Qaçqın və məcburi köçkünlərin inam, ümid ünvanı

 

Mayın 7-də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ulu öndərin anadan olmasının 87-ci ildönümü münasibətilə "Heydər Əliyev - qaçqın və məcburi köçkünlər" mövzusunda tədbir və "Qaçqın və məcburi köçkünlərə dövlət qayğısı" kitabının təqdimat mərasimi olmuşdur.

"Dövlətqaçqınkom"un Beynəlxalq Əlaqələr, İnformasiya və Mətbuat Xidməti Departamentinin direktoru Sənan Hüseynov Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi bir sıra sosial-iqtisadi və siyasi islahatlar sırasında torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunması nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq soydaşımızın sosial rifahının yaxşılaşdırılması ilə bağlı mühüm işlər gördüyünü diqqətə çatdırmışdır.

Sonra söz Baş nazirin müavini, "Dövlətqaçqınkom"un sədri, YAP Siyasi Şurasının üzvü Əli Həsənova verilmişdir. O, ümummilli liderin ötən əsrin 80-ci illərində Qərbi Azərbaycan torpaqlarından zorla deportasiya olunmuş azərbaycanlıların, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz əzəli vətənlərini itirən yurddaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamların, qəbul edilmiş dövlət proqramlarının tarixi əhəmiyyətindən danışmışdır. Əli Həsənov belə bir məqamı xüsusi vurğulamışdır ki, indi dünyanın hər yerində Heydər Əliyev dedikdə Azərbaycan, Azərbaycanın adı çəkildikdə isə ulu öndər yada düşür. Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu dövrdə dünyanın bir çox nüfuzlu ölkəsinin prezidentləri Azərbaycana səfər edib. Həmin dövlətlərin başçıları ilə qaçqın və məcburi köçkünlərin problemləri haqqında söhbətlər aparılmış, onların bu təbəqənin nümayəndələri ilə görüşləri keçirilmişdir. 1996-cı il fevralın 24-də Xocalı soyqırımına siyasi qiymətin verilməsi də ulu öndərin adı ilə bağlıdır. Əli Həsənov ümummilli liderin Azərbaycana rəhbərlik etdiyi illərdə adıçəkilən problemlə bağlı Budapeşt, Lissabon və İstanbul sammitlərini, BMT-də qəbul edilmiş qətnamələri, dünyanın bir sıra nüfuzlu dövlət başçıları ilə keçirilən görüşləri və xarici səfərləri xatırlatdı. Bildirdi ki, Heydər Əliyev gecə-gündüz qaçqın və məcburi köçkünlər haqqında düşünür, bu insanların həyat şəraitinin yaxşılaşdırılmasına siyasi cəhdlər edirdi. Sevindirici haldır ki, ulu öndərin bu istiqamətdə, ümumən daxili və xarici siyasət sahəsindəki strateji xətti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini, professor Bəxtiyar Əliyev, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Milli Məclisin deputatı Astan Şahverdiyev və Qubadlı rayonundan olan məcburi köçkün Sevi Sevdimalıyev ulu öndərin Azərbaycanın rifahı və inkişafı naminə gördüyü misilsiz işlərdən danışdılar, ümummilli liderin xatirəsinə ehtiramlarını bildirdilər.

 

 

Azərbaycan.- 2010.-  8 may.- S.  11.