Yarımçıq ömrün hünər dastanı

 

XIX əsrdə yaşamış Hacı Mamay Əfəndini İlisukənd camaatı yaxşı tanıyır. Bu ilahiyyatçı insanın qəbri kənd qəbiristanlığının ən yüksək yerindədir. İlisulular bu böyük alimə hörmət əlaməti olaraq onun qəbrindən yüksəkdə heç kimi dəfn etməyiblər. İllərdir ki, Hacı Mamay Əfəndinin qəbri bir ziyarətgaha çevrilib.

Bu gün haqqında yazmaq istədiyim II Dünya müharibəsi iştirakçısı Şakir Əfəndiyev Hacı Mamay Əfəndinin oğlu usta Tahirin ailəsində dünyaya göz açıb. Şakir Əfəndiyev doğma kəndində orta təhsil alandan sonra Şəki Pedaqoji Texnikumunda müəllimlik peşəsinə yiyələnib. Gənc müəllim rayonumuzun müxtəlif kəndlərində işləmişdir.

Şakir Əfəndiyev 1939-cu ildə hərbi xidmətə çağrılıb.1939-1941-ci illərdə Moskvada komandirlər məktəbində oxuyub, kiçik leytenant rütbəsi alıb. 1941-ci ilin sentyabrından II Dünya müharibəsində iştirak edib. Kiçik leytenant Şakir Əfəndiyev döyüşdə göstərdiyi hünərə görə "İgidliyə görə" medalı ilə, "Qırmızı ulduz" ordeni ilə təltif olunub. 323-cü atıcı diviziyasında rota komandiri olan baş leytenant Şakir Əfəndiyev 1945-ci ilin yanvar ayının 8-də kapitan rütbəsi alıb.

1945-ci ilin mart ayında Oder çayının Şərq sahilində qanlı döyüşlər gedən ərəfədə Şakir Əfəndiyev burada əsl qəhrəmanlıq göstərib. Xakendorf yaşayış məntəqəsində almanların gizləndiyi zirzəmini partladarkən özü də ağfr yaralanıbE

Alman faşizmi üzərində böyük qələbədən sonra sovet qoşunlarının bir hissəsi Berlində yerləşdirilmişdir. Burada çalışan zabit balaları üçün sovet məktəbi yaradılmışdır. Şakir Əfəndiyevi tanıyanlar onun Almaniyada qalmasını xahiş etmişdilər. Bu da səbəbsiz deyildi. Axı o, özü biliyi, savadı ilə başqalarından çox fərqlənirdi. Şakir müəllim anasına məktub göndərərək icazə istəyib. Müharibənin ağrı-acısını çiynində daşıyan ana isə oğlunun qəriblikdə qalmasına razı olmayıb.

Müharibədən sonra Şakir Əfəndiyev bir müddət işsiz qaldı. Lakin biliyi, iradəsi, dünya görüşü ilə onu dinləyənləri mat qoyan Şakir Əfəndiyev az sonra alman dili müəllimi təyin edilib. Qiyabi yolla ali təhsil alıb, rus, alman, gürcü, ləzgi dillərində sərbəst danışırdı.

Müəllimlərin Daşkənddə keçirilən Ümumittifaq toplantısında Şakir Əfəndiyev rus dilində məruzə edib. Onun çıxışını qurultay iştirakçıları ayaq üstə alqışlayıblar.

Şakir müəllimin şöhrəti çox yerə yayılırdı. Rayon müəllimləri onu özlərinin həmkarlar ittifaqı təşkilatına sədr seçdilər. Şakir Əfəndiyev yenidən partiya sıralarına bərpa olundu. 1960-cı ilin iyun ayında Bakıya maarif nazirliyinə çağırılaraq orada işləmək üçün dəvət alıb. Lakin rayona qayıdarkən bəd xəbər hamını sarsıtdı. Avtomobil qəzası baş verib. Ailəsi ilə birlikdə Bakıdan gələn Şakir Əfəndiyev qəzaya düşür. Şakir müəllimin vəziyyəti olduqca ağır idi. Rayon camaatı dəstə-dəstə xəstəxanaya axışırdı. Həkimlər Şakir müəllimi ölümün əlindən ala bilmədilər. Həmin gün Qax göz yaşı içində boğulurdu. Düz 40 gün Qaxda matəm saxlanıldı. Yay ayları olmasına baxmayaraq heç kəs toy çaldırmadı.

Şakir müəllim cəmi 38 il yaşadı. Lakin o, bu qısa ömrü ilə yaddaşlarda silinməz iz qoymuşdur.

Qocaman pedaqoq müharibə veteranı İbadulla Məmmədov Şakir müəllim haqqında xatirələrini belə dilə gətirdi: "Mən Şakiri hələ Şəkidə pedaqoji texnikumda oxuyanda tanıyırdım. Biz həmişə ona hörmət edərdik. Texnikumda onun kimi yaxşı oxuyan yox idi. İş elə gətirdi ki, müharibədən sonra onunla daha yaxın oldum. Biz heç vaxt ona öz adı ilə müraciət etməzdik. Rus dilini gözəl bildiyinə görə, rus dili dərsliyini yazan Daxnoviçin adı ilə çağırardıq onu.

İncə ruhlu bir şair idi.Yaşasaydı kim bilir səsi haralardan gələrdi. Onun ölümündən 40 ildən çox keçib. Şakir gözəl ailə başçısı idi. Övladlarını çox sevərdi. Tahir, Mahir, Yaşar, Qabil və bircə qızı Yeganə onun varı-dövləti idi.

Şakir müəllimi xatırlayanlar deyirlər ki, Tanrı ondan heç nə əsrgəməmişdi. Yarı-yaraşığı, gözəl danışığı, biliyi, savadı, hətta gözəl səsi ilə hamını valeh edərdi...

 

 

Xavər ORUCOVA,

Qaxda çıxan "Şəlalə"

qəzetinin redaktor müavini

 

Azərbaycan.- 2010.-  8 may.- S.  12.