki, "hər bir xalqın inkişaf səviyyəsini onun bilik və təhsil səviyyəsi müəyyən edir".
Müstəqil dövlətimizin taleyində mühüm rol oynayan müasir, nizami ordunun yaradılmasında Heydər Əliyevin xüsusi əməyi olmuşdur. Ümumiyyətlə, erməni təcavüzü ilə mübarizə, ərazi bütövlüyümüz uğrunda ardıcıl fəaliyyət Heydər Əliyev siyasətinin başlıca xətti idi. Bu sahədə onun başladığı işlər indi uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün bərpası bütün dövlət orqanlarının fəaliyyəti üçün prioritet sayılır. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə Müdafiə Nazirliyindəki müşavirədə demişdir: "Azərbaycanın ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmamışdır və olmayacaqdır. Bizim mövqeyimiz həm beynəlxalq hüquq normalarına, həm də tarixi ədalətə və real məntiqə əsaslanır. İşğal edilmiş bütün torpaqlardan Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır".
Nazir Eldar Mahmudov təhlükəsizlik orqanlarının şəxsi heyətinin Ali Baş Komandanın bu qəti mövqeyi ilə bağlı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə daim hazır olduqlarını bildirmişdir.
Qeyd olunmuşdur ki, bu gün dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycan regional və beynəlxalq layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu isə Heydər Əliyev ideyalarının reallaşması deməkdir. Artıq neçə illərdir ki, iqtisadi inkişaf tempinə görə Azərbaycan dünyanın lider ölkələri sırasındadır. Bizim vəzifəmiz isə bu inkişaf üçün vacib şərt olan sabitliyi qorumaq və möhkəmləndirməkdir.
Son illər nazirlikdə bütün istiqamətlər üzrə işlərin xeyli canlandığını qeyd edən milli təhlükəsizlik naziri kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsi və digər cinayətkar təzahürlərə qarşı mübarizədə uğurlu nəticələr əldə edildiyini vurğulamışdır. Bütün bunlar nazirlik sistemində aparılan islahatların, həmçinin peşəkarlığa və işgüzarlığa geniş yer verilməsinin nəticəsidir. Odur ki, hər bir kursantın və fəaliyyətə yeni başlayan gənc əməkdaşın xalq, cəmiyyət və dövlət qarşısında vəzifə borcunu yaxşı bilməsi, məsuliyyətini hiss etməsi çox vacib şərtdir. Qüdrətli dövlət qurmaq və onu dinamik inkişaf etdirmək üçün ilk növbədə, dövlətçilik, vətənpərvərlik, məsuliyyət, nizam-intizam ən başlıca amillərdir.
Digər tərəfdən, regional və qlobal xarakterli təhdidlərin artdığı şəraitdə təhlükəsizlik orqanlarından getdikcə daha yüksək peşəkarlıq, çeviklik və səriştə tələb edilir. Bu mənada şəxsi heyətin, o cümlədən kursantların üzərinə böyük məsuliyyət düşür. Gənclər daha əzmlə çalışmalı, bilikləri və Heydər Əliyevin peşəkarlıq ənənələrini dərindən öyrənməlidirlər. Nazir Eldar Mahmudov dahi şəxsiyyətin adını daşıyan akademiyada təhsil almağın böyük şərəf və məsuliyyət demək olduğunu və bunu heç zaman unutmamağı söyləmişdir. Təhlükəsizlik orqanlarının indiki nəsli Heydər Əliyev məktəbini keçməklə özünü xoşbəxt hesab edə bilər.
General-leytenant Eldar Mahmudov ulu öndər Heydər Əliyevin anadan olduğu əziz bir gündə gənc zabitləri onun amallarına dönmədən sadiq olmağa çağıraraq doğma Vətənin təhlükəsizliyi və tərəqqisi naminə fəaliyyətlərində, eləcə də təhsildə böyük uğurlar arzulamışdır. Nazir demişdir: "Əminəm ki, şəxsi heyətimiz ümummilli lider Heydər Əliyevin peşəkarlıq irsini şərəflə davam etdirəcək, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin ətrafında daim sıx birləşəcəkdir".
Çıxışlar bitdikdən sonra kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.
Təntənəli mərasim daha sonra akademiyanın akt zalında xalqımızın müdrik oğlu, dünya şöhrətli siyasi xadimin, təhlükəsizlik orqanlarının əbədi və fəxri rəhbəri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransla davam etdirilmişdir.
Akademiyanın rəisi Ziya Yusifzadə çıxış edərək bildirmişdir ki, bizim hər birimizə azərbaycanlı olmağımızla fəxr etməyi məhz Heydər Əliyev öyrətmişdir. O, böyük qürurla deyirdi: "Mən fəxr edirəm ki, azərbaycanlıyam". Bu gün bizim regionda lider olan müstəqil dövlətimiz, güclü iqtisadiyyata malik ölkəmiz, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin layiqli siyasi varisi Prezident İlham Əliyev vardır. Onun uğurlu siyasəti nəticəsində Azərbaycan gündən-günə qüdrətlənir və beynəlxalq aləmdə nüfuz sahibi olan bir dövlətə çevrilmişdir. Bunun sayəsində biz həm azərbaycanlı olmağımızla, həm də Azərbaycanımızla fəxr edirik.
Çıxış
edən digər natiqlər bildirmişlər ki, dövlətçiliyimizin
və əmin-amanlığımızın qarantı olan
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın
müstəqilliyi getdikcə daha da möhkəmlənir və
milli təhlükəsizlik orqanlarının əməkdaşları
bu işdə dövlətimizin başçısı, Ali
Baş Komandan İlham Əliyevin ən yaxın köməkçiləri
olacaqlar.
AzərTAc
Azərbaycan.- 2010.- 8 may.- S.
5.