Qəhrəmanlar unudulmur
Ölkənin, xalqın tarixini şəxsiyyətlər yaradır. Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. İkinci Dünya müharibəsində Azərbaycan xalqının igid oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiyasının general-mayoru Həzi Əhəd oğlu Aslanov da qəhrəmanlıq zirvəsinə yüksələnlərdəndir. H.Aslanovun həyat salnaməsinə həsr olunmuş fotolar, sənədlər, xatirələr kitabı ötən il respublikanın əməkdar incəsənət xadimi, Naxçıvan MR-nin əməkdar mədəniyyət işçisi, polkovnik Abdulla Qurbani tərəfindən yüksək tərtibatla çapdan çıxmışdır. Kitabda H.Aslanovun qəhrəmanlıq yolunu əks etdirən zəngin materiallar toplanmışdır.
Hər il Azərbaycanın dövlət və hökumət rəhbərləri qəhrəmanın məzarını ziyarət edir və yalnız bundan sonra qələbə gününə həsr olunmuş rəsmi tədbirlər başlayır.
Uşaqlıq illərində Həzi Aslanovun general Mehmandarovun qonşuluqda yaşayan qardaşının övladları ilə dostluq etməsi onda hərb sənətinə böyük meyl yaratmışdı. O, 12 yaşında dörd illik təhsilini başa vurduqdan sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə daxil olur. Təhsilinin ikinci ilini Tiflis şəhərində davam etdirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə hərbi məktəbə göndərilir. Bununla da kursantlıqdan sonra qəhrəmanın əsl hərbi həyatı başlayır.
Müharibəni
Həzi Aslanov Ternopol vilayətində
qarşılamışdı. O dövrdə kapitan Aslanov dosent taboruna komandirlik edirdi.
Bu tabor hitlerçi quldur dəstələrinin ilk zərbələrini
dəf etmiş, igidliklə vuruşaraq düşmənə
böyük tələfat vermişdir.
1941-ci ildə H.Aslanov Moskva ətrafında
döyüşlərdə böyük şücaət
göstərərək ilk dövlət mükafatına -
Qırmızı Ulduz ordeninə layiq
görülmüşdür. O, Xarkov ətrafındakı
döyüşlərdə özünü bacarıqlı
komandir kimi tanıtmışdır. 1942-ci ilin baharında
polkovnik Həzi Aslanov 55-ci tank alayı komandirinin müavini təyin
edilmişdir. Bu alay Krımda aparılan ağır
döyüşlərdə düşmən hərbi
texnikasını məhv etmişdi.
1942-ci ilin sonunda 55-ci tank
alayının komandiri olan həmyerlimizin Stalinqrad uğrunda
döyüşlərdə göstərdiyi igidliyin səsi-sorağı
bütün ölkəyə yayılmışdı. 22 dekabr
1942-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanında
göstərilirdi: "Alman faşist ordusuna qarşı
müharibədə komandanlığın xüsusi
tapşırığını yerinə yetirdiyinə və
tabeliyində olan ordu hissələrinə yüksək səviyyədə
rəhbərliyinə görə Həzi Aslanov Sovet
İttifaqı Qəhrəmanı adı ilə təltif
edilsin". Bu xəbər Həzi sevənlərin,
bütün Azərbaycan xalqının böyük sevincinə
səbəb olmuşdu.
Stalinqrad uğrunda gedən
döyüşlər bir növ Bakı uğrunda gedən
döyüşlər demək idi. 1942-ci ilin yayında cənub
ordu qrupunun qərargahında keçirdiyi müşavirədə
Hitler demişdi ki, əgər biz Bakını onun neft sərvəti
ilə ələ keçirməsək onda gərək
başladığımız müharibəni
dayandıraq". Stalinqrad uğrunda döyüşlər
müharibənin taleyini həll edirdi. Həzi Aslanov məktublarının
birində yazırdı "Moskva ətrafında məğlubiyyətdən
sonra düşmən azğınlaşmışdı. Necə
olursa-olsun Stalinqradda faşistləri əzməliyik".
Stalinqradın neçə-neçə məntəqəsini
Həzi Aslanovun komandir olduğu tankçılar azad etmişdilər.
Bu döyüşlərdə
Azərbaycan xalqının qəhrəman oğlu,
böyük sərkərdə, iki dəfə Sovet
İttifaqı Qəhrəmanı general Həzi Aslanovun
müstəsna xidmətləri olmuşdur.
General Həzi Aslanov
yaşasaydı hərb elminin mübarizə taktikasını
təkmilləşdirmək və yeni taktiki üsullar yaratmaq
sahəsində görkəmli alimlərdən olardı.
Tankların yüksək manevr qabiliyyətindən və
böyük zərbə qüvvəsinə malik olmasından
Stalinqrad uğrunda vuruşlarda məharətlə istifadə
edən Həzi Aslanov cinahlardan zərbə taktikasının
elmi əsasını yaratmış və bu tədqiqatlar onu
hərb elminin zirvəsinə ucaltmışdır. Hərb
elminə yeni imkanlar aşılayan cinahlardan zərbə
taktikasının müharibənin bütün cəbhələrində
tətbiq olunması ilə bağlı 27 dekabr 1942-ci ildə
"Pravda" qəzetində Sovet İttifaqı qəhrəmanı,
general Həzi Aslanovun böyük məqaləsi dərc
olunmuşdur.
"Krasnaya zvezda" qəzeti
yazırdı ki, özünü mahir sərkərdə kimi təsdiq
edən Aslanovun keçirdiyi hərbi əməliyyatlar uzun
müddət tədqiqata və öyrənilməyə
layiqdir. 1943-cü ildə "Sın Oteçestvo" qəzeti
yazırdı: "Sovet İttifaqı Qəhrəmanı Həzi
Aslanovun tankçılarının döyüş fəaliyyəti
bütün bölmələrimiz üçün nümunə
olmalıdır.
Tank qoşunları
general-mayoru Həzi Aslanovun hərb elminin inkişafında
xüsusi dönüş yaradan "Meşəlik-bataqlıq ərazidə
təqib zamanı tank briqadasının manevri məqaləsi
1944-cü ildə "Jurnal bronetankovıx i mexanizirovannıx
voysk" dərgisində çap olunmuşdur. Məqalədə
Belarus cəbhəsində yay aylarında gedən
döyüşlərdə tətbiq olunmuş hərbi taktika
yüksək səviyyədə araşdırılmış
və qələbənin qazanılmasında əsas rol
oynamışdır.
1944-cü ildə general-mayor
H.Aslanov "Baqration" əməliyyatının yerinə
yetirilməsində şəxsi şücaətinə görə
ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı
adına təqdim olunmuşdu.
Sənədlər, xatirələr, fotolarla zəngin olan "Həzi Aslanov" salnaməsində qəhrəmanın böyük qardaşı Abbasqulu Aslanovun, hərbi məktəbdə birgə oxumuş Sovet İttifaqı Qəhrəmanı polkovnik A.F.Vəzirovun, cəbhə jurnalisti, polkovnik Əbil Yusifovun, korpus komandiri general V.T.Obuxovun, general A.P.Kurkovun, marşal A.İ.Yeromenkonun, akademik A.M.Samsonovun, Sovet İttifaqı Qəhrəmanı, hərbi təyyarəçi A.Quliyevin və general Həzi Aslanovla birgə döyüş yolu keçmiş digər şəxslərin xatirələri öz əksini tapmışdır.
Kitabda qəhrəmanın ömür-gün yoldaşı Xavər xanım Aslanovanın həm kədərli, həm də böyük qürur doğuran hekayələri qələmə alınmışdır. Həzi Aslanovun övladları - general-mayor Tofiq və Arif Aslanovların ataları haqqında düşüncələri, xatirələri verilmişdir.
Kitab-albomun sonunda polis general-mayoru Həzi Arif oğlu Aslanovun babasına müraciətini oxuyarkən həm kədərlənir, həm də sevinirsən, Azərbaycan xalqının övladı olmağınla fəxr edirsən. Hiss edirsən ki, baba Həzinin həyat yolu nəvə Həzi tərəfindən ləyaqətlə davam etdirilir. Dağlıq Qarabağ uğrunda könüllü polis alayı tərkibində nəvə Həzinin göstərdiyi şücaətlər, babasının döyüş əmanətlərinin əksidir.
Bu gün general Həzi Aslanovun ruhu nurani qocaların baxışlarında, gənclərin qəlbində, arzularında, bir sözlə hər eldə, obada, hər azərbaycanlının evində yaşayır.
Ulu öndər Heydər Əliyevin ənənələrini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər il mayın 9-da xalqımızın böyük sərkərdəsi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsini ehtiramla yad edir, müharibənin od-alovlarından keçmiş qocaman veteranlarla görüşür.
Məmməd ÇIRAQOV,
Bakı Dövlət Universitetinin
kafedra müdiri, əməkdar elm
xadimi,
RTEA-nın akademiki
Azərbaycan.- 2010.- 8 may.- S.
12.