Cəbhədən cəbhəyə
Hərbçilər yaxşı bilirlər ki, tankla kəşfiyyat aparmaq ölüm deməkdir. O, aldığı tapşırığa əsasən tabeçiliyində olan tanklardan birinin heyəti ilə düşmənin atəş nöqtəsini, texnikasının sayını dəqiqləşdirmək üçün kəşfiyyata başladı. Tankdan atəş aça-aça düşmən mövqelərinə tərəf irəlilədilər. Belə hallarda adətən düşmən də cavab atəşi açmalıdır. Lakin düşmən bunu etmirdi. Yəqin sovet tankını lap yaxına buraxaraq onu asanlıqla vurub məhv etmək istəyirdilər. Lakin birdən atəş açıldı, top gülləsi leytenant Axundovun tankının yuxarı hissəsini tutdu. Tank silkələnərək dayandı. Gənc leytenantın bədənindən yandırıcı bir ağrı keçdi, dünya başına fırlandı, hər tərəf zülmətə qərq oldu. Leytenant bunun nə qədər çəkdiyini bilmədi. Gözünü açanda isə içində tüstü və barıt qoxusunun bir-birinə qarışdığını, sağ çiynindən isti qan axdığını hiss etdi və qolundan yaralandığını gördü. Tankda ekipaj üzvlərindən heç kim yox idi. Sonradan öyrəndi ki, tanka top gülləsi dəyəndə sürücü-mexanik, atıcı və radistdən ibarət heyət maşının yandığını zənn edib bayıra atılıblar və faşistlərə əsir düşüblər.
Alman tankları onun
yaxınlığında atırdılar. Getdikcə
mühasirə vəziyyəti yaranırdı. Kiçik bir
ehtiyatsızlığa görə leytenant Axundov əsir
düşə bilərdi. Odur ki, tankdan kənara atılmaq istədi.
Amma birdən yadına düşdü ki, maşını
düşmənə vermək olmaz. Sol əli ilə
çiynindən sallanan sağ qolunu tutub oturduğu yerdən
çox çətinliklə sürücü-mexanikin yerinə
keçdi. Motoru işə saldı və tankı yerində
fırladaraq gəldiyi istiqamətə,
özümüzünkülər tərəfə
sürdü. Xoşbəxtlikdən onu görən və atəş
açan olmadı. Əsgərlər Nağını
tankın içindən çıxarıb dərhal səhra
hospitalına göndərdilər. Burada 6 saatlıq cərrahiyyə
əməliyyatından sonra sağ qolunu çiynindən kəsdilər.
Səhra hospitalı
döyüşlər gedən yerdən xeyli aralı məsafədə
olsa da, yaralılar top, tank atəşi səslərini
eşidirdilər. Çoxları öz hərbi paltarı
üçün darıxır, yenidən döyüşə
girmək, düşməni əzmək arzusu ilə
yaşayırdı. Axundov isə iztirab çəkirdi. Onun
üçün cəbhəyə gedən yol birdəfəlik
bağlanmışdı. Gənc leytenant döyüşlərdə
göstərdiyi şücaətə görə
"Qırmızı bayraq" ordeni və 3 medalla
döyüş yolunu bitirdi.
Nağı Axundov cəbhədən doğulub boya-başa çatdığı Salyana qayıtdı. Arxa cəbhədə, əmək cəbhəsində fəaliyyətə başladı. Müharibədən əvvəl aldığı təhsil köməyinə çatdı, partiya-sovet orqanlarında yüksək vəzifələrə irəli çəkildi. Salyan Rayon Partiya Komitəsinin katibi, ikinci katibi, rayon icraiyyə komitəsinin sədri vəzifələrində çalışdı. Sov.İKP MK-nın Ali Partiya Məktəbini bitirdikdən sonra Bərdə Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Sonrakı dövrlərdə Salyan Kolxoz-Sovxoz İstehsalat İdarəsinin rəisi, Puşkin (indiki Biləsuvar) Rayon Partiya Komitəsinin birinci katibi, Tovuz Rayon İcraiyyə Komitəsinin sədri, Üzümçülük və Şərabçılıq Komitəsində, Pambıqçılıq İdarəsində şöbə müdiri, idarə rəisi və digər vəzifələrdə işlədi. Nağı Axundov 1965-1970-ci illərdə Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir.
Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib, bir çox orden və medallara layiq görülüb, ittifaq əhəmiyyətli pensiyaçı olub. Lakin həmin pensiyanı 1992-ci ilədək alıb. 1992-ci ildə cəbhəçilər hakimiyyətə gələn kimi bir çox adamlara, o cümlədən N.Axundova da "partokrat" damğası vuraraq onu fərdi pensiyadan məhrum ediblər. Lakin Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bir çox veteranlar kimi, onun da hüquqları bərpa olunub.
Nağı Axundov hazırda ömrünün 90-cı, böyük Qələbənin 65-ci baharını yaşayır. Qələbəniz mübarək!
Seyran CAVADOV
Azərbaycan.- 2010.- 8 may.- S.
13.