Hərbi Prokurorluqda "Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

Mayın 7-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş "Heydər Əliyev Azərbaycanda hüquqi dövlət quruculuğunun və Azərbaycanın ən yeni tarixinin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfrans iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında ulu öndərin büstü önünə əklil və gül dəstələri qoymuş, ümummilli liderin nurlu xatirəsini dərin ehtiramla yad etmişlər.

Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev konfransda məruzə ilə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin milli çağdaş tariximizdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat vermişdir.

Hərbi prokuror Xanlar Vəliyev xüsusi vurğulamışdır ki, şərəfli və mənalı ömür yolunun 34 ilini xalqının tərəqqisinə həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq hüququ qazanmışdır. Azərbaycan xalqının ən parlaq simalarından biri olan qüdrətli şəxsiyyət Heydər Əliyevin siyasi obrazı millətimizin dövlətçilik şüurunun, tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən davamlı keyfiyyətlərinin təcəssümüdür. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə əxz etdiyi milli dövlətçilik ənənələrini məhz Heydər Əliyevin rəhbərliyi ilə vahid sistem halına salaraq özünütəsdiq imkanı qazanmış xalqımız, həm də müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.

Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində bu gün ölkəmiz inkişaf etmiş dünya dövlətləri sırasında öz xüsusi yeri olan bir dövlətə çevrilmişdir.

Həyata keçirilən mütərəqqi və beynəlxalq standartlara uyğun islahatlar nəticəsində ölkəmizdə demokratik və hüquqi dövlət qurulmuş, iqtisadi müstəqilliyə nail olunmuş, xalqımızın xoşbəxt gələcəyi üçün bütün təminatlar yaradılmış, dönməz ictimai-siyasi sabitlik və əmin-amanlıq bərqərar olmaqla qanunçuluğun aliliyinə əsaslanan sivil vətəndaş cəmiyyəti formalaşdırılmışdır.

Məruzəçi daha sonra qeyd etmişdir ki, prokurorluq orqanlarının dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir quruma çevrilməsi, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsinin bəhrəsidir.

Daha sonra ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda hüquqi islahatların uğurla davam etdirilməsini vurğulayan hərbi prokuror, bu gün dövlətimizin başçısının Azərbaycanın iqtisadi və sosial inkişafına, ölkədə sülhün, təhlükəsizliyin, əmin-amanlığın qorunmasına verdiyi misilsiz töhfələrdən bəhs etmişdir. Xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin yeritdiyi dövlətçilik siyasəti ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasının reallaşdırılmasını və doğma Azərbaycanımızın hərtərəfli tərəqqisini təmin edir.

Konfransda respublika Hərbi Prokurorluğunun hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru Mahir Abbasov çıxış edərək dahi rəhbərimizin doğma Azərbaycanımızın tərəqqisi naminə gördüyü möhtəşəm işləri və onun siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini təhlil etmiş, ölkəmizdə demokratik məzmunlu hüquqi islahatların Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun davam etdirildiyini vurğulamışdır.

Mərasimə yekun vuran Xanlar Vəliyev bildirmişdir ki, Hərbi Prokurorluğun kollektivi ulu öndərimiz Heydər Əliyevin dövlətçilik ideyalarına həmişə sadiq qalacaq, müstəqilliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın hər cür cinayətkar qəsdlərdən qorunması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dövlətçilik tədbirlərində həmişə yaxından iştirak edəcəkdir.

Mərasimin sonunda Hərbi Prokurorluğun xidmətdə fərqlənən əməkdaşlarına hərbi rütbələr verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  8 may.- S.  5.