Veteran güzəranından çox razıdır

 

Hər il belə olur. Alman faşizmi üzərində qələbənin ildönümü ərəfəsində onu daha çox axtarırlar. Belə günlərdə özü demişkən elə bil ömrünə - ömür calanır. Dəvət olunduğu təhsil ocaqlarında, idarə və müəssisələrdə Böyük Vətən müharibəsi illərindən, döyüşçü dostlarından, komandirlərindən, əsgərlərindən, Berlinə qədər şərəfli bir döyüş yolu keçməyindən, Reyxstaqın divarına süngü ilə öz adını yazmağından qürurla söhbət açır.

 

Bu qürura hərdən qəm, kədər duyğuları da qarışır, müharibədə itirdiyi döyüşçü dostlarından danışanda indi də kövrəlir və belə məqamda xüsusi qətiyyətlə bildirir ki, müharibədə döyüşçülər bir - birinə qardaş, dost olmalıdır ki, sağında, solunda, arxasında etibarsızlıq, xəyanət hiss etməsin. Qeyd edir ki, bu, düşmən üzərinə hücumun vacib şərtlərindən biridir. Bütün söhbətlərdən sonra döyüş vaxtı yoldaşlarını darda qoyub, xəyanətkarcasına meydandan qaçan erməni Balayanı pulemyotla neçə yerə sərdiyindən, elə həmin döyüşdə xeyli faşisti taxıl kimi biçdiyindən şəstlə danışır. Dəvət olunduğu bütün görüşlərin sonunda ənənəvi olaraq bəyan edir ki, bu gün erməni işğalçılarına qarşı müharibəyə başlasaq bir veteran, bir döyüşçü kimi əsgər oğullarımızla çiyin - çiyinə vuruşmağa hazıram. Bu sözləri elə səmimiyyətlə, elə qətiyyətlə deyir ki, hər dəfə də böyük alqışlarla qarşılanırE.

Zərdab rayonunun Məmmədqasımlı kəndinə axşamtərəfi çatdıq. Evini soruşduq, dedilər evdə yoxdur, məktəbdə görüşə çağırıblar, indilərdə gələr. Kənd adamları ilə söhbətləşdik, xətrini çox istəyirlər, çox səmimiyyətlə bildirirlər ki, fəxrimiz, qürurumuzdur. Onu da əlavə edirlər ki, 87 yaşı olmasına baxmayaraq çox gümrah və qıvraqdır. Səhər açılandan axşam düşənədək baltası, beli, kətməni əlindən düşmür. Gün boyu baş - başa verib aranı dağa, dağı arana daşıyan qocaları görəndə yarızarafat, yarıgerçək deyir ki, nə çıxar boş - boş söhbətlərdən, niyə gedib bir işin qulpundan yapışmırlarE.

Nəhayət, bu da 3 "Şöhrət" ordenli Muradəli Heydərov! Görən kimi düşündüm ki, bu ötən illər onu o qədər də sıxma - boğmaya sala bilməyib. Handa bir cavan yerişi ilə gəlib səmimiyyətlə görüşdü. Əlini bir xeyli buraxmadım, gözlərindəki məsumluq qarabəniz üzünü də nurlandırmışdı. Bir anlığa mənə elə gəldi ki, onu çoxdan tanıyıram. Mənim indi haqq dünyasında olan atam da, əmim də alman faşizminə qarşı müharibədən orden və medallarla, həm də düşmən mərmisinin canlarında gəzdirdikləri qəlpələri ilə qayıtmışdılar. Muradəli kişini başındakı papağa, sinəsindəki orden və medallara və bir də ovcumda sıxdığım sərtləşmiş, dəmirə dönmüş əlinə görə onlara oxşatdım. Əslində bütün veteranlar yaşa dolduqca bir - birlərinə oxşayır.

Məmmədqasımlı kəndində kiçik bir park var. Bir tərəfində 1941-1945-ci illərdə alman faşizminə qarşı, digər tərəfdə isə erməni işğalçılarına qarşı müharibədə həlak olanların xatirəsinə abidə ucaldılıb, kompleks tikilib. Yorğunluğunu nəzərə alıb bir yanda oturmağı təklif etsəm də, Muradəli kişi dedi ki, səhərdən görüşlərdə çox oturub, bir az gəzib - dolaşsaq yaxşıdır. Elə beləcə də söhbətləşirik.

1922-ci il mayın 13-də elə bu kənddə doğulub. Bu kənddən müharibəyə gedib, bu kəndə də qayıdıb. 4 qızı, 3 oğlu, 22 nəvəsi var. 87 yaşında onda olan həyat eşqinə, yaşamaq əzminə qibtə etməyə bilmirsən. Qonşuluqdakı kiçik qızı müəyyən işlərinə əl yetirsə də, özü hər işin öhdəsindən gəlir. Deyir ki, təkliyi, sərbəstliyi xoşlayıram, ona görə heç nəvələrinin da yanında qalmağına razı olmur. Televizora baxmır və bir çox gənclərin böyük - kiçik yerini bilməməsinin bir günahını da televizorda görür. Radio dinləməyi, el havalarına qulaq asmağı xoşlayır.

Muradəli Heydərov şöhrəti dillər əzbəri olan 416-cı Taqanroq diviziyasının tərkibində vuruşub. Özü demişkən, SSRİ silahlı qüvvələri adından alman faşizmini diz çökdürmək üçün sonuncu gülləni atanlardan biri olub. Ayrı - ayrı döyüş səhnələrindən, hücum əməliyyatlarından danışır. Azərbaycan övladlarının qəhrəmanlıqla vuruşmalarından söz açır. Deyir ki, uşaqlar bu yaxınlarda "Azərbaycan" qəzetində qəbələli İsmayıl kişi haqqında bir yazı oxudular, orada döyüşçü dostu kimi mənim də adımı çəkib. Deyəsən həmin yazını yazan da İsmayıl kişinin oğludur. Çox sevindim, mütləq bu günlərdə onun görüşünə gedəcəm. Çünki eyni ildən, eyni aydan olsaq da o məndən 4 gün böyükdür - Mayın 9-da doğulub. Qələbə günündə... Kiçik olduğuma görə gərək mən onun yanına gedəm.

Fürsətdən istifadə edib, qəbələli İsmayıl kişinin oğlu, qəzetimizin əməkdaşı Akif Cabbarlıya zəng vurub telefonu Muradəli kişiyə verirəm. Sevincdən gözləri dolur, hal - əhval tutur, həmin yazıya görə təşəkkür edir, söz verir ki, tezliklə Qəbələyə gedəcək.

Ömründə bir dənə də olsa siqaret çəkməyən, yaşamağın mənasını halal zəhmətdə, alın tərində görən Muradəli Heydərov gün - güzəranından çox razıdır. Deyir ki, rayon icra hakimiyyətində də xətrini çox istəyirlər, tez - tez maraqlanıb, əhvalını soruşurlar. Narazı qaldığı adam yoxdur. 2005-ci ildə Boris Yeltsin keçmiş döyüşçü kimi Muradəli Heydərova hədiyyə olaraq qol saatı göndərib.

Torpaqlarımızın bir qisminin işğal altında olması Muradəli Heydərovu çox göynədir. Ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlər, Prezident İlham Əliyevin qətiyyətli çıxışları çox xoşuna gəlir. Prezident danışanda radionun qabağından ayrılmır. Muradəli kişi qalib döyüşçü olmaq üçün üç keyfiyyəti vacib sayır: vətən sevgisi, nizam - intizam və qələbəyə inam! Bu keyfiyyətlərə malik ordu heç vaxt məğlub olmaz.

Söhbətimizin sonunda hansısa çətinliyinin, probleminin olub - olmadığını soruşuram. Deyir hər şey qaydasındadır, bircə torpaqlarımızı azad edək! Düşmən bilsin ki, Azərbaycan oğlu nəyə qadirdir.

Evə qonaq dəvət edir, bildirir ki, hər hazırlığı var, bir - iki "sağlıq" da deyərikEVaxtın az olduğunu deyib təşəkkür edirəm. Deyir onda bir xahişim var, qəzetə yazma, elə - belə maraqlan, gör mənə də veteranlara verilən maşından düşür ya yox. O maşından versələr, elə qəbələli İsmayıl kişinin görüşünə də onunla gedərəm. Köhnə tankçının əlində maşın sürmək nədir ki...

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.- 8 may.- S.  12.