Odlu illərin
döyüşçüsü
86 yaşlı Məmməd Qürbətov Gavran kəndindəndir. Azərbaycanın bolşevik işğalından 4 il sonra dünyaya göz açıb. Ağrılı-acılı uşaqlıq illəri keçirən Məmmədin 17 yaşı tamam olanda dünyanın başının üstünü qara buludlar almışdı. Kəndin bütün say-seçmə igidləri müharibəyə göndərilmişdi. Kənd uşaqların, qocaların bir də qız-gəlinlərin ümidinə qalmışdı. Qapıları "qara kağız" gətirənlər döyürdü.
Bir il deyildi ki, müharibə gedirdi, ancaq "qara xəbər"lərin sayı gündən-günə artırdı. Amansız müharibə neçə-neçə ailəni başsız qoymuşdu. Kənddə adamlar dərd içində gəzir, fəlakətin nə ilə bitəcəyini bilmirdilər.
18 yaşı çatanda ona da rayon hərbi komissarlığından çağırış vərəqəsi gəldi. Evdəkilərlə halallaşan Məmməd Şirvan oğlu 1942-ci il fevral ayının 6-da cəbhəyə yola düşdü.
Şimali Qafqazdakı hərbi hissələrin birində döyüş hazırlığı təlimləri keçən Məmməd I-ci Ukrayna cəbhəsinə göndərildi.
Meydan hələ alman
faşistlərinin idi. Onlar istər döyüş
texnikası, hərbi sursat, istərsə də canlı
qüvvə sarıdan sovet ordusundan üstün idilər. Ona
görə də ordumuz itki verə-verə geri çəkilirdi.
Ukrayna, demək olar ki, bütövlükdə işğal
olunmuşdu.
Məmməd həmin ilin may
ayından ağır döyüşlərə
qatıldı. Yaxşı atıcı kimi tanındı. Dəfələrlə
düşmənlə üz-üzə gələn Məmməd
döyüşçü dostları ilə birlikdə
hünər göstərdi. Ukrayna torpaqlarının
işğaldan azad olunmasında göstərdiyi hünərə
görə bir neçə dəfə medallarla təltif
olundu.
Artıq almanların dərsini verməyə başlamışdılar. Məmməd iki şəhərin azad olunmasında göstərdiyi igidliyə görə, 1944-cü ildə I dərəcəli Böyük Vətən müharibəsi ordeninə layiq görüldü. Sonra başqa döyüşlərdə oldu. Lakin M.Qürbətov elə həmin il ağır yaralanıb II qrup müharibə əlili kimi ordudan tərxis olundu.
Bu igid əsgərin müharibədəki xidmətləri sonralar da qiymətləndirilmiş və o, bir neçə medalla təltif edilmişdir.
Məmməd kişi müharibədən əlil kimi qayıtsa da, kənddə montyorluq edir, radioqəbuledicilərin təmiri ilə məşğul olur.
Altı övladı - 5 oğlu, 1 qızı, 21 nəvəsi, 5 nəticəsi olan Məmməd kişi Gavran kəndinin ağsaqqallarından sayılır. Ömür yoldaşı ilə bərabər kəndin xeyir-şərində yaxından iştirak edir.
Ot çalımı başlayanda bütün dəryazçılar istəyir ki, onun dəryazını Məmməd əmi itiləsin. Bu işin ustasıdır.
Məmməd əmi Qələbənin 65 illiyini görə biləcəyinə sevinir. Niyə də sevinməsin. Axı, bu qələbədə özünün dediyi kimi, az-çox onun da payı var. Bütün azərbaycanlılar kimi ən böyük arzusu torpaqlarımızın erməni işğalından azad olunmasını görməkdir.
Allah sizi bu arzunuza da çatdırsın, Məmməd əmi!
İmran AĞAYEV,
Yardımlı rayonu
Azərbaycan.- 2010.- 8
may.- S. 13.