Mənalı ömürdən səhifələr

 

Bu ətirli may günlərində Vətən torpağının ən gözəl güllərindən, çiçəklərindən onun doğum günü şərəfinə dəstə bağlanır. O böyük, müdrik insanla bağlı ürəyimdə nə qədər xoş duyğular, xatirələr var! Qəlbimə yazılan, qəlbimdə yaşayan o şirin, unudulmaz xatirələr məni uzaq-yaxın illərə aparır, düşüncələrə qərq edir. Yaddan çıxarmı o anlar, ürəyimdən boy verib boylanan yamyaşıl, solmaz, saralmaz xatirələr?!

1961-ci ilin yazı idi. Mən universiteti təzəcə bitirib Azərbaycan Radiosunun Xarici Ölkələr üçün Verilişlər İdarəsində işləyirdim. Bir gün xəbər yayıldı ki, Dövlət Təhlükəsizlik Komitəsindən nümayəndə gələcək. Biz televiziyanın kinobaxış zalına yığışdıq. Cənubi Azərbaycan, fars, türk redaksiyalarının hər birindən şöbə müdirləri, sayılıb-seçilən əməkdaşlar gəlmişdilər. Qonağı gözləyirdik. Gözümüz qapıda idi. İntizar çox çəkmədi. Ucaboylu, səliqəli geyinmiş cavan bir kişi baş redaktorumuz Muxtar Hacıyevlə birlikdə içəri daxil oldu. Muxtar müəllimin təqdimatından sonra qonaq zaldakıları salamladı, cərgələrə göz gəzdirib təbəssümlə:

- Görürəm, - dedi, - aramızda başqa millətdən olanlar da var, ona görə də icazənizlə rus dilində danışmaq istəyirəm.

Qonağımız Dövlət Təhlükəsizlik Komitəsinin şöbə müdiri Heydər Əliyev idi. Söhbət təxminən saat yarım çəkdi. Heydər Əliyev verilən suallara Azərbaycan dilində yerli-yerində cavab verdi. Ayrılanda türk redaksiyasının böyük redaktoru Aydın Vəlixanov irəli yeriyib Heydər Əliyevlə köhnə dost kimi çox səmimi görüşdü. Gözümüzü onlardan çəkmirdik. Söhbət edə-edə qapıdan çıxdılar. Aydın müəllim hörmətli qonağı hovuzun yanınacan ötürdü. Sonra bizə ürəkdən gələn səslə dedi:

- Gördünüzmü, hər iki dildə necə səlis, savadlı və inandırıcı danışdı. Elə bil, bizi sehirləmişdi. Neçə illərdir ki, onu tanıyıram. Əsl şəxsiyyətdir, savadına, biliyinə, siyasi hazırlığına söz ola bilməz.

Bir neçə gün bu görüşün təəssüratından ayrılmadıq. Hamı öz heyrətini, heyranlığını bildirirdi.

Aydın müəllim bir gün dəhlizdə sevinclə dedi:

- Bilirsinizmi, Heydər Əliyevi Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavini təyin ediblər.

Aradan xeyli vaxt keçdi. Bu dəfə bütün respublikaya quşqanadlı xoş xəbər yayıldı. Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunub. Görünməmiş hadisə idi. Çünki bu vəzifəyə adətən milli kadr təyin edilmirdi. Heydər Əliyevin bu vəzifəni tutması adama möcüzə kimi gəlirdi. Hər birimiz buna həm qəlbən sevinir, həm də qürur hissi keçirirdik.

1969-cu ilin iyun ayında "Kommunist" qəzetində şəklini gördüm. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirilmiş, Heydər Əlirza oğlu Əliyev birinci katib seçilmişdi. Bununla da Azərbaycanın tarixində, taleyində yeni bir səhifə açılırdı. Böyük uğurlara, gələcək azman yüksəlişlərə və bunların zirvəsi sayılan müstəqilliyə qovuşan xalqımız "daimi, dönməz, əbədi" ideallara imza atırdı. Birinci katibin çevik, inamlı, müdrik siyasəti sayəsində respublikamız bütün Sovet İttifaqında sayılmağa, seçilməyə başladı. Heydər Əliyevin hər addımı, gərgin fəaliyyəti bir nümunəyə çevrilirdi.

Yaddaşımdan bir epizod boylanır. Avqust ayının ikinci yarısı idi. Pambıq yığımına qızğın hazırlıq görüldüyü vaxtda birinci katib rayonlara səfərə çıxmışdı. Televiziyanın çəkiliş qrupu hər yerdə, hər addımda onu izləyirdi. Səfər günləri başa çatandan sonra "Günün ekranı"nın əməkdaşları Bakıya qayıdıb bütün lentləri komitə sədrinə göstərdilər. Qurban Yusifzadə materiala baxdıqca uşaq kimi sevinirdi. Material efirə gedəndən sonra Heydər Əliyev telefonda təşəkkürünü bildirərək demişdi:

- Hər şey yerində idi, ölçülü-biçili. Televiziya təbliğat vasitəsi kimi böyük gücə malikdir. Bir göz qırpımında adamı qaldıra da bilər, endirə də bilər. Odur ki, onun imkanlarından ağılla, səmərəli istifadə etmək lazımdır.

Yadımdan çıxmaz. Yazıçıların növbəti qurultaylarından birində şair Bəxtiyar Vahabzadə Heydər Əliyevə müraciət edərək:

- Yoldaş Əliyev, - dedi, - vacib bir məsələni sizə çatdırmaq istəyirəm. Özünüz də yaxşı bilirsiniz ki, böyük Azərbaycan şairi, fəxrimiz Füzulinin ruhu Bağdadda incidilir, qəbrini başqa yerə köçürmək istəyirlər. Xahiş edirəm, onun məzarının Azərbaycana gətirilməsinə kömək edəsiniz. Bilirəm, bu, çətin işdir. Ancaq siz əl qoysanız...

Birinci katib tutulan kimi oldu:

- Bəxtiyar, sən də bil, qoy hamı da bilsin ki, mən əl qoymağına qoyuram. Siz mənim ürəyimdən keçənləri dilə gətirirsiniz. Bu, yaxşıdır. Çox yaxşı! Ancaq bir az geniş düşünmək lazımdır. Bilirsiniz ki, buna Moskva da, Bağdad da qol qoymalıdır. Sizin bildiyiniz, bilmədiyiniz çox çətinliklər var! İndi gəlin görək siz bu məsələ ilə bağlı nə iş görmüsünüz? Düşünmək, arzulamaq hələ hər şey deyil! Salona göz gəzdirirəm. Burada nə qədər tanınmış sənətkarlar var. Niyə bugünədək Moskvaya müraciət etməmisiniz? Süleyman Rüstəm Ali Sovetin sədri, Nəbi Xəzri Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin sədri, siz də, Bəxtiyar, həm universitetin professorusunuz, həm də görkəmli şair. Niyə bir yerə yığışıb, səsi çıxıncaya qədər məktublarla Moskvanı silkələmirsiniz? Oradan bir balaca səs çıxsa, tərpəniş olsa, özünüz də yaxşı bilirsiniz ki, mən də sidq ürəklə sizə qoşularam, işin düzəlməsinə nə lazımdır, eləyərəm!

Qurultay iştirakçıları onu ürəkdən alqışladılar. Heydər Əliyev əlini yuxarı qaldırdı.

- Görürsünüzmü, - dedi, - zal da mən deyəni deyir, sizləri, böyük sənətkarlarımızı qınayır. Mənim əzizlərim, günü bu gündən qələm götürün, məktubları bir-birinə calayın. Səsi çıxıncaya qədər yazın...

Heydər Əliyev sənət adamlarına dərin hörmət bəsləyir, tanınmış yazıçıları, rəssamları, aktyorları, kino, teatr xadimlərini adbaad tanıyır, qayğısına qalır, yeri gələndə onları yada salır, sevindirirdi. Sənət duyğusu çox güclü idi. Bəlkə də bu onun uşaqlıq illərində, ilk gəncliyində aktyorluğa, rəssamlığa meyilindən, memar olmaq istəyi ilə Neft və Kimya İnstitutunda (indiki Neft Akademiyası) təhsil almasından irəli gəlirdi. Birinci katib, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini, Azərbaycan Respublikasının Prezidenti olduğu illərdə həmişə sənətlə nəfəs alırdı, onun pərvazında idi. Yazıçıların, bəstəkarların, rəssamların, kinematoqrafçıların qurultaylarında onu rəyasət heyətində görməyə öyrənmiş, adət etmişdik.

1991- ci il... Novruz bayramı... Təsirli bir epizod xəyalımda canlanır. Heydər Əliyev Moskvadan Bakıya qayıtmışdı. Yazıçıların qurultayı keçirilirdi. Biz dəstə-dəstə vestibüldə gəzişirdik. Kimsə dedi:

- İndi Heydər Əliyev vəzifədə olsaydı, qurultayımızı salamlayardı.

Elə bil o böyük insan bu sözləri eşidirmiş. Birdən onun bizə sarı gəldiyini gördük. Bir yanında şair Xəlil Rza, o biri yanında da Rəfiq Zəka. Bizə yaxınlaşanda əl verib hər birimizlə doğma insan kimi görüşdü, hal-əhval tutdu.

Zəng çalındı. Hamımız içəri keçdik. Heydər Əliyev orta sıraların birində yer tutdu. Yenə də şair Xəlil Rza ilə Rəfiq Zəkanın əhatəsində idi. Qurultayı birliyin sədri Anar aparırdı. Gündəliyi oxuyub zala üz tutdu:

- Kimin sözü, təklifi var?

Şair Məmməd Aslan əlini qaldırıb söz aldı:

- Anar müəllim, - dedi, - biz çox şadıq ki, yoldaş Əliyev burada, zaldadır, qabaqkı illərdə olduğu kimi, yenə bizimlədir. Biz onu həmişə rəyasət heyətində görmüşük. Gəlin, bu gün ənənəni pozmayaq, Heydər Əliyevi yuxarıya dəvət edək.

Alqış səsləri divarları titrətdi. Anar təklifi səsə qoydu. Hamı ürəkdən bu təklifə qoşuldu. Heydər Əliyev ayağa qalxıb qurultay nümayəndələrinə minnətdarlığını bildirdi. Sonra da gülə-gülə dedi:

- Çox sağ olun, hamınıza təşəkkür edirəm. Düzdür, mən sizin bundan əvvəlki qurultaylarınızda iştirak etmişəm. Həmişə rəyasət heyətindən zala baxmışam. İndi isə icazənizlə zaldan rəyasət heyətinə baxmaq istəyirəm.

Səmimi gülüş gurultulu alqış dalğasına qovuşdu...

1993-cü ilin iyun günləri... Respublika qaynar qazana bənzəyirdi. Ölkəni bürüyən böhran, Qarabağ müharibəsi, vəziyyətin gündən-günə dözülməz həddə çatması hamını qorxuya salmışdı...

Belə bir vaxtda ulu öndər milyonların səsinə, harayına səs verib Bakıya qayıtmışdı. Heydər Əliyev yenə respublikanın başında idi. Xalq bütün ümidlərini ona bağlamışdı. Sarsıntılı günlər içində idik.

Günortaya yaxın idi. Sədrin köməkçisi gəldi ki, yerinizdən tərpənməyin, Heydər Əliyev sizinlə danışacaq. Həyəcanlandım, beynimdən min fikir keçdi: "Görəsən, nə deyəcək, nə soruşacaq?" Dünən sədri xarici ölkəyə müalicəyə yola salmışdıq. İki həftə onu mən əvəz etməliydim. Bütün məsuliyyət mənim boynumda idi.

Studiyanın qarşısında qızlar bir ata kimi üzündən öpüb onu təbrik etdilər. Heydər Əliyev çox təsirlənmişdi, gözləri də yaşardı. Təbəssümlə:

- Qızlar, siz mənim üçün darıxdığınız kimi, mən də sizin üçün darıxmışam, - dedi. - İndi Bakıdayam. Bundan sonra tez-tez görüşəcəyik.

Sonra mənə sarı döndü:

- Məni çox həyəcanlandırdınız. Elanı təkrar elətdirin. Nə fərqi, ya beş dəqiqə o yan, ya bu yan.

Heydər Əliyevin səsində yorğunluq, həyəcan açıq-aydın hiss olunurdu. O, ictimai-siyasi hadisələrin gərginliyindən, Elçibəyin gözlənilmədən səssiz-küysüz Bakıdan ayrılmağından, görüləcək tədbirlərdən, xalqa inamından, qarşıda duran vəzifələrdən ətraflı söz açdı.

Biz studiyaya girəndə dəhlizdə heç kəs gözə dəymirdi. Çıxanda isə foye adamla dolu idi. Hamı Heydər Əliyevi yaxından görmək istəyirdi. İzdiham tərpəndi. Əl çaldılar, Heydər Əliyev də əlini yuxarı qaldırıb televiziya və radio işçilərini səmimi salamladı. Qabaq cərgədə dayanmış tanınmış jurnalist Nadejda İsmayılova irəli çıxıb ona əl uzatdı.

- Heydər Əliyeviç, məni xatırlayırsınızmı? - dedi. - Bir vaxt sizdə olmuş, Zərifə xanımdan veriliş hazırlamışdım. Sonra mənə sizin təşəkkürlərinizi çatdırdılar.

Heydər Əliyev gülə-gülə dedi:

- Əlbəttə ki, xatırlayıram. Buradakıların çoxunu tanıyıram.

Hamı yaxşı bilir ki, 1993-1994-cü illər çox çətin, qarışıq, ağrılı-acılı bir vaxt idi. Ölkə məhvərindən çıxmışdı. Qarabağ faciəsi, qaçqınların, köçkünlərin bitib-tükənməyən dərdləri, ölkəni bürüyən hərc-mərclik baş alıb gedir, hərənin ağzından bir avaz gəlirdi. Sadə insanlar, bütövlükdə xalq sakit həyat istəyir, gün-güzəran barədə düşünürdü.

Coşub-daşan hadisələrin cilovu Heydər Əliyevin əlində idi. O, gecə-gündüz hadisələri yığıb-yığışdırmaq, bir məcraya, bir axara salmaq istəyirdi.

Mən radio, televiziya jurnalisti, yazıçı kimi hər gün, hər saat bu hadisələrin dalğasını hiss edir, duyurdum. O zaman televiziyada sədr müavini işləyirdim. Evə tək-tək hallarda 12-dən tez gedirdim.

Təzəcə içəri girmişdim ki, telefonun səsi məni silkələdi. Dəstəyi götürdüm. Proqram direktoru idi:

- Artıq meydan yavaş-yavaş dolur, coşub-daşırdı. Bakı ilə yanaşı, respublikanın rayonlarından da axın-axın insanlar paytaxta üz tutmuşdular. Şair Cabir Novruz "Yaşa, mənim xalqım!" şeiri ilə meydanı silkələdi. Sonra həyəcanlı, odlu-alovlu çıxışlar bir-birini əvəz etdi.

Bütün bunları izləyən, qəlbən sevinən ulu öndər Heydər Əliyev öz müdrik çıxışı, müraciəti, həyəcanlı sözləri ilə bir daha ürəkləri silkələdi, coşdurdu. Həmin hadisədən bir neçə gün sonra xalq şairi Bəxtiyar Vahabzadə televiziyaya gəlmişdi. Söhbət o gecədən düşəndə Bəxtiyar müəllim qürurla:

- Halal olsun bizim xalqa, - dedi. - Bir çağırışla öz oğlunun səsinə səs verdi, Bakıya üz tutdu, onun sağında, solunda durdu. Həmin gecə mən də Heydər Əliyevin yanına qalxmışdım. Mitinqdən əvvəl səsləndirdiyiniz o çağırış Heydər Əliyevi bərk riqqətləndirmişdi. Dedim ki, Heydər müəllim, görürsünüzmü, xalq Sizi necə çox istəyir. Bir göz qırpımında insanlar necə güclü selə döndü, axışıb Prezident Aparatının qabağına gəldi.

Könlünü açmaq üçün Məmməd Rahimin bir misrasını dəyişib dedi:

 

Prometey gücünü torpaqdan aldı,

Siz isə bu xalqın məhəbbətindən.

 

O da cavab verdi ki, Bəxtiyar, Məmməd Rahimə Allah rəhmət eləsin, yaxşı yazıb. Redaktəyə görə sənə də cansağlığı, uzun ömür arzulayıram.

Heydər Əliyev mədəniyyətimizin böyük cəfakeşi, pasibanı idi. Onun yüksəlişi yolunda fədakarlıqla çalışırdı. Görkəmli söz ustalarından Süleyman Rüstəm, Mirzə İbrahimov, Süleyman Rəhimov, Rəsul Rzanın, bəstəkarlardan Qara Qarayevin, Niyazinin Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun, Rauf Hacıyevin, müğənnilərdən Müslüm Maqomayevin, Zeynəb Xanlarovanın SSRİ xalq artisti kimi yüksək mükafatlara, fəxri adlara layiq görülmələrini hamımız minnətdarlıqla xatırlayırıq.

Yurdumuzun hər bucağında onun izi, ürəklərdə xatirəsi, dildə, ağızda isə sözü-söhbəti yaşayır.

İllər-illərə calanır. Tarix isə ulu öndərin adını, şöhrətini gələcəyə aparır. Müasir Azərbaycan tarixinin yetişdirdiyi nadir insan, dahi şəxsiyyət özü də bir tarix olur, əbədiyyətə qovuşur.

 

 

Nahid HACIZADƏ,

yazıçı, respublika Xatirə

Kitabının baş redaktoru

 

Azərbaycan.- 2010.-  8 may.- S.  11.