"Heydər Əliyev və Azərbaycan elmi" biblioqrafik göstəricisi təqdim edilmişdir

 

Mayın 7-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında bu qurum tərəfindən hazırlanmış "Heydər Əliyev və Azərbaycan elmi" biblioqrafik göstəricisinin təqdimatı olmuşdur.

Bu münasibətlə keçirilən mərasimdə AMEA-nın birinci vitse-prezidenti akademik Arif Həşimov ümummilli liderin Azərbaycan elminə, elm adamlarına qayğı və diqqətini xatırlatmış, qeyd etmişdir ki, əgər C.Naxçıvanski adına hərbi lisey Heydər Əliyevin birinci "övladıdırsa", Elmlər Akademiyası ikincisidir. Çünki XX əsrin sonlarında, Azərbaycanda hərc-mərclik tüğyan edəndə bir çoxları bu elm ocağının ləğv olunmasını təklif edirdilər. Yalnız ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı akademiyanı, sözün həqiqi mənasında, xilas etdi.

Arif Həşimov kitabın araya-ərsəyə gəlməsində zəhməti olanları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Mərkəzi Elmi Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli rəhbərlik etdiyi kollektivin kitab üzərində işindən danışmış, bu fundamental nəşrin hazırlanmasına kömək etmiş hər kəsə minnətdarlığını bildirmişdir. Tərtibçi-müəllif məlumat vermişdir ki, biblioqrafik göstəricidə ümummilli lider Heydər Əliyevin Azərbaycan elminin inkişafı sahəsindəki çoxşaxəli fəaliyyətini əhatə edən materiallar toplanmışdır. Bu biblioqrafik göstəricinin məqsədi Azərbaycan elminin inkişafı sahəsində ulu öndərin imzaladığı rəsmi sənədlər, elm xadimlərini fəxri adlar və mükafatlarla təltiflər, Azərbaycanın və dünyanın elm xadimlərinin Heydər Əliyev irsinə verdiyi qiymət, Azərbaycan elminin beynəlxalq əlaqələri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının "Heydər Əliyev irsinin təbliği" şöbəsinin fonduna daxil olan sənəd və informasiya resursları haqqında oxuculara məlumat verməkdir.

Natiq qeyd etmişdir ki, nəşr altı bölmədən ibarətdir. İlk hissə "Heydər Əliyev və Azərbaycan elminin inkişafı" adlanır. İki yarım bölmədən ibarət bu bölmədə ümummilli liderin elm və elm xadimləri barədə, görkəmli elm adamlarının Heydər Əliyev haqqında dəyərli fikirlərindən seçmələr öz əksini tapmışdır; "Heydər Əliyev: Azərbaycan dövlətçiliyi və elmi" adlı ikinci bölmə ulu öndərin müstəqillik illərində nəşr edilmiş əsərləri haqqında biblioqrafik məlumatı əhatə edir; üçüncü bölmədə ulu öndərin elmin inkişafı sahəsindəki xidmətlərinə dair görkəmli elm xadimlərinin əsərləri təqdim edilmişdir; dördüncü bölmədə ümummilli liderin hakimiyyəti illərində Azərbaycanın beynəlxalq elmi əlaqələri haqqında söz açılır; "Heydər Əliyev siyasətinin layiqli davamçısı" adlanan beşinci hissədə Azərbaycan Prezidenti İlham Əliyevin elmin inkişafı sahəsindəki fəaliyyəti əhatə olunmuşdur; nəşrin altıncı bölməsi "Heydər Əliyev irsinin tədqiqi" adlanır. Bu bölmədə Heydər Əliyev şəxsiyyətinə həsr olunmuş kitablar, dissertasiya və avtoreferatlar, məqalələr, elektron resurslar və multimedia vasitələri haqqında məlumatlar oxucuların diqqətinə çatdırılır.

A.Əliyeva-Kəngərli vurğulamışdır ki, bu nəşr Heydər Əliyevin biblioqrafiyasının yaradılması sahəsində ilk təcrübələrdəndir.

Biblioqrafik göstəricinin elmi redaktoru, tarix elmləri doktoru Abuzər Xələfov, akademiklər Budaq Budaqov, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Rasim Əliquliyev, Akif Musayev, professor Məhərrəm Qasımlı kitab haqqında mülahizələrini söyləmiş, gələcək nəşrlərinin təkmilləşdirilməsi üçün təkliflərini bildirmiş, belə sanballı nəşr ortaya çıxarmış kitabxananın kollektivinə yaradıcılıq uğurları arzulamışlar.

Çıxışlarda vurğulanmışdır ki, ümummilli liderin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, elm, təhsil və mədəniyyət sahəsində Heydər Əliyevin strategiyasını ardıcıl şəkildə həyata keçirir. Natiqlər əmin olduqlarını bildirmişlər ki, dövlətimizin başçısının 2008-ci il aprelin 10-da imzaladığı "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" fərman elmin inkişafına dair milli strategiyanın həyata keçirilməsini, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunmasını, tərəqqisini sürətləndirəcəkdir.

"Şərq-Qərb" nəşriyyatında çap edilmiş və Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 40 illiyinə həsr olunmuş biblioqrafik göstəricidə oxucuların işini asanlaşdırmaq məqsədilə Azərbaycan, rus, türk, ingilis və fransız dillərində "Müəlliflərin əlifba göstəricisi" də verilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 may.- S.  11.